Dillər Universitetində qalmaqal-Nə baş verir?!

Azərbaycan Dillər Universitetinin tələbələrinin dövlət imtahanlarına etiraz etməsi ziddiyyətli fikirlər yaradıb. Bəziləri tələbələrin imtahana etiraz etməsinin doğru olduğunu düşünsə də, digərləri bunun düzgün olmadığını hesab edir. Elə universitetin rektoru Əfqan Abdullayev də açıqlama verərək, etiraz edənlərin əksəriyyətinin oxumayan tələbələr olduğunu deyib.
Bəs haqlı tərəf kimdir: 7 ildən sonra yenidən dövlət imtahanının bərpasına etiraz edən tələbələr, yoxsa tədris ilinin bitməsinə 1 ay qalmış tələbələrə imtahanın bərpa edildiyini deyən universitet?
Xural.com xəbər verir ki, məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən təhsil eskperti Kamran Əsədov deyib ki, hər iki tərəf haqsızdır: “Baş verən tələbə-rektor dialoqunda iki tərəfin də xoş olmayan şəxslər kimi bir birini ittiham etməsi hər iki tərəfin günahkar olduğunu göstərir.
Birincisi, tələbə dövlət imtahanı ilə bağlı tələbində haqsızdır. Ona görə ki, bu, universitetin rektorunun qərarı deyil, Nazirlər Kabinetinin Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin qarşısında qoyduğu tələbdir. Bundan başqa, bu ilə qədər həmin ali təhsil müəssisəsində dövlət imtahanının keçirilməməsi bundan sonra da keçirilməməsi anlamına gəlməməlidir. Çünki bu, 165 min digər tələbəyə qarşı haqsızlıq olar.
Digər tərəfdən, Azərbaycan Dillər Universiteti daha çox pedaqoji kadrların hazırlanması ilə məşğul olur ki, bu gün çalışan müəllimin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılır. Müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanı keçirilir və bu imtahanlar müəllimlərin bilik və bacarıqlarının yaxşı səviyyədə olmadığını göstərdi.
Ona görə də, bundan sonra pedaqoji kadrların hazırlanmasını həyata keçirən ali və orta ixtisas təhsili müəssisələrində bu məsələyə xüsusi diqqət yetirilməlidir.
Bundan başqa, tələbənin işi, fəaliyyəti təhsil aldığı müddətdə yüksək səviyyədə kadr olmaq istiqamətində olmalıdır ki, bunun üçün də yüksək dərs yükündən narahat olmaq lazım deyil. Dövlət imtahanı salınmasında heç bir problem yoxdur. Ona görə ki, onlara heç də yeni bir sahə üzrə imtahan keçrilmir. Onlara tədris olunmuş və onların müsbət nəticə əldə etdiyi fənlərdən imtahan olunur. Orda səslənən 700 suala gəlincə isə, bu sual sayı deyil, mövzu sayıdır ki, onlar da hamısı 7-8 kitabda cəmlənib. Sadəcə olaraq, tələbələr çətinlik çəkmək istəmir, rahat yolla diplom almaq istəyirlər”.
 
Təhsil eksperti rektorun tələbələrlə danışıq tərzinə də toxunub: “O, tələbə ilə danışıqda düzgün ifadə və səs tonu seçməmişdi.
Halbuki Əfqan Abdullayev uzun müddət ABŞ-da çalışmış, Dillər Universitetində müəllim, dekan olmuş şəxsdir. Onun dekan və müəllim olduğu dövrdə nə qədər müsbət fəaliyyət göstərdiyi hamıya məlumdur.
Ola bilsin ki, uyğun olmayan vaxt olub. Yoxsa Əfqan müəllim bütün problemlərin tələbənin xeyrinə həll olunmasını istəyən, bunun üçün əməli tədbirlər həyata keçirən insandır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button