Eldəniz Quliyev Astarada saxlanıldı

eldeniz-quliyev-yeni

Milli Şura üzvünün ölkədən çıxışına yasaq qoyulub

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kinodramaturq Eldəniz Quliyev dünən İrana gedərkən sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Bu barədə “Azadlıq”a məlumat verən Eldəniz Quliyev bildirib ki, İrana beynəlxalq kino konfransında iştirak etmək, eyni zamanda müalicə məqsədilə gedirdi.

“Astarada sərhəddən buraxmadılar, dedilər ki, Nəsimi Rayon Polis İdarəsinin saxlanılmağım barədə müvafiq qərarı var. Məni saxlayıb Astara polisinə təhvil verdilər. Səkkiz saata yaxın Astara Rayon Polis Şöbəsində saxlanılandan sonra iltizam alıb buraxdılar”, – deyə Eldəniz Quliyev bildirib.

Kinodramaturq qeyd edib ki, sabah Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək, sözügedən qərarla maraqlanacaq: “Mənim özümə də aydın deyil ki, söhbət hansı qərardan gedir və ya bu qərarda mənim saxlanılmağım üçün səbəb olaraq nə göstərilib. Açıq-aşkar qanunsuz qərardır. Hesab edirəm ki, bu mənim siyasi fəaliyyətim, hökumətin ünvanına səsləndirdiyim tənqidlərə görə sistemli şəkildə davam edən təzyiqlərin tərkib hissəsidir”.

Qeyd edək ki, ötən ilin oktyabrında daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin barəsində ittiham hökmü çıxarmışdı. Tanınmış ziyalı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilinərək, 1000 manat cərimə və 480 saat ictimai işlər cəzasına məhkum edilmişdi. Sözügedən hökmlə əlaqədar Eldəniz Quliyevin ölkədən çıxışına qadağa qoyulmuşdu. Lakin kinodramaturq Astarada sərhəddə saxlanılmasının bu məsələ ilə əlaqəsi olmadığını deyir: “Əvvəla, qeyd etdiyim kimi, Nəsimi Rayon Polis İdarəsinin qərarının olduğunu dedilər. Yəni bu başqa qərardır. Bundan başqa, hökmdə göstərilən məsələlər yerinə yetirilib – həm cərimə ödənilib, həm də 480 saatlıq ictimai işlər cəzası çəkilib. Bunlar yerinə yetirildikdən sonra isə Ədliyyə Nazirliyinin qərarı ilə ölkədən çıxışıma qoyulan məhdudiyyət aradan qaldırılıb”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button