Dudayev Şevardnadzenin üzünə dedi ki, “bu qoca tülkü…”

Qəhrəman, lider axtarmaq lazım deyil, xalqı lider eləmək lazımdır

İsgəndər Həmidov: “Foyedə Zeynəb xanımla Heydər Əliyev gəzərkən mənə dedi ki, “kaş sənin kimi mənim bir bacım oğlu ola…” Mən də dedim ki, “Azərbaycanda yığdığının yarısını ver mənə, sənə bacıoğluluq eləyim””

Kiminsə göstərişi ilə seçkiyə getməkdən imtina olunmamalıdır

“Qaynaq Qazan”ın budəfəki qonağı sabiq Daxili İşlər naziri İsgəndər Həmidovdur. Onunla danışacaq, söhbətləşəcək o qədər mövzular var ki, 92 dəqiqə yetmədi. Biz müsahibəni bitirəndə əlimizdəki “sual dəftəri”ndə xeyli sual qalmışdı. Yönəldə bilmədik. Müsahibə bitəndən sonra Kəlbəcərə gedən Şahbazla Dilqəmdən də sual olduğunu eşidəndə çox mütəəssir oldu. Yalnız onda bildik ki, Şahbazla Dilqəm onun yaxından tanıdığı adamlar olub və hətta onlarla birlikdə İsgəndər Həmidovun Kəlbəcərə səfəri də planlaşdırılıbmış.
İsgəndər Həmidov kimin ona necə baxmasından asılı olmayaraq Azərbaycanın özündə zəngin informasiya gəzdirən ən nadir adamlarından biridir. O, elə hadisələrə şahidlik edib, Azərbaycan dövlətinin elə günlərində ciddi vəzifələrdə çalışıb ki, bildiyi çox şeylər var təbii ki. Biz onu bacardığımız, çatdırdığımız ölçüdə danışdırmağa çalışdıq. Və… qalır bu müsahibəni izləmək və oxumaq.
O zaman söz “Qaynar Qazan”ın 4-cü buraxılışının qonağı sabiq Daxili İşlər naziri, general İsgəndər Həmidovundur…

Əvəz Zeynallı

DSC09379Televiziyalar üzümüzə qapalıdır

– İsgəndər bəy, xoş gördük sizi “Qaynar Qazan” verilişində… Uzun zamandır, dərdləşmək istəyirdik…

– Əvəz bəy, çox sağ olun dəvətə görə də, yada saldığınıza görə də… Ümumiyyətlə, Əvəz Zeynallı belə olmalı idi. Həmişə kimsə kimisə unutmaq istəyəndə, sən o adamı tapıb söhbət edirsən və səmimi söhbət gedir. Mən də sənə minnətdaram.
Allah eləsin bu “Qaynar Qazan”ınız o qədər qaynasın ki, ordan ürəyiniz istəyən hər şey çıxsın – balalarımıza, balalarına, dostlarımıza, qohumlarına, Vətənə faydalı şeylər çıxsın.

– “Xeyirli-uğurlu olsun” deyirsiniz yəni… Unudulmaqdan başladınız… Allah eləməsin, yoxsa unudulmaqdan narahatsınız?

– Yox, qətiyyən. Ümumilikdə müxalifətin vəziyyətini bilirsiniz. Televiziyalar üzümüzə qapalıdır, cəmi bir-iki müxalifət qəzeti var. Müxalifətin televiziyalara buraxılmaması nöqteyi-nəzərindən deyirəm. Xalqın içində unudulmamışıq. Amma televiziyalar, ekran çox böyük təbliğat maşınıdır. Bizi ekranda az görürlər və elə bilirlər ki, biz fəaliyyətsizik, heç bir fəaliyyət göstərmirik. Amma biz fəaliyyətdəyik, hər işimizi görür, sadəcə özümüzü təqdim edə bilmirik. Sizin “Qaynar Qazan” verilişiniz mənim gördüyüm işləri bir daha göstərəcək və görünəcək ki, biz nə fəaliyyətdəyik. Milyonlar töküb telekanallar saxlaya, yenilərini aça bilərlər. Amma əsas odur ki, o telekanallarda kimlər işləyir və onu kim işlədir. Əsas məqsəd odur ki, camaatın diqqətini kim cəlb edə bilər. Hamı bilir ki, Əvəz Zeynallı həqiqəti hər şeydən üstün tutur. İsgəndər Həmidov da həqiqəti hər şeydən üstün tutur. Amma bizim telekanallarda, media holdinqlərdə o həqiqət yoxdur axı… Camaatın bildiyi yalanı həqiqət kimi sırıyırlar. Ona görə də televiziyalara camaat baxmır. Amma Əvəz Zeynallının hazırladığı verilişə deyirlər ki, əgər o verilişin içində yalan məlumat gedibsə belə, deməli, bu, Əvəz Zeynallının özünün inandığı üçün baş verib. O, hansısa məlumatı kiminsə göstərişi, sifarişi, hansısa məmurun pulu ilə vermir. Əvəz Zeynallının özü verir həmin məlumatı… Ona görə də sizə maraq var, onlara maraq yoxdur… Bu millətə nə qədər yalan danışmaq olar? Onsuz da bu millət bu yalanı 25 ildir eşidir də… Yalan, iftira, bir-birinə yalandan ləkə vurmaq, ermənipərəst demək, rüşvətxor demək… Amma bunları da ən böyük ermənipərəstlər, rüşvətxorlar deyirlər bizim ünvanımıza… Bunu da xalq bilir, bildiyi üçün də onlarda ikrah hissi oyanır.

DSC09376Azərbaycan ən böyük məhbəsxanadır

– Mən, əslində müsahibəyə haradan giriş edəcəyimi fikirləşirəm. Ünvanınıza o qədər maraqlı suallar gəlib ki… Ayaz Ağayev soruşur: “İsgəndər bəy Azərbaycanda tam azaddırmı? Necə olur ki, son iki ildə özlərini Elçibəy-Rəsulzadə yolunun davamçıları adlandıranlar ortaq birlik yarada bilmədilər? Bugünkü müxalifət partiyalarının fəaliyyəti sizi qane edirmi?”
Ümumiyyətlə, müxalifətlə, onların bugünkü fəaliyyətlərilə bağlı xeyli sual var. Mən onları yeri gəldikcə verəcəm…

– Tam azad insan yoxdur. Biz səninlə məhbəs həyatı keçirmişik. Azərbaycan ən böyük məhbəsxanadır. Fərdi həbsxana ilə Azərbaycanın bir fərqi var ki, orada bizə nəzarət edənlər serjantlar, leytenantlar idi, Azərbaycanda isə bizə nəzarət edənlər nazirlər, generallardır. Həmin türmədir. Həmin çərçivədən heç hara çıxmayıb.

– Bir az böyük formadır, yəni?

– Böyük formasıdır. Bir az da iyrənc formasıdır. Tam azad insan o vaxt olmaq olar ki, onun xalqı da, milləti də azad olar. Demokratiya olar, xalqın səsi eşidilər. Azlığın çoxu, çoxluq tərəfindən qəbul edilər. O zaman deyərik ki, azadıq. Azadlığın ikinci məfhumu da var. Əgər mən – İsgəndər Həmidov, siz – Əvəz Zeynallı azdan-çoxdan millətini sevən insanlarıq və biz dədə-baba yurdumuza gedə bilmiriksə, necə “azadıq” deyə bilərik? İkimiz də dağ adamıyıq. Dağ adamı sərt olsa da, səmimi olur. Əgər biz o gözəl yerlərə gedə bilmiriksə, o dağlara çıxa bilmiriksə, oranın acı, şaxtalı havasını, yazının çiçəkətirli qoxusunu içimizə, sinəmizə çəkib, qəbul edə bilmiriksə, hansı azadlıqdan söhbət gedə bilər? Əlbəttə ki, tam azad deyilik.

DSC09372Liderlər “mən”i “biz”lə boğa bilmirlər

– Müxalifətin fəaliyyətilə bağlı…

– Müxlifətin bir dənə çatışmayan cəhəti var. Mən bunu müxalifətə bütünlükdə deyil, liderlərinə aid edirəm. Onlar daxillərindəki “mən” sözünü “biz” sözü ilə boğa bilmirlər. Nə vaxt ki, “mən” sözü “biz” sözü ilə əvəz olunacaq, hər şey də öz yerini alacaq. Amma müxalifətin iqtidardan fərqli cəhəti var. Taleyüklü məsələlərdə – Vətən, millət məsələlərində müxalifət birləşə bilir. İqtidarı isə yalnız pul birləşdirir. Onlar pulu mənimsəyib, bölmək məsələsində birləşə bilirlər. Ona görə də müxalifətin birləşməyi labüddür və inanıram ki, gec-tez birləşəcək.

– Xəyal Aslanov sual verir: “Azərbaycanda hal-hazırda xalqı arxasınca apara biləcək insan sizcə varmı və kimdir? Müxalifət partiyalarının çoxluğu və müxlifət liderlərinin birləşə bilməməsi sonunda xalqın inamına zərbə vura bilərmi?”

– Çox gözəl sualdır. Bu suala rəhmətlik Cövhər Dudayevin kəlamı ilə cavab vermək istəyirəm. Bir gün Çeçenistanda olanda Cövhər Dudayevə mənim yanımda sual verdilər ki, “Sizcə, Çeçenistanda nə qədər qəhrəman var?” O da dedi ki, “Mən bir milyon birinci qəhrəmanam…”

DSC09371“Bir milyon birinci qəhrəmanam…”

– Yəni bütün çeçenlər qəhrəmandırlar…

– Çeçenistanın ümumi əhalisi cəmi 700 min nəfər idi. Onun fikrincə, 300 mini də hələ ondan sonra doğulacaq və 1 milyon 1-ci qəhrəman da Dudayev olacaq. Mən Cövhərlə söhbət edəndə özümdə onu aşkar etdim ki, qəhrəman, lider axtarmaq lazım deyil, xalqı lider eləmək lazımdır. Lider xalqın içindən də qəhrəman çıxacaq. Xalq özü liderə çevrilməlidir. Xalq özü liderə çevriləndə Vətən basılmaz. Xalq liderə çevriləndə onun səsi oğurlanmaz. Xalqı lider yetişdirmək lazımdır. Azərbaycanda kifayət qədər savadlı, dünyagörüşlü, bilikli insanlar var. Uşaq vaxtı nənələrimiz bizə “Ağ atlı oğlan”ın, “Məlikməmmədin nağılı”nı danışırdı. Sadəcə, “Ağ atlı oğlan”, “Məlikməmməd” axtarmaq lazım deyil, Ağ atlı oğlan da xalqın içindədir, Məlikməmməd də… Liderlikdən söhbət gedirsə, xalqı lider eləmək lazımdır.

– Yeri gəlmişkən, Dudayevlə bağlı sualımız da var. Taleh Məmmədov soruşur ki, “necə oldu Dudayevi Bakıya gətizdirə bildi?” Ümumiyyətlə, sizin Dudayevlə dostluğunuzun tarixi mənim üçün də maraqlıdır…

– Dudayevlə mənim dostluğumun tarixi 40 ildən çoxdur. Sovetin vaxtından hər ikimiz leytenant idik. Təsadüfən bir gün eyni kafedə çörək yedik. Tanış olduq və sonralar da əlaqələrimiz davam etyməyə başladı.

DSC09370Dudayevə dedim ki, “mənə lazımsan”

– Harada İsgəndər bəy?

– Moskvada. Yəni Dudayev elə-belə insan deyildi. Dudayev uzaq uçuşlu strateji aviasiyanın rəhbəri idi. O vaxtlar bu vəzifəni tutmaqdan ötrü Siyasi Büronun təsdiqi olmalı idi. Çünki nüvə silahı daşıyıcısı idi. Çox savadlı, dünya görünüşlü, cəsarətli, əsl zabit idi. İkincisi, Dudayevi Bakıya mən gətirməmişəm. Onu heç kəs heç yana apara bilməzdi. Mən telefonu qaldırıb, demişəm ki, “Cövhər, sən mənə lazımsan”. 45 dəqiqə sonra öz təyyarəsilə gəlirdi, soruşurdu ki. “məni niyə qarşılamırsan? Mən Bakıdayam.”

– Nəyə görə sizə lazım idi? Nə baş vermişdi?

– Birincisi, biz Qafqaz Evi yaratmaq istəyirdik. Onu yaratmaqda da məqsədimiz rus istilasının qarşısının alınması idi. Bir gün rəhmətli Əbülfəz bəy məni çağırdı. Yanına getdim, gördüm ki, Şevarnadze oturub Əbülfəz bəylə söhbət eləyir. Məndən soruşdu ki, Cövhər Dudayevi Bakıya dəvət edə bilərsənmi? Dedim, bilərəm. Dedi, bildirmə ki, Şevarnadze buradadır. Dedim, hətta bilsə də ki, Şevarnadze buradadır, mən desəm, gələcək. Deiyim kimi, zəng vurdum ki, “Cövhər, mənə lazımsan”. 45 dəqiqə sonra öz təyyarəsilə gəldi, soruşdu ki, “məni niyə qarşılamırsan? Mən Bakıdayam.” Gəldi, Prezident İqamətgahında prezidentin otağına girdi. Bir neçə saat orada söhbət elədik. Mən dəfələrlə çıxmaq istəyəndə Şevardnadze də, Əbülfəz bəy də, Dudayev də imkan vermədilər. Məsələ belə qoyulurdu ki, birinci çeçenlər bizə kömək edirlər, biz Qarabağı azad edirik, sonra çeçenlər Gürcüstanın da ərazi bütövlüyünü bərpa etməyə köməklik edir. Sonra “Qafqaz Evi” yaranır. Ümumi “Qafqaz Evi”nin yaranması nəticəsində şimala qarşı sədd qurulur. Hamı razılaşdı. Əl-ələ verib çıxanda Cövhər Dudayev dedi ki, “amma bu qoca tülkü bütün danışıqları pozacaq”. Barmağını da baxın, belə (göstərir…) Şevardnadzeyə tərəf yönləndirdi.

DSC09368Cövhər Dudayev barmağı ilə Şevardnadzeni göstərib dedi ki, bu qoca tülkü…

– Üzünə dedi?

– Üzünə. Cövhər kimdən qorxurdu ki? Ya da nədən qorxurdu ki? Dedi ki, “bu qoca tülkü bütün danışıqları pozacaq”. İnanırsınızmı, dediyi kimi də oldu. Əgər xatırlayırsınızsa, Abxaziyadan, Osetiyanın şimal tərəfindən…

– Mənə nə üçünsə elə gəlir ki, mən bu haqda məlumatı ilk dəfədir ki, eşidirəm.

– Elə şeylər var ki, mənimlə qəbirə gedəcək. Ancaq artıq Cövhər ölüb, Əbülfəz bəy ölüb, ona görə də danışıram. Danışıqların birinci mərhələsi kimi, Cövhər Abxaziyadan, Osetiyadan Şamil Basayev başda olmaqla bütün qoşunları çıxardı. Qalan bütün planların hamısını Şevardnadze pozdu. Cövhərdə də üstün bir keyfiyyət var idi, heç bir zaman dostuna deməzdi ki, gördün, sən dedin, mən elədim, amma bu səbəbdən iş pozuldu.

DSC09365Elçibəy mənim əlimlə Cövhər Dudayevə pul verirdi

– Yeri gəlmişkən… Haradasa yadıma düşdü, səhv etmirəmsə, Rəhim Qazıyev bizə müsahibə verərkən demişdi ki, Cövhər Dudayevdən silah almaq istəyiblər. Danışılıb, anlaşılıb, amma sonda Bakıdan zəng gedib ki, bu adam Rəhim Qazıyevdir, ona olmaz. Belə bir hadisə olubmu?

– Rəhim bəy haqqında Cövhər Dudayevin heç anlayışı yox idi. Məncə heç onların görüşü də olmayıb. Burada biz görüş vaxtı belə bir məsələ qalxdı ki, Çeçenistanın xarici əlaqələri genişdir, bizə İngiltərədən yeni silahlar, silah növləri ala bilərlər. Onda Əbülfəz Elçibəy Daxili İşlər nazirinin vasitəsilə Cövhər Dudayevə pul verdirdi. Mənə qarşı qaldırılan cinayət işində bir iddia da bu idi. Əgər xatırlayırsınızsa, Rusiyada “Vremya” xəbərlər proqramı var idi, orada dedilər ki, Cövhər Dudayevlə İsgəndər Həmidova silah alan iki çeçeni iki erməni öldürüb. Yəni silahların gəlməyi ləngidi. Bizim hakimiyyət devriləndən sonra Cövhər Dudayev Azərbaycan hakiiyyətinə iki dəfə deyib ki, “sizin pulunuz məndədir, istəyirsinizsə, ya pulu göndərim, ya da silahı…” Onlar da imtina ediblər. Bunu mənə maddə olaraq yükləyəndə Cövhər Dudayev üç dəfə məktub göndərdi. Nümayəndəsini yolladı. Cövhər Dudayevin bizə o həddə məhəbbəti var idi ki, Çeçenistan müstəqilliyini elan edəndə, mənə zəng vurdu ki, “sən mənə lazımsan…” Mən də oturdum təyyarəyə birbaşa ora uçdum. Dedi, “Mən bayrağımızın üstündə hansı rəmzi götürüm?”, mən də dedim ki, “axı sən özün deyirdin ki, türksən. Türk hansı rəmzi götürər?” Əgər baxmısınızsa, bu gün də Çeçenistanın bayrağında “Yatmış Qurd” rəmzi var. Nə üçün yatdığını soruşanda dedi ki, çeçenlər tam azad olanda yatmış qurd oyanacaq və ayaq üstə duracaq.

DSC09364Çeçenistanın bayrağındakı “Yatmış Qurd…”

– Yəni Çeçenistanın bayrağının rəmzi ideyasını siz vermisiniz?

– Bayraq özü vardı, amma rəmzinin ideyasını, bəli, mən verdim. Cövhər Dudayevlə bizim çox söhbətimiz olmuşdu. Çeçen-inquş adlı millət yox idi və hamı bilir ki, bunlar “Vaynax” irqinə aiddirlər. Biri Çeçenin aullarında, digəri İnquş çayının ətrafında yaşadığı üçün onlara “çeçen-inquş” deyiblər. Hətta xatırlayırsınızsa, rusların böyük bir kitabı var – “İqor polku-alayı haqqında Dastan” – çox mübahisəli kitabdır. Çünki həmin polkun tərkibində türklər olublar. Burada ruslar Azərbaycanı işğal edib, çapıb talayanda, orada vaynaxlar bunlara necə müqavimət göstərib, qarşılarını alıblarsa, bu gün də o qəhrəmanlığı edənin qəbri bilinmir haradadır.

DSC09370Cövhər Dudayev türk-vaynax olduğunu deyirdi

Yəni onlar türk olduqlarını, Cövhər Dudayev türk-vaynax olduğunu deyirdi və bununla da fəxr edirdi. Bu abidə birliyi bizi birləşdirirdi. Dostluğumuz, yoldaşlığımız öz yerində, digər tərəfdən də şimal qonşularımızdan gələn təhlükəni hər ikimiz həm görür, həm də bilirdik. Və mən də Çeçenistanın güclənməyini ona görə istəyirdim ki, ən azı Çeçenistan bizimlə Rusiya arasında bir sədd idi.

– Burada təbii bir sual yaranır. Cövhər Dudayevlə bu qədər dost olmusunuz. Cövhər Dudayev balaca bir “dövlət”in rəhbəri olub, siz isə böyük Azərbaycanın naziri, generalı idiniz. Niyə Cövhər Dudayev Rusiya boyda böyük bir dövlətlə bu qədər uzun müddətə vuruşa, döyüşə bildi, amma siz heç bir duruş gətirə bilmədiniz?

– Sual qoyulub, ona cavab verəcəyik. Amma sualın mahiyyəti ayrı fasondadır. Cövhər Dudayev Rusiya imperiyasına qarşı döyüşür, vuruşurdu. Biz isə Əbülfəz bəyin vaxtında rus qoşunlarını ümumiyyətlə Azərbaycandan çıxardıq. Yəni biz ruslara qarşı lazım olanı etdik, amma…

– Deyirsiniz ki, özümüz-özümüzə qarşı vuruşmadıq?

– Bəli, özümüz-özümüzə qarşı vuruşmadıq. Onun məqsədi, hədəfi ayrı idi, bizim hədəfimiz və məqsədimiz, millət və torpaq idi. Ona görə də onların döyüş taktikası ilə bizim döyüş taktikamız arasında böyük fərq var idi.

DSC09368Mən Heydər Əliyevi heç vaxt sevməmişəm

– Siz də, Əbülfəz bəy də Heydər Əliyevi çox istədiniz. Bütün bunlar ondanmı qaynaqlandı?

– Bu suala mən cavab verməkdə çətinlik çəkirəm. Əbülfəz bəy də, Heydər Əliyev də dünyalarını dəyişiblər. Qədim türklərdə yaxşı bir qayda vardı – ölən adam haqqında ya yaxşı danışırdılar, ya da heç nə danışmırdılar. Mən də ölənlər haqqında heç nə danışmayacam. Amma mən Heydər Əliyevi heç vaxt sevməmişəm, sevmirəm də, heç vaxt da sevməyəcəm. Heydər Əliyev şəxsiyyətinin kim olduğunu mən Daxili İşlər naziri olanda bilirdim. Dediklərimin həqiqiliyini yoxlamaq üçün çox da uzağa getmək lazım deyil, Ali Məhkəmənin arxivlərini açıb 1969-1974 illərdə nə qədər adama ölüm hökmü kəsilib, baxın, nə qədər insanlar həbs olunub ona da baxın. Özü də nə məqsədlə – tək Moskvaya hesabat verməkdən ötəri.

– Elə mən də bu məsələnin üzərinə gəlirdim. Müəyyən dövrlərdə sizin Heydər Əliyevlə münasibətləriniz ziqzaqlı olub. Bununla bağlı sizə ünvanlanmış suallar da var. Bilmək istəyirlər ki, münasibətləriniz hansı səpkidə olub – dostmu, düşmənmi olubsunuz? Çünki bir Naxçıvan məsələsi də var idi…

– Bəli, var idi!

– Mən istərdim ki, onunla da bağlı fikir bildirəsiniz.

– Birincizi, Heydər Əliyevlə mən Daxili İşlər Nazirliyində inspektor işləyəndən rastlaşmışıq.

– Deyilənlərə görə, sizi Eldar Həsənovla birlikdə həbs edəndə Heydər Əliyev sizi xilas eləyib…

– Yox… Eldar Həsənovla məni heç bir zaman tutmayıblar…

DSC09365Guya mən demişəm ki, Heydər Əliyevi cibimə qoyub gətirəcəm

– 1982-ci ildə… Sərdar Həmidov deyir…

– Xeyr, biz tutulmamışıq, Heydər Əliyev də heç 1982-ci ildə Bakıda yox idi. O zaman baş katib Kamran Bağırov idi. Sərdar tarixi bir az səhv edir. Biz – nə mən, nə də Eldar Həsənov heç bir vaxt həbs olunmamışıq. Heydər Əliyevlə mən 2-3 dəfə rastlaşmışam. Bir dəfə Naxçıvanda, iki dəfə Bakıda, bir dəfə Əbülfəz bəyin otağında… Azərbaycanda iki nəfər insan var. Əgər onlar Hollivudda kinoya çəkilsəydilər, “Oskar”ın bütün mükafatlarını alardılar. Onlar Azərbaycanın siyasi həyatına, ab-havasına bir aktyor kimi daxil oldular və aktyor kimi də tərk elədilər. O insanların, məsələn, ağlamağı ilə gülməyinin arasında yarım dəqiqə fərq olurdu. Mən də bunu bilirdim və neçə dəfə də görmüşdüm. Qaldı ki, Naxçıvan məsələləri… Yaxşı ki, bu haqda sual verdiniz. Aydınlıq gətirmək istəyirəm. Hamı deyir ki, guya mən demişəm ki, Heydər Əliyevi cibimə qoyub gətirəcəm. Bu hadisəni ANS kanalı çox yaxşı verdi. Əksinə, Naxçıvanda biri demişdi ki, İsgəndəri cibimə qoyub gətirəcəm. Mən də demişdim ki, cibini yekə tut, mən çox böyüyəm. Naxçıvanda qarşıdurma var idi və mən də bir Daxili İşlər naziri kimi ora getməli idim. Təəssüf olsun ki, getməyə qoymadılar.

DSC09364Naxçıvanı Azərbaycandan tamam ayırırdılar

– Kim qoymadı?

– Məni Əbülfəz bəy aeroportdan qaytardı. Niyə qaytardı? Əbülfəz bəyə Allah qəni-qəni rəhmət eləsin. Afiyəddin Cəlilovla Fazil Qəzənfəroğlu məndən qabaq Naxçıvana getmişdilər. Gəldilər, aeroportda Əbülfəz Elçibəyə hesabat verdilər ki, Heydər Əliyev Azərbaycan hökumətini tanıyır. Çünki Naxçıvanı Azərbaycandan tamam ayırırdılar. Konstitusiyaya get-gedə dəyişiklik edə-edə Naxçıvan Azərbaycandan tamamilə aralanırdı. Əbülfəz bəy də öz şəxsi avtomobilini göndərdi, məni hava limanından qaytardılar.

– Yoxsa gedəcəkdiniz?

– Mən getməliyəm, bu mənim borcum idi. Əgər qarşıdurma var idisə, mən bir nazir olaraq getməli idim. Niyə Bərdədə banda qarşıdurma yaradır, Daxili İşlər naziri cinayətkarlarla vuruşur, mübarizə aparır, qarşısını alır. Şəkidə olur, Lənkaranda olur, mən ora gedirəm, alqışlanır. O zaman mən nə üçün Naçıvana getməməli idim?

– Yəni bu dövlətin bir yeridirsə, qarşıdurma yaranırsa, siz getməlisiniz…

– Bəli, mən getməliyəm. Dedilər, orada böyük bir qarşıdurma var. Mən də Daxili İşlər naziriyəm, ora gedib, o qarşıdurmanın qarşısını almaq da bilavasitə Daxili İşlər Nazirliyinin funksiyasına aiddir. Əbülfəz Elçibəy bu dövlətin Ali Baş Komandanı olduğu üçün və mən də bu dövlətin naziri olduğum üçün mənə əmr vedi ki, qayıt geri, mən də qayıtdım.

DSC09362Heydər Əliyevə dedi ki, olun mənim dayım

– Zahidə Vulkan soruşur: “Nazir olanda bozqurdlarını hava limanına aparmışdı ki, Naxçıvana gedib Heydər Əliyevin dərsini verəcək. Heydər Əliyev Milli Məclisin sədri olanda ona dedi ki, “siz olun mənim dayım…” Bunun anlamı nədir?”

– Gəlin bu məsələyə də aydınlıq gətirək. Özündə məsuliyyət hiss edən hər bir adam mövcud protokollarla tanış ola bilər. Zeynəb Xanlarova sağdır, Heydər Əliyev dünyasını dəyişib. Azərbaycanın müstəqilliyi ilə bağlı mən çıxış elədim. Məndən 3 adam sonra Heydər Əliyev çıxış elədi. Foyedə Zeynəb xanımla Heydər Əliyev gəzərkən mənə dedi ki, “kaş sənin kimi mənim bir bacım oğlu ola…” Mən də dedim ki, “Azərbaycanda yığdığının yarısını ver mənə, sənə bacıoğluluq eləyim”.

DSC09359Heydər Əliyev dedi ki, “kaş sənin kimi bir bacım oğlu ola…”

– Yəni deyirsiniz ki, söhbət belə olub?

– Bəli… Zeynəb xanım da orada şahid olub.

– Heydər Əliyev deyib ki, “kaş ki, sənin kimi bir bacım oğlu ola…”

– Bəli… Sonra da əgər xatırlayırsınızsa, – sual verən xanıma da bunu xatırlatmaq istəyirəm – Heydər Əliyevin üstünə hamı düşəndə mənə çox pis gəlmişdi. Milli Məclisdə çıxışım zamanı dedim ki, siz bu adamın paltosunu tutanda özünüzə şərəf bilmisiniz. İndi siz onun haqqında bu nədir danışırsınız? Bizim haqqımız var onun haqqında danışmağa, sizin yox. Heydər Əliyev mənə dedi ki – o özünə yaxın bildiyi adamları adı ilə çağırardı – İsgəndər bəy, yadındadır, heç kəs məni müdafiə etməyəndə, sən məni müdafiə etmişdin. Mən də dedim ki, “Çox gözəl yadımdadır. Onda sən tək qalmışdın. Bir dayı-bacoğlu söhbəti də olmuşdu aramızda”… Ona görə məsləhət bilirəm ki, o xanıma deyin, inanmırsa, o zamanın stenoqramlarına baxsın. Mən deməmişəm ki, sənin bacın oğluyam. Demişəm ki, “aramızda bir dayı-bacoğlu söhbəti olub”. Mən ona eşitdirmək istədim ki, o söhbət gücündə qalır. Sən mənə təklif elədin, mən yox dedim. O söhbət gündəmdə qalır. Onda qayıtdı ki, “İsgəndər, sən özünü yaxşı aparmırsan”. Artıq İsgəndər bəydən İsgəndərə keçdi.

– Ramin Sadıqlı soruşur: “İsgəndər bəy niyə əfv ərizəsi yazıb, azadlığa çıxdı, Heydər Əliyevin məzarına niyə əklil qoydu?” Siz əfv ərizəsi yazmısınız?

– Bütün Azərbaycan deyir ki, İsgəndər Həmidov 10 il yatdı, əfv ərizəsi yazmadı… Bütün Azərbaycan bilir ki, yeganə siyasi dustaq olmuşam ki, o vaxtı mən əfv ərizəsi yazmamışam. Hər il təklif olunub, amma yazmamışam. Sən yəqin türmədə də olmusan və eşitmisən bu haqda… 10 il yatmışam, amma əfv ərizəsi yazmamışam. Məni Heydər Əliyev əfv eləməyib. Çıxmağıma 1 il qalmış, Avropa Şurasının qarşısında öhdəçilik götürmüşdülər ki, 2003-cü ilə qədər siyasi dustaqları buraxacağıq, 2002-ci ilin 30 dekabrında məni əfv eləyiblər. O ki qaldı Heydər Əliyevin məzarına gedib baş əyməyə, əgər belə bir şey olsaydı, yəqin ki, çəkib tez-tez təbliğ edərdilər.

DSC09358Heydər Əliyevin məzarının üstünə getməmişəm

– Tez-tez də verərdilər…

– Mən Heydər Əliyevin məzarının üstünə getməmişəm. Bu söhbət haradan yaranıb? 5-6 ağzıgöyçək mənə dedi ki, Heydər Əliyevin məzarının üstünə getmisən. Dedim ki, lap yaxşı eləmişəm. Amma mən onun məzarının üstünə getməmişəm. Mən indi də, sabah da, dünən də – orada 5-6 nəfər məndən ötəri əziz adam var, onların birincisi şəksiz-şübhəsiz Üzeyir bəy Hacıbəyovdur. İkincisi, Əbülfəz bəydir, daha sonra Xəlil Rza var…

– Seyid Cəfər Pişəvəri var..

– Bəli, Seyid Cəfər Pişəvəri var, bir küncdə dəfn ediblər, məzarını güclə tapdım. Mən o adamları ziyarət eləyib qayıtmışam. Yanımda iki sürücüm olub. Allahverdiyev Qəribgil və 5-6 nəfər də bizim partiyanın üzvləri olub. Mənim hüzr yerimə gəlməyənin mən hüzr yerinə getmirəm. Mənə başsağlığı verməyənə mən başsağlığı vermirəm. Bir daha deyirəm, dünyasını dəyişmiş insanlar haqqında pis danışmaq olmaz. Mən sual verəndən xahiş edirəm ki, əgər əlində elə bir fakt, şəkil varsa, sizə təqdim eləsin, siz də televiziyada göstərin. Əgər Azərbaycan televiziyasında, radiosunda belə bir fakt varsa, yayımlasınlar. Yenə deyirəm, əgər getmiş olsaydım, deyərdim getmişəm, özüm də yaxşı eləmişəm. Heç kəsin də ixtiyarı yoxdur, mənə desin ki, kimin qəbrini ziyarət edim, ya etməyim. Bu bilirsinizmi nəyi xatırladır? Bəzi dostlarımız deyirlər ki, Avropa Şurasının Azərbaycan parlamenti haqqında qərarı var, seçkilərdən imtina edin. Mən Avropa Şurasının qərarı ilə seçkilərə getmirəm ki, onların qərarı ilə də seçkilərdən imtina eləyim. Mən xalqımızın, millətimizin xeyiri üçün gedirəm seçkilərə və xalqımız da, millətimiz də mənim seçkilərdən imtina eləməyimə razı olmaz.

DSC09369Milli Şurada boykota gedənləri anlayıram

– Yeri gəlmişkən, boykot məsələsinə necə baxırsınız? Çoxları seçkiləri boykot elədi…

– Boykot məsələsi bilirsinizmi, necədir? Milli Şurada boykota gedənləri anlayıram və onların fikirlərinə hörmətlə yanaşıram. Amma bu gün Azərbaycanda camaatla görüşmək üçün elə bir məhdudiyyət yaranıb ki, bu fürsətdən yararlanmaq lazımdır. Baxın, İsa Qəmbəri Lənkərana buraxmadılar, Əli Kərimlini rayona buraxmırlar. Camaatın içinə çıxa bilmirlər. Hər tərəfdən təpki, basqı ilə qarşılaşırıq və bu gün bizə o imkan yaranıb ki, seçkilərdə seçicilərlə xalqın içərisində görüşək. Qutudan kim çıxacaq, o maraqlı deyil. Sən də bilirsən, mən də bilirəm ki, qutudan kim çıxacaq. Amma xalqla təmasda olub, xalqın dərdini bilib, xalqın istəyini anlayıb, sözü bir yerə qoyub müxalifət birləşə bilərmi, xalqın istəyi dalğasında? Bundan niyə imtina etməliyik biz? Niyə bundan qaçmalıyıq? Ancaq hər bir insanın fikrinə də mən hörmətlə yanaşıram. Yəni biri var – demokratiya, biri də var – ifrat demokratiya. Roma papasından artıq katolik olmaq olmaz. Demokratik dövlətlərin bu dəyəri varsa, Azərbaycan hakimiyyətin yarıtmaz siyasəti nəticəsindədir. Həm daxili siyasətinin və həm də xarici siyasətinin… Bu medalın bir üzüdür. Avropa Şurasının bu qərarı Rusiya ilə Azərbaycanın isti münasibətindən sonra ortaya çıxdı. İndiyə qədər də siyasi məhbuslar var idi. Bunu Avropa yaratmırdı ki, Azərbaycan üçün? Yüzlərlə cavanlarımız, gənclərimiz, o cümlədən Leyla xanım, digər bizim xanımlarımız türmədədir. Bunu Avropa Şurası həbs eləməyib. Bunu Azərbaycan hökuməti qanunsuz şəkildə – o cümlədən səni, məni – həbs edir, sonra da sifarişli hökmlər çıxarır. Sonra da Avropa bunu qarşıya qoyur. İnsan haqlarına “sahib çıxın!” deyir. Amma seçkiyə gedib-getməmək hər bir siyasi təşkilatın, hər bir adamın şəxsi işidir. Kiminsə göstərişilə seçkiyə gedilməməlidir. Kiminsə göstərişilə də seçkiyə getməkdən imtina olunmamalıdır.

DSC09370Bircə mən Rüstəm İbrahimbəyovun əleyhinə səs verdim

– İsgəndər bəy, elə müxalifətlə bağlı da maraqlı suallar var. Elvin Hüseynoğlu soruşur: “Neçə ildən sonra müxalifət birləşib, Milli Şuranı yaratdı. Nə üçün Milli Şuranı tərk etdiniz?” Elvin Əhmədov deyir ki, “Milli Şuranın yarandığı gün İsgəndər Həmidovun çıxışı yadımdadır. Nəyə görə Milli Şuaradan ayrıldınız? Nəyə görə Cəmil bəyi, ümumilikdə demokratik düşərgəni tərk etdiniz?”

– Çox sağ olsun, Elvin bəy. Yaxşı sualdır. Milli Şura zərurəti o vaxt yarandı. Əgər xatırlayırsınızsa – o zaman siz yox idiniz, üzr istəyirəm – Milli Şura yarananda Rüstəm İbrahimbəyovun adı çəkiləndə 147 nəfərin içərisindən təkcə mən demişəm ki, o, Moskvanın projesidir və Azərbaycana da gəlməyəcək. Ona görə də əleyhinə səs vermişəm. Orada oturanların hamısı çevrilib, tərs-tərs mənə baxdılar. İkinci çıxışımda isə dedim ki, gəlsin Rüstəm İbrahimbəyov burada söyləsin ki, xalqına, millətinə doğrudan da xidmət etmək istəyir, məni də inandırsın, o zaman ona səs verim. Üçüncü dəfə dar çərçivədə dedim ki, mən 32 il Daxili İşlər Nazirliyində işləmişəm. Azərbaycanda ikili vətəndaşlıq yoxdur. Moskvanın vətəndaşı gəlib burada heç bir siyasi təşkilata, quruma rəhbərlik edə bilməz. Putin Azərbaycana səfər elədi və Azərbaycan hakimiyyətilə anlaşmadan sonra İbrahimbəyov dedi ki, məni Rusiya vətəndaşlığından çıxarmırlar. Bu, absurddur və bir az da nağıla oxşayır. Həm də o, Rusiyanın şəxsiyyət vərəqəsini cırıb-tullayıb, Azərbaycana gələ bilərdi. Mən keçmiş orqan işçisi kimi deyirəm. Sonra Milli Şurada müxalifətin bir-birilə yola getməməyi nəticəsində Milli Şuraya vahid namizəd Cəmil Həsənli irəli sürüldü. Cəmil Həsənli şərəfli adamdır, yaxşı insandır, gözəl də seçki kampaniyası apardı, ancaq Milli Şuranın dağılması yaranan gündən görsənirdi. Əgər siz mənim dediklərimin həqiqətliliyini yoxlamaq istəsəniz, sizin də, mənim də dostum – Səfər bəydən, Eldar bəydən soruşa bilərsiniz. Onlarla birgə çölə çıxdıq və dedim ki, bunu sonu yoxdur, dağılacaq. Çünki Milli Şurada ümumi mübarizə bir kənarda qaldı – prezident seçkiləri məsələsi – iki nəfərin, iki partiyanın qarşıdurması oldu. Adlarını deməyəcəm, çünki onların hər ikisinə böyük hörmətim var…

DSC09372Milli Şurada ümumi mübarizə kənarda qaldı – iki nəfərin, iki partiyanın qarşıdurması başladı

– AXCP ilə Müsavat Partiyası…

– Onlara böyük hörmətim var. Amma gəlib, zalda otursaydınız, görərdiniz ki, Milli Şura iki partiyanın dialoquna çevrildi. Və mənim Milli Şuradan çıxmağım, hələ Milli Şura dağılmamışdan qabaq olmuşdu. Mən bəyan etdim ki, Milli Şuradan çıxıram. Çünki mən qeybəti sevmirəm, fəaliyyət göstərməyi sevirəm. Mənim üçün iki rəng yoxdur – ya ağ var, ya da qara… Mən o iki rəngin arasında seçə bilərəm. Amma üçüncü rəng – sarı, çəhrayı rəng məndət ötrü məqbul deyil. Milli Şuranın dağılması labüd idi. O vaxt labüd idi yarandı, sonra da labüd idi ki, dağıldı.

DSC09374Hakimiyyətə olan patoloji nifrətə baxmayaq, ona kömək eləməyə hazırıq…

– Yəni deyirsiniz ki, yaranmalı olduğu zaman yarandı, dağılmalı olduğu zaman da dağıldı…

– Bəli… Sabah taleyüklü məsələdə – Qarabağ məsələsində mən İsa bəyin də fikrini bilirəm, Müsavatın fikrini də bilirəm – əgər Azərbaycan özündə güc tapıb, torpaqları azad etmək uğrunda müharibəyə başlasa, biz bütün siyasi fəaliyyətimizi dayandırıb, hakimiyyətə olan patoloji nifrətə baxmayaq, kömək eləməyə hazırıq. Təki Vətən azad olsun. Yəni o taleyüklü məsələlərdə müxalifət yenə birləşəcək və yenə bir yerdə olacaq. Bir yerdə də hərəkət edəcək. O ki qaldı liderlik məsələsinə, mən hər zaman liderlik söhbətindən qaçmışam. Liderlik heç kimə lazım deyil. Məmməd Əmin Rəsulzadənin ətrafında görün kimlər var idi… Necə şəxsiyyətlər var idi… O şəxsiyyətlərin içində şəxsiyyət çıxdı. Bir anlıq təsəvvür edin ki, “Difai” Partiyası Müsavata dəstək verməsə idi, nələr baş vermişdi?

– Bəli…

– Savadlı oğlansan, bilirsən… Bir anlıq təsəvvür edin ki, o adamların hərəsi bir firqə yaradıb, hərəsi bir birlik yaradıb, deyir ki, mən nazir olum. Məmməd Əmin Rəsulzadənin böyüklüyünə fikir verin ki, Xoyskini qabağa buraxdı ki, o, baş nazir olsun. Daxili İşlər naziri, baş nazir oldu. Məmməd Əmin Rəsulzadə faktiki olaraq, hakimiyyətdə vəzifə tutmayıb.

– Heç bir vəzifəsi olmayıb…

– Bəli, amma lider olub. Baxın bu, liderlikdir. Kürsü hələ ələ keçməmiş, kürsü uğrunda mübarizə aparmaq, bu artıq ayrı şeydir.

I hissənin sonu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button