Elçin Şıxlı: “Bakı ikiyə bölünəcək…”

Elçin Şıxlinski

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru,

Azərbaycan Respublikasının əməkdar jurnalisti

Son zamanlar atalar sözlərimizdən zəhləm getməyə başlayıb. Məsələn, “palaza bürün, elnən sürün”. Bəlkə də vaxtilə deyiləndə müsbət mənada və kimisə məzəmmət edərək düz yola qaytarmaq üçün deyilib.

Amma zaman keçdikcə, ictimai fikirdə transformasiyaya uğrayıb və müsbət tərəfi silinərək yalnız məzəmmət hissəsi qalıb. İndi öz-özümə deyirəm ki, axı nədən və nə üçün sürünməliyəm? Onsuz da sürünürük. Nə qədər olar?

Yaxud “hamı necə, sən də elə”. Hamıdan mənə nə? “Buna da min şükür”. Şükür edə-edə dilsiz-ağızsız bir topluma çevrilmədikmi?

İndi də hamıya “ayağını yorğanına görə uzatmağı” tövsiyə edirlər. Uzatmıram, xanımlar və cənablar, çünki mümkün deyil və heç bir sağlam məntiqə sığmır. Ayağı yorğana görə uzatmırlar, yorğanı ayağa görə biçir və sırıyırlar. Bu, məntiqindən mütilik yağan, atalar sözünü son günlər populyarlaşdıran xanım əfəndi isə, deyəsən, millətin boyunu prokrust yatağına görə biçmək iddiasına düşüb.

80-ci illərin əvvəli idi. İşdən “Atalar sözləri” kitabının müəllifi Əbülqasım (Hüseynzadə) müəllimgilə getməyi tapşırmışdılar. Çox gənc idim. Ona görə də, idarənin darıxdırıcı divarları arasından kənara çıxmaq kimi fürsətə sevinmişdim. Yolum məktəb illərində futbol oynadığımız, dar küçə və dalanlarını ələk-vələk elədiyimiz İçərişəhərə idi. Qoşa qala qapısından içəri keçən kimi bir az yuxarıda, sağ əldəki, əyilmiş gövdəsinin altından maşınların güclə keçdiyi qosqoca tut ağacının yanından sola buruldum. Üstünə dırmanıb meyvəsindən o qədər yemişdik ki… Üzüyuxarı gedib az sonra mənzilə çatdım. İki adamboyu hündürlükdə üstü oymalı, bəlkə də yüzdən çox yaşı olan taxta qapının zilini çaldım və geriyə durub gözləməyə başladım. Qapının arxasından səs-səmir gəlmirdi. Əlimi yenidən düyməyə sarı uzadırdım ki, zirəzənin şaqqıltısı eşidildi və qapı aralandı. İçəri keçdim. Qarşımda pilləkəndən çox nərdivana bənzəyən dik pillələr vardı. Gözümlə qapını açmalı olan adamı axtaranda yuxarıdan divarboyu zirəzənin qulpuna bağlanmış kəndirin uzandığını gördüm. Ani tərəddüddən sonra ehtiyatla yuxarı qalxmağa başladım. Ayağımı basıb götürdükcə üzü ayaqlar görmüş taxta pillələr yorğunluqdan zarıyırmış kimi cırıldayırdı. Sonuncu pilləyə çatıb nəfəsimi dərdim və ətrafı dinşədim. Hüznlü bir sakitlikdi. Elə bu zaman, “kimsən, gəl içəri” sözlərini eşitdim. Yarıqaranlıq otağa girəndə yarıçarpayı-yarıkürsüyə bənzər yataqda əyləşmiş ixtiyarı yalnız: ”Gəl görüm, kimsən”, deyəndən sonra gördüm. Qarşımda dümağ saçları və saqqalı, elə o çür də dümağ əyin-başı ilə yatağından seçilməyən nuranı bir kişi vardı. Əbülqasım müəllim idi. Kişi sanki nağıllardan gəlib bizim dünyaya düşmüşdü. Çox maraqlı insan idi. Gördüyü iş də ona yaraşırdı. İndi düşünürəm ki, atalar sözlərini yalnız belə nurani insanların dilindən eşitmək və dinləmək gərəkdir! Onlar yalnız bu zaman dəyərli olur!

***

Yayda, təxminən, üç yazımı üçüncü sənaye inqilabına həsr etmişdim. Bərpa olunan enerji mənbələrindən, biosfer təfəkkürdən, karbohidrogen erasının bitməkdə olmasından, postneft dövrünə hazırlaşmaq barədə düşünməkdən, neft qiymətlərinin daha 150 ABŞ dolları olmayacağından yazmışdım. Hətta bu yazıların birində işığın 1 kilovatının 6 qəpikdən 7 qəpiyə qədər bahalaşdırıldığından da gileylənmişdim. Amma ürəyimdə “buna da şükür” demişdim. Nə biləydim ki, differensiasiya deyib  “şükrümü” burnumdan gətirəcəklər? Nə isə, “keçənə güzəşt deyərlər”. Heç yeridir… güzəştin. Daha bir atalar sözündən də zəhləm getdi, deyəsən.

***

Ölkə turbulent böhran dövrünə girib. Bu böhranın milli xüsusiyyətlərindən hamı danışır və yazır. Ona görə də bu məqama ötəri, yeri gəldikcə toxunacam. Diqqətinizi isə başqa məqamlara yönəldəcəm. İlk növbədə, dostum İbrahim Nəbioğlu yazdığı kimi, düzgün suallar verməyə çalışacam, çünki sual düzgün qoyulmasa, cavabını tapa bilməyəcəyik.

Birinci sual: Rüşvətlə ali məktəb bitirən savadsız və bu səbəbdən də müti məmurların səriştəsiz və biabırçı idarəçiliyi, onların büdcəni talan etməsi, rüşvətxorluğu, korrupsiyaya bulaşması olmasaydı, böhran ölkəni vurmayacaqdımı? Vuracaqdı, çünki bu böhran tək bizi vurmur. O, ümidini neft və qaza bağlayaraq əlini ağdan qaraya vurmayan, burnunun ucundan o yanı görməyən, iqtisadiyyatı xammalyönümlü bütün ölkələri vurur. Özü də digərlərindən, daha sərt və amansızcasına. Elitar kapitalizm mərhələsi torpağa gömülür. Karbohidrogen ehtiyatları ilə heç də hamı zəngin olmadığı üçün bu sərvətə malik “elitarların” dövrü bitir. Postneft dövrü başlayır və buna hazırlaşmaq gərəkdir. Əks təqdirdə, elitarlıqdan əsər-əlamət qalmayacaq.

İkinci sual: Nə etməli? Gələcək inkişaf strategiyası barədə düşünmək və yeni iqtisadi eraya uyğun infrastruktur və işlək sistem qurmaq üzərində işə başlamaq lazımdır. Başqa çarə yoxdur.

Üçüncü sual: Böhranın əsas səbəbi nədir? Səbəb enerji daşıyıcılarıdır. Böhranı onlar doğurdu. Neft qiymətlərinin artması bütün istehsal sahələrini vuraraq zəncirvarı bahalaşmaya gətirdi. İstehsal xərcləri artdıqca, istehlak malları bahalaşdı, alıcılıq qabiliyyəti azaldı və tələblə təklif arasında uçurum yarandı. Əhalinin daha çox hissəsi yoxsulluqdan əziyyət çəkməyə başladı. Çıxış yolu enerji mənbələrinə münasibətin kökündən dəyişdirilməsindədir. Buradan daha bir, növbəti sual doğur.

Beləliklə, dördüncü sual: Enerji mənbələrinə münasibətin dəyişdirilməsi nə deməkdir? 2008-2009-cu illərdən etibarən dünya əhalisinin əksəriyyətini şəhər əhli təşkil edir. Urbanizasiya nəticəsində “homo urbanis”şəhər adamı məfhumu yaranıb. Əgər beş əsr əvvəl bir adam ömür boyu ən çoxu 1000 adamla üzləşirdisə, indi Nyu Yorkda Manhettenin mərkəzində 1 km radiusda sizi 220.000 adam əhatələyir.

Ümumi ərazisi 86.000 kv.km, əhalisi 10 milyona yaxın olan Azərbaycanın əsas şəhəri Bakının ərazisi 2130 kv.km, əhalisi isə 4 milyon civarındadır. Deməli, əhalinin ən azı 40% ölkə ərazisinin təxminən 2.5%-də yerləşən Bakıda cəmlənib və elektrik enerjisinın 43%-ə qədərini istehlak edir.

ABŞ-da bütün növ enerjinin 51%-dən çoxu və elektrikin 74,5% bina və müxtəlif tikililər tərəfindən istehlak edilir. Yəni, enerjinin əsas istehlakçıları şəhər və şəhər əhalisidir. Təbii ki, nə şəhər və şəhərətrafı kompleksləri dağıtmaq, nə də şəhər əhalisini yenidən kəndlərə qaytarmaq mümkündür. Urbanizasiyanın da qarşısını zorla almaq mümkün deyil. Beləliklə, şəhər əhalisinin çoxalmaqda davam etməsi və enerji istehlakının da artması şəraitində yaranmış vəziyyətə yeni yanaşma olmalıdır. Belə bir deyim var (yenə atalar sözü), vəziyyəti dəyişə bilmirsənsə, ona münasibəti dəyiş. Dünyada artıq bunu edənlər var. Xüsusi eksperimental layihələr üzrə işlər artıq ABŞ-ın San-Antonio, Hollandiyanın Utrext şəhərlərində və Monako krallığında aparılır. İşlər bir neçə illik planlar əsasında həyata keçirilir. Və bu, yalnız başlanğıcdır. Yeni yanaşmanın əsas prinsipi elektrik enerjisinin effektivliyini artıraraq onun istehlakını azaltmaqdan ibarətdir. Bu, mümkünləşdikcə karbohidrogen ehtiyatlarına tələbatı da azaltmaq bir gerçək olacaq. Neft qiymətlərinin bir daha 150 dollara çatmayacağını nəzərə alsaq, belə yanaşmanın nə qədər böyük həyati məna kəsb etdiyini anlamaq bir o qədər də çətin olmamalıdır.

Məsələn, 37613 nəfər əhalisi və illik əməli büdcəsi 747,2 milyon yevro olan Monakoda bunu etmək üçün dənizdə üzən fotoelektrik modullar, bina və tikililərin dam və divarlarına isə havanın turbulent axınlarına uyğunlaşdırılmış külək generatorları quraşdırılır. Nəhəng yel dəyirmanlarına da artıq ehtiyac azalır. Hökümət yaşadıqları evləri müstəqil elektrik stansiyasına çevirmək istəyənlərə 30 min yevroluq subsidiyalar da ayırır. Bu işlər 2020-ci ildə yekunlaşdırılmalıdır. Bu yaxınlarda isə dünyaca məşhur İlon Mask hər bir hissəsi günəş batareyaları kimi çalışacaq dam örtüklərinin bazara çıxarıldığını elan etdi. Bütün bu qeyri-ənənəvi enerji mənbələrindən yararlanma elektrik enerjisindən istifadənin səmərəsini artırır və hal-hazırda istehlak edilən karbohidrogen yanacaq növlərinə qənaət etməyə və xərcləri xeyli dərəcədə azaltmağa imkan verir. Bütün bu sadaladığım işlərin görülməsi həm də yeni iş yerləri deməkdir. Bizə də bu yolla getməyə dəyməzmi? Dəyər, çünki Bakının bolluca küləyi də var, günəşi də. Onun dənizin sahilində yerləşdiyini yada salmağa isə, zənnimcə, heç ehtiyac da yoxdur.

Beşinci sual: Bəs bunu etmək üçün nə lazımdır? Bax problem də elə bundadır. Enerji təchizatı məsələsinə iki daban-dabana zidd yanaşma mövcuddur – şaquli və üfüqi. Birinci halda, enerji əhaliyə yuxarıdan ötürülür və təbii ki, qiymətlər də diqtə edilir. Lap elə bizim Tarif Şurası etdiyi kimi. İkinci halda isə enerjinin yuxarıdan ötürülməsi deyil, üfüqi müstəvidə paylanması baş verir, yəni enerji münasıbətləri demokratikləşir. Daha Tarif Şurası əhaliyə enerjini inhisarçı şirkətlərin istəyinə uyğun qiymətə sırıya bilmir…

Altıncı sual: Bunu edəcəyikmi? Bilmirəm. Mən yalnız üzdə olan məqamlara toxunmuşam. Bildiyim odur ki, bu, sadə böhran deyil. Dünya boyunca yeni iqtisadi-siyasi formasiyanın yaranmasının ilkin təzahürləridir. Bu proses illərlə də çəkə bilər, ildırım sürətilə də gedə bilər. İstənilən halda buna hazır olmaq lazımdır.

Bizə gəldikdə isə, enerjiyə pəncərə və nəfəslikləri açmamaq, onların qiymətini artırmaq və ya ayağı yorğana görə uzatmaqla qənaət etmək mümkün olmayacaq, çünki işıq və qazın qiymətinin “mücərrəd differensiasiya” vasitəsilə artırılması büdcəni qismən dolduracaqsa da, əhalinin alıcılıq qabiliyyətini azaldacaq, iqtisadiyyatı isə zəiflədəcəkdir. Və iki Bakı söhbəti daha kəskin şəkil alacaq.Baki ikiyə bölünəcək – azalmaqda olan varlılara və sürətlə artmaqda olan kasıblara. Nəticədə, əlini hər şeydən üzən camaat gec-tez ayağa qalxacaq. Yox-yox, hakimiyyətə deyil, varlılara etiraz ediləcək və bu etirazlar məişət səviyyəsində soyğunlara çevriləcək. Dükanlar talanacaq, zəngin evlər yağmalanacaq. Bax onda, əsl böhran başlanacaq. Hələliksə, düzgün suallara cevik və düzgün cavablar verilməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button