Deputatın bir ildə iki dəfə məhsul verməsi

Elnur Astanbəyli

Milli Məclisin son iclasında geni dəyişdirilən meyvə-tərəvəzlərlə bağlı müzakirələr barədə oxudum, gülümsəməyə bilmədim. Əndrabadi vəziyyət yaranıb: mahiyyəti, məzmunu, bir növ geni dəyişdirilmiş, təhrif olunmuş parlament geni dəyişdirilən xiyar-pomidoru müzakirə edir.
Baxın, dünyanın normal ölkəsində parlament seçkili orqandır. Xalqın iradəsi ilə formalaşdırılır. Hakimiyyətin müstəqil qanadıdır. Bizdə isə o, təyinatlıdır. Prezident Administrasiyasının şöbəsinə çevrilib. Orada oturanlar şəxsi fikri və iradəsi olmayan, Ilham Əliyevin iki dodağının arasından çıxan bir sözlə oturub-duran adamlardır. Adları “millət vəkili”dir, amma kimin vəkili olduqları hər kəsə məlumdur.
Indi parlamentarizmin bütün mahiyyətinin inkar edən, parlamentarizmin ruhuna təhqir olan, bir növ parlamentarizm geni dəyişdirilən bir Milli Məclisin indi nə haqqı var, nə üzü var xiyar-pomidorun geninin dəyişdirilməsini müzakirə etməyə?
Dahası da var: geni dəyişdirilən meyvə-tərəvəz haqqında ən alovlu çıxışı Gülər Əhmədova edib. Sitat: “Bəzi rayonlarda ildə iki-üç dəfə məhsul verən ağaclar əkilir. Ağac ildə iki-üç dəfə bar verə bilməz. Bunlar geni dəyişdirilmiş ağaclardır”.
Ağacları bilmirəm, elə Gülər Əhmədovanın bu il rejimin bostanında iki dəfə babat məhsul verdiyini artıq hər kəs bilir. Əvvəlcə “Azadlıq” qışqıran 5 yaşlı qızcığazın anasını “bar qadını” çıxarmağa, gözdən salmağa çalışdı. Sonra da, elə Milli Məclisdəki çıxışının üstündən bir neçə saat keçmiş bir baş redaktoru şərləyərək həbsə atdırdı.
Ona görə də bir ildə bir neçə dəfə bu cür məhsul verə bilən deputat gərək ildə 2-3 dəfə bar gətirən ağaclar haqqında sussun. Ağaclar neyləsin ki, onların dili, üstəlik, saxta mandatı yoxdur ki, çıxıb eyni ittihamı Gülər Əhmədovanın özünə çevirsinlər. Desinlər ki, bizi daşlamamışdan əvvəl dön özünə bax…
Aqil Abbas bunların hansıdır?
Madam ki, parlamentarizm geni dəyişdirilən, seçkili orqandan təyinatlı orqana dönüşdürülən Milli Məclisdən söz düşmüşkən, bir neçə kəlmə də Gülər Əhmədovanın həmkarı Aqil Abbas haqqında.
Eşitmişəm Aqil müəllim yeni roman yazıb. Oxumamışam. Ümumiyyətlə, təzəlikcə özümə yeni söz vermişəm: dünyagörüşü, zehniyyəti istibdaddan mayalanan, ürəyi antiinsani, antiəxlaqi bir rejimlə döyünənlərin ədəbiyyat adına yazıb-pozduqlarını oxumayacam. Həm belələrinin uğurlu nəsə yaratdığına inanmadığım, həm də maraqlı nəsə yazsalar belə, arxasında bir səmimiyyət, ağrıyan ürək, sızlayan vicdan dayandığına əmin olmadığım üçün.
O üzdən Aqil Abbasın romanını nə indiyədək oxumuşam, nə də bundan sonra oxumaq fikrim var. Sadəcə, roman barədə oxuduqlarımdan belə nəticə hasil olur ki, Aqil müəllim əsərində ordudakı özbaşınalıqlardan, başıpozuqluqdan o ki var döşəyib.
Bir dəqiqə, siz Allah! Bu Aqil Abbas Prezident Administrasiyasının Milli Məclis şöbəsindəki çıxışlarında və yazılarında orduda hər şeyin güllük-gülüstanlıq olduğunu deyən, ordunun durumunu tənqid edənləri yerdən yerə vuran, Səfər Əbiyevi və generalları göyün yeddinci qatına qaldıran Aqil Abbas deyilmi?
Axı necə olur, eyni Aqil Abbas roman yazanda orduda vəziyyət pis, dözülməz olur, amma təyinatlı parlamentdə çıxış edəndə yaxşı? Bu nə ikiləşmədir? Bu nə özünütəkzibdir? Camaat hansı Aqil Abbasa inanmalıdır? Ümumiyyətlə, bu Aqil Abbasların hansı səmimidir, hansı doğru danışır: yazıçı olanmı, deputat olanmı?

Bir nədi, Amaşovun hətta iki istedadlı cümləsi varmış

 Dünən antiMətbuat Şurasının sədri Əflatun Amaşovun indiyədək bir dənə də istedadlı cümləsinin olmadığını yazmışdım.
Sadiq oxucum Rəşad bəy buna etiraz edib, etirazını əsaslandırmaq üçün də Amaşovun “Mənim adamım” adlı yazısından iki cümlə göndərib ki, oxu, gözün istedadlı cümlə görsün. Həmin cümlələr bunlardır: “Vətən vətəndaşını sevməkdən, ona dəyər verməkdən, əsl vətəndaşlıqdan başlayır. Akademik, rektor, deputat, gözəl və səmimi insan Abel Məhərrəmov təcrübəsinin diqtə etdiyi vətəndaşlıqdan…”. Etiraf edirəm, çox istedadlı cümlələrdir. Ona görə də dünənki yanlışlığma görə oxuculardan üzr istəyirəm.

“Azadlıq” qəzeti 30 -10-2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button