Devalvasiya proqnozunu ilk dəfə vermiş iqtisadçı: “Dizel və benzin, avtobus və metroda gediş haqları bahalaşacaq”

İqtisadçı-ekspert Qadir İbrahimli azadliq.info-ya müsahibəsində Tarif Şurasının son qiymət artımı ilə bağlı qərarını şərh edib.

Xural.com müsahibəni oxuculara təqdim edir:

– Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Bunu necə dəyərləndirirsiniz?

– Əvvəla, bu, tənzimləmə deyil, bahalaşmadır. Özü iqtisadi və sosial mahiyyəti olmayan bahalaşma. İkincisi, tariflərin differensiallaşmasından söhbət gedirsə, burada 100 faizli keçid absurddur. İldə 1500 kubmetr qaz istehlak edən abonent xidmət haqqını 10 qəpiklə ödəyəcək, bu limitdən sonrakı həcmlər üçün 20 qəpikdən hesablanacaq. Differensiyada belə “akrobatik tullanışlar” ola bilməz. Ən yaxşı halda limitdən ötənlər üçün artımlar 10-15 faiz ola bilərdi.

Eyni sözlər elektrik enerjisinə də aiddir. Aylıq limit 7 qəpikdən 250 kilovat müəyyənləşib. Bu limitdən yuxarı istehlak isə 11 qəpikdən (72 faiz çox) hesablanacaq.

Üçüncüsü, aztəminatlı təbəqəyə ayrılan limit çox azdır. Ən kasıb ailələr belə qışda hər ay 400-500 kubmetr qaz istehlak edir. Rayon yerlərində isə istehlak həddi daha yüksəkdir. Köhnə qaz sobaları istehlakda qənaət rejiminə imkan vermir.

– Deputat Rüfət Quliyev deyir ki, ən çox istehlak kombisi olan abonentlərə aiddir, onlar da orta təbəqə sayılır…

– Cəfəngiyyatdır. Əvvəla, kombi nə vaxtda orta təbəqə indikatoru sayılıb? Hər bir vətəndaşın evində soyuducu var. Kombinin orta qiyməti isə soyuducudan da ucuzdur. İkincisi, tam əksinədir. Kombi sahibi olan abonentlər qazı daha qənaətlə istehlak edir. Şəxsən mən kombi istifadəçisi kimi qışda hər ay 40-50 manat qaz istehlak edirəm. Ancaq eyni ölçülü evdə yaşayan və kombidən istifadə etməyən tanışlarım isə ayda 70-80 manat ödəyir. İndi bu məbləğlər 2 dəfə artdı.

 – Ümumiyyətlə, qiymət artımları zəruri idimi?

– Xeyr. ”Barmek”in dövründə əhaliyə elektirik enerjisi 2 qəpiyə satılırdı.Bu pulla “Barmek” həm topdansatış xərclərini ödəyirdi, həm gəlir götürürdü, həm də öz vəsaiti hesabına 300 milyon dollar investisiya qoymağı planlayırdı. “Barmek”i qovdular, elektrik enerjisini 3,5 dəfə qaldırdılar. Ancaq yenə də dövlət büdcəsi hesabına “Azərişiq”a 1,2 milyrd dollar investisiya yatırdılar. Bəs nəticə hanı? Bütün vəsaitlər korrupsiya yeminə çevrilib. SOCAR-ı götürək. Azərbaycan Rusiyadan qaz idxal edəndə, 1 kubmetr qaz 0,6 qəpiyə əhaliyə satılırdı. İndi Azərbaycan qaz ixrac edir və qaz əhaliyə 20 qəpiyə satılır. Yəni qazın qiyməti düz 33 dəfə bahalaşıb. 1 kubmetr qazın maya dəyəri 4,7 qəpikdir. Yəni qaz əhaliyə maya dəyərindən 4 dəfə baha qiymətə satılır. Bunun dünyada anoloqu yoxdur. Ticarət güzəşti uzağı 20-25 faiz ola bilər. Yəni 4,7 qəpiyə maya dəyəri olan qaz uzagı əhaliyə 7 qəpiyə satılmalıdır. Satışdan əldə olunan fantastik gəlirlər fantastik korrupsiya fantaziyalarının qurbanı olur.

– Bəs hökumət niyə qiymət artımına getdi?

– Neft gəlirləri azalıb, qeyri-neft sektoru isə durğunluq dövrünü yaşayır. Hər gün iş yerləri qapadılır, istər özəl, istər dövlət müəssisələrində ixtisarlar gedir, vergi bazası daralıb. Ölkə sürətlə böyük böhran dövrünə daxil olur. O biri tərəfdənsə, devalvasiya alıcılıq qabiliyyətini minimuma endirib, yoxsulluq və işsizliyin miqyası genişlənib. İndi hökumətin əsas işi dövlət xərclərini azaltmaq, iqtisadi liberallaşdırmaya getmək, özəl sektoru dəstəkləmək, vergi yükünü azaltmaq və passiv vergi potensialını aktivləşdirmək olmalıdır…

– Passiv vergi potensialı nə deməkdir?

– Bu gün ölkənin vergi potensialı vergiyə tam cəlb edilməyib. Azərbaycanda nəhəng holdinqlər var. Onların vergi ödəmələri, demək olar ki, qəpik-quruşdur. Vergilərin 84 faizi iri dövlət müəssisələrindən yığılır. Qalan 16 faiz isə bu nəhəng holdinqlərlə digər vergi ödəyicilərinin payına düşür. Adi bir dükanı ildə 3-4 dəfə audit edən vergi müfəttişləri bu holdinqlərin yaxınlığına belə buraxılmırlar. Rentabelli nəqliyyat sektorunun büdcədə payı nə qədərdir? Qəpik-quruş. Sərnişin daşınması ilə məşğul şirkətlər nə qədər vergi ödəyir? Hökumət bu mənbələri vergiyə cəlb edib büdcəni doldurmaq, yeni vergi bazası yaratmaq haqda qərarlar verməliydi. Ancaq çox təəssüf ki, hökumət əhalinin gəlirləri hesabına büdcəni doldurmaq yolunu tutub. Tarif Şurasının qərarları da bu siyasətə xidmət edir. Mayda əhaliyə satılan suyun, eləcə də kanalzasiya xidmətlərinin tarifləri artdı, iyulda işığı 1 qəpik bahalaşdırdılar, indi də təkrar işığı və qazı bahalaşdırdılar. Şübhə etmirəm ki, yaxın vaxtlarda dizel yanacağı və benzin, ardınca da avtobus və metroda gediş haqları bahalaşacaq. Təki yanılım, ancaq bahalaşdıracaqlar.

– Bununla büdcəni xilas edə biləcəklərmi?

– Təbii ki, yox. Azərbaycan hökuməti 1991-ci ildə SSRİ-nin baş naziri Pavlovun uğursuz qiymət siyasətini yürüdür. 1991-ci ilin aprelindən Pavlov hökuməti qiymətləri dəfələrlə bahalaşdırmaqla büdcəni doldurmağa cəhd etdi. Nəticədə nəinki siyasətin özü, hətta dünyanın 2 superdövlətindən biri olan SSRİ-də 8 ay sonra – 1991-ci ilin dekabrında süqut etdi. Bu siyasətin mahiyyəti əhalinin sərbəst resurslarını büdcəyə cəlb etməklə böhrandan çıxış idi. Pavlovu bəlkə də hardasa anlamaq olardı – SSRİ əhalisinin az-çox sərbəst vəsaiti var idi. Ancaq Azərbaycan əhalisinin sərbəst vəsaitini manatın devalvasiyası çoxdan bitirib. Bu siyasətin ən mənfi cəhəti odur əhali yoxsullaşdıqca, biznes strukturları da sıradan çıxır, vergi bazası bir az da daralır. Azərbaycan artıq bu mərhələni yaşayır. O biri tərəfdənsə, hökumət manatın optimal məzənnəsini tapıb, maliyyə sabitliyi yaratmaqda çətinlik çəkir. Maliyyə sabitliyinin olmaması isə iqtisadi çöküşü sürətləndirir.

– Yəni çıxış yolu yoxdur?

– Nəzəri baxımdan var. Ancaq praktiki baxımdan hökumət bu addımlara gedəcəkmi?

– Hansı addımlara?

– İlk növbədə neft komandası istefaya göndərilib, böhran hökuməti qurulmalıdır. Nazirlər Kabinetinin tərkibi 50 faiz kiçilməli, çevik idarəetməyə keçilməlidir. İqtisadi blokun indiki nazirləri ilə böhrandan çıxmaq xülyadır. Maliyyə naziri, vergilər naziri, iqtisadiyyat naziri, Dövlət Gömrük Komitəsinin sədri, Mərkəzi Bankın sədri istefaya göndərilməlidir. Ordunu batıran sərkərdəni yenidən komandir təyin etmirlər. Adı çəkilən məmurlar manatın devalvasiyasına və maliyyə sabitliyinin pozulmasına görə məsuliyyət daşıyırlar. Onları texnokratlar əvəz etməlidir. Ümumiyyətlə, hər dövrün öz hökuməti olmalıdır. 2-ci dünya müharibəsini udan Çörçilə ingilis xalqı yenidən etimad göstərmədi ki, sən müharibə hökumətinə rəhbərlik etmisən, indi başqa dövr başlayır.

– Yəni indiki komanda ilə böhrandan çıxmaq mümkün deyil?

– Xeyr. Ən azı itisadi və maliyyə bloku istefaya getməlidir. Vergi, gömrük və maliyyə sistemini şəffalaşdırmaq böhrandan çıxmağın ilkin şərtidir. Eyni zamanda iri dövlət müəssislərinin şəffaflaşdırılması prosesi getməlidir. Gələn ilin büdcəsində AZAL-a 10 milyon subsidiya ayrılıb. Absurddur. AZAL aviadaşımalarda monopolist mövqeyə sahibdir. Onun xarici rəqibləri ilə müqayisədə tarifləri çox yüksəkdir. Buna baxmayaraq Naxçıvan reyslərinə ziyanı qarşılamaq adı ilə 10 milyon büdcədən subsidiya alır? Nəyə görə? Müstəqil audit keçirilsə, bəlli olacaq ki, Naxçıvana sərnişin daşınmasının maya dəyəri şişirdilib. Lap tutaq ki, Naxçıvana relslər rentabelli deyil. Bu ziyanı şirkət öz gəlirləri hesabına örtə bilər və örtməlidir də. Çünki səhmləri 100 faiz dövlətə məxsusdur. O biri tərəfdənsə ildə bir neçə milyon sərnişinin istifadə etdiyi Metropolitenin dotasiyası 22 faiz – 8 milyon manat azaldılıb. Yəqin ki, bu azalma aztəminatlı təbəqənin istifadə etdiyi metropolitendə tariflərin artmasına gətirib çıxaracaq. Ona görə də optimist deyiləm. Həm də hökumət islahatlara düz  2 il gecikib. İslahatlar 2014-cü ilin sonlarında – böhranın ilk dalğasında başlanmalı idi. Əgər 2 il öncə islahatlar başlasaydı, indi artıq effektiv nəticələr ortada olardı. Nəzəri baxımdan islahatlar sabah başlasa, effektiv nəticələr ən tezi 3 ildən sonra özünü göstərcək. Çünki tənəzzül artıb. Bu yaxınlarda Hesablama Palatası açıqladı ki, yaxın 4 ildə büdcə gəlirləri azalmaqda davam edəcək. Bu proqnozu real hesab edirəm. Büdcə gəlirləri azalmaqda davam edəcəksə, deməli, böhran da davam edəcək. Yaxın illərdə Azərbaycanı çox böyük iqtisadi və sosial fəlakətlər gözləyir.

 – Bəs hökumətin vəd etdiyi iqtisadi islahatlarla bağlı “yol xəritəsi”ndən nə gözləyirsiniz?

– Heç nə gözləmirəm. Bu xəritənin vergilər nazirinin sabiq birinci müavini, indi isə prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov hazırlayır. Guya oktyabrda elan edilməli idi. Ancaq noyabr bitir, xəbər-ətər yoxdur. 25 il vergi sistemində çalışan bir şəxs heç vaxt dolğun makroiqtisadi proqnozlar, effektiv yol xəritəsi hazırlaya bilməz. Ən azı bu şəxsdə vergi yığmaq vərdişi formalaşıb və bu vərdiş makroiqtisadi məsələlərə obyektiv yanaşmağa mane olur. Əgər bu xəritəni müstəqil alimlər, analitiklər hazırlasaydı, məsələyə optimist yanaşmaq olardı. Nəzərə alın ki, bu şəxs uzun müddət maliyyə qruplarından birinin təmsilçisi olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button