Eldar Mahmudovun atası kimdir?

Eldar Mahmudovun atası kimdir?

Sabiq nazirin atasının heykəli göy tentlə örtülüb; Mübariz Mənsimov onun adını gəmidən götürəcəkmi?..

 
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunmasına baxmayaraq, adı gündəmdən düşmür. Eks-nazir daha çox çevrəsindəki şəxslərlə bağlı gündəmə gəlir.
Oktyabrın 29-dan etibarən E.Mahmudovun atası Əhməd Mahmudovun kimliyi barədə suallar hər kəsi düşündürür. Buna da səbəb həmin gün sabiq nazirin atasının Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı türk liseyinin önündəki heykəlinin uçurulması ilə bağlı mətbuatda xəbərlərin yayılması olub. Şübhəsiz ki, xatirəsinə abidə ucaldılan, Fəxri Xiyabanda dəfn olunan şəxs sıradan biri sayılmaz.
Sabiq nazirin atasının heykəlinin götürülməsi xəbəri ilə bağlı kiçik bir araşdırma apardıq. Məlum oldu ki, abidə yerindədir, lakin ətrafı göy tentlə bağlanıb. Hazırda heykəl görünməz vəziyyətdədir. Bu hal abidənin gələcək taleyinin qaranlıq olduğunu göstərir.
Onu da qeyd edək ki, keçmiş nazirin atasının xatirəsinə təkcə abidə ucaldılmayıb. Onun adını əbədiləşdirən şəxslərdən biri də “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Məsimovdur. O, sabiq nazirin atasının adını gəmiyə verib. Gəminin açılışı təmtəraqlı olmuşdu.
İş adamının Eldar Mahmudovun atasının adına gəmi verməsi ilə bağlı bəzi iddialar var. Əsas iddialardan biri, Məsimovun sabiq nazirə işinin düşməsi ilə bağlıdır. Qeyd olunur ki, “Palmalı” prezidentinə yaxın bir şəxsin işdən çıxarılması onu bu addımı atmağa vadar edib. Mənsimovun dünya ölkələrinin əlaqə yaratmaq istədiyi Azərbaycanın bir nömrəli kəşfiyyatçısı ilə dost olmaq üçün də belə bir addım atdığı istisna olunmur.
E.Mahmudovla bağlı suallardan biri də, onun atasının xatirəsinə ucaldılan abidələrin, adının verildiyi gəminin aqibətinin necə olacağıdır. Heykəl götürüləcəkmi, yaxud Mənsimov gəmidən sabiq nazirin atasının adını götürəcəkmi? Zaman yəqin ki, bütün sualları cavablandıracaq.
Eks-nazirin atasının kimliyini də araşdırdıq. Mahmudov Əhməd Əkbər oğlu 1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 1950-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universiteti uçot-statistika fakültəsini, 1954-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsinin aspiranturasını bitirib. 1956-1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1958-1964-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu direktorunun müavini, 1964-cü ildən ömrünün sonunadək isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb. 1976-1988-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda İqtisad elmləri namizədi və doktoru alimlik dərəcəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri, 1981-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının tarix, iqtisadiyyat, fəlsəfə və hüquq bölməsi akademik katibinin müavini vəzifələrində işləyib. AMEA-nın akademiki, iqtisad elmləri doktoru, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
Cavanşir ABBASLI

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button