Deputat tarixi şəxsiyyətləri tənqid etməyə haqq qazandırdı

“Son vaxtlar çağrışlar daha da intensivləşir: Adamlar yer aldıqları bütün məclislərdən tələb edirlər ki, tarixi şəxsiyyətlərimizə qarşı çıxışları qadağan edən qanun qəbul olunmalıdır. Onlara toxunmaq olmaz, təftiş etmək olmaz, barəsində həqiqətləri söyləmək olmaz və s”.

Bu barədə deputat Fazil Mustafa bildirib. F.Mustafa deyib ki, bu təkliflə çıxış edənlərin bir qismi də titulları və diplomları bioqrafiyasına doldurmuş, hansısa orijinal yaradıcı mətnləri olmayan “alimlər”dir:

“Halbuki gerçək bir alim “qadağan” sözünü dilinə gətirə bilməz, yazıya daha yetkin və məntiqli yazı ilə, kitaba kitabla cavab verər. Adama deyərlər ki, ay odun parçası, sənin hansısa mövzuda kiminsə aydın fikirlərini təkzib etməyə, çözməyə, əks dəlillərlə susdurmağa inttellektin yetərli deyilsə, qanunun, hüququn arxasında niyə gizlənməyə çalışırsan? Bu gün layiq olmadığı halda akademik, professor, fəlsəfə doktoru elmi dərəcəsini daşıyanlara kim mane olur ki, çıxıb debatlarda bizim millətə sırınmış, tariximizdə faydası olmayan kimlikləri müdafiə etsin? Bu cəmiyyətdə saxta alimlərin sayı çoxaldıqca, fikir mühitini daraltmaq istəyənlərin də sayı artmağa başlayır”.

“Məhəmmədəmin də, Nərimanov da eyni statusa malikdir”

Parlament üzvü son günlər baş verənlərə etirazını aşağıdakı fikirlərlə bildirib:

“Saxta din anlayışımıza toxunmaq olmaz, saxta tarix konsepsiyamıza toxunmaq olmaz, Stalinin bizim üçün müəyyənləşdirdiyi saxta qəhrəmanlar mövzusuna toxunmaq olmaz, Sasani düşüncəsinin milli libasda təzahürlərinə toxunmaq olmaz! Qəribədir, dualist inanc kodunu daşıyan biz Azərbaycan insanı üçün məsum filosof-şairimiz Hüseyn Cavid də, onu güllələdən Mircəfər Bağırov da eyni statuslu dəyərdir. Formal da olsa təbliğ etdiyi dinə mənsubluğumuzu ifadə etdiyimiz Məhəmməd də, bu dinə qarşı amansız müqavimət göstərən Babək də eyni statuslu dəyərdir. Azərbaycanı müstəqil görmək istəyən Məhəmmədəmin bəy də, onu Rusiyanın tərkibində görmək istəyən Nərimanov da eyni statuslu dəyərdir. Türk və İslam Birliyinin atəşli carçısı olan Nadir Şah da, bu birliyin üzərində Sasani düşüncəsini qalib gəlməsini təmin edən Şah İsmayıl da eyni statuslu dəyərdir. Bunların nəticəsi bilirsiniz nədir? Çaşqınlıq, məntiqsizlik, tarixi doğru çözə bilməmə, gələcəyin tələblərini anlamamaq deməkdir. Biz Sasani dövrünün, Səfəvi dövrünün, Çar Rusiyasi dövrünün, Sovet dövründən bizim üçün formalaşdırdıqları qəlibləri indiki müstəqillik dövrümüzdə yenidən çək-çevir etməsək, çözə bilməsək, gələcəyin Qarabağ savaşında, Azərbaycan savaşında yenə də məğlubiyyətlər yaşayacağıq”.

İtin qəbrini ziyarətgaha çevirənlər…

F.Mustafa ötən günlərdə Azərbaycan siyasətçilərinin də iştirak etdiyi tədbirdə Bütöv Azərbaycan mövzusunda yeni konsepsiya üzərində düşünməyin vacibliyini bildirdiyini xatırladıb:

“Orada konseptual xəttimizin necə olması barədə görüşlərimi açıqladım. Yenə də ənənəvi mühafizəkar yanaşma ilə qarşılaşdım. Demirəm qəbul et, dinlə, düşün, bildiklərini bir daha gözdən keçir, ancaq fikirləri susdurma. Özləri siyasətdə demokratiyanın azlığından gileylənirlər, ancaq eyni qaydada başqasının görüşlərini də dinləməkdən imtina edirlər.

Fikrimi bir olmuş əhvalatın fərqli anlaşıla biləcək məzmunu ilə əsaslandırmaq istəyirəm. Bütün əsrlərdə və qərinələrdə Şeyx Nəsrullahın ölü dirildəcəyinə inanmış insanların qələbəlik olduğu bir məmləkətdə bir çoban çox-çox sevdiyi, özünün və sürüsünün dəfələrlə xilaskarı saydığı qurdlarla savaşda yaralanıb ölən itini bir ağacın altında basdırır. Ara-sıra gəlib sevdiyi itini xatırlaması üçün ətrafdakı ağaclarla qarışdırmasın deyə həmin ağaca qırmızı köynəyinin qolundan bir parça cırıb bağlayır. Kədərli halda bir neçə gün dolaşandan sonra yenə də sürüsünün yönünü bu məkandan salıb itini ziyarət etmək istəyir. Gəlib yetişəndə gözlərinə inana bilmir. Həmi ağacın altında itini basdırdığı ağacın ətrafında minlərlə insan başına döyür, ağlaşır, itin yerini tanımaq üçün çobanın qoyduğu daşı öpür, dualar edir. Həm də bunların çoxu mahalın mədrəsə təhsilli, diplomlu başbilənləri sayılırlar. Baxır ki, ağacın budaqlarından isə saysız-hesabsız qırmızı parçalar bağlanıb. Çobanın vicdanı sızlayır, yaxınlaşıb bu insanlara deyir ki, burada onun iti basdırılıb, bu yanlış hərəkətdir, buranı ibadət yerinə çevirmək olmaz, Yaradana bu durum xoş gəlməz. Gözü qızmış qələbəlik çobanın başını yarıb, üst-başını pardaxlayıb orada qovurlar ki, sən niyə bizin inancımıza sataşırsan, sən niyə bizim qəhrəmanımıza böhtan atırsan. Öz qoyunlarına istədiyini anlada bilən çoban şüurlu sayılan bu insan sürüsünə sadə bir doğrunu illərlə anlada bilmir.

Bu əhvalatın necə bitdiyi barədə bilgim yoxdur. Bəziləri deyir ki, həmin çoban Kefli İsgəndər kimi, içkiyə aludə olub, hər səhər ziyarətçilərin qarşısına çıxıb onları məsxəyərə qoyurmuş. Başqalarının nəql etdiyinə görə həmin çoban bir saz tapıb, oba-oba gəzərək itinin kəramətindən danışıb dolanışığını təmin edirmiş. Hansı doğru, hansı yanlış bilmirəm. Onu bilirəm ki, modern dövrümüzədək hər kəsin içində bu barədə şübhə qalsa da, kimsə “inanclarımıza və dəyərlərimizə əl uzatmaq olmaz” tabusunu sındırmağa cəsarət etmədiyinə görə bu ibadət forması yaşamaqdadır. İnsanlara anlatmaq olmayıb ki, bu millətin və dövlətin bir daha məğlubiyyətə düçar olmaması üçün heç kimi və heç nəyi müqəddəsləşdirmək, pirə, kəramət axtarılan yerə, ibadət ocağına çevirmək olmaz. Təhlil edin, təftiş edin, lakin təhqir etməyin. Xüsusilə də öz inandığınız ehkamları başqasına zorla, susdurmaqla sırımağa çalışmayın, faydalı bildiyiniz görüşləri ictimailəşdirməkdən çəkinməyin, qəbul etmədiyini görüşlərə görə başqasını söyüşlə qarşılamayın, əks dəlillərinizi mədəni üslubda ortaya qoymağa çalışın.
Bütün hallarda ibadət edilən yerə itin basdırıldığını inanc dəyərləri başdan-başa təhrif içində olan çoxluğa söyləmək təhlükəlidir. Bunu arxeoloji qazıntılar vasitəsilə üzə çıxartmaq, hamının şahidliyi ilə təsdiq etdikdən sonra bir neçə əsr ərzində yoluna qoymaq mümkündür. Bununla belə, hər bir dövrün ziyalısının, düşünən insanının zaman -zaman çobanın sevimli iti barədə xatırlatmaları bir vicdan məsələsi sayılmalıdır.

Bir də unutmayın ki, ədəbi dilimizin, yəni mənəvi mövcudluğumuzun banisi böyük Mirzə Fətəlini dəfn etməkdən imtina edənin adını tarix elə o andan da unudub. Yaşayan Mirzə Fətəlinin sözüdür. Sözün yaşaması xatirinə faydalı fikirləri söyləməkdən çəkinməyək. Qanun da, qadağalar da dünya kimi fanidir axı..”(modern.az)

Əlaqəli məqalələr

1 şərh

  1. Adam məəttəl qalır: elə bil hamısı bir mənbədən idarə olunur.Təxminən eyni vaxtda müxtəlif tarixi şəxsiyyətlərimizə qarşı hücumlar başlanır və bunu da guya gələcəkdə yeni Qarabag kimi problemlərin həllində acar rolunu oynayacağını deyir.Məncə, adam özü cox yaxşı başa düşür ki, elə bu təftişlər bu günkü Qarabağ probleminin həllinə cox böyük maneədi. Tarixi qəhrəmanların təftişi sabah da bu günkü Qarabağ qəhrəmanlarının təftişinə gətirəcək.Ay adam, ölkə qarşısında bu qədər həllini gözləyən problem qaldığı bir vaxtda sənə tarixi istədiyin kimi təftiş etmək lazımdı? Bu qədər tarix alimlərinin qarşısına öz cılız arqumentlərinlə cıxmaq sənə qarşı acı təəssüfdən basqa bir şey doğurmur. Sən deputat kimi işini tam yerinə yetir, tarix sahəsində bizim kifayət qədər sanballı tarixcilərimiz öz işlərinin öhdəsindən sənsiz də gələrlər…Suyu bulandırmaq lazım deyil.O it məsələsini isə, elə kicik uşaqlar da bilir..
    Qızıldan qiymətli vaxtınızı daha səmərəli işlərə sərf edin….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button