Eldar Mahmudovun ölkədən qaçan adamı kimdir?

eldar-mahmudov-profil

Hakimiyyət xaricə ciddi kompromatların ötürüləcəyindən narahatdır; Keçmiş MTN şefi iqtidara hansı mesajı göndərib?

MTN işi ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Bildirilir ki, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun dəstəsinin üzvlərindən birinin “yox”a çıxması hakimiyyətdə ciddi narahatlıq yaradıb. Qeyd edək ki, Baş Prokurorluğun “MTN işi” ilə bağlı məlumatında da bir nəfərin axtarışa verildiyi bildirilirdi. Lakin hansısa səbəblərdən həmin şəxsin adı açıqlanmır. Məlumatlara görə, hakimiyyətin narahatlığı həmin şəxs vasitəsilə xaricə ciddi kompromatların ötürülə biləcəyi ilə bağlıdır. Bundan başqa, məlumatlarda iddia edilir ki, Eldar Mahmudov da hakimiyyətə danışa biləcəyi barədə mesaj verib. İddia olunur ki, MTN-in keçmiş şefi “biz hələ susmuşuq” deyə hədə-qorxu gəlib. Eldar Mahmudovun nələri açıqlaya biləcəyini təsəvvür etmək çətin deyil. Hər halda bu şəxs 11 il ölkənin Milli Təhlükəsizlik naziri olub. Əlində kifayət qədər ciddi kompromatların olması şübhəsizdir.

Moderator.az saytı da “MTN işi” ilə bağlı maraqlı məlumat yayıb. Etibarlı mənbəyə istinadən yayılan məlumatda deyilir ki, Eldar Mahmudov, Akif Çovdarov və Mövlam Şıxəliyev triosu MTN tərəfindən müsadirə edilən bəzi məhsulları sənəd üzərində məhv etsələr də, əslində onları paytaxt və “Sədərək” Ticarət Mərkəzindəki bəzi işbazların vasitəsilə satışa çıxararaq bundan milyonlarla manat gəlir əldə ediblər. Mənbə daha sonra bildirib: “Sabiq MTN rəhbərliyi müsadirə etdiyi bəzi məhsulları – xüsusilə dəpriotexniki vasitələr, fişənglər, tezalışan maddələr, partlayıcılar, aşağı keyfiyyətli və ya qaçaqmal yolu ilə gətirilən məhsulları müsadirə edərək möhürləyib və onları aktlaşdıraraq məhv edildiyi ilə bağlı saxta sənədlər hazırlayıb. Sənəddə bu məhsulların konkret şəxslərin iştirakı iləəyyən edilmiş yerlərdə məhv edildiyi göstərilib. Əslində isə ölkədə satışına qadağa qoyulan və ya satışı məhdudlaşdırılan bu məhsullar sabiq MTN rəhbərliyinin biznes aləmindəki əlaltıları vasitəsilə satılıb ki, nəticədə”qanun keşikçiləri” milyonlarla manat qanunsuz vəsait əldə ediblər”.

Mənbənin sözlərinə görə, bu məhsulların satışı zamanı maraqlı üsullardan istifadə edilib: “Müsadirə edilən və MTN tərəfindən möhürlənən məhsullar məhv edilmək adı ilə idarənin bazasından çıxarılandan sonra onu sabiq MTN rəhbərliyinə məxsus obyektlərə aparır, həmin obyektlərdə tırlarla məhsul tamam başqa rəng və ölçülü qutulara boşaldılır, bunun ardınca bazar qiymətindən bir qədər aşağı qiymətə ”münasib iş adamlarına” təklif olunurdu. Bu təklif iş adamları üçün də maddi baxımdan sərfedici olduğundan həvəslə qəbul edilirdi. İş adamlarını MTN rəhbərliyinə bağlı biznesmenlərlə əməkdaşlığa sövq edən digər bir amil isə onlardan alınan məhsulun satışı zamanı kimsənin iş adamlarına əngəl yaratmaması, bu məhsulları rahat, qorxusuz-hürküsüz şəkildə sata bilmələri idi”.

Mənbə hesab edir ki, yeni ilin yaxınlaşdığı indiki ərəfədə sabiq MTN rəhbərliyi və onlara bağlı iş adamlarının anbarlarında müsadirə edilən və satışa hazırlanan müxtəlif partladıcı və fişənglərin olması ehtimalı böyükdür. Hansı ki, hüquq-mühafizə orqanlarının bu istiqamətdə aparacağı araşdırmalar konkret nəticələrin ortaya çıxmasına yardım edə bilər.

Mənbənin məlumatına görə, bəzi hallarda hansısa məhsula müsadirə adı ilə əl qoyulsa da, həmin məhsullar ümumiyətlə sənədləşdirilməyib və birbaşa şəxsi obyektlərə, ticarət mərkəzlərinə göndərilib.

***

Tanınmış hüquqşünas Qurban Məmmədov isə moderator.az-a Akif Çovdarovla 2011-ci ildəki ilginc söhbəti barədə yazıb. Qurban Məmmədov bildirir ki, müdafiə etdiyi Vaqif Bağırov adlı şəxsi MTN-ə çağırıblar. Qurban Məmmədov da vəkil kimi onunla gedib. Onları Akif Çovdarovun qəbuluna aparıblar: “Bizi yarımqaranlıq dəhlizlərdən, dolanbac koridorlardan keçirib bir otağın qapısının qarşısına gətirdilər.

Zabit məruzə üçün içəri keçdi. Biz gözlədik. Bir azdan qapı açıldı və bizi içəri dəvət etdilər. Mən onu belə yaxından ilk dəfə görürdüm. Otağa daxil olmağımızla başladı, nə başladı! Bu o idi! Məşhur Akif Çovdarov!

Onu əvvəllər yaxından görməmişdim və tanımırdım. Haqqında bildiyim tək o idi ki, jurnalist Aqil Xəlilə qarşı şəxsən qanunsuzluq edərək ona xəsarət yetirib və özünün amansız davranışları ilə məşhurdur.

O, “T” şəkilli stolun başında, mən ondan solda, Vaqif bəy də sağda oturdu. Mənə elə gəldi ki, o, məni tanımır və görmür.

Akif Çovdarov küçə söyüşləri ilə, biədəb ifadələrlə Vaqif Bağırovu təhqir etməyə, başına oyun açacağı ilə hədələməyə başladı. Vaqif Bağırovu tər basmışdı. Cavab verməyə cəsarət etmirdi və sanki komaya düşmüşdü. Çovdarovun isə söyüş və təhqirləri, hədələri havada uçuşurdu. Onun səsi olduqca vahiməli idi. Mən yalnız o anda başa düşə bildim ki, yazıq sıravi vətəndaşlar bu adamın qəbulunda nələr çəkirlər?

Mən: “Başa düşmədim, biz dövlət orqanına gəlmişik, yoxsa bazara? Bu nə hərəkətdir siz edirsiniz?”, – deyə, Akif Çovdarova müraciət etdim. Mən tərəfdə, başım üstündə 3 nəfər də əməkdaş əlləri qarınlarında çarpaz şəkildə durmuşdular. Akif Çovdarov məni eşitməmiş kimi davam etdi. Sanki mən orada yoxam. Vaqifin isə çox ağır psixoloji sarsıntı keçirdiyi göz qabağında idi. Sanki o keyləşmişdi, heç nə eşitmir, heç nə duymurdu.

Mən yenə də etiraz etdim. Bu dəfə səsimi bir azca yüksəltdim və belə davam edəcəyi təqdirdə oranı tərk edəcəyimi, başqa orqanlara müraciət edəcəyimi bildirdim.

Akif Çovdarov qəfildən mənə sarı döndü və “Qurban müəllim, axı sən bizim idarənin qonağı olmusan, qayda–qanunlarımızı bilirsən. Bu adam mənim göndərdiyim əməkdaşlarıma hörmətizlik edib, tabe olmayıb, lotuluq edib, saymır, gəlmir. MTN–nin tarixində bu ilk adamdır ki, özünü belə ”naqlı” aparır. Mən bunun başını tumarlamalıyam? Dövlətə qarşı saymamazlıq edənə sağ ol deməliyəm?” – deyə, dünən baş verən hadisə, Nizami adlı bir nəfərlə telefon danışığı, bu Nizaminin də onun göstərişlərinə tabe olmaması, çağırışına gəlməməsi, onun əməkdaşlarına qarşı hörmətsizlik etməsi barədə durmadan xeyli danışdı.

Mən: “Bütün bunların günahı onlarda deyil, məndədir, əgər nəsə xoşagəlməz hərəkətlər olubsa, Sizə qarşı diqqətsizlik ediblərsə, mən üzr istəyirəm. Onlar mənim məsləhətlərimlə hərəkət ediblər. Sizin də əməkdaşlarınız düz etməyiblər axı, heç bir rəsmi sənəd göstərmədən adamları harasa zorla aparmağa çalışıblar. Onların Hacı Məmmədovun və ya bir başqasının dəstəsindən olmamasını biz haradan bilərdik? Qanun var, qayda var, belə olmaz axı, Akif müəllim” – dedim.

İlk andan olduqca kobud adam təsiri bağışlayan A.Çovdarov getdikcə dəyişdi. Səsi mülayimləşdi, söhbətimiz normal məcraya düşdü. Söhbət əsnasında başı ilə yuxarılara işarə edərək: “Birincinin tapşırığıdır, Nehrəmli İbrahimin ərizəsinə dərkənar qoyub, biz də icra etməyə borcluyuq. Neyləyək, nazirimin tapşırığını yerinə yetirməyək?”

Akif Çovdarovun sözlərindən aydın oldu ki, Nehrəmli İbrahim İbrahimov onunla əvvəllər bir yerdə işləmiş Vaqif Bağırovun ona iki milyon borcu oduğu haqqında Eldar Mahmudova ərizə verib, sonuncu da borcun alınmasını Çovdarova tapşırıb.

Mən “MTN nə vaxtdan mülki işlərə baxmağa, məhkəmənin səlahiyyətlərini icra etməyə başlayıb?”, – deyə soruşanda Akif Çovdarov bildirdi ki, onun vəzifəsi, sadəcə olaraq, üstünə yazılan ərizəni araşdırmaqdır. Onda mən təklif etdim ki, buyursunlar, Vaqif Bağırovun izahatını alsınlar, biz gedək.

Akif Çovdarov İbrahim İbrahimovun biznesindən, onun çoxlu pulu olmağından, ölkədəki kriminal durumdan, apardıqları mübarizədən xeyli danışdıqdan sonra bizə “yaxşı yol” arzuladı və hörmətlə çıxış qapısını göstərdi. Mən “Bəs izahatı kim götürəcək?”, – deyə soruşanda, o, “Əşşi, nə izahat, çıxın gedin, gəldiniz, söhbət etdik, şifahi aydınlaşdırdıq, qoy İbrahim getsin versin məhkəməyə, pulunu tələb etsin, burada bizlik nə var ki?”, – deyə gülümsədi. Aydın oldu ki, rəsmi qeydiyyatdan keçən heç bir ərizə–filan yoxdur. MTN, Eldar Mahmudov İbrahim İbrahimovun şifahi sifarişini yerinə yetirir. Hansı şərtlə, nəyin müqabilində? Bu suallara yalnız istintaq cavab verə bilər…

Biz çıxdıq. Hiss edirdim ki, Vaqif Bağırov özündə deyil, baş verənləri qətiyyən dərk eləmir və gördüklərinə, eşitdiklərinə inanmır. MTN–nin yüz metrliyində saxladığı maşınına çatanadək tez–tez geriyə baxmasından aydın olurdu ki, o, sərbəst buraxıldığına inanmır.

Maşında isə onun mənə dediklərini tam olmasa da, qismən diqqətinizə çatdırmağı zəruri bilirəm: “Balalarına qurban olum, Qurban müəllim. Mən bütün ömrüm boyu sizə minnətdaram, Sizə borcluyam. Bilirsiniz, siz olmasaydınız nə olacaqdı? Akif Çovdarov əvvəl məni təhqir edəcəkdi, sonra da ayağı altına salacaqdı, sonra murdarlayacaqdı. Məni kişilikdən salandan sonra “podval”a salıb iki milyonumu da, var–yoxumu da satdırıb alıncaya qədər orada mənə zülm edəcəkdilər. Mən bundan sonrakı həyatımı sizə borcluyam”. Mən nə qədər dəƏstəğfürullah, sən nə danışırsan, boş şeydir, nə borc–zad? Çovdarov gördü ki, sənin cinayətin yoxdu, buraxdı. Bu ölkədə qanun var, qayda var” desəm də, o, sakitləşmək bilmirdi. Ofisə çatanadək dil qəfəsə qoymadan danışdı. Onu dindirən ruhuna hopmuş qorxu və vahimə idi.

Yalnız ofisdə başqalarının da dediklərindən başa düşdüm ki, həqiqətən də biz çox böyük bəladan xilas olmuşuq. Sən demə, yüzlərlə başqa iş adamının başına gətirilənlərdən məndən başqa çoxlarının xəbəri var imiş. Elə şeylər danışdılar ki, dəətə gəldim”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button