Dünənin əsgərinə xəstəlik arayışı niyə verilmir?

cəbhə

Dünən əsgər, bu gün isə “xəstə” hesab edilən bir oğula qarşı edilən haqsızlıq

Səhiyyə Nazirliyi Xətai rayon 28 saylı Poliklinikanın baş həkimi keçmiş əsgərə qanunsuz olaraq arayış verməkdən imtina edir

Hikmət İbrahimovun cəmi 20 yaşı var, 1996-cı il doğumludur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağdam rayon şöbəsi tərəfindən keçən ilin iyul ayında hərbi xidmətə çağırılıb və … 3 aydan sonra ağır xəstələnərək, hərbi həkim komissiyasının rəyi ilə xidmətə yararsız sayılıb və ordudan tərxis olunub.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı (SQ BHK) 3 ayın əsgərinin anadangəlmə xəstə olduğunu, hərbi xidmətə çağırılarkən şikayət bildirmədiyini, səthi müayinə olunaraq hərbi xidmətə yararlı sayıldığını 1688 saylı xəstəlik haqqında şəhadətnamənin “anamnez” bölməsində göstərib.

Belə çıxır ki, istənilən şəxs, hətta 19 yaşlı gənc komissiyanı aldada bilər və sağlam olduğunu gizlədərək əsgərlikdən yayına, yaxud da əksinə xəstəliyini gizlədərək – halbuki bu hal qeyri-mümkündür – hərbi xidmətə getməyə təşəbbüs göstərə bilər.

Rayonda və Bakıda 2 dəfə hərbi həkim komissiyasından keçən Hikmət İbrahimov hər iki halda komissiyanın “səthi müayinəsi” sonucu xidmətə yararlı sayılıb. 3 aydan sonra isə yalanının üstü bir hadisə nəticəsində – burun qanaxması ilə açılıb.

Sərhəd Qoşunlarının Baş Hərbi Klinikası Hikmət İbrahimova bu hadisədən sonra dİaqnoz qoyub:

 ”Revmatizm, qeyri-fəal dövr. Aortal qapaq çatışmazlığı. Anadangəlmə inkişaf anomaliyasi, açıq oval dəlik. Burun tənəffüsünün mülayim dərəcədə pozulmasi ilə burun arakəsməsinin əyriliyi”.

Sülh dövründə xidmətə yararsız, müharibə dövründə məhdud-yararlı sayılan keçmiş əsgər indi heç kimə lazım deyil.

Hikmət İbrahimovun yaxınları hesab edirlər ki, Sərhəd Qoşunlarının Baş Hərbi Klinikasını keçmiş əsgərə bu diaqnozu sığorta ödənişi etməmək qoyub və hərbi xidmət dövründə yaranmış xəstəliyi “ümumi xəstəlik” adlandıraraq, anadangəlmə sayıb.

Səhiyyə Nazirliyinin poliklinikaları bütün bunların müqabilində qanunsuzluğu davam etdirir?

6 aydır ki, Səhiyyə Nazirliyi Xətai rayon 28 saylı poliklinikası əlillik qrupunun müəyyən edilməsi üçün orduya “yararsız” və “lazımsız” hesab olunan Hikmət İbrahimova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına (ƏƏSMN TSEK) təqdim etməyə 88 saylı forma verməkdən imtina edir. Səbəb kimi də onu göstərir ki, Hikmət İbrahimova əlillik qrupu düşmür. Halbuki bu diaqnozun müəyəynləşdirilməsi 28 saylı poliklinikanın deyil, ƏƏSMN-in TSEK-nin üzərinə düşür.

Maraqlı bir məntiq alınır. Əgər 3 ayın əsgərində xəstəlik aşkar edildikdən sonra ordudan tərxis olunursa, o zaman poliklinikanın hərbi həkim komissiyasının rəyini saya salmamasına səbəb nədir?

Hikmət İbrahimovun yaxınlarının dediklərindən məlum olub ki, bənzər hallarkla qarşılaşan bəzi adamlar məsələnin rüşvətlə çox asanlıqla həll edildiyi qənaətindədirlər.

Hətta bir çox hallarda sağlam və orduya yararlı olan şəxslərə belə arayışların rüşvətlə verilməsinin adi hal alması da heç kimə sirr deyil.

Hikmət İbrahimovun əlillik dərəcəsi alması üçün qanun “hə” dediyi halda, poliklinika həkimlərinin “yox” deməsinin arxasında başqa hansı səbəblər dura bilər?

Diqqətçəkən məqamlardan biri də odur ki, Hikmət İbrahimov həqiqətən də anadangəlmə “xəstə” idisə, o zaman 18 yaşına qədər onun müraciət etdiyi dövlət səhiyyə qurumlarının niyə heç biri bu barədə valideyinlərinə əvvəlcədən xəbərdarlıq etməyiblər? Bu qanunsuzluqların nəticəsində Hikmət İbrahimov həm də dövlətin bu cür problemlərlə üzləşən vətəndaşlarına ödəməli olduğu müavinətlərdən məhrum olub.

 Bir arayışla insan taleyini həll edən dövlət məmurları vətəndaşları bürokratik yollarla “incitməklə” çox şey əldə etdiklərini düşünürlərsə, yanılırlar. Çünki bu əməllərinə görə, qanunvericilik qarşısında ciddi məsuliyyət daşıyırlar.

KİV olaraq vəzifəmiz mövzunu diqqətdə saxlamaqdır. Məqalədə adıçəkilən qurumların hər birinin də mövqeyini dinləməyə hazırırq. Əsas odur ki, Azərbaycanın dünən əsgər, bu gün isə “xəstə” hesab edilən bir oğluna bu cür yad münasibət bəslənməsin və bütün bürokratik əngəllər aradan qaldırılsın.

Məğrur BƏDƏLSOY

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button