Devlet Baxçelı Qənirə Paşayevaya qəzəblənib?

6719.06.2013

Deputat barəsində yayılan məlumatla bağlı nə dedi?

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Baxçelı Azərbaycanlı bir millət vəkilinə möhkəm qəzəblənib.

“Azadinform” agentliyi etibarlı mənbəyə istinadən xəbər verir ki, partiyasının həftəlik toplantısında bu qəzəbini dilə gətirən D.Baxçalı Azərbaycanlı millət vəkili haqqında sərt ifadələr işlədib.

Iddiaya görə, Azərbaycanlı millət vəkili Türkiyədə bir məclisdə D.Baxçelının yerinə yeni bir namizəd təklif edib və yeni namizədin Azərbaycan tərəfindən dəstəklənməsinin təşkilini də öz boynuna götürüb. Həmin məclisdə iştirak edənlərdən biri isə bas verən söhbətləri olduğu kimi MHP sədrinə çatdırıb. Məhz buna görə həmin Azərbaycandan olan millət vəkilinin MHP-nin hər hansı bir tədbirinə dəvət olunması qadağan edilib.

“Azadinform” agentliyinin xəbərində həmin deputatın kimliyi barədə heç bir məlumat verilmir.
Virtualaz.org isə öz araşdırmaları nəticəsində həmin deputatın adını dəqiqləşdirə bilib. Saytın məlumatına görə, bu, deputat Qənirə Paşayevadır.

Lakin deputat məlumatı təkzib edib. “Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Baxçelinin yerinə başqa, yeni namizəd təklif etməyimlə bağlı bəzi KIV-lərdə yer alan fikirlər yanlış və cəfəng məlumatlardır. Birincisi, mən Türkiyə vətəndaşı deyiləm, ikincisi, Milliyyətçi Hərəkat Partiyasının üzvü deyiləm”, – deyə Qənirə Paşayeva  məlumatlara şərh verərkən deyib. Deputat sonra əlavə edib: “Türkiyə vətəndaşı və Türkiyə Milliyyətçi Hərəkat Partiyasının üzvü olmadığım halda hansısa bir siyasi qurumda kiminsə rəhbərliyinin doğru olmamağı, onun yerinə başqasına gətirilməyi mənim işim deyil. Bu məlumat absurddur. Heç bir məclisdə, ümumiyyətlə belə bir fikir işlətməmişəm və çıxış etməmişəm. Heç vaxt çıxış etmərəm də. Çünki siyasətin içərisində olan bir insanam və bunun siyasi cəhətdən nə qədər yanlış olduğunu bilirəm”.

Xanım deputat Devlet Baxçelinin hörmət etdiyi insanlardan biri olduğunu və onun haqqında heç vaxt mənfi ifadələr işlətmədiyini də vurğulayıb: “Türkiyənin ən böyük partiyalarından birinin rəhbəridir və ona münasibətim çox normaldır. Bu absurd iddialardır. Əgər kimsə mənim adımla yalnış ifadələr gedib çatdırıbsa, o adam yalnış və böhtançı düşüncə tərzinə malik insandır. Heç inanmıram ki, Devlet Baxçeli partiya lideri olaraq belə böhtana inansın. Söhbət təkcə Milliyyətçi Hərəkat Partiyasından getmir. Hansısa partiyaya kimin rəhbərlik edəcəyini o partiyanın üzvləri və dəstəkçiləri müəyyənləşdirir və bunu onlar söyləyə bilər”.

Son olaraq Devlet Baxçelilə iyunun 9-da Möhsün Yazıçıoğlunun qızının toyunda görüşdüyünü deyən Qənirə Paşayeva ona bununla bağlı nə Devlet Baxçeli, nə də partiyanın təmsilçiləri tərəfindən hər hansı irad bildirilmədiyini vurğulayıb: “Bir toyda gəlinlə bəyin şahidləri idik, salamlaşdıq. Bununla bağlı nə Devlet Baxçeli, nə də partiyanın təmsilçiləri tərəfindən fikir səsləndirilib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button