DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİN MÜHAFİZƏSİ İLƏ BAĞLI SƏRƏNCAM NƏDƏN DOĞUB?

09.02.2012

Fevralın 8-də prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin mühafizəsini və həmin nümayəndəliklərdə çalışan işçi heyətinin təhlükəsizliyini təmin etməyə dair sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinə üç ay müddətində Xüsusi Dövlət Mühafizə Xidmətinin Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərini mühafizə etməsinə dair təkliflər hazırlamaq tapşırılıb.

“Media forum” saytı sərəncama münasibətlər öyrənib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib ki, sərəncam prezident İlham Əliyevin Azərbaycan diplomatlarının və diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin olunmasına böyük əhəmiyyət verdiyini göstərir: “Beynəlxalq səviyyədə bu məsələ Vyana Konvensiyası ilə tənzimlənir. Həmin konvensiyaya və beynəlxalq təcrübəyə əsasən, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və diplomatlarının təhlükəsizliyini yerləşdikləri ölkələrin hüquq mühafizə, təhlükəsizlik orqanları təmin edir. Təəssüflər olsun ki, bir çox ölkədə Azərbaycan səfirliklərinin təhlükəsizliyi təmin olunmur. ABŞ, Avropa İttifaqına üzv olan dövlətlər, o cümlədən Almaniya, İtaliya, Fransa, İspaniya Azərbaycanın diplomatik nümayəndəliklərini qorumaq üçün mühafizə vermir.

Bununla bağlı müraciətlərimizə müxtəlif cavablar alırıq. Deyirlər ki, heç bir ölkənin diplomatik nümayəndəliyinin təhlükəsizliyini təmin etmirik. Təəssüf ki, bizə belə cavab verən dövlətlər bəzi diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin edir, mühafizə ayırırlar.

Bir sıra ölkələr də var ki, səfirliklərimizin təhlükəsizliyini təmin edir. Bura əsasən Şərq ölkələri daxildir. Bu məsələdə dövlətdən dövlətə fərq var.

Ona görə də 8 fevral sərəncamında qeyd olunan məsələlərin həyata keçirilməsi Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini xeyli artıracaq”.

Elman Abdullayevin sözlərinə görə, Azərbaycan bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə təminat verir və müvafiq dövlət qurumları onları mühafizə edir: “Bir tərəfdən yerləşdikləri dövlətlər diplomatik nümayəndəliklərin təhlükəsizliyinə təminat verir, digər yandan isə hər bir ölkənin xaricdə olan diplomatik təmsilçiliklərini qorumaq haqqı var. Bakıda elə səfirliklər var ki, Azərbaycan onların təhlükəsizliyini təmin etsə də, həmin dövlətlərin təhlükəsizlik qüvvələri bu prosesə qatılır. Prezident İlham Əliyev Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin olunması üçün sərəncam imzaladığı kimi müxtəlif dövlətlərin də bununla bağlı sənədləri var. Yerləşdikləri ölkənin diplomatik nümayəndəliklərimizin təhlükəsizliyini təmin edib-etməməsindən asılı olmayaraq Azərbaycan öz səfirliklərinin, konsulluqlarının təhlükəsizliyini qoruyacaq”.

Dövlət başçısının sərəncamını yüksək qiymətləndirdiyini vurğulayan Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Media forum” saytına deyib ki, bu, diplomatik fəaliyyətin norma və tələbidir: “Diplomatlar yalnız işlədikləri ölkənin ictimai-siyasi həyatı əhatə etməklə, dövlət başçılarının həyata keçirdikləri siyasi kursu çatdırmaqla, proseslərə nüfuz etməklə, mərkəzi bununla bağlı məlumatlandırmaqla, iki ölkə arasında körpü rolunu oynamaqla kifayətlənmirlər. Eyni zamanda diplomatlar müxtəlif dövlətlərin, dairələrin, transmilli koorparasiyaların hədəfində olurlar. Dünyada dövlətlər yaranan dövrdən belə olub və indi də belədir. Diplomatlar sülh şəraitində müharibəyə bənzər vəziyyətdə olurlar, öz dövlətlərinin maraqları üçün hər zaman səngərdədirlər və müxtəlif risklərlə üzləşirlər. Onların üzləşdikləri təhlükə heç də səngərdə düşmənlə üz-üzə dayanan zabit və əsgərlərin qarşılaşdığı təhlükədən az deyil. Müxtəlif ölkələrin kəşfiyyat qurumları, emissarları diplomatları ələ almaq, özlərinə işlətmək, kəşfiyyat fəaliyyətinə cəlb etmək istəyirlər. Bunlar mümkün olmadıqda isə onların həyatına qəsd etməyə çalışırlar. Ona görə də prezidentin imzaladığı sərəncamı Azərbaycan diplomatlarını qorumaq üçün atılan addım və bundan irəli gələn zərurət hesab edirəm”.

Zahid Oruc hesab edir ki, Azərbaycan bölgənin güclü dövlətinə çevrildikcə ölkənin diplomatları üzərində də təsirlər, nüfuzetmə əməliyyatları güclənir: “Atılan addım bu prosesləri önləyir. Dünyanın siyasi xəritəsində, beynəlxalq və regional çərçivədə təhlükələr artıb. Azərbaycanın bütün diplomatik nümayəndəliklərinin əlavə təhlükəsizlik tədbirlərinə ehtiyacı var”.

İstefada olan təhlükəsizlik zabiti İlham İsmayıl “Media forum” saytına açıqlamasında bildirib ki, sovet dövründə SSRİ-nin xaricdəki diplomatik nümayəndəliklərində təhlükəsizliyə cavabdeh olan xüsusi xidmət orqanı əməkdaşları fəaliyyət göstərirdi: “Amma onların funksiyası mühafizəyə yönəlməmişdi. Həmin şəxslər sırf dövlət təhlükəsizliyi məsələlərinə cavabdeh idilər. Eyni zamanda diplomatlara yönələcək hər hansı təhlükəni önləməyə xidmət edirdilər. Lakin onların fəaliyyəti fiziki mühafizə xarakteri daşımırdı, onlar kəşfiyyat və əks-kəşfiyyatla məşğul olurdular.

Əgər Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərini mühafizəyə götürəcəksə, bu, səfirliyin daxilində həyata keçiriləcək iş olacaq. Həmin şəxslərin səfirliyin çölündə mühafizə ilə məşğul olması mümkün deyil. Səfirliyin çölündəki mühafizəni fəaliyyət göstərdikləri ölkənin müvafiq qurumları həyata keçirir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə xüsusi təhlükəsizlik əməkdaşı göndərməsinin hansı zərurətdən yarandığı mənə bəlli deyil”.

“Media forum”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button