Elçin Sadıqov növbəti dəfə əsassız “yoxlama”ya məruz qaldı

22.02.2012

Fevralın 22-də vəkil Elçin Sadıqov “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə Bakı İstintaq Təcridxanasında görüşüb.

Bir çox məsələlərə dair məsləhətləşmələr apardığını söyləyən vəkil bildirib ki, Əvəz Zeynallı artıq 4 aydır ki, qanunsuz olaraq həbsdədir və bu müddət ərzində o peşəsilə məşğul olmaq imkanından məhrum edilib: “Əvəz Zeynallı ömrünün böyük bir qismini jurnalistlik fəaliyyəti ilə məşğul olan, o cümlədən kitab və məqalələrini kompyuterlə yazan bir jurnalist olub. Hazırda İstintaq təcridxanasında növbəti kitabını yazan baş redaktor əllə yazmağın ən ağır təzyiq vasitəsi olduğunu hesab edir. Ona görə də Ədliyyə naziri Fikrət Məmmədova, o cümlədən nazirliyin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə və Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıxova ona işləmək üçün kompyuter verilməsini rica edən müraciət hazırlayaraq mənə təqdim etdi.  Lakin Təcridxanadan çıxarkən növbəti dəfə üzərimdə əsassız yoxlama aparıldı və həmin müraciət tutularaq əlimdən alındı…” Vəkil Bakı İstintaq Təcridxanasının Ədliyyə naziri Fikrət Məmmədova ünvanlanmış məktubu heç bir səbəb olmadan almasını da əlavə əsəb və gərginlik yaratmaq üçün atılan addım hesab etdi.

Xatırladan ki, ötən il iyulun 29-da  Penitensiar Xidmətin rəisi Mədət Quliyev jurnalistlərə bildirmişdi ki, «… Biz istəyirik ki, bizim məhkumların otaqları ofis kimi olsun, onlar «Skype»da danışa bilsinlər, internetə çıxış imkanları, otaqlarında bir neçə telefonları olsun və cəmiyyətlə, xarici aləmlə əlaqələri sıx olsun. Lakin bütün bunlar qanunvericilik çərçivəsində olmalıdır». ( http://www.azadliq.org/content/article/24280472.html )  

Nəzərə alınsa ki, Əvəz Zeynallı cəmiyyətə təhlükəli olan heç bir cinayət törətməyib, həmçinin «Skype»da danışa bilmək və ya internetə çıxış imkanlarının olmasını tələb etmir,  sadəcə yazılarının hazırlanmasında kompyuterə ehtiyacının olduğunu bildirir, o zaman onun müraciətinin ünvanına çatmaması üçün BİT rəhbərliyinin bu hərəkətini başa düşmək çətindir. Görünür,  ya Penitensiar Xidmətin rəhbərliyi səlahiyyətlərinə aid olmayan məsələnin “reallığından” danışarkən səhv açıqlama verib, ya da Bakı İstintaq Təcridxanasının rəhbərliyi səlahiyyətlərinə daxil olmayan addım ataraq, Ə.Zeynallının Ədliyyə Nazirinə ünvanlanmış məktubunun yetişməsinə mane olarkən səhv qərar verib. Hər iki halda eyni nazirliyə daxil olan qurum rəhbərlərinin əlaqəsiz hərəkətləri bu cür açıqlamaların vahid Mərkəzdən – Ədliyyə Nazirliyindən verilmədiyini sübut edir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button