Eldar Sabiroğlu oğlunun həbsindən yazdı: “Əli İnsanovu müdafiə edəndə bilməli idi ki…”

Eldar Sabiroğlu

Rüfətlə ayrıldıq. Bilavasitə hakimiyyətin göstərişi ilə məhkəmə ədalətsiz və qurama hökmü ilə onu 9 il müddətində ailəsindən qoparıb həbsxanaya yola saldı. Rüfətin barəsində çox amansız qərar qəbul etdilər. Mən bütün huquqi imkanlardan istifadə edərək oğlumun günahsız olduğunu sübut etməyə çalışacağam. Bu iqtidar mənə ən böyük pisliyi etdi. Oğluma səbr və təmkin arzulayıram. Və bu ağlasığmaz, qəddar, repressiv münasibətin qarşılığında onu dözümlü olmağa çağırıram.

Rüfət bir müstəntiq olaraq hüquq sistemindəki ədatətsizliyə, rüşvətxor mühitə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa verməklə özünü çirkabın içərisindən xilas etmişdir. Ona verilən cəza bununla bağlıdır. O bilməliydi ki, belə şeylər hakimiyyət tərəfindən qəbul edilmir. Azad söz, özgür fikir ən qorxulu silah kimi qarşılanır. İstintaqın əvvəldən saxta və qurama olduğu mənə tam məlum idi və hiss edirdim ki, ondan asanlıqla əl çəkməyəcəklər. Hakimiyyətin fəlsəfəsi belədir ki, onun içindən çıxıb fərqli fikir yurütmək qəti qəbul olunmur. Mən buna dair təcrübədə olan bir sıra örnəkləri gətirə bilərəm ki, hakimiyyətin qəbul etmədiyi hər hansı addım atanların aqibəti və taleyi nə ilə qurtarıb. Milyonlarla rüşvət alanlar, xalqın malını çapıb-talayanlar qalır bir kənarda, lakin tutmadığı işə görə, müttəhimlər kürsüsünə günahsız adamları əyləşdirib ən ağır cəzaya məhkum edirlər. Bu bir qaydadır, onu pozmaq olmaz. Məhz Rüfət bu qaydanı pozduğuna görə cəzalandırıldı. Buna heç bir şəkki-şüphə ola bilməz. Öyrədilmiş şahidləri onun üzünə qoyaraq istədikləri nəticəni əldə etdilər. Lakin Ramiz Mehdiyevlərə gözün üstə qaşın var deyən olmur. Açıq görüntülərlə onun deputat seçdirmək üçün bir milyon dollar istəməsi bütün ictimaiyyətə bəllidir. Nədən bunun üzərindən sükütla keçildi?! Nədən istintaq qurulub həqiqəti tam aşkar etməyə səylər göstərilmədi?! İnanmıram ki, Heydər Əliyevin dövründə belə bir hadisə baş vermiş olaydı və Ramiz Mehdiyevlə bağlı məlum görüntülərdəki dialoqlara əhəmiyyətsiz yanaşılaydı. Dərinliyə varmıram. Dövlət o zaman möhkəm olur ki, orada hüququn bərabərliyi var, kimsə yüksək vəzifəsinə görə hüququn ədalətli təqibindən sığortalanmır. Ramiz Mehdiyevə həsr etdiyim yazıların acısını və qisasını bu gün mənim oğlum çəkir. Mən buna çox təəssüflənirəm. Günahı həm də Rüfətdə görürəm. O bilməli idi ki, Əli İnsanovu müdafiə edəcək bəyanatla çıxış etməsinin qarşılığı nə ola bilər. Lakin o, bunu gözaltına almadan belə bir tərz nümayiş etdirdi, qarşılığında da ağır cəzasını aldı. Düşünmədi ki, iqtidarın ideoloqları üçün göydəndüşmə olan bu fakt Prezindent İlham Əliyevin masası üzərinə qoyularaq onun taleyini birdəfəlik həll edə bilərlər… Şübhə etmirəm ki, məhkəmin tələm-tələsik başa çatmasına təkan verən amil məhz bununla bağlıdır. Hakim Asim Haciyevə verilən göstəriş elə ciddi və qəti idi ki, o, prosesdə hakim kimi yox, bir dərəbəy kimi aparırdı. Mən bunun parlaq üzünü məhkəmənin gedişində tam hiss etdim. Demək olar ki, nə vəkil Bəhruz Bayramova, nə də təqsirləndirilən şəxs kimi Rüfətə imkan verilmirdi ki, sözlərini axıra çatdırsınlar. Vəkilə açıq-aşkar təhdidi münasibət göstərilir, barəsində qərar çıxarmaq üçün şantaj olunurdu.

Təsəvvür edin, sentyabrın 7-də keçirilən məhkəmənin birinci iclasında dindirilən iki şahid ibtidai istintaqı ifşa edərək verdikləri izahatların onlara məxsus olmadığını bəyan etdilər. Günortadan sonrakı iclasda geri qaytarılan həmin şahıdlərə təziq nəticəsində onlar ifadələrini dəyişərək ibtidai istintaqa verdikləri izahatları təsdiq etdilər. Bu, tam biabırçılıq idi və ölkədəki məhkəmə sisteminin hansı vəziyyətdə olduğunu aşkar biruzə verirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button