DOĞMA VƏ YAD RÜŞVƏTXORLAR

Mahal İsmayıloğlu

Biz bəzən hamımızı heyrətdə qoyan qəribəliklər labirintindən keçirik, aylar, illər ötüşür, dolaşıq suallara cavab tapa bilmirik. Bu səbəbdən də ingilisin, fransızın damarlarında qanını dondura biləcək cinayət olayları bizim üçün adiləşir. Bax beləcə, bu məmləkətdə yaşaya-yaşaya laqeydlik axarına düşürük. Bunu bu ölkədə ixtiyar sahibi olanlar yaxşı bilirlər, bu səbəbdən sıramızdan növbəti bir insanı seçib onu daha iyrənc, bir qədər də gülünc ittihamla üz-üzə qoymaqdan çəkinmirlər. Günahsızları cəzalandırmaq üçün məhkəmə oyunları sıralanır. Onların cəmi elə bu rejimi günahlandırmaq üçün yetərlidir. Bir gün, haqsızlığın hökm sürdüyü, məhkəmələrin hökmdarların əlində oyuncağa çevrildiyi bütün ölkələrdəki kimi, diktatorları ittiham etmək üçün əlavə istintaqa ehtiyac olmayacaq, elə bu hökmlər bəs edəcək.

***

Əvəz Zeynallının, elə mənim də vəkili Elçin Sadıqova sual etdim: “Rüşvət almağa və rüşvət istəməyə görə nəzərdə tutulan cəzanın fərqi varmı?” Elçin də ona məxsus təmkinlə, bir az da istehza dolu gülüş qatıb cavab verdi: “Heç bir fərq yoxdu, eyni cəza nəzərdə tutulub…”
Qəribədir kimsə rüşvət ala, indi bu adiləşmiş olaya çevrilib, elə onun qədəriycə haqsızlığa qol qoya bilər və üstündən aylar, illər ötəndən sonra bu günaha görə cəzalandırıla bilər (Böyük rüşvətxorların toxunulmazlıq statusu qazandığı bir ölkədə bunu da xəyal eyləyək). Başqa birisi isə hansısa işi aşırmaq üçün filan qədər rüşvət istəyə, amma əli o məbləğə yetməyə – nəticədə alan da, almaq istəyən də eyni cəza ilə üz-üzə qala!..
Mən hüquqi prosedurların incəliklərinə varmaq niyyətindən uzağam. Amma bu yolla neçə-neçə rüşvət alanla, günahsız Allah bəndəsini də eyni cinayətdə süçlamaq olar. Fərq də ondadır ki, biri alandan sonra cəzalandırılacaq, biri isə almamışdan əvvəl… Bu məntiqlə bütün vasitələrdən yararlanıb rüşvət almaq daha yaxşıdır, nəinki istəmək… Onsuz da eyni cəza nəzərdə tutulub.
Əvəz Zeynallının başına gələnlərdən halı olmasaydıq, alanla istəyənin bizim hüquq sistemində eyni cür dəyərləndirildiyindən xəbərsiz olacaqdıq.
Kimin şər-böhtan atdığını bir tərəfə qoyaq: “ədalətin hökm sürdüyü”, rüşvətə və rüşvətxorluğa qarşı “amansız mübarizə aparıldığı” bir ölkədə, belə ehtimal edək ki, Gülər xanım da bir millət vəkili kimi bu savaşın önündə gedib. On min manat rüşvət verməyib, pulu da cibində qalıb. Amma bir sual mütləq cavablandırılmalıdır: Gülər xanımın hansı suçunun qarşılığında Əvəz bəy ondan rüşvət istəyirdi? Bunca “sevilən” və millət vəkili “seçilən” kəs hansı səbəbdən təkidlə Əvəz bəylə görüşmək istəyirdi? Buna görə neçə adama minnətçi düşmüşdü? Ən nəhayət, bu qədər saf, bir o qədər də rüşvət vermək istəməyən insanı “Xural” qəzetinin redaksiyasına aparan sirr nə idi?
Gülər xanım bütün bunlara cavab versə, doğrudan da maraqlı olacaq. İstənilən kəsə yuxarıdan gələn tapşırıqla günah torbası tikənlər, deyəsən, heç fərqində də olmayıblar ki, millət vəkilinin adını və nüfuzunu ortaya qoyublar. Deyəsən, hadisələr elə sürətli olub ki, Gülər xanım bu suallar ətrafında düşünməyə macal tapmayıb.
Bakı istintaq təcridxanasından bayıra ünvanlanan məktubunda Əvəz bəy yazır: “Mənim iki balam var – Selcan və Banuçiçək. Mənim üçün bir dünyadır balalarım… Gülərdən və hakimiyyətin bazara çıxaracağı istənilən kimsədən rüşvət adına bir manat istəmişəmsə, hər ikisi ölsün!.. Yox, əgər Gülər məni şərləyirsə, hakimiyyətin əlində vasitəyə çevrilib mənə torba tikirsə, Gülərin iki, ya da üç balası ölsün…”
Haqq, ədalət adına heç bir meyarın olmadığı, məhkəmələrin hansı siyasi sifarişə kökləndiyini biləndən sonra bu cür kövrək anddan, acı qarğışdan savayı yol da qalmır… Nə qədər zalım olsa, gerçəyə doğru gedən yolu yanılsa belə, bu sözlər istənilən ananın qəlbini göynədər… O ana qəlbi bu anddan aşağıda durursa, onda necə inanasan ki, bu ikiləşmənin arxasında da müqəddəs bir hissi – analıq haqqını qorumaq olar? Çoxdan, lap çoxdan bu cür üsullarla insanları susdurmaq yolu seçən rejim təkcə qəzəbinə gələni, düşmən saydığını yox, onun qulluğunda duranı, hər fürsətdə yarınanı da qurban verir…

***

…Bir də adbaad tanıdığımız, barmaqla nişan verdiyimiz böyük rüşvətxorlar əmin-arxayın dövran sürə bilərlər. İndən sonra alan yox, istəyənlər cəzalandırılacaq… Onlar isə rüşvət istəmirlər, hamımızdan bu ölkədə yaşamağa görə bac-xərac alırlar…

“Yeni Musavat” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button