Elçin Behbudov ölümündən əvvəl Hacı Məmmədovdan ismarış alıb

Elçin Behbudov ölümündən əvvəl Hacı Məmmədovdan ismarış alıb

MTN-də saxlanılan məşhur qanster mərhum hüquq müdafiəçisinə hansı sirrini ötürmək istəyib?

 
11 ildir ki, Milli Təhlükəsizlik Nazirliyinin(MTN) İstintaq Təcridxanasında saxlanılan Hacı Məmmədov İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla görüşməyə çalışıb. Lakin komitə sədrinin qəfil dünyasını dəyişməsi Hacı Məmmədovun istəyinin gerçəkləşməsinin qarşısını alıb. 
Qaynağımız deyib ki, H.Məmmədovun E.Behbudova deyəcəyi vacib nələrsə olub. Amma hüquq müdafiəçisi onunla görüşə gedənə qədər qəfil dünyasını dəyişib.
 
Elçin Behbudovun ölümü bir təsadüf olub, yoxsa burada hər hansı bir şübhəli məqam var? Komitə sədrinin sağlıq durumunun qəfil pisləşməsi ilə Hacı Məmmədovla görüşünün əngəllənməsi arasında əlaqə ola bilərdimi? 
Bu suallara hazırda birmənalı cavab vermək mümkün deyil.
Daim mətbuatın diqqət mərkəzində olan, üzügülər, ünsiyyətcil hüquq müdafiəçisinin qəfil ölümü haqda eşidən və onu tanıyanların böyük əksəriyyəti  “o ki sağlam idi, ona nə oldu” deyə sual edirdi.
Maraqlıdır, Hacı Məmmədovun yaxınlarını belə görmək istəmədiyi bir vaxtda Elçin Behbudovla görüşə can atmasının səbəbi nə olub?
Eldar Mahmudovun 11 illik nazirliyi dövründə MTN təcridxanasına baş çəkmək hüququ tanınan yeganə hüquq müdafiəçisi məhz İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudov idi.
Məlumat üçün bildirək ki, 11 ildir ki, MTN-də saxlanılan H.Məmmədov təxminən 2010-cu ilin əvvəllərindən başlayaraq yaxınları ilə görüşdən imtina edib.
2013-cü ildə H.Məmmədova baş çəkən E.Behbudov görüşlə bağlı mətbuata açıqlamasında demişdi ki,  H.Məmmədov yaxınları ilə görüşdən imtinasının səbəbini demir: “Hacı Məmmədov təkadamlıq kamerada saxlanılır. Televizorla təmin olunub. Ailə üzvləri də daxil olmaqla heç kimlə görüşmür və telefon əlaqəsi saxlamır. Ailəsi onunla danışmaq istəyəndə imtina edir”.
Bu o demək idi ki, Hacı Məmmədovun çöl-bayırla əlaqəsi yalnız onun vasitəsi ilə ola bilərdi. Bu baxımdan da E.Behbudovun görüşə çağırılandan 2 gün sonra halının qəfil pisləşməsi suallar doğurur.  
Komitə sədri şəkər xəstəliyindən əziyyət çəksə də, vəziyyəti o qədər də, pis deyildi. E.Behbudovu tanıyanlar bilirlər ki, hüquq müdafiəçisi aktiv fəaliyyətdə idi, ölkənin dörd bir tərəfində yerləşən saxlama yerləri, istintaq təcridxanalarında monitorinqlər aparırdı, tez-tez mətbuatda çıxışlar edirdi.
Sonuncu belə çıxışlarından biri də “Yeni Müsavat”da olmuşdu. Qəzetimizdə noyabrın 10-da manşetdən dərc olunan “MTN generalının “Quantanamosu” – şok” 
(bu linkə http://musavat.com/news/gundem/mtn-generalinin-quantanamosu-shok_304178.html keçid etməklə həmin yazı ilə tanış ola bilərsiniz) sərlövhəli yazıda E.Behbudovun da fikirləri yer almışdı. Yazı dərc olunandan sonra E.Behbudov müəlliflə dəfələrlə əlaqə saxlayaraq fikirlərinə bir qədər korrektələr etməyə çalışmışdı. Ona səsləndirdiyi fikirlərlə bağlı zənglər olduğunu dilə gətirmişdi. Hüquq müdafiəçisi ona təzyiqlərin olduğunu deməsə də, səsindəki narahatlıqdan, ardıcıl olaraq yazının müəllifi ilə əlaqə saxlamasından hüquq müdafiəçisinin narahatlıq keçirdiyi, ona təzyiqlərin olduğu sezilirdi.
Noyabrın 10-da dərc olunan həmin yazıda MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun gizli həbsxana saxlamasından söhbət açılırdı. A.Çovdarov noyabrın 8-də tutduğu postdan uzaqlaşdırılsa da, yalnız Elçin Behbudovun qəfil dünyasını dəyişməsi haqda xəbər yayılan gün – noyabrın 14-də həbs edilmişdi. Ona ittiham elan olunan maddələr sırasında adam oğurluğu, adamları qanunsuz olaraq azadlıqdan məhrum etmə maddələri də var.
Tamamilə mümkün idi ki, yazıda barəsində söhbət açılan A.Çovdarov E.Behbudovla əlaqə saxlayıb gizli həbsxana barəsində fikirlərinə etiraz edə bilərdi. E.Behbudovla A.Çovdarovun tanış olmaları da qaçılmaz idi. Çünki A.Çovdarov E.Mahmudovun ən etibarlı iki kadrından biri hesab olunurdu. E.Behbudov MTN-də monitorinq apararkən onunla yolunun kəsişməsi də labüd idi.
Komitə sədri ilə daim ünsiyyətdə olan mətbuat nümayəndələri onun MTN-in İstintaq Təcridxanasına baş çəkərkən mütləq şəkildə orada saxlanılan Hacı Məmmədovla da görüşdüyünü bilirdilər. Belə olduğu halda H.Məmmədov hüquq müdafiəçisinin növbəti monitorinq keçirəcəyi günü gözləyə bilərdi.
Amma belə olmayıb, Hacı Məmmədov gözləməyib, hüquq müdafiəçisinə ismarış göndərməklə görüşə çağırıb. Nə baş verib? Təcililiyin səbəbi nə olub? Hacı Məmmədov Elçin Behbudovdan nə xahiş edəcəkdi?  
Onun qəfil ölümü yaxınlarını da çaşqın duruma salıb. Mərhumun ailə üzvlərindən aznews.az-a verilən məlumata görə, Elçin Behbudovun dünyasını dəyişməsi onlar üçün də gözlənilməz olub: “Heç bir xəstəlikdən əziyyət çəkmirdi. Hansısa xəstəxanaya da yerləşdirilməmişdi. Səhhəti də çox yaxşı idi. Dünyasını dəyişməsi də qəflətən oldu. Gecə saat 1-də gözləmədiyimiz halda vəfat etdi”.
Nə baş verib? Səhhəti ailə üzvləri də dediyi kimi çox yaxşı olan hüquq müdafiəçisi niyə qəfil dünyada köçdü? 
Qaynağımız deyib ki, Hacı Məmmədov E.Behbudova noyabrın 11-də onunla görüşə gəlməsi haqda ismarış göndərib. İki gün sonra E.Behbudov müəmmalı şəkildə vəfat edib. E.Behbudovun ölüm xəbəri noyabrın 14-də yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş müvəkkili Hacı Məmmədov Elçin Behbudovla görüşsəydi ona nələr deyəcəkdi? 
Özünü yaxınlarından belə təcrid edən H.Məmmədovun qəfildən, MTN-də baş verən gözlənilməz hadisələrin fonunda birdən-birə komitə sədri ilə görüşə can atması suallar doğurur. Elçin Behbudov Hacı Məmmədovla görüşən və hüquq mühafizə orqanı əməkdaşı olmayan yeganə şəxs olub. Məşhur qanqster ondan nə xahiş edəcəkmiş?
Hazırda bu suallar açıqdır. Cavabının olacağına da ümidlər azdır…
E.MƏMMƏDƏLİYEV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button