Eldəniz Quliyev yazır: “Ziyalı kimdir, necə olmalıdır?!”

Eldəniz Quliyev

Son vaxtlar mətbuat səhifələrində, sosial şəbəkələrdə, eləcə də elektron KİV-lərdə ziyalı anlamı və ziyalı probleminə xüsusi diqqət ayrılır, bir çox hallarda isə, «ziyalı kimdir?» mövzusu ətrafında müzakirələr açılır, müxtəlif mülahizələr yürüdülür. Bu, təbiidir və şübhəsiz ki, təqdir də olunmalıdır. Amma təəssüflə qeyd edək ki, nədənsə bu sayaq ciddi mövzular, əsasən mövqe və əqidələri aydın olmayan “ekspertlər” tərəfindən gündəmə gətirilir.

Əslində, məsələyə bir qədər fərqli prizmadan yanaşmaq daha düzgün olardı; yəni bu gün, «ziyalı adını kimə şamil etməli?» ritorikasından vacib – «ziyalı insan necə olmalı, nə etməli və onun missiyası nədir?» suallarına cavab aranmalıdır. Zənnimcə: «Bu gün ziyalıların səsi eşidilmir, onlar öz sözünü demir, susur, münasibət bildirmir…» və s. və i.a. bu kimi fikirlər səsləndirib, hamını ucdantutma bir rəngdə görmək, fərqinə varmadan hamını məddahlıq, satqınlıq və laqeydlikdə suçlamaq qərəzli yanaşmadır. Müasirlərimizdən neçə-neçə ləyaqətli və nəcib insan adı çəkmək olar ki, onlar zaman-zaman öz sözlərini deyib, haqsızlığa, ədalətsizliyə qarşı qətiyyətlə çıxaraq, fəryad qoparıb, çığırıb, bağırıblar, amma nə fayda?.. Bu səslər mənsəb sahibləri tərəfindən eşidilməyib, qulaqardına vurulub, sapand daşı kimi ünvansız uçub-gedib… «heç hara» düşüb! Eşidiləndə, hədəfə çatanda isə, qayıdıb elə həmin söz sahibinin öz başında çatlayıb. Məhz bu səbəbdən də, bu gün dürüst, ədalətli və haqlı söz deməyin özü təhlükəli bir “işə” çevrilib.

 Digər tərəfdən, nə vaxtsa yumruq kimi bir olmuş, sonradan bir-birinə barmaq silkələyə-silkələyə həmin o yumruğu açmış insanlara, nəsə vacib mətləblər çatdırmaq, həqiqətən də müşkül məsələdir. Açılan yumruq çəpik-cırtma çalmağa yarayar… Sözü, məsləhəti eşitməli olanlar bu gün nəinki ziyalını, hətta özlərini belə eşitmirlər. Buna biçarə ziyalı neynəsin axı?.. Söz eşitməyənə söz demək, kora güzgü vermək kimidir, – «sağ ol» deməz. Öz mübarizələrində lalların qışqırtısını, korların davasını yamsılayan və deyiləndən daha artıq, istədiklərini eşitməyə öyrəşmiş hikkəli-iddialı «azadlıq aşiqləri»nə sözmü çatır, ünmü yetir?..

Bu gün Azərbaycan hələ də öz keçid dövrünü yaşayır. Yəni bu gün ölkə iki ictimai-siyasi sistem arasındadır: avtoritar – inzibati üsul-idarədən demokratik idarəçilik formasiyasına keçid mərhələsində. Belə zaman kəsiyində, adətən, istənilən ölkədə siyasi elitadan daha artıq (və ondan qabaq), xalqın taleyinə biganə qala bilməyən zəka və əqidə sahibləri fəallaşır, proseslərin önünə düşməyi özlərinə vətəndaşlıq borcu bilirlər. Bəs bizdə nə baş verir? Siyasi partiyalar – istər iqtidar, istərsə də müxalifət olsun, bu mürəkkəb, həssas, ağrılı və milli mənafe baxımından son dərəcə mühüm mərhələdə ziyalının önə düşməsinə, hadisələrdə «əsas rol» oynamasına macal verirlərmi? Əlbəttə, yox. Sözdə, guya, ziyalı sözünü eşitmək istədiklərini desələr də, əslində, onun gözünü çıxarmağa fürsət axtarırlar…
Amma gəlin bu məsələni hələlik bir kənara qoyub, keçək ziyalı insanların vəzifələrinə. Aydınlaşdıraq: əgər biz, milli mənafeyi öz şəxsi maraqlarından üstün tutan mütərəqqi düşüncəli, vətənpərvər şəxsiyyətlərdən danışırıqsa, onda umacağımız bir məsələdir; yox, əgər söhbət ləyaqət hissini itirmiş və öz işini məddahlıqda görən, yaxud öz xeyri üçün hər şeyi, hətta günəşi belə inkar etməyə hazır olan bir para ziyalı qiyafəli ziyanlı adamlardan və onların vəzifələrindən gedirsə, onda bu, tamam başqa bir məsələdir.

Birinci qisim aydınların əksəriyyəti hər hansı obyektiv (çox vədə isə subyektiv) səbəblərdən onları rahatsız edən ictimai-siyasi, mənəvi-etik, psixoloji və digər problemləri ürəyinə salıb qovrula-qovrula qalır. Onların mübarizələri, əsasən, rahat mətbəxlərindən kənara çıxmadığından, təbii ki, ictimai müstəviyə, yaxud ictimai fikrə də təsir etmir. Deməli, onlar, müvafiq olaraq, öz missiyalarını da yerinə yetirə bilmirlər. İkinci qisim ziyalılar isə konformist məqsədlərin qulu olub quyruq bulamaqla vəzifələrinin öhdəsindən «layiqincə» gəlməyi bacarırlar. Ancaq bu, əlbəttə ki, nəzərdə tutulan və əsl ziyalının, alicənab insanın yerinə yetirməli olduğu vəzifənin antonimindən başqa bir şey deyildir.

Vəzifə isə birdir.

Bunu nə mən, nə sən, nə də qeyri-birisi müəyyən edib. Bunu Tanrı özü müəyyənləşdirib: ziyalı bəndə öz xalqının mənəviyyat daşıyıcısı, vicdan simvolu və ləyaqət timsalı olmalıdır! Və yetər ki, bizim hörmətli iqtidar da, sayğılı müxalifət də adi, «iki üstə gəl iki» qədər bəsit bir həqiqəti dərk eləsin: ziyalı– təpədən dırnağacan, qanına, iliyinəcən alicənab İnsan həmişə müxalifətdədir, Allahdan, Xalqdan və Dövlətçilikdən savayı hamıya və hər şeyə müxalifətdədir, çox vədə elə, müxalifətin özünə müxalifətdədir və bu, heç də və qətiyyən onun iqtidar olmasına dəlalət eləmir. Bu, hər şeyin və hamının yaxşı olması, daha doğrusu – pislərin yaxşı, yaxşılarınsa daha yaxşı olması üçündür. Bəli, bu, uca Tanrının öz işıqlı və aqil bəndəsinin alnına əbədi həkk elədiyi qaibanə bir TALE YAZISIDIR.

Ürək ağrısıyla qeyd edək ki, bu gün ziyalıların fal-fal doğranıb – parçalanıb ayrı-ayrı hücrələrə çəkilməsində maraqlı olanlar, onları çörəklə imtahana çəkib iqtidar-müxalifət səngərinə girməyə təhrik edənlər məkrli bir məqsəd güdürlər və çox güman ki, bu məqsədin nüvəsində «plastilin xalq», yaxud «zombiləşmiş, manqurtlaşmış millət» yaratmaq siyasəti dayanır… Səd heyf ki, onlar bu çirkin niyyətlərində müəyyən «nailiyyətlər» də qazanırlar.
Subyektiv də olsa, düşünürəm ki, əgər iqtidarın əsas vəzifəsi öz dövlətini, xalqını, cəmiyyətini idarə etmək və onu tanıtdırmaqdırsa, ziyalı zümrəsinin məramı – o xalqı və o cəmiyyəti qoruyub-hifz etmək və sevdirmək olmalıdır. Eləcə də, əgər müxalifətin ali məqsədi son nəticədə hakimiyyətə gəlmək, mənsəbə yiyələnməkdirsə, ziyalıların amalı, onlardan fərqli olaraq, xalqı MƏBƏDƏ aparan TƏKAMÜL YOLUNA çıxarmaqdır. Və bu müqəddəs missiya sahibi həmin o YOLA zərrə qədər də olsa, kölgə sala biləcək heç bir güzəştə getməməlidir. Ziyalı öz hesabatını Tanrıya, müvafiq olaraq öz vicdanına verməlidir. Çünki «vicdan» dediyimiz o məchul məfhum əslində, elə Allah-təalanın bir çimdik Nurudur – hopdurub öz sevimli bəndələrinin qəlbinə. Elə bunun üçün də bu gün Azərbaycanın hələ ki vicdanını itirməmiş olan-qalan aydın insanları öz səylərini ölkəmizdə cənnət yaratmaqdan daha çox onun cəhənnəmə çevrilməsinin qarşısını almağa yönəltməlidirlər. Bunu isə, ilk növbədə, şəxsi nümunə, fədakarlıq hesabına, eləcə də sidq-ürəklə deyilmiş səmimi SÖZ vasitəsilə etmək mümkündür.

Həyatın ən möhtəşəm möcüzəsi insan doğuluşudur. Körpə ana bətnindən xilas olan məqamda bu dünyadan aldığı ilk pay-əmanət NƏFƏSDİR. Və onun bu İlahi nemət müqabilində dünyaya qaytarıb verdiyi SƏSdir. Deməli, Nəfəs də, Səs də Tanrı hədiyyəsi olduğu üçün müqəddəsdir. SÖZ isə bu iki müqəddəs hikmətin-Nəfəs və Səsin birləşməsindən yaranır və məhz elə buna görə də ikiqat müqəddəs sayılmalıdır. Biz bunu dərindən düşünüb anlasaq, heç vaxt dediyimiz və verdiyimiz sözə yalan qatıb xəyanət etmərik; bununla da biz çox əzab-əziyyət və günahlardan bilmərrə xilas olarıq.
…Ziyalı insan əlbəttə ki, dünyanın istənilən mənzərəsində öz sözünü deməlidir. Zülmə, zülmkara, haqsızlığa, yalan və bədxahlığa qarşı haqq səsini qaldırmalıdır. Bunu etməyən, ya etmək istəməyən ziyalı, əslində, laldan daha artıq kordur. Mən həmişə dediyimi yenə də təkrar edirəm: ziyalı siyasiləşməməlidir. Ancaq bu qənaət heç vəchlə «ziyalı siyasətlə məşğul olmamalıdır» kimi qəbul edilməməlidir. Aydın insanların siyasətin, habelə siyasi qurumların fövqündə dayanması və siyasəti ziyalılaşdırmaq istəyi elə onların siyasəti olmalıdır. Çünki biz siyasəti müstəsna olaraq siyasilərin ixtiyarına verə bilmərik. Necə deyərlər, siyasət bir o qədər sadə məsələ deyil ki, onu ancaq siyasətçilərin öhdəsinə buraxasan!.. Bir sözlə, mövcud zaman kəsiyində, mövcud ictimai, sosial-siyasi və mənəvi-psixoloji durumda yaşayan ölkənin ziyalısı bu gün çox ağır, ağır olduğu qədər də şərəfli yükün altına girməyə, sadəcə, məhkumdur və bundan çəkinməməlidir də. Neynəmək olar, bu da bir taledir!..

Bu gün ölkəmizdə hansı proseslər gedir? Vətəndaş cəmiyyəti quruculuğu yolunda bəşəri dəyərlərə söykənən demokratik institutlar təsis olunurmu? Milli-mənəvi, əxlaqi və dini dəyərlər sistemi yaratmaq və bu zəngin tarixi irs və mental keyfiyyətlərlə dünyanın sivil ölkələri cərgəsinə qoşulmaq üçün əsaslı işlər görülürmü? Mətbuat söz və dini etiqad azadlıqları ürəkaçan və qənaətbəxşdirmi? Əhalinin ictimai-siyasi fəallığı, öz hüquqlarını, şərəf və ləyaqətini qoruması üçün həqiqı maarifləndirmə tədbirləri həyata keçirilirmi və belə bir müstəqil meydan varmı? Qarabağ uğrunda mübarizə yetərincədirmi, başqa sözlə, SMS dilənçisinə çevrilmiş TV-lərin şou hoqqabazlıqlarından qurtulub fədakarlıq, qəhrəmanlıq, vətənsevərlik və qeyrət-ləyaqət nümunələri təlqin edilirmi? Xalqın maddi və mənəvi rifahını yüksəltmək, sosial ədaləti bərpa etmək, milli barış, habelə milli birlik naminə qətiyyətli və düşünülmüş addımlar atılırmı? İqtidar-müxalifət qarşıdurmasının qatı düşmənçiliyə (yaxud parodiyaya!) çevrilməməsi üçün real fəaliyyət göstərilirmi? Dəmiri kəsən pas kimi, cəmiyyəti didib-parçalayan korrupsiya, məmur mənəm-mənəmliyi, monopoliya, yalan və saxtakarlıq virusuna qarşı ortaya hər hansı effektli «vaksin» qoyulurmu? Ölkə üzərinə Təpəgöz qiyafəsi və iştahasında şığıyan qlobal ekoloji təhlükələrdən, inflyasiyalardan, mənəvi aşınmalardan nicat yolları axtarılıb-aranılırmı?

Bu, cavabı ancaq, «yox» olan ağrılı-acılı suallardan ibarət geniş bir məqalə mövzusudur… Etiraf etməliyik ki, cəmiyyətimiz, daha doğrusu, xalqımızın ruhu, ilk baxışda nəzərə çarpmayan, əslində isə, olduqca mürəkkəb bir xaos içərisində uçum-uçum uçunur. Təhlükəlisi, hətta dəhşətlisi budur ki, bu XAOS idarə olunur. İdarə olunur bu XAOS (?!).
Elə bil paradokslar məmləkətində yaşayırıq… Az qala, hər şeydə bir məntiqsizlik, az qala hər yerdə təbiətin əbədi qanunlarını belə inkar edən bir absurdluq. Bizim ölkədə çay dağ aşağı yox, əksinə də axa bilər və bu normal bir hadisə sayılar; bizim ölkədə ağıllı, işgüzar və istedadlı adamlar bir qarın çörəyə möhtac (oxuculardan üzr istəyirəm), iki eşşəyin arpasını bölə bilməyənlər isə var-dövlət, şan-şöhrət sahibi ola bilərlər. Oğru doğruya «xox» gələr, yalan ayaq tutub yeriyər, haqq nazilib üzülər… və yenə heç kim təəccüblənməz. Amma bu, belə olmamalıdır, bu, düzgün deyil!.. Nə isə… bütün bunlar barədə ağrımadan, göynəmədən düşünmək, danışmaq olmur.

«Sən mənimlə deyilsənsə, deməli, düşmənimləsən», yaxud, «sən ya ağ olmalısan, ya da qara» – bu sayaq sərt və səfeh ittiham müəllifləri bilməlidirlər ki, daim adamın yaxasından yapışıb: «sən ya ağ, ya qara olmalısan!» deyəndə, bir gün həmin o adam qayıdıb adamın üzünə bozarar. Həm iqtidar, həm də müxalifət düşərgəsində bozara-bozara qalan belə adamlar kifayət qədərdir. İnsan da təbiətin bir parçasıdır, bildiyimiz kimi elə təbiətin özündə nə az, nə çox – yeddi təmiz rəng mövcuddur… Şərhə ehtiyac varmı?

Niyə və nə səbəbə bizdə tərəflərin (müxalifəti və iqtidarı nəzərdə tuturam), bir-birinə qarşı bu qədər iradı, acığı, ədavəti, bəzi hallarda isə, açıq-aydın nifrəti var? Bəs deyilmi?! Mono-tamaşa siyasətinə son qoymağın və monoloq janrından dialoq üslubuna keçməyin vaxtı yetişməyibmi? Cənablar, müəllimlər, bəylər! Biz yığışıb dil tapa bilərik. Vallah-billah, dil tapa, bir-birimizi anlaya və anlada bilərik. Bu, göründüyü qədər də çətin bir iş deyil. Əslində, bunun üçün heç şərt-zad da lazım deyil. Bircə, səmimiyyət lazımdır. SƏMİMİYYƏT! Bir araya gəlmək, dil tapmaq üçün SƏMİMİYYƏT – hər iki tərəfin əsas «şərti» elə bu olmalıdır. «Düz dayanmısansa, kölgənin əyri düşməyindən qorxma!».

Bir də ona görə «dil tapa bilərik» deyirəm ki, səhv, xəta, günah ancaq və ancaq bir «cəbhədə» deyil – hər ikisindədir. Məhz elə buna görə də bir çox məsələlərdə ortaq məxrəcə gəlmək daha asandır. Nə qədər təzadlı səslənsə də, bu, belədir; çünki günah (səhv, xəta, suç və qələt) ancaq birində, yəni mütləq şəkildə bir cinahda olsaydı, bu ixtilaflar da heç bu qədər uzanmazdı…

Ən əsası isə, haqqında danışdığımız tərəflərin bir-birini «həzm» etməsi (əlbəttə, söhbət bir-birilərini çeynəyib-udub, həzm-rabedən keçirmək istəyindən getmir… Hərçənd, bəlkə də onların ən böyük arzuları elə budur), yaxınlaşması və millətin taleyüklü məsələlərində bir araya gəlməsi, özlərindən daha çox üçüncü tərəfə – XALQA lazımdır, özü də hava-su kimi.

İndi özünüz nəticə çıxarın: tərəzinin bir gözündə, bu barışmaz tərəflərin tragikomik ambisiyaları, digər gözündə isə, xalqın – Azərbaycan xalqının, bizim xalqımızın taleyidir!

…Hansı ağır gələr?

«Dünyada səmimi insan ünsiyyətindən qiymətli heç nə yoxdur» – işıqlı Eqzüperinin cümləsi də nur saçır…
Bəli, əzizlərim, bu gün biz aramızda keçilməz divar ucaltmaq əvəzinə, körpü tikməliyik – mayası hörmətdən, məhəbbət və səmimiyyətdən yoğrulmuş ünsiyyət körpüsü!
Və biz bunu, «daldan atılan daş»a ehtiyac qalmasın deyə, bu gün etməliyik. Mütləq etməliyik!
Özgə çarəmiz yoxdur!..

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button