Eldar Mahmudovun oğlunun nəhəng holdinqi – FOTO

Oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilən və adı bir sıra ciddi qanunsuzluqlarda hallandırılan general-polkovnik Eldar Mahmudovla bağlı yeni şok faktlar açıqlanıb.

Azərbaycanda holdinqlərin, iri şirkətlərin məmurlara yaxın olması heç kimə sirr deyil.

2006-cı ildən fəaliyyət göstərən “Caspian Crystal” şirkətlər qrupunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlum olsa da, geniş ictimaiyyətin bundan xəbəri yoxdur.

“Caspian Crystal” holdinqin İdarə Heyətinin sədri eks-nazirin oğlu Anar Mahmudovdur.

Milli.Az xəbər verir ki, “Marja”nın araşdırması nəticəsində məlum oldu ki, “Caspian Crystal” bir neçə istiqamətdə ixtisaslaşıb – katerinq, qida, restoranlar və avtomobil satışı.

EKSKLÜZİV ŞƏRABLAR SATIR

“Caspian Crystal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – “Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 2 butik fəaliyyət göstərir. “Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı yaradılıb. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştəriləri üçün nəzərdə tutulub.

LÜKS QƏDƏHLƏR SATIR

“Caspian Crystal” şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı “Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur.

QASTRANOMLARI MÖVCUDDUR

“Caspian Crystal” şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır.  2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və “Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb. Hazırda “Gastronomy-1″, “Gastronomy-2″ və “Gastronomy-3″ mağazaları fəaliyyət göstərir.

DƏBDƏBƏLİ RESTORANLAR YARADIB

Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal” – “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.

KATERİNQ XİDMƏTİ DƏ GÖSTƏRİR

“Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşmışdır. Şirkət quruda olduğu kimi neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidməti göstərir.

LÜKS AVTOMOBİLLƏR SATIR

Azərbaycanda  “Range Rover”, “Jaguar”, “Maserati” avtomobillərinin və “Dicati” motesikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də  “Caspian Crystal” holdinqə bağlıdır.

“Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal” plazada yerləşir.

anar mahmudov

anar mahmudov1

anar mahmudov2

anar mahmudov3

Milli.Az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button