Dövlət büdcəmiz minumum 100 milyard manat olmalıdır!

Bu günün oliqarxları son 100 ildə yaratdığımız və min illərə söykənən bütün dəyərləri məhv edirlər!

Bu gedişlə media gəmisi batacaq!

«Xural»ın baş redaktoru Əvəz Zeynallı və Ümid Partiyasının iqtisadi məsələlər üzrə şöbə müdiri Razi Abasbəylinin Kanal 13 televiziyasının efirində canlı yayımda bir saat yarımlıq çıxışları olub. Müzakirənin mövzusu aktual olduğu üçün və Oxucularımızın da bu sahələrə marağını nəzərə alaraq canlı yayımı olduğu kimi nəzərinizə çatdırırıq.

Söhbəti aparıcı Aynurə İmranova aparır…

Əvvəli ötən saylarımızda

Əvəz Zeynallı:

– Mən bilmirəm, bizim efir vaxtımıza nə qədər qalıb?

– Hələ var…

– Ortaya çox maraqlı bir mənzərə çıxır və biz də bir çox hallarda bu haqda qəzet olaraq araşdırma aparırıq. Bu gün Azərbaycanın dövlət büdcəsinin həcmi minimum 100 milyard manatdır. Yəni normal halda bizim büdcəmizin həcmi 100 milyard manat olmalıdır. Çünki bizə hər tərəfdən və hər yerdən pul gəlir. Yəni bu ölkənin həqiqi mənada yerinin altı da, üstü də qızıldır. Bu, sadə bir hesablamadır. Yaxınlarda mətbuatda belə bir məlumat yayılmışdı ki, hörmətli prezidentimiz, əziz İlham Əliyev Dubayda uşaqları üçün nəzərdə tutulmuş 75 milyon manat dəyərində villalar alıb. Çox hörmətli Kəmaləddin Heydərovun oğlanları – səhv etmirəmsə, hər ikisi də – təyyarə sifariş edib gətirdiblər…

– Biri oğlu və digəri gəlini üçün…

– Çox-çox hörmətli nəqliyyat nazirimiz Ziya Məmmədovun oğlu 1 milyon manata ayı kəsdirib yemişdi. Bununla bağlı bizim də çox maraqlı araşdırmalarımız oldu. Yüksək çinli məmurların övladları, yaxınları, demək olar ki, hər gün bir hadisə törədir, aşkar şəkildə bir-birilərinə atəş açırlar. Biz «Papalarının gül balaları» adlı bir məqalədə bütün bunları adbaad, olduğu kimi yazmışdıq. Bir-birilərinin çənəsini vurub dağıdırlar, gözlərini tökürlər. Bir-birilərinin ağzının içinə tapança salıb vururlar. Yəni artıq Azərbaycanda çox normal bir haldır tapançadan istifadə etmək… Amma bir əsr əvvələ qayıdın… O dönəmdə yaşayan Azərbaycan milyarderləri, Azərbaycan zənginləri Hacı Zeynalabidin Tağıyev kimi insanların sayəsində nələr etmədilər bu millət üçün? Biri Qızlar gimnaziyası açdı, biri şəhərə su çəkdirdi, digəri fabrik-zavodlar tikdirdi. Yeri gəlmişkən, bu gün Hacı Zeynalabidin Tağıyevin anadan olduğu gündür, Allah ona rəhmət eləsin. O, kimliyindən asılı olmayaraq – bolşevik, menşevik, eser, sadə bir insan – hamının təhsil alması üçün kifayət qədər pul xərcləyirdi. Yəni Azərbaycan zənginləri hələ 100 il bundan əvvəl çarıqlı, «patava»lı Azərbaycan kəndlisini gətirib millətlərin ən elitar təbəqəsinə çıxarırdı. Nəsib bəy Yusifzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşovdan tutmuş Məhəmməd Əmin Rəsulzadəyə qədər hamısı zənginlərin bulağından su içiblər. Onlar Azərbaycanın sadə insanlarını bu səviyyəyə gətirdilər. Böyük insanlar yarandı. Bu günlər «Leyli və Məcnun» operettasının da yaranması günlərinin ildönümüdür. Allah Üzeyir Hacıbəyova rəhmət eləsin. Görün bir nələr yaratdılar. Azərbaycan xalqı 100 il ərzində – nəzər yetirin – nə qədər böyük xariqələr yaratdı. Neft səltənəti bizə cəmi 30 ildə bir dünya verdi. Bu gün nəyimiz varsa, o dövrün üzərində bərqərar olub. Bu günkü oliqarxlarımıza baxın. Onlar bizim 100 ildə yaratdığımız və min illərə söykənən bütün dəyərlərin üzərindən keçdilər. Azərbaycanda bu gün dövriyyədə 80 milyard manat «qara pul» var. Çünki hamımızın gözümüzün qarşısında birə yüz rüşvət və korrupsiya var. Görün, Azərbaycan nə qədər möhtəşəm bir dövlətdir ki, bunu 100 illərdir – tayfa-tayfa, klan-klan, ailə-ailə dağıtsalar da, ayaqda qalmağı bacarıb. Razi bəyə onu demək istərdim ki, bizim gerçək büdcəmiz 100 milyard manatdır. Bizim xalqımızın həqiqətən də hər il gəlir və xərcləri ilə bir yerdə dünyanın ən zəngin toplumu olma şansı var və bu gün o şans hər dövrdəkindən daha yüksəkdir, çünki kənar müdaxilə yoxdur. Azərbaycan tarixinin heç bir dönəmində – məxsusən son 2.000 ildə – bu qədər kənar müdaxilə ehtimalı olmadan var olmayıb. Torpaqlarımızdan İran çıxanda Osmanlı özünü yetirib, Osmanlı gedəndə Çar Rusiyası gəlib. Yəni biz 3-4 imperiyanın arasında hər zaman poliqon olmuşuq. İndi o poliqon yoxdur. İndi sadəcə olaraq əl-ələ verib el birliyi və oy birliyi ilə övladlarımıza gözəl günlər vermək üçün bir Azərbaycan qurmaq lazımdır. Onu da tarixin bu məsuliyyətli dönəmində mübarək bir tayfa, 10-15 nəfərdən ibarət oliqarx qrupu həyata keçirməlidir.

– Canlı efirimizə tamaşaçılarımız da qoşulublar. Onların da suallarını vermək istərdim. Rauf bəy soruşur ki, onsuz da bahalaşma var və çox məhsulların qiyməti qalxıb. Benzinin də qiyməti qalxacaqmı?

Ə.Zeynallı:

– Məncə, hər şeyin qiyməti qalxacaq.

Razi Abasbəyli:

– Amma mən hesab edirəm ki, yaxın zamanlarda Azərbaycanda benzinin qiyməti qalxmayacaq, bunu apardığımız analizlər də, iqtisadi şərtlər də göstərir. Əslinə qalanda isə buna heç bir ehtiyac yoxdur. Yəni istər istehlak edilən benzinin daxili bazarda satışından gələn gəlir kifayət qədərdir, istərsə də Azərbaycanın hələlik neftlə bağlı məhsullarında sıxıntıları yoxdur. Bayaq qeyd etdim ki, neft məhsullarını Gürcüstana da sata bilirik. Bu baxımdan, hesab edirəm ki, benzinin bahalaşması indiki şəraitdə nə iqtidara, nə də ümumilikdə iş dünyasına sərf etmir.

– Bayaq onu da qeyd etdiniz ki, artıq benzinin real qiyməti 30 qəpikdir…

– Bəli, real qiyməti o qədərdir… Dövlət istəsə o qiymətə də sata bilər. Bu baxımdan, mən hesab etmirəm ki, qiymət bir daha qaldırılsın. Çünki əgər benzinin qiyməti bahalaşarsa, bütün daşınan məhsulların qiyməti də müvafiq olaraq qalxacaq. Bunun qarşısında dayanmaq lazımdır. O zaman hakimiyyət heç olmasa bu artımı müəyyən qədər kompensasiya etməlidir. Əmək haqlarını, təqaüdləri artırmaq, inflyasiya göstəricilərini balanslaşdırmaq lazımdır. Ona görə də hesab etmirəm ki, bu addımı atacaqlar.

– Valeh Əsədli adlı tamaşaçımız bayaq Ermənistanla bağlı səsləndirdiyiniz fikirlərə etirazını bildirir: «Ermənistanda nə yaxşıdır ki? Burada olan hər şeyə qara deyirsiniz, bir az bu məsələyə doğru yanaşın. Bizim hökumətimiz də ideal deyil. Amma ermənilər bizdən də pis gündədirlər»…

– Hər halda bu tamaşaçının subyektiv fikridir…

– Təbii ki… Elçin adlı bir tamaşaçımız Əvəz bəyə sual verib ki, «media azadlığını inkişaf etdirməyin tək yolu sizcə nədir?»

Ə.Zeynallı:

– Media azadlığını inkişaf etdirməyin tək yolu Mətbuat Şurasının, KİV-lə bağlı prezident yanında yaradılmış Dövlət Fondunun ləğv olunmasından keçir. Bundan başqa, mətbuat siyasəti tam olaraq, kökündən dəyişməlidir. Onu yenidən qurmaq üçün başqa bir siyasət izlənməlidir. Çox klassik sözlər deyirik mətbuatın inkişafı ilə bağlı, məsələn, reklam olsun, sərbəst bazar iqtisadiyyatı rəqabəti gücləndirdikcə mətbuat da reklama bağlı olan maliyyəsini gücləndirsin və s. Bunların hamısı klassik tələblərdir. Azərbaycanda medianın inkişaf etdirilməsi üçün bu hakimiyyətin mətbuatdan əlini çəkməsi lazımdır. Yəni dünyanın heç bir yerində olmayan gülməli və gülməli olduğu qədər də ağlamalı şeylər bu ölkədə olur. Dünyanın heç bir yerində «prezident təqaüdçüsü» olan ayrı bir zümrə yoxdur. Dünyanın heç bir yerində prezident əhalini təbəqələşdirib, sən yaxşısan sənə 500 manat verirəm, amma sən 60 il işləsən də acından ölməlisən kimi absurd şeylər etmir. Dünyanın heç bir yerində prezident «gəlin mən sizə pul verim, siz də gedin qəzet çıxarın» demir. Çünki belə şey olmaz. Dünyanın heç bir yerində satılan və tirajı olan qəzeti kənara qoyub, satılmayan və tirajı olmayan, ümumiyyətlə, müəllif yazısı olmayan, oxunmayan qəzetlərə pul verilmir. Azərbaycanda o qədər açıq proseslər yaşanır ki, ağla sığmır. Bunu dəfələrlə yazmışıq, dəfələrlə demişik. Amma Azərbaycanda azad medianın inkişafı üçün nə prezidentimizin bizə dost olmasına ehtiyac var, nə hakimiyyətin qəzetlərlə dost olmasına ehtiyac var, sadəcə normal, pozitiv qanunlara ehtiyac var. Həmin qanunlar işləməlidir, onların da işləməsi üçün normal bankların olması vacibdir ki, biz mətbu orqan olaraq kredit alıb işlərimizi görə bilək. Demək, ilk növbədə bankların oliqarxların əlindən çıxarılması lazımdır ki, onlar da mətbuata verəcəyi kreditlərin məbləği və şərtlərini münasib etsinlər. Banklar normal olduğu zaman mətbuat da normal hala düşəcək. Bu gün mediadan inkişaf gözləmək bir az absurddur. Azad media bu gün bizim Azərbaycanın çox cəfakeş, çox vəfakeş, hər şeyi gözünün önünə alıb və yalnız bu yol üçün özünü qurban verən bir neçə insanının çiyinlərində dayanıb. Artıq bir neçə… Bir neçə il əvvəl bu sözləri yüzlərlə insana aid etmək olardı, 5 il əvvəl onlarla… Bu gün isə çox təəssüf ki, müstəqil jurnalistlərin sayı bir əlin barmaqlarını keçməz. Yəni biz o həddə gəlmişik. Bəzən azad media nümayəndələrinə «media generalları», «media kapitanları» deyirik. Artıq Azərbaycanda media generallarının, kapitanlarının çinlərinin sökülməsi, onların yefreytor olması prosesi gedir. Yəni azad media bu gün heç bir zaman olmadığı qədər təhlükədədir. Mən xarakter etibarilə optimist adamam. «Titanik» kinofilmindəki gəmi orkestri kimi gəminin son batma anına qədər döyüşməyi sevənlərdənəm. Amma bu gedişlə media gəmisinin sonu batmaqdır…

– Keçən həftə medianın diqqətində olan məsələlərdən biri də həbslərlə bağlı oldu. Həm islamçıların liderinin, həm də Nemət Pənahlının həbsi həyata keçirildi. Bu həbslər siyasi xarakter daşıyırmı, necə düşünürsünüz?

R.Abasbəyli:

– Əslində bu siyasi proseslərlə bağlı bir sıra müxalifət partiyaları mövqe nümayiş etdirdilər. Bu həbslərə çox sərt təpkilər göstərdilər. Mən burada Ümid Partiyasının mövqeyini ifadə etmirəm. Çünki bu məsələ hələlik partiyanın rəhbər strukturlarında müzakirə edilmir, partiyanın bu məsələ ilə bağlı konkret mövqeyi mövcud deyil. Ona görə də belə məsələlərə birmənalı yanaşmaqda çətinlik çəkirəm. Həmçinin subyektiv fikirlərimdə korrektələr etmək məcburiyyətindəyəm. Elə məsələlər var ki, partiyamız kollegial olaraq onlara münasibət bildirir.

– Bəs şəxsi fikriniz nədir?

– Dindarların həbsi ilə bağlı istintaq orqanları araşdırma aparırlar. Hələlik onun detalları bizə məlum deyil. İlkin kəsik-qırıq informasiyalar var, o da tam deyil. Əlbəttə, burada dindarların həbsinə haqq qazandırmaq fikrində deyiləm.

Ə.Zeynallı:

– Bir ölkənin təhsilinin vahid sistemi pozularsa, bu ölkənin gələcəyi yoxdur. Azərbaycanın təhsil sisteminin vahidliyini pozublar. Bu ölkədə ən azı bir neçə təhsil sistemi var – Türkiyə təhsil sisteminin uyğunlaşdırılması var, İranın mədrəsələri fəaliyyət göstərir. İran mədrəsələrinə qəzet olaraq 2 il girə bilmədik. Heç indi də orada nələrin baş verdiyini bilmirik. Ümumiyyətlə, ora heç kimi də buraxmırlar və heç kimə də hesabat vermirlər. Səudiyyə Ərəbistanından gələn çox ciddi Vəhhabi cərəyanları var. Misir qaynaqlı İslam təriqətləri var. Siz bunların hamısını inkişaf etdirmisiniz. Bura Nəcəfdən, Qumdan gələn tələbələr var ki, sual verirlər, niyə qalstuk taxırsan, qalstuk xaç rəmzidir… Bu insanlarla bir yerdə oturub söhbət eləmək mümkün deyil. Mən Türkiyədə təhsil alanda elə tələbələr var idi ki, oradan Azərbaycana məktub yazırdılar ki, «ana, əgər namaz qılmasanız, qətliniz caizdir…» Bu bir islami təfəkkürdür, yəni İslam uğrunda atasını, anasını öldürmək olar. Bir fundamental cəhalət Azərbaycanı bürüyüb və bütün fundamental məsələlər də başdan qaynaqlanır. Balıq başdan iylənər. İdarəetmə yanlışdır, yanlış olduğuna görə də Azərbaycan İslam Partiyasına indi ayrı cür münasibət bildirənlər var. Hətta İslam Partiyasını yox, Nemət Pənahlını dəstələyənər var və ya əksinə, İslam partiyasını dəstəkləyib Nemət Pənahlını dəstəkləməyənlər var. Amma bunun ikisi də hesab edirəm ki, siyasi həbsdir və onlar azad olunmalıdır.

– Buraxılmasalar?

Sonu gələn sayımızda

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button