DİN-dən ƏVƏZ ZEYNALLININ QOHUMLARININ İŞDƏN ÇIXARILMASININ “İZAH”I

Ehsan Zahidov

“Yeni Musavat” qəzeti “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının qardaşı Rauf Zeynalovun və dayısı oğlu Rəşad Zeynalovun polis orqanlarından xaric edilmələrinə Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənib. DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov həbs edilən baş redaktorun qohumlarının işdən çıxarılmalarını təsadüf (?!) adlandırıb.  “Daxili işlər orqanlarının vətəndaşlarla daim ünsiyyətdə olan xidmət sahələri var. Post Patrul Xidməti (PPX), Dövlət Yol Polisi (DYP) belə xidmət sahələrindəndir. Bütün polis əməkdaşlarından, xüsusilə də vətəndaşlarla daim ünsiyyətdə olan bu xidmət sahələrinin əməkdaşlarının qarşısına daha nümunəvi olmaları tələbi qoyulub. Onlardan vətəndaşların heysiyyətinə, mənliklərinə qətiyyən toxunmamaq tələb olunur”.
E.Zahidov dedi ki, məhz belə tələblərə əməl etməyən onlarla polis əməkdaşı bu ilin 9 ayı ərzində orqandan uzaqlaşdırılıb. O, son günlər Gəncədə 2 polis nəfərinin işdən çıxarılmasının səbəbini bu tədbirlərlə izah etdi: “Mətbuatın onları Əvəz Zeynallının yaxın qohumları kimi təqdim etməsi ilə həmin polis əməkdaşlarının daxili işlər orqanlarından uzaqlaşdırılmasının heç bir bağlılığı yoxdur.
İşdən çıxarılanlardan biri Rauf Zeynalov DYP-də sıravi işçi olub. Gəncə sakinlərindən biri ərizə ilə Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edib. Bildirib ki, Rauf Zeynalov üç sərnişinin yanında onu söyüb, təhqir edib, etmədiyi qayda pozuntusunu aktlaşdırıb. Bununla bağlı xidməti yoxlama aparılıb və fakt təsdiqini tapıb. Buna görə də Rauf Zeynalov daxili işlər orqanlarından kənarlaşdırılıb.
Rəşad Zeynalov isə PPX-də sürücü işləyib. Xidmət zamanı rəhbərliyə xəbər vermədən maşını xidmət ərazisindən kənara çıxarılıb, işinə səhlənkar yanaşıb. Bu məsələ ilə bağlı xidməti yoxlama aparıb və fakt təsdiqini tapıb. Buna görə də Rəşad Zeynalov işdən uzaqlaşdırılıb. Bu şəxslərin işdən çıxarılmalarının Əvəz Zeynallının həbsi ilə bağlılığı yoxdur, sırf təsadüfdür”.
Xatırladaq ki, Zeynalovların işdən azad edilməsi barədə əmri Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev imzalayıb. Lakin əmrin surəti Zeynalovlara verilməyib. Deyilənlərə bağlı jurnalist rəis Rasim Musayevlə əlaqə saxlayıb. Zeynalovların işdən çıxarılması ilə bağlı sualları dinləyən rəis “10 dəqiqə sonra zəng edərsiz, danışan köməkçidir” deyərək telefonu qapadıb. 10 dəqiqə sonra isə zənglərimizə cavab verən olmayıb.
Bir daha xatırladaq ki, Rauf Zeynalov haqqında heç bir şıkayətçinin olmadığını, həmin adamın isə oktyabrın 19-da gecə saatında cəmi yarım saat içində bölməyə gətirildiklərini və təzyiq göstərməklə ona qarşı ifadə aldıqlarını bildirib. Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev isə yaxın ətrafında olan əməkdaşlarına, “Onun qardaşı hakimiyyətin əleyhinə yazdığı üçün onlara bizim aramızda yer yoxdur” deyib.
Zeynalovların işdən çıxarıması “Xural” qəzetinin əmlakının müsadirə edilməsi və çapına qadaga qoyulmasından sonra baş verib.
Qeyd edək ki, Rauf Zeynalov 11 il, Rəşad Zeynalov isə 6 il Daxili İşlər Nazirliyi sıralarında xıdmət edib. Bu müdət ərzində Rauf Zeynalov 23 dəfə polis idarəsinin rəhbərliyi tərəfindən mükafatlandırılıb.
 Xural TAC

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button