“Doğum evlərinə gizli şəkildə müraciət edən məktəbli qızların sayının artması…” – Deputatdan sensasion iddialar

“Düşünülmüş və planlaşdırılmış şəkildə məktəblərin yaxınlığında çay evləri açılır, uşaqları dərslərdən yayındıraraq burada sulu qəlyan, siqaret çəkmə və pivə içmək alışqanlığı yaradırlar”.

Strateq.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bunu ermənilər etmir, bunu elə öz azərbaycanlılarımız edir və həm də təkcə pul qazanmaq üçün etmirlər:

“Bu, övladlarımızın pis vərdişlərə alışdırılması üçün cinayətkar şəbəkənin himayəsi ilə iş gerçəkləşdirilir. Baxın, Avropa İttifaqında qəlyanı yasaqlamaq barədə düşünürlər, çünki ağ ciyər xərçənginin yaranmasında rolu olduğunu düşünürlər.

Azərbaycanda isə əksinə buna göz yumulur, hələ üstəlik də məqsədli şəkildə məktəblərin böyründə bu işi genişləndirirlər ki, daha çox Azərbaycan gənci bu pis vərdişə yoluxsun.

Bu gün narkomaniyaya qarşı çox böyük mübarizə aparan, maarifçilik fəaliyyətini usanmadan davam etdirən dəyərli həkim dostumuz Asif Kəngərli ilə də orta məktəblərdə, ali təhsil ocaqlarında bu bəlanın necə məqsədyönlü şəkildə yayılmasını müzakirə etmişik və faktları dəhşətlə gözdən keçirmişik.

Hər şey birinci siiqaretdən başlayır və buna bütün orta məktəblərdə münbit şərait var. İdmana, salamlığa stimullaşdırma olmayan yerdə əsas alternativ məhz siqaret, narkotika və başqa bəd əməllər olur. Hələ bəzi güvəndiyim həkim tanışlarımdan aldığım bilgilər daha vahiməlidir”.

Deputat bildirib ki, doğum evlərinə gizli şəkildə müraciət edən məktəbli qızların sayının artması, dəri-zöhrəvi xəstəliyinə yoluxmuş yetkinlik yaşına çatmayan oğlanların durumu ilə bağlı məlumatlar vəziyyətin həqiqətən də çox-çox dolaşıq olduğundan xəbər verir:

“Bu pis alışqanlıqları yayıldığı mühitdə səsimizi birlikdə qaldırmasaq, bir azdan kimsənin bu pisliklərdən sığortalanmadığının əyani şahidi olacağıq hər birimiz. Öz həyatımızda olmasa da, yaxınlarımızın, dostlarımızın, çevrəmizin mühitində bununla hökmən qarşılaşacağıq. Azərbaycan gənclərinə, övladlarımıza qarşı bu təxribatın qarşısının alınması üçün hüquq-mühafizə orqanları, təhsil strukturları, müvafiq dövlət qurumları təcili təbirlər görməlidir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button