Eldar Həsənov Milli Təhlükəsizlik naziri olacaq? – VERSİYA

eldar həsənov

Adının çəkilməsini istəməyən ekspert: “Eldar Həsənovun təkcə Milli Təhlükəsizlik Nazirliyini deyil, hər hansı bir postu ələ keçirməsi, eynilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması effekti verər…”

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov Bakıda görünən kimi diqqət mərkəzinə gəldi. Bu da səbəbsiz deyildi. MTN-lə bağlı ciddi proseslərin baş verdiyi vaxtda, Eldar Həsənovun Bakıya gəlişi diqqətdən kənarda qala bilməzdi. Digər tərəfdən, onun Bakıya gəlişinin mətbuatda “Bakıya çağrıldı” kimi təqdim edilməsi də diqqətləri ona yönəltdi. Həmçinin hakimiyyətdəki rəqiblərinin nəzarətində olan media orqanlarında onun əleyhinə olan xəbərlərin yer alması hakimiyyət daxilində hansısa proseslərin baş verdiyi barədə mülahizələrə səbəb oldu.

“Azadlıq” qəzetinin yazdığına görə, rəqblərinin səfirə hücuma keçməsi səbəbsiz deyil. Məsələ burasındadır ki, ölkə başçısı İlham Əliyev Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda olduğu kimi “MTN işi”ndə güzəştsiz mövqe tutub. Ölkə başçısının “kredit qalmaqalı” ilə bağlı araşdırmaları DIN-ə tapşırması da güzəştsiz mövqenin təzahürü idi. Beynəlxalq Bankın keçmiş rəhbəri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır. Əlbəttə ki, İlham Əliyev bu halda “kredit qalmaqalı”nı MTN-ə tapşırmaqla istədiyi nəticəni əldə edə bilməzdi.

“MTN işi” də Baş Prokurorluğa tapşırılıb. Lakin İlham Əliyev fərqindədir ki, Eldar Mahmudovun 2005-ci ildə keçirdiyi “Qara kəmər” əməliyyatından sonra DİN-lə yanaşı, Baş Prokurorluğa da zərbə dəydi. Daha doğrusu, baş prokuror Zakir Qaralov MTN rəhbərliyi yanında zəif duruma düşdü. Bu baxımdan, İlham Əliyev “MTN işi” daha ona lazım olan nəticələri əldə etmək üçün daha ciddi araşdırılması üçün Baş Prokurorluğun rəhbərliyində dəyişiklik edə biləcəyi gözləniləndir. Hakimiyyətdə də bu qənaəti bölüşənlər çoxdur. O cümlədən, Eldar Həsənovun əzəli rəqibləri Fikrət Məmmədov-Fuad Ələsgərov qruplaşması da bu mülahizəyə ciddi yanaşa bilərlər. Bu ərəfədə Eldar Həsənovun Bakıya gəlişi və yaxud çağırılması onlarda baş prokuror vəzifəsinə yenidən onun təyin edilməsi barədə şübhələri artıra bilər. Məlumat üçün deyək ki, Zakir Qaralov da Fikrət Məmmədov və Fuad Ələsgərovla eyni qruplaşmada təmsil olunur. Rəqiblərinin Eldar Həsənovun yenidən hakimiyyətdə böyük təsir imkanlarına malik olmasını istəməməsi başadüşüləndir. Onlar fərqindədir ki, Eldar Həsənov qisascıl adamdır, böyük gücə çevrilərsə köhnə ədavəti yenidən gündəmə gətirə bilər.

xural.com Eldar Həsənovun Bakıya çağrılması ilə bağlı özəl məlumatlar əldə edib. Məlumata görə, sabiq baş prokurorun Bakıya gəlməsi xeyli müddətdir. O, bir aydan çoxdur ki, Bakıdadır və bu müddətdə hətta vaxt tapıb Cavid Qurbanovun seçki təbliğatında da iştirak edib. xural.com-a daxil olan məlumatlara görə, hətta Eldar Həsənov İsgəndər Həmidovla Cavid Qurbanovu barışdırmağa təşəbbüs göstərib və İsgəndər Həmidovdan Cavid Qurbanovun lehinə geri çəkilməsini, bu baş tutmasa da, heç olmasa, ona qarşı mülayim olmasını xahiş edib.

Mənbəmiz Eldar Həsənovun ikinci məşhur soyadın çağırışı ilə ölkəyə qayıtdığını deyir. Yəni bu dəfə onun üzərində ciddi oyunlar qurulduğu bildirilir. Eldar Həsənovun yaxınlarda Milli Təhlükəsizlik naziri vəzifəsinə təyin olunacağı da verilən məlumatlar arasındadır. Ancaq “Azadlıq” qəzetinin də vurğuladığı kimi, Eldar Həsənov kimsəyə bənzəməz və məhz bu baxımdan, onun Milli Təhlükəsizlik Nazirliyi kimi önəmli bir quruma təyinat alması, ölkədə çox kəllələrin getməsinə səbəb ola bilər. Adını çəkilməsini istəməyən ekspertlərdən birinin bu haqda maraqlı fikirlərini aldıq: “Eldar Həsənovun təkcə Milli Təhlükəsizlik Nazirliyini deyil, hər hansı bir postu ələ keçirməsi, eynilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması effekti verər. Eldar Həsənov xüsusilə indiki zamanda o qədər qüdrətli fiqurdur ki, onun gücünü heç kimlə bərabərləşdirmək olmaz. Hazırda Azərbaycanda hakimiyyət, elə müxalifət komandalarında da onun kimi odioz fiqura rast gəlmək mümkün deyil. Bütün klanlarda adamı, bütün regionlarda nüfuzu olan ikinci belə bir siyasət adamı hazırda ölkədə bircə Eldar Həsənovdur. O baxımdan, onun Milli Təhlükəsizlik naziri kimi önəmli bir posta təyin olunması, indidən hakimiyyətin bölüşdürülməsi anlamına gəlir ki, İlham Əliyev əsla və əsla buna getməz.”

Bütün hallarda Eldar Həsənovun niyə bu qədər Bakıda qaldığı, məqsədin nə olduğu haqqında yaxın günlərdə daha açıq müşahidələrimiz olacaq. Görünən dağa nə bələdçi?

Adil Xan

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button