Dünya azərbaycanlılarının 4-cü qurultayı başlayıb

Bakıda Dünya azərbaycanlılarının IV qurultayı açılıb. Heydər Əliyev Mərkəzində keçirilən qurultayda prezident İlham Əliyev də iştirak edir.

Forumda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir.

Qurultayda informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclər strategiyası, lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak  məslələri müzakirə ediləcək.

Dünya azərbaycanlılarının 1-ci qurultayı 2001-ci ilin noyabrın 9-10-da, 2-ci  qurultay 2006-cı il martın 16-da, 3-cü qurultay 2011-ci ilin iyulun 5-6-da Bakı şəhərində keçirilib.

Bu gün açılan qurultayda prezident İlham Əliyev çıxış edib. O, xaricdə  yaşayan azərbaycanlıları Azərbaycana sərmayə qoymağa çağırıb.

“Son illərdə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub. Onun yarısı xaricdən qoyulub. Bu da ölkəmizdə biznes mühitinin sağlam olmasınım göstəricisidir”, – dövlət başçısı qeyd edib.

Prezident hesab edir ki, xaricdə yaşayan azərbaycanlılar hər il azı bir dəfə ailələri ilə Azərbaycana gəlməyə çalışmalıdır.

“Bu, həm vətənlə əlaqələrin qırılmaması üçün vacibdir, həm də ölkəmizə faydalıdır. Azərbaycanın hər cür turizim təsisləri var, istirahət üçün infrastrukturlar mövcuddir. Qoy, hər kəs öz ailəsi ilə istirahətini vətənində keçirsin”, – o vurğulayıb.

Prezident xarici media ilə bağlı da danışıb: “Beynəlxalq media ilə iş məsələsində dəstək verilməlidir. Bu, bizim zəif yerimizdir”. İ.Əliyev xarici media ilə iş sahəsində fəallığın vacibliyini diqqətə çatdırıb.

“Dünya səviyyəsində yeni jurnalist kadrlarının yetişməsinə, onların beynəlxalq media quruluşlarında yerləşməsinə nail olmaq lazımdır. Diaspor təşkilatları özlərinin saytlarını, qəzetlərini yaratsınlar. Həm Azərbaycan, həm də yaşadıqları ölkələrin dillərində. Ermənistan səfil bir ölkədir, ancaq bu istiqamətdə işləyirsə biz də işləyə bilərik və işləməliyik”, – o qeyd edib.

Xatırladaq ki, prezident İ.Əliyev iyunun 2-də Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manatın ayrılması barədə sərəncam imzalayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button