DİN Quba iğtişaşlarında kimin “günahkar” olduğunu açıqladı

29.03.2012

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi martın 1-də Qubada baş vermiş hadisələrlə bağlı birgə məlumat yayıb.

Hər iki qurum ölkə KİV-lərini Quba hadisələri barədə əsassız informasiyalar yaymaqda, hadisələrin mahiyyətini təhrif etməkdə ittiham edirlər. Belə ki, Quba hadisələri zamanı 25 nəfər cinayətə cəlb edilib, onların 7 nəfər əmlakın qəsdən məhv edilməsi maddəsilə ittiham olunurlar. Fakt üzrə Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmək) və 186-cı (əmlakı qəsdən məhvetmə) maddələrilə cinayət işi qaldırılıb, sonra iş ölkə prokurorluğuna verilib. Qubada 1 mart hadisələrinin törədilməsinə gəlincə, DİN və Prokurorluq burada səbəbkar kimi Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevin və yerli “Xəyal TV”-nin icraçı direktoru Vüqar Qonaqovun adlarını çəkir. İstintaq öz qənaətlərini aşağıdakılara əsasən açıqlayır: E.Əliyev V.Qonaqovdan Qubada etirazlara səbəb olan icra başçısının 22 noyabr çıxışının qısa variantını hazırlamağı xahiş edib. Buna görə V.Qonaqova 140 manat ödəyib. “Xəyal TV”nin əməkdaşları Zaur Quliyev və İslam Aslanov icra başçısının çıxışını insanları hiddətləndirəcək dərəcədə montaj etməkdə ittiham olunurlar. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədov isə həmin çıxışı “Eniqma” mağazasının satıcısı Rövşən Məhərrəmov vasitəsilə İnternetdə yaymaqda ittiham olunur. Videorolik “odnoklassniki.ru” və “mail.ru” saytları vasitəsilə yayılıb. Daha sonra II qrup əlil Mustafa Nurullayevin login və parolundan istifadə edilməklə, “youtube.com” saytında yerləşdirilib. Bundan irəli gələrək, istintaq Z.Məmmədova, E.Əliyevə, V.Qonaqova və Z.Quliyevə Cinayət Məcəlləsinin 233-cü və 309-cu (səlahiyyət həddini aşmaq) maddələrilə ittiham irəli sürüb, barələrində həbs-qətimkan tədbiri seçib.

Qeyd edək ki, DİN və Baş Prokurorluğun “ifşaları” bir şeyə – azad informasiyanın toplanması və yayılmasına dəlalət edir. Bu o deməkdir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi yoxdur.

Bu zaman istintaq yerli əhalini təhqir edən və il yarım ərzində Qubada milyonlarla manatlıq daşınmaz əmlak mənimsəmiş icra hakimiyyəti başçısının hər-hansı məsuliyyəti haqqında heç nə demir.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button