DİN Nofəl Məhərrəmovun əməllərinə niyə göz yumur?

Təxminən bir aydan sonra Azərbaycan əhalisi referenduma gedəcək, ölkə Konstitusiyasında bir sıra dəyişikliklər edəcək. Hansı ki, ölkəmizin ali qanunvericilik toplusu olan konstitusiyamızda bir neçə dəfə dəyişikliklər olunduğunun şahidi olsaq da, icraedici orqanların fəaliyyətində heç bir dəyişikliyin şahidi olmadıq. Hər şey öz axarı ilə, necə ki, qanunsuzluqlarla gedirdisə, bundan sonra da eyni templə davam edəcək. Əgər ölkənin ədliyyə, prokurorluq və polis sistemində konstitusiyamızın vətəndaşlara verdiyi hüquq və azadlıqlar lazımınca qorunmursa, insanların dövlətin hüquq-mühafizə orqanlarına inamı qalmayıbsa, bütün dəyişikliklərin ancaq şəxsi məqsədlər üçün olduğunu kimdən gizlətmək mümkündür ki?

Bakının Nizami rayonunda bir ailə iki ilə yaxındır ki, hüquq-mühafizə orqanlarının demək olar ki, əlində qalıb. Nə Daxili İşlər Nazirliyi, nə Respublika Prokurorluğu onların şikayətinə məhəl qoymur, Nizami rayon Məhkəməsi isə məhkəmə prosesini səkkiz aydır uzadır. Onların məqsədi nədir? Bir ailəni artıq müflis vəziyyətə saldıqdan sonra daha nə istəyirlər? Vətəndaş Aliq Məmmədovun şikayəti ilə bağlı dövri mətbuatda artıq kifayət qədər yazılıb. Daxili İşlər Nazirliyi rəsmləri bu məqalələrə münasibət bildirmək əvəzinə, şikayətin dərc olunmasına təpkilər də göstərdilər və Aliq Məmmədovun övladlarının işə bərpa olunacağına söz də verdilər. Lakin görsənən odur ki, Nizami Rayon Polis İdarəsinin sabiq rəisi, hazırda Xaçmaz polisinə rəhbərlik edən Nofəl Məhərrəmovun DİN koridorlarında sözü ötməkdədir. Oxucuların diqqətinə bir daha çatdırmaq istərdik ki, həmin Nofəl Məhərrəmov yüksək çinli bir DİN işçisinə brilliant qaşlarla bəzədilmiş general paqonu hədiyyə etməsi belə onun Nizami polisində qalmağa belə kömək etmədi. Onun özbaşına əməllərinin və polis sistemində nələr baş verdiyini bir daha xatırlatmaq istərdik.

Nizami rayonu 23-cü polis bölməsində əməliyyat üzrə kiçik inspektor işləyən Məmmədov Röyal Aliq oğlu 15 dekabr 2014-cü il tarixdə azyaşlı qızı cinsi istismara məruz qoyan dəstəni zərərsizləşdirib. Qızın ilkin ifadəsində bunlar öz əksini tapmış və o göstərmişdir ki, Sənan Abbasov özü qızla cinsi əlaqədə olduğu azmış kimi onu Sumqayıt yolunda olan kafelərə gecələr düşürüb hər səhər evə aparanda ona pul verməsini tələb edirdi. Hər ay kreditə götürdüyü maşına 300 manat pulu məndən aldığı pullarla ödəyirdi.

Azyaşlı qız həmin gün Sənangilin taksinin arxasınca öz maşını ilə gəldiyini görüb taksi sürücüsündən tanışı olan polisi çağırmasını xahiş  etmişdir. Bu da qızın ifadəsində yazılı göstərilib. İşin ibtidai istintaqın aparan BŞBPİ-nin müstəntiqi Vüqar İsmayılov Nizami rayon Pİ-nin sabiq rəisi hal-hazırda Xaçmaz PŞ-nin rəisi işləyən Nofəl Məhərrəmovun sifarişi ilə CM-nin 182.3 maddəsi ilə cinayət işi açaraq (hədə-qorxu gəlmə ilə pul tələb etmə) 6 aya yaxın Röyal Məmmədovun təcridxanada saxlatmışdır. Həmin müddətdə heç bir istintaq əməli aparmamışdr. 05 iyun 2015-ci il tarixdə maddəni CM-nin 322.2-yə dəyişərək təcridxanadan buraxmışdır. Maddələrin dəyişməsində gizli məqamları hələ açmaq istəmirik. Lakin V.İsmayılov nə üçün R.Məmmədova – 10-15 günə işi məhkəmyə göndərəcəm, orada demə ki,  hadisə vaxtı poils nəfəri olmusan məhkəmə səni cərimə edib, təcridxanada yatdığın ilə əvəzləşdirəcək, deməsi bir sıra gizli mətləblərdən xəbər vermirmi? 2015-ci ilin dekabrında işi Röyalın müdafiəçisi Namiq Hacıyev və Röyala bildirmədən və heç bir istintaq əməli aparmadan (Röyalı heç kimlə üzləşdirmədən vəkilin iştirakı ilə ifadə almadan) işi məhkəməyə göndərmişdir.

8 yanvar  2016-cı ildən Nizami rayon məhkəməsində hakim Elnur Nuriyev və dovlət ittihamçısı Nəriman Babayevin iştirakı ilə başlayan məhkəmə prosesində əvvəlcə təqsirləndirilən şəxs kimi 3 gün BŞPİ-də şöbə müdiri Məmmədağa Məmmədov və müstəntiq Vüqar İsmayılov tərəfindən saxlanılan Sənan Abbasov, İntiqam Əliyev, Müstəqim və digər iki nəfər sonradan niyə zərərçəkən olmaları faktı üzə çıxdı. Müstəqim məhkəmə prosesində Məmmədağa Məmmədov və Vüqar İsmayılova 10.000 (on min) manat və Sənan Abbasovun atası Pənah  Abbasov isə 30.000 (otuz min) manat verdiklərini açıqladılar. Hətta Pənah Abbasov Röyalın atası Aliq Məmmədova sənə dedim bizim verdiyimiz 40.000 (qırx min) manatı qaytar ver (Məmmədağa və Vüqara vermiş olduqları pulu) oğlundan şikayətçi olmayaq. Aliq Məmmədov isə cavab verdi ki, utanmırsan pul verib mənim polis oğlumu tutdurub yalan cinayət işi açdırmısınız və məndən pul istəyirsən.

Məhkəmə prosesində onlar hər biri ayrı ayrılıqda həmin gün Röyalın polis vəsiqəsini onlara göstərdiyini dedilər. Dövlət ittihamçısının bəlkə başqa vəsiqə göstərib sualına xeyir polis formasında Röyalın şəkili olan polis vəsiqəsi idi, – deyə cavab verdilər. Nizami raoyn 23-cü polis bölmsəinin rəisi Nəsib Məmmədov və rəis müavini Azər Kərimov Röyal Məmmədovun 17 dekabr 2014-cü il tarixə kimi bizim işçi olub, – deyə məhkəmə prosesində verilən suala cavab verdilər. Hətta Nəsib  Məmmədov Röyalın 15 dekabr 2014-cü il tarixdə ona hadisə barədə telefon vasitəsilə məruzə etdiyini bildirdi o, Röyala onları bölməyə gətirməsini bildirmişdir.

Bütün bu kimi dəlillərə baxmayaraq Nofəl Məhərrəmov Xaçmazda fəaliyyətini davam etdirir və Röyal Məmmədovun işinə süni əngəllər yaradır. Prosesi uzatmaqla vaxt qazanmaq və çirkin əməllərini yerinə yetirmək istəyir. Vətəndaş Aliq Məmmədov Daxili İşlər Naziri Ramil Usubov cənablarına və Baş Prokuror Zakir Qaralova ünvanladığı ərizədə Nizami Rayon Polis İdarəsinin sabiq rəisi Nofəl Məhərrəmov verdiyi pulu geri tələb edirdi. Həmin iş bu gün Nizami Rayon Prokurorluğundadır və neçə aydır ki, Nofəl Məhərrəmovu dindirilməsi ilə bağlı heç bir addım atılmır. Rayon prokuroru Aqşin Ziyadov vətəndaş Aliq Məmmədovu qəbul edərkən, Nofəl Məhərrəmovdan deyil, oğlundan danışmağı tövsiyə edir. Aqşin Ziyadov ondan Nofəl Məhərrəmovun əməlləri barədə Respublika Prokurorluğuna etdiyi şikayət ərizəsini dəyişərək ondan şikayəti olmadığını yazmağı tələb etmişdir. Lakin A.Məmmədov ərizəni dəyişdirməyərək tələbinin üstündə durmuşdur. Sözügedən ərizə hal-hazırda Nizami Rayon Prokurorluğuna baxılmamış halda qalmaqdadır. Nə üçün, cənab Baş Prokuror? Lap başdan Aliq Məmmədov oğlanlarının işə bərpasını deyil, sabiq rəis Nofəl Məhərrəmova verdiyi pulları və qızıl təsbehi geri tələb edirdi. Lakin Nofəl Məhərrəmov şeytana uyduğunu etiraf edərək Aliq Məmmədovun oğlanlarını işə bərpa etməyə kömək edəcəyinə söz versə də bu gün rəsmi bir nəticə yoxdur.

İş o həddə çatıb ki, Aliq Məmmədovun yuxarı instansiyalara etdiyi şikayətlərdən narahat olan Nofəl Məhərrəmov ona övladlarının işə qayıtmağına kömək edəcəyini vəd etsə də, verdiyi sözün üstündə durmur. Şikayətçi isə N.Məhərrəmova verdiyi 50 000 (əlli min) manata qədər pulu və qızıl təsbehi geri istəyib.

Biz bir nazir kimi Ramil Usubovun humanistliyi ilə yanaşı, polis orqanlarına ləkə gətirən əməkdaşlarla barışmaz mövqedə olduğunu çox yaxşı bilirik. Onu da bilirik ki, cənab nazir Nofəl Məhərrəmovun özbaşına əməlləri barədə xəbərdardır. Onun general olmaq arzusunu da məhz Ramil Usubov gözlərində qoydu. Lakin bir ailənin taleyi ilə oynayan polis polkovnikinə bu az deyilmi? Nofəl Məhərrəmov Aliq Məmmədovun oğlanlarının taleyi ilə nə vaxta qədər oynayacaq? Bunun sonu olacaq, ya yox?!

T.Məmmədov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button