Eldar Mahmudova yaxın olan bankirin dairəsinin nəticələri ləğv olundu

get_img

Bu, 90 saylı Ağdaş Seçki Dairəsində lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevdir

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə (MM) keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, MSK-ya müraciət edən 90 saylı Ağdaş Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli sürülmüş və deputatlığa namizədliyi qeydə alınmış İlqar Vəliyev və bu dairədə deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

MSK üzvü Ramiz İbrahimov deyib ki, şikayətdə bu dairədəki məntəqələrdə səsvermə günü ciddi pozuntulara yol verildiyi qeyd edilib: “Bu dairədə bir sıra seçki məntəqələri bələdiyyə binalarında yerləşir, şikayətdə bildirilir ki, bəzi bələdiyyə sədrləri və icra nümayəndələri səsvermə günü seçkiyə müdaxilə ediblər. Biz protokollara baxış keçirmişik, 3 saylı məntəqədə səslərin sayına sonradan düzəliş edilib. 5 saylı məntəqədə də səslərin göstərilməsində balans pozulur. 7 saylı məntəqədə də səs verənlərin sayı ilə seçki qutusundan çıxan səslərin sayında fərq mövcuddur. 12 saylı, 9 saylı seçki məntəqələrində də belə hallara rast gəlinir. Ümumilikdə seçki məntəqələrindən 17-də belə ciddi problem var ”.

MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd olunub ki, MSK səslərin nəticələri etibarsız sayılan seçki məntəqələrinin sayının bu dairədəki seçki məntəqələrinin sayının beşdə birindən, bu məntəqələrdəki seçicilərin sayının dairədəki seçicilərin sayının dörddə birindən çox olduğu üçün belə bir qərar verib.

90 saylı Ağdaş Seçki Dairəsində lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button