Eldar Sabiroğlu: “İndi siyasi riyakarlar mənə qarşı kampaniyaya start veriblər”

Qabil Hüseynlidən kişi kimi bir şeyi etiraf etməsini rica edirəm: 2003-cü il prezident seçkiləri ərəfəsində o, mənə nə üçün zəng etmişdi?!

eldar sabiroğlu

Mudafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəisi, polkovnik Eldar Sabiroğlu Ramiz Mehdiyev haqqında yazdığı yazıdan sonra ona bəzi cavablar verilib. Sabiq dövlət müşaviri Qabil Hüseyn onu “Mahmudovçu” şəbəkənin üzvü adlandırıb. Bununla bağlı E.Sabiroğlu redaksiyamızı aradı və onunla mövzu haqqında aşağıdakı söhbət alındı:

– Eldar müəllim, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı qələmə aldığınız siyasi hekayətə politoloq Qabil Hüseynli cavab verib və Sizi müəyyən məsələlərdə ittiham edib.

– Başdan-ayağa cəfəng bir müsahibədir. Onun dediklərinin heç bir əsası yoxdur. Musahibəsindəki sonuncu fikrindən başlamaq istərdim. İddia edir ki, guya mən qərbi azərbaycanlıların adından danışıram. Yalançını mənzilinə qədər qovarlar. Harada, nə vaxt kiçik bir söz işlətmişəmsə, Qabil Hüseynli qoysun ortalığa. Tamam yalandır. Əksinə o, bu qərəzli uydurmanı təkrar-təkrar söyləməklə bölücülük missiyasını yerinə yetirmiş olur. Mənim üçün əsas meyar budur: milliyyətindən, yurdundan-yuvasında asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı ölkədə eyni hüquqlara malikdir və bu torpaqda hamının bərabər haqqı vardır.

– Sizi Qabil Hüseynli “Mahmudovçu” qrupa daxil edir. Buna nə deyərdiniz?

– Ramiz Mehdiyevin sözçüsü Qabil Hüseynlinin halına həqiqətən acıyıram. Yeddi partiya dəyişmiş bu adam özünü necə rəzil günə salır. Onun dəyərini Heydər Əliyev çox dəqiq verib: SİYASİ RİYAKAR. Bu, elə bir möhürdür ki, şəxsin həyat səlnaməsindən silinməsi mümkün deyildir. Dövlət idarəçiliyində oturub, başqa yerə işləyən adamdan hər nə desən çıxar. Hüseynli Heydər Əliyevin onun barəsində verdiyi sərəncamı dərk edə bilsə, adam içinə çıxmamalıdır. İndi siyasi riyakarlar mənə qarşı kampaniyaya start veriblər. Administrasiya rəhbərinin sözçüsü rolunu ifa edən Qabil Hüseynli Ramiz Mehdiyevi tənqid etdiyimə görə məni dövlətçiliyə qarşı çıxış etməkdə günahlandırır. Sən demə, Mehdiyev dövlətçilik demək imiş. Mən sözçüdən fərqli olaraq elə düşünürəm ki, dövlətçilik qanunlara əsaslanır və dövlət rəhbərinin prinsiplərindən kənarda kimsəyə məxsus deyil. Kişilik kəlməsini dilinə gətirən Qabil Hüseynlidən kişi kimi bir şeyi etiraf etməsini rica edirəm: 2003-cü il prezident seçkiləri ərəfəsində o, mənə nə üçün zəng etmişdir?! İndi məni özündən müştəbehlikdə təqsirli sayan bu adam İsa Qəmbərin mənimlə görüşmək arzusunda olduğunu bildirdi. Soruşdum ki, Qabil bəy, nə məsələdir, cavab verdi ki, başqan sizi partiyada yüksək görəvdə görmək istəyir. Mehdiyevin sözçüsü qeyd etdi ki, artıq hər şey bitib, Əliyev siyasəti çöküb, xalqın prezidenti İsa Qəmbərdir. Bildirdim ki, yanılırsınız və bu məsələ ilə əlaqədar mənə zəng etməniz hədərdir. İsa Qəmbərlə Heydər Əliyevi və İlham Əliyevi dəyişə biləcək ağılsızlar sırasında deyiləm. Həmən telefonu qapatdı. İndi bu “traynoy” siyasi riyakar gəib mənə dərs keçir.

– Eldar müəllim, bəlkə şəxsi məsələlərdə haradasa bir toqquşmanız var, Qabil Hüseynli bunu unuda bilmir?

– Səmimi sözümdür, münasibətlərimizdə bir gərginlik xəyalıma gətirə bilmirəm. Elə bir şey olmayıb. Görünür, haradasa bir ehtiyacını ödəmək üçün bu işə gedir. Müsavatda başqan müavini olarkən Heydər Əliyev hakimiyyətinə qarşı çıxışlar edərkən Ramiz Mehdiyev mətbuata tapşırıq verirdi ki, bu siyasi riyakarı ifşa edin. İndi bu siyasi riyakarla o siyasi riyakar birləşiblər. “Yeni Musavat” da onlarla ittifaq bağlayıb. İşinizə uğur. Belə qərara gəlirəm ki, sözçü Qabil Hüseynlinin bu cür fikirlərinə bir daha münasibət bildirməyim. Həqiqətən, yeddi partiya, yeddi sifət dəyişmiş bu adamın intriqalarına uymaq fikrim yoxdur. Və bir azdan Ramiz Mehdiyev haqda başqa bir siyasi hekayəti və daha acınacaqlı detalları ictimaiyyətin diqqətinə çatdiracağam.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button