”Dövlət büdcəsini düzəltmək üçün tələbənin pulundan kəsirlər” -VİDEO

 ff

Elxan Həmidli Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsidir. Ödənişsiz əsaslarla təhsil alan Elxan 4 il boyunca təqaüd alıb. Ta ki, ölkə başçısı İlham Əliyev tələbə təqaüdləri ilə bağlı yeni sərəncam imzalayana qədər.

“Keçən ilin dekabrında dekanlıqdan gəlib dedilər ki, gələn semestrdən sistemdə dəyişiklik olacaq. Bizim qrupda 15 nəfər tələbə varsa, onların ikisi ödənişli əsaslarla oxuyur. Ödənişli oxuyanlar əgər ödənişsiz oxuyanlardan çox bal toplayarsa, ödənişsiz oxuyanların təqaüdündən kəsilib ödənişlidə oxuyanlara veriləcək”. 

Ölkə başçısı İlham Əliyevin noyabrın 10-da imzaladığı sərəncamla ali məktəblərdə öz hesablarına, ödənişli təhsil alan tələbələr də təqaüd ala biləcəklər. Sərəncam 1 fevralda qüvvəyə minib. Bu dəyişikliklər tələbələr arasında rəqabətli mühit yaratmağı hədəfləyib. Amma Elxan Həmidli hesab edir ki, dəyişiklik ədalətli deyil.

Tələbə deyir ki, sərəncama edilən dəyişiklik birinci kurs tələbələrinə tətbiq edilməli idi. O, universitetə qəbul olanda bu şərtlər yox idi. Azərbaycan Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində yazılır ki, hüquqi və ya fiziki şəxsin vəziyyətini pisləşdirən heç bir normativ hüquqi aktın, o cümlədən qanunun hüquqi qüvvəsi geriyə şamil edilə bilməz.

Tələbənin təhsil aldığı Elektortexnika və Energetika fakültəsinin dekan müavini Akif Baxşıyev bildirir ki, təqaüdlərlə bağlı edilən dəyişiklik bütün tələbələrə tətbiq olunur. Ödənişli əsaslarla oxuyan tələbə imtahanda ödənişsiz təhsil alan tələbədən çox bal toplayırsa, həmin təqaüd ödənişlidə oxuyan tələbəyə verilir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehli deyir ki, tələbə etiraz etsə də, qəbul edilən dəyişiklik ədalətlidir.

Təhsil üzrə ekspert Nadir İsrafilov qanunun geriyə qüvvəsinin olmadığını deyir. O bildirir ki, bir tələbənin hüququnu pozmaqla digər tələbəni məmnun etmək olmaz.

Elxan təqaüdə görə tələbələri üz-üzə qoymaqdansa, ödənişli əsaslarla oxuyan tələbələrə ayrıca təqaüd proqramının yaradılmasını istəyir:

“Adi şeylərə pul ayırırlar. Formula -1 yarışlarına, Olimpiya oyunlarına pul ayırırlar. Amma dövlətin büdcəsin düzəltmək üçün tələbənin pulundan kəsirlər”. 

Meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button