Deputat oğlunun şəriki Azərbaycana ekstradisiya olundu

Xural.com Azadlıq.infoya istinadən xəbər verir ki, Həbib Axundovun dostu Elnur İbrahimov əli qandallı Xətai polisinə gətirildi.

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun dostu və şəriki Elnur Rauf oğlu İbrahimov Azərbaycana ekstradisiya olunub. E.İbrahimovun Rusiya paytaxtından Azərbaycana ekstradisiya üçün ötən həftə sonu Daxili İşlər Nazirliyinin əməkdaşları ezam olunublar. E.İbrahimov şənbə günü nəzarət altında Azərbaycana gətirilərək Xətai rayon Polis İdarəsinə aparılıb.
Elnur İbrahimov İnterpol xətti ilə axtarışda idi. Onun Moskvada gizləndiyi bilinsə də, hərəkət sərbəstliyi haqda məlumatlar dolaşırdı. Beynəlxalq Polis Təşkilatının əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Elnur İbrahimovu 2016-cı il noyabrın 22-də Rusiyanın paytaxtı Moskvada həbs ediblər.
E.İbrahimov barəsində 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) cinayət işi başlayıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs-qəti imkan tədbiri seçilib. E.İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar. Ümumilikdə 8 milyon manat pul toplanıb.
Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend (Şirkətin səhmdarları arasında bölünməli olan gəlirin bir hissəsi; hər bir səhmdarın payına düşən gəlir) veriləcək. Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər.
Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb. Məsələyə deputat Elmira Axundova qarışıb. Vətəndaşlara vəd olunub ki, məsələ həllini tapacaq. Bundan 3 gün sonra – 9 sentyabr 2013-cü ildə Elnur İbrahimov ölkədən çıxarılıb. Onun barəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb, 4 ildir ki, istintaq yerində sayır.

Hazırda deputat Elmira Axundovanın oğlu Həbib Axundov da iş üzrə zərərçəkən kimi tanınıb. Lakin o, digər zərərçəkənlərdən fərqli davranırdı. Özü və anası Elmira Axundova əksinə, digər zərərçəkənləri müxtəlif iddialarla məhkəməyə veriblər.

Bildirilir ki, zərərçəkənlərin israrlı tələblərindən sonra Elnur İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya Federasiyasının Moskva şəhərində həbs olunub. Onun İnterpol xətti ilə axtarışa verilməsi üçün iş üzrə zərərçəkən kimi tanınan vətəndaşlar 2 il aidiyyəti dövlət qurumlarına ardıcıl müraciətlər ediblər. Həbib Axundovun isə bu istiqamətdə hər hansı addımı haqda məlumat yoxdur.

Hazırda iş üzrə zərərçəkənlər iki hissəyə bölünüb. Bir tərəfdə Elnur İbrahimovun dostu Həbib Axundov, digər tərəfdə isə Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov dayanıblar. Həbib Axundov xaric digər zərərçəkənlər Elnur İbrahimovun ölkəyə gətirilməsi və həqiqətin üzə çıxması üçün çalışırdılar.
E.İbrahimov artıq ölkədədir və onun adı əsas sima kimi keçən dələduzluq işinin düyünü açılmaq üzrədir.
Onu da qeyd edək ki, zərərçəkmişlərin bir neçəsi pulu Elnur İbrahimovla yanaşı, həm də Həbib Axundova verdiklərini deyirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button