Eldar Sabiroğlu prezident İlham Əliyevə müraciət etdi

“Mənim siyasi istiqamətim dəyişməzdir, Heydər Əliyev, İlham Əliyev siyasətidir, ancaq necə ola bilir ki…”

Dünən prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən Rüfət Səfərovun atası, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlu Moderator.az– ın suallarını cavablandırıb.
 
– Eldar müəllim, hazırda oğlunuzla əlaqəniz varmı? Sizcə hansı səbəblər onun bu addımı atmasına şərait yaradıb? 
– Ağır sualdır, necə cavab verim bilmirəm. Əlbəttə ki, heç bir əlaqəm yoxdur. Mənim üçün indi çox çətindir, övladıyla ancaq mətbuat vasitəsiylə danışmağın əzabını heç bir ataya arzu etmirəm. Təsəvvür etmədiyim hadisə ilə qarşılaşdım. Niyə belə etdi, nə üçün bu addımı atdı, bax bu və buna bənzər suallar beynimi didir. İstefa verməmişdən əvvəl Rüfətlə bir neçə dəfə telefonla danışmışdım. Əhvalı da çox yaxşı idi, sonradan nələr baş verdiyini anlaya bilmirəm. Heç vaxt belə bir vəziyyətin yaranacağını hiss etməmişdim.
Artıq bunlar keçmişdə qaldı. Həyatda ən ağır zərbəni övladımdan aldım. Onun sərt mövqe seçməsi bir tərəfdən, digər tərəfdən də kimlərlə gərgin münasibətdə olduğumu bilə-bilə bu addımı atması mənə çox əziyyət verir. Buna görə onu bağışlamıram. Bu mənə qarşı çıxanlar üçün göydəndüşmə bir fakt oldu. Doğma övladım bir anın içində hər şeyi alt-üst edərək onların maraqlarına xidmət etmiş oldu. Bundan ağır və əzablı bir hadisə təsəvvür etmirəm. Prezident  Administrasiyasının rəhbəri ilə bağlı hekayətimin ikinci hissəsini təqdim etmək istəyirdim. Ancaq daha heç bir nəticəsi olmadığını nəzərə alıb arxivə göndərirəm. Çox tutarlı faktlar var idi, lakin mənası nə… Xatırlayırsınızsa yazımın birinci hissəsində qeyd etmişdim ki, mən indi onun üzünə qəhqəhə ilə gülürəm. Vəziyyət elə gətirdi ki, indi o, mənim üzümə qəhqəhə çəkir. Çox təəssüf…
– Eldar müəllim, bəs hekayətinizin ikinci hissəsi nədən ibarət idi?
– Sizə ikinci hissənin sadəcə başlığını qeyd edə bilərəm. “Prezident Administrasiyasının rəhbəri kultunu necə formalaşdıra bildi”. Hekayətin bu hissəsində mən onun ictimaiyyətə bəlli olmayan bir çox məqamları ilə əlaqədar faktları qələmə almışdım. Elə məsələlər var idi ki, ümumiyyətlə onlar barədə heç kimin təsəvvürü yoxdur. Ancaq indi nə faydası…
– Oğlunuz bizə müsahibəsində “düşünməyin ki, valideyinlik təkcə dünyaya gətirməklə bitir deməklə” sanki sizi nədəsə ittiham edirdi. Bəlkə biganəliyinizdən gileylənir?
– Mənim üçün də çox mücərrəddir ki, o, nədən belə bir fikir səsləndirib. Ona ailədə əsla biganəlik olmayıb, biz həmişə onun özündən də, işindən də razı olmuşuq, ona arxa dayaq durmuşuq.
 
– Oğlunuz qeyd edir ki, əlində faktları var və onları açacaq. Sizcə hansı faktlardı və həmin faktları açması nəylə nəticələnə bilər?
– Onun hansı faktları nəzərdə tutduğunu bilmirəm. Sadəcə olaraq ondan soruşmaq istəyirəm ki, nə faktlardır və hansı səbəblərə görədir? Səndə olan “faktlar” çoxlarında var və onlar nə edə bilirlər ki, həmin faktlarla sən də nəyəsə nail ola biləsən. Yazırsan ki, kütləvi ədalətsizliyə və atama verilən əziyyətlərə görə bu addımı atıram. Ancaq sən bu hərəkətinlə atana indiyədək verilən əziyyətlərdən daha çox əziyyət verdin.
Düzdür, oğluma mənimlə bağlı bəzi məsələlər çox toxunurdu. O zamanlar bir çox nəsnələri ictimaiyyətin diqqətinə çatdırmağıma görə mənə qarşı olan hücumlar, təhqiramiz ifadələr və başqa hədyanlar ona çox ciddi təsir edirdi. Ancaq bütün bunlarla bərabər yenə də ona haqq qazandırmıram ki, belə bir addımı atmaqda düzgün edib. O, mənə kömək etməli idi, məni çıxılmaz vəziyyətəı salmamalıydı. İndi həmin o böhtançılar, mənə zərbə vurmağa çalışanlar deyib-gülürlər, onlara fürsət verdi.
– Oğlunuzun bu addımı atmasında özünüzü qismən də olsa nədəsə günahkar hiss edirsinizmi? Ola bilərmi ki, indiyə qədər yazdıqlarınız oğlunuzun mövqeyini dəyişməsinə səbəb oldu? 
– Özümü valideyn kimi günahkar hesab etmirəm. Anası ilə birlikdə onun bir övlad kimi yetişməsi üçün az əmək sərf etməmişik. İndi bu onun müstəqil fikridir və mən də övladımın bu fikrinin əleyhinəyəm. Verdiyiniz sual mənə çox maraqlı gəldiyinə görə demək istərdim ki, əgər bir incikliyi var idisə nəyə görə bunu əvvəlcədən hiss etmirdik. Onu narahat edən məsələlər var idisə dövlət orqanlarına müraciət edəydi. Görünür ki, bunu istəməyib və indi də müxalifətə keçir. Oğluma demək istəyirəm ki, müxalifət sırasına qoşulmaqla gələcəkdə nəyi qazana və nəyi itirə biləcəyini hesbla!
Yenə də qeyd edirəm ki, mənə qarşı hücumlar ona pis təsir etmişdi. Çünki barəmdə elə tərbiyəsiz, təhqiramiz ifadələr işlədilmişdi ki, o, buna dözə bilmirdi. Dəfələrlə bu barədə söhbətlərimiz olmuşdu. Gəncdir, gəncin hissiyatı ilə oynamaq olmazdı. Əgər mənim yazdığım yazıda səhvlər var idisə arqumentlərlə təkzib edərdilər, daha məni niyə təhqir edirdilər. Axı mənim ailəm, yaxınlarım, övladlarım var. Bir neçə adamı qızışdırıb ortalığa saldılar, barəmdə ağızlarına gələnləri danışdılar, ən pis söyüşlərə, təhqirlərə qədər getdilər. Oğlum da bütün bunları götürmədi və belə bir addım atdı. Düzdür səhv addım atdı, ancaq onu buna məcbur etdilər.
– Deyə bilərikmi ki, Eldar Sabiroğlu oğlunun  atasına qarşı olan haqsız hücumlara, şərəf və ləyaqətinin təhqir olunmasına görə mövqeyini dəyişdiyi qənaətindədir?  
– Mən onun verdiyi müsahibələrdən belə duydum. Daha əvvəl də sizə söylədim, indi də açıqca bildirirəm ki, oğlum mənə qarşı ədalətsiz mövqeyə dözə bilmədi.
 
– Son sözünüz?
– Sizin vasitənizlə  yenidən möhtərəm prezidentə müraciət edirəm. Cənab prezident, indi hansı vəziyyətdə olduğumu sizə izah etmək istəmirəm. Ancaq bir məsələni qeyd edirəm ki, ətrafınızdakılar insanlarla elə rəftar edirlər ki, sonda da nəticəsi belə yekunlaşır. Oğlumun atdığı bu addıma heç cür bəraət qazandırmıram. Mənim siyasi istiqamətim dəyişməzdir, Heydər Əliyev, İlham Əliyev siyasətidir. Ancaq necə ola bilir ki, yüksək bal toplayaraq dövlət qulluğuna qəbul olan övladım bir rayonda baş-altı il qalır. Amma ondan aşağı bal toplayanların məqamları isə yüksəldilir?! Bütün bunların hamısı Prezident Administrasiyasının mənə olan münasibətinin nəticəsidir. Onun göstəricisidir ki, Baş Prokurorluq da dəfələrlə xahiş etməyimə baxmayaraq onlardan ehtiyat edib oğlumu irəli çəkmədilər. Hardasa duyurdum oğlumun etirazlarını. Amma indi nə edim ki, belə bir vəziyyətlə qarşılaşdım…

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button