Dünya çempionuna imkan verməyənlər – Eldar Mahmudovun adamları

vüqar-ilham

Poverliftinq üzrə 4 dəfə dünya, 7 dəfə Avropa çempionu, Əməkdar idman ustası Vüqar Namazovun “VİTR Fitness” klubunu onun əlindən almaq istəyirlər. Olay çox sadədir. “VİTR Fitness” klubunun yerləşdiyi bina “Altes Group”a aiddir.

“VİTR Fitness” iki binanın arasında yerləşən və heç kimə mane törətməyən binanı icarəyə götürüb. Sıfırdan təmir edib Avropa səviyyəsində düzəldiblər. Təxminən 1.600.000 dollar xərc çıxıb. Klub tam işlək vəziyyətə düşüb və rentabelli vəziyyətə keçib. Başlayıb gəlir gətirməyə. Yalnız bundan sonra “Altes Group”un qüdrətli sahibləri “bizim olsun” prinsipi ilə müqaviləni pozmağa çalışıblar və buradan da mübahisə başlayıb. Mübahisə çox keçmədən münaqişəyə çevrilib. İndi hüquqi müstəvidə qarşıdurma var.

Vüqar Namazovun şikayəti xural.com-a daxil olan kimi “VİTR Fitness”ə getdik və hər şeyi gözlərimizlə gördük. Ortada ciddi bir iş var və bu işin böyüməsinə “Altes Group” əngəl olur. O qədər ki, günün günorta çağı obyektin işığını söndürürlər. Vüqar Namazov nə illah edir, işığı yandırtdıra bilmir ki, bilmir.

Bir müddət əvvəl holdinqin inşa etdiyi “Altes Plaza”nın ən hündür mərtəbələrinin Eldar Mahmudovun oğlu Anar Mahmudov tərəfindən şəxsi ofis kimi istifadə edildiyi, ümumi sahəsi 1400 kv.metr olan bu ofisdən birbaşa Eldar Mahmudovun nazir otağına özəl telefon xətti çəkildiyi ilə bağlı araşdırma dərc olunmuşdu. Bu araşdırmalarda “Altes Group”un Eldar Mahmudov tərəfindən himayə edildiyinə dair açıq-aşkar mətnlə eyham vurulmuşdu.

Başqa məlumata görə isə, Eldar Mahmudov “Altes Group” şirkətinə şərik olub, yaxud bu şirkətin biznesinə himayəçilik edib. İstisna deyil ki, mənzillər əslində onun oğluna “haqq” olaraq verilib.

Daha sonra Holdinqin qurucusu və rəhbəri Rüstəm Abdullayev Qaynar.info saytına verdiyi açıqlamada Eldar Mahmudovla bağlantılarını inkar etmişdi.

Bu holdinqin qurulması və çiçəklənməsi məhz Eldar Mahmudovun nazir işlədiyi dövrlərə təsadüf edir. Bu mənada şirkətin tərkibi və tarixinə qısa nəzər yetirmək yerinə düşərdi.

Holdinq Azərbaycanın ən iri əczaçılıq şirkəti olan “Altes Pharm” (keçmiş “NUR Pharm” ) şirkətindən, “Dr.Lemony” – apteklər şəbəkəsindən, “Nur İnşaat”, “Fərid-İnşaat” kimi tikinti şirkətlərindən, “Altes Construction” memarlıq-mühəndislik şirkətindən, Avropa və Asiya istehsalçılarının tikinti maşınqayırma məhsullarının və materiallarının MDB ölkələrində distrübutorluğunu həyata keçirən “Altes Trade” şirkətindən, Azərbaycan bazarında və ölkə sərhədləri xaricində daşınmaz əmlakın satışı və icarəsi üzrə ixtisaslaşan “Altes Property” şirkətindən ibarətdir. Holdinqin əsas layihələri Azərbaycan, Rusiya və Qazaxıstanda gerçəkləşib.

Holdinqin rəhbəri Rüstəm Abdullayevdir və 2010-cu ildən etibarən müxtəlif vasitələrlə şəriklərini sıradan çıxarmağa, onların pay və dividentlərini ələ keçirməyə çalışıb. Hətta şəriklərindən birinin özü və qaynı Asim İsgəndərovun təşkilatçılığı ilə döydürməsi, onun həyatını riskə altında qoyması ilə bağlı faktlar artıq məhkəmə predmetidir.

Şirkətin vitse-prezidenti və faktiki idarə edəni Fəqan Şükürov məhz “MTN bandası”nın adamıdır. Belə ki, sabiq MTN aparatının rəhbəri, hazırda həbsdə olan general Fərhad Vahabov Fəqan Şükürovun həyat yoldaşının əmisidir. İlk vaxtlar Eldar Mahmudovun maraqlarını məhz Fəqan Şükürov birbaşa kurasiya etsə də, 2011-ci ildə Vahabovun dəstəyi ilə holdinqin təsisçisi Rüstəm Abdullayevin də Mahmudovun görüşü baş tutub. Bundan sonra qarşılıqlı əlaqələr daha geniş miqyas almağa başlayıb.

Məhz bu əlaqələrin nəticəsində Rüstəm Abdullayevin qaynı, adı şəriklərin döyülməsində təşkilatçı kimi keçən və “Altes Group”un mühafizə rəisi Asim İsgəndərovun qardaşı Vasif İsgəndərov MTN-in xüsusi təyinatlılarında işə düzəlir. Hazırda da Vasif İsgəndərovun MTN-in bazasında yenidən qurulan DTX-da heç nə olmamış kimi fəaliyyətini davam etdirdiyi və yüksək vəzifələrdən birinə təyinat almağa çalışdığı bildirilir.

Hə, Vüqar Namazov bax bu cür bir dəstə ilə qarşı-qarşıya gəlib və özündən dəfələrlə güclü olan bir qrupla mübarizəyə girişib. Amma gərək ədalət də qalib gələ…

Xural.comun Vüqar Namazovla vodeo-müsahibəsini təqdim edirik. V,Namazov özü bu məsələləri əla təsvir edib, olanlar haqqında təfərrüatlı məlumat verib:

 

xural.com

P.S. Yazıda adı keçən insanların cavab haqqını tanıyırıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button