Eldar Sabiroğlu “Qaynar Qazan”da (II hissə): “Müsavatın Divanında şəxsi agentim vardı”

Heydər Əliyevin ailəsinə yaxın olan bu iki nəslin ağsaqqalı olan adamlar – Cəlal Əliyev və Arif Paşayev niyə Ramiz Mehdiyevi istəmirlər?

 

Həsən Əliyevi 30 nəfərlə dəfn elədik

 

Eldar Sabiroğlu ilə “Qaynar Qazan”da müsahibə çoxdan planlarımızda vardı. Digər bir çox müsahiblərimiz kimi, o da bizi bu aydan o aya ata-ata görüşümüzü uzadırdı. Sağ olsun, oğlu Rüfət Səfərovun israrı və dirənişi nəticə verdi və mövzu bir qədər gündəmin arxa planına keçsə də, bizim görüşümüz alındı.

Eldar Sabiroğlu bu hakimiyyətin önəmli simalarından biri olub. YAP-ın qurulmasında, böyüməsində “karınca kadarınca” xidmətləri var. Vəzifələrdə olduğu dönəmlərdə sərt, amansız, barışmaz və kəskin çıxışları ilə seçilib. Vəzifədən gedəndə isə mülayim, səmimi, sadə insan obrazında tanımışıq onu. Təəssüf ki, indiki hakimiyyətin nümayəndələri adətən belədir və biz onları belə tanımışıq. Bu prizmadan çıxış edəndə çox asanlıqla təxmin etmək mümkündür ki, Eldar Sabiroğluna bir də vəsifə verilsə, o, bir daha vəzifə adlanan o nazlı mələyin qoynuna düşsə, yenə xüsusilə, mətbuata və bizə qarşı sərt, amansız, kəskin olaraq qalacaq. O zaman fürsətdən istifadə etmək və müsahibəmizi alındırmaq qaldı bizə. Eldar Sabiroğlu ilə “Qaynar Qazan”da görüşdük.

Təbii ki, klassik YAP-çıdır. YAP-a, onun uğursuz siyasətinə toz qondurmadı. Müsahibə boyu şəxsi düşmən bildiyi adamlardan – Siyavuş Novruzovdan, Ramiz Mehdiyevdən danışdı. Bir peşəkar olaraq qarşı tərəf olmadığı üçün onların da müdafiəsini qurmağa məcbur oldum. Mən bütün ömrüm boyu Ramiz Mehdiyev üçün bu qədər narahat olmamış, onu bu qədər müdafiə etməmişdim. Eldar Sabiroğlu ilə bunu etdim.

Çox istədik ki, Eldar Sabiroğlu ilə məşhur qiyamçı müstəntiqi – onun oğlunu bir yerdə danışdıraq. Ancaq Eldar Sabiroğlu o qədər də demokrat deyil və buna imkan vermədi. Beləliklə, Rüfət Eldaroğlu bizə kənardan baxmağa və qulaq asmağa məcbur oldu. Hamı kimi, onun da haqqında maraqlı açıqlamalar verdi Eldar müəllim. Hətta sualların bir yerində əsəbiləşdi də deyəsən. Oğlundan YAP-ın və onun pullarını qaytarmağı tələb etdi. Bir baxarsan, məsələ ciddiləşər…

Eldar Sabiroğlunu dinlədikcə, “keçmiş xəfiyyəçi olmur” misalı düşür adamın yadına – bu misalın işığında keçmiş YAP-çı da yoxdur. Sistem elə qurulub ki, YAP-ın dışladığı adamlar da onun haqqında qorxa-qorxa, ehtiyatla, eyni zamanda məhəbbətlə danışırlar. Lap Kommunist partiyasının dövründə olduğu kimi. Nədənsə partiya haqqında danışıqları məndə o cür təsir bağışladı Eldar müəllimin. Təbii ki, harada səmimiyyət ölçüsü nə qədərdir, Oxucu-tamaşaçı onu özü hesablayacaq. Bizə isə Eldar Sabiroğlu ilə “Qaynar Qazan”ı izləmək qalır. 3 hissədən ibarət olan bu müsahibə çox maraqlıdır…

İzləyən gözlərinizə sağlıq…

Əvəz Zeynallı

 

II hissə

 

I hissəni buradan oxuyun:

https://www.xural.com/?p=35035 (Eldar Sabiroğlu “Qaynar Qazan”da (I hissə): “Prezidentə düşmən olan hakimiyyətdaxili qruplar var”)

Tutaq ki, biz almaq istəyirik, bəs onlar niyə satılırlar?

 SAM_0020

– Heydər Əliyev niyə Cəbhənin hakimiyyətdən getməsində maraqlı olub? Səmimi idisə, niyə xalqa müraciəti bir il əvvəl də etməmişdi?

– Heydər Əliyev maraqlı deyildi ki, Cəbhə getsin. Heydər Əiyev onda maraqlı idi ki, Cəbhə işləyə bilsin. Hakimiyyət işləyə bilmədi. Mən indi konkret fakt gətirəcəyəm. Bayaq da söylədim. Cəbhənin üzvü idim və müəyyən proseslərdən də xəbərdar idim. AXC təzə-təzə hakimiyyətə gəlmişdi, bərkimişdi, müxalifət dərhal neçə yerə parçalandı? Siz xatırlamış olarsınız.

– Hakimiyyətin özünü demək istəyirsiniz?

– Bəli, hakimiyyətin özü. İsa Qəmbər Müsavatı, Etibar Məmmədov Milli İstiqlal Partiyasını yaratdı, Xalq Cəbhəsi də Elçibəyin rəhbərliyi altında qalıb işini davam etdirdi. Nəticəsi də bu olmalı idi. Yenə də eyni əhvali-ruhiyyədə müxalifət yaşayır. Mən də bir vətəndaş, siyasətçi kimi narahatam ki, bunların hakimiyyətə gəldiyi zaman bu cür daxili çəkişmələri eynilə o vaxtkı kimi davam edəcəksə, onda hakimiyyətə gəlməmələri daha yaxşıdır. Azərbaycan hakimiyyəti də istəyir ki, saf, prinsipial, heç bir başqa məqsəd güdməyən müxalifət yaransın. Öncə sizin bir maraqlı sualınız oldu. Pul-para məsələsi… Mən yenə deyirəm, bunu görməmişəm. Yaxşı, o zaman sən niyə satılırsan? Tutaq ki, mən istəyirəm səni zərərsizləşdirəm, öz tərəfimə çəkəm. Sənin şüurunun, biliyinin, hər şeyinin üstündən xətt çəkib, özümə işlətmək istəyirəm. Nə üçün buna gedirsən? Bir deyil, iki deyil, üç deyil… Onlarla ad çəkərəm.  Sonralar partiyanın aparatında mühüm vəzifə tutanda da,  parlamentin üzvü olanda da müxalifət partiyalarının nə qədər üzvü ilə söhbətlər etmişəm.

Müsavat Partiyasının Divanında şəxsi agentim vardı

DSC09986

– Prosesdə sizin də rolunuz olub?

– Mən açıq etiraf edirəm ki, Müsavat Partiyasının Divanının toplantıları keçiriləndə yarım saat sonra orada müzakirə olunan məsələlərdən artıq mənim xəbərim var idi.

– Kim deyirdi, o məlumatları sizə? Qabil Hüseynli?

– Yox, mən o adamın adını vermərəm. Düzdür, həmin adam mənim agentim işləyirdi.

– Qabil Hüseynli sizin agentiniz işləyirdi?

– Yox, yox, Qabil Hüseynlinin adını mən çəkmirəm.

– Demək, sizin Müsavatın Divanında sizin agentiniz var idi?

– Bir az yekəxanalıq çıxmasın, amma mənə işləyən agent var idi.

– Yəni Divanda baş verən hadisələri yarım saat sonra siz bilirdiniz?

– Bəli, məlumatlar yarım saat sonra məndə var idi.

– Eldar müəllim, bunun qarşılığında adamları maraqlandırmaq üçün onlara nəsə verirdinizmi?

– Yox, heç nə vermirdim. O, çox sədaqətli adam idi.

– O adam indi haradadır?

– İndi haradasa işləyir.

– Çox maraqlandırdınız…

– Mən o adamın kimliyini sizə açıqlamaram.

Qabil Hüseynli – icarəyə götürülmüş politoloq

qabil huseynli

Qabil Hüseynli

– Axı, siz bir dəfə müsahibələrinizin birində demişdiniz ki, “Qabil Hüseynli mənə zəng vurub dedi ki, gəl…”

– O, başqa bir mövzudur. Başqa bir söhbətin mövzusudur. Lakin mən müxalifətin gerçək mahiyyətini açıb göstərmək istədim.

– İsa Qəmbərin tərəfinə keçmək haqqında sizə olunan təklifdən danışmısınız… Necə oldu bu?

– Günlərin birində Qabil Hüseynli – icarəyə götürülmüş politoloq – onun ən yaxşı qiymətini Heydər Əliyev verib – mənə zəng elədi. Salamdan sonra dedi ki, Eldar bəy – bəy sözündən də mənim heç xoşum gəlmir, dedim, eşidirəm, Qabil müəllim. Bu hadisə 2003-cü ildə, prezident seçkiləri ilində olan hadisədir. Dedi ki, “İsa Qəmbər sizinlə görüşmək istəyir”, soruşdum, “nə əcəb, səbəbini deyə bilərsinizmi?” O da qayıtdı ki, “İsa Qəmbər istəyir ki, Müsavatda təmsil olunasınız. Türklər demiş, yüksək görəvə – Müsavat partiyasının başqan müavini olmaq şərtilə…” Düzdür, sonralar bu zəngi Qabil Hüseynli danmaq istədi və dedi ki, ola bilsin, danışıqlarımız olub. Mən bununla da onun siyasi riyakarlığını bir daha təsdiq etmiş oldum. Dedim ki, “Qabil müəllim, sizə də, İsa Qəmbərə də təşəkkürümü bildirirəm. Lakin mənim bir seçdiyim yol var, o da Heydər Əliyev yoludur. Mən ona dönüklük edə bilmərəm. Və çörəyi də qulağımın dibinə yemirəm ki, Heydər Əliyevi İsa Qəmbərlə dəyişik salam”. Bununla da söhbət bitdi.

– Eldar müəllim, 2003-cü il qırılma məqamı, həm də çox önəmli bir il idi. Niyə o zaman bu haqda cəmiyyətə informasiya vermədiniz? Çünki o yazılardan sonra da bu suallar səsləndi ki, niyə vaxtında bu haqda cəmiyyəti məlumatlandırmadınız?

– Mən sizinlə razıyam. Ən azı iradlarınızı qəbul edirəm.

– YAP rəhbərliyinə bu məsələ ilə bağlı məlumat verdinizmi?

– YAP rəhbərliyində müəyyən adamlarla bu barədə söhbətim oldu.

– Çox maraqlıdır, kiməsə demisinizmi?

– Demişəm.

– Deyə bilərsinizmi ki, kimə deyibsiniz? Artıq dedikləriniz fakt olar ki, vaxtında bu haqda kiməsə nəsə demisiniz.

– Fakt odur ki, mənim partiyanın Siyasi Şurasının bir sıra üzvlərilə söhbətlərim olub. Mən bunu tam səmimiyyətimlə sizə etiraf edirəm. Ancaq mən ona gedə bilməzdim.

– Yəni bunun cəmiyyətə açıqlaya bilməzdiniz?

– O zaman cəmiyyətə bu məsələnin açıqlanmasının da bir mənasını görmürdüm.

– Niyə? O zaman hamı ya İlham Əliyevin, ya da İsa Qəmbərin ətrafında cəbhə alırdı. O zaman deyə bilərdiniz ki…

– O zaman mənim işim ondan ibarət oldu ki, etirazımı bildirdim və Qabil müəllimin təklifi ilə razılaşmadım.

Mənə niyə zəng etmişdi?

SAM_0011

– Qabil müəllim də deyir ki, əgər o zaman etiraz etmişdisə, cəmiyyətə çıxıb bu haqda deyərdi.

– Qabil müəllimin də eyni zamanda internet mediasında açıqlamaları var ki, o mənimlə danışdığını etiraf edir. Amma deyir ki, mənə belə bir təklif etdiyini xatırlamır. O zaman belə bir sual yaranır: Mənə niyə zəng etmişdi?

– Siz eyni regionun təmsilçisisiniz. Həmişə zəngləşə də, görüşə də bilərsiniz…

– Yox, xeyr.

– Eyni hakimiyyətdə yer alıbsınız…

– Sizin haqqınızdır, mənə inanmaya bilərsiniz. Lakin tam səmimiyyətimlə etiraf edirəm ki, mənə bu təklif olundu. Ancaq mən bu təklifi qəbul edib getmədim. Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər sağ-salamatdır. Durub, düzünü söyləsin.

Qoy düzünü İsa Qəmbər söyləsin

isa qember

İsa Qəmbər

– Təbii ki, İsa Qəmbərin bundan məlumatı var.

– Düzünü söyləsin.

– Bu, önəmli arqumentdir. İsa Qəmbər deməli, hadisələrin içində olub. İndi İsa Qəmbərdən mövqe istəyirsiniz?

– O, İsa Qəmbərin adı ilə mənə zəng eləyib. Əgər Qabilin Allahı varsa, hər şeyi etiraf etmək üçün iynənin ucu qədər şansı qalıbsa, bir kişi söhbəti etsin. Mənə nə qalmış dı ki, burada ad çəkəm? Baxıram ki, siz də bu məsələdə müəyyən dərəcədə tərəddüd edirsiniz, inanmırsınız.

– Yox, mən sadəcə sizə ünvanlana biləcək sualları verirəm.

– O zaman mən miyə Müsavatın adını çəkirəm, başqa bir partiyanın da adını çəkə bilərdim. Deyərdim ki, mənə bu təklif Milli İstiqlal Partiyasından, Xalq Cəbhəısindən olub.

– Eldar müəllim, o məsələ mənim üçün çox maraqlı oldu. 2003-cü ildə İsa Qəmbərin çox güclü vaxtında sizin Divanda bir adamınız var idi, yoxsa bir neçə?

– Axıra qədər bir adamım oldu. Mən iki-üç nəfərlə işləyə bilmirdim. O bir nəfər çox sədaqətli adam idi.

– O adam hələ də Müsavatda qalırmı?

– Yox.

– Amma adını desəniz də maraqlı olardı. Çünki biz səmimi söhbət edirik.

– İndi həmin adamı açıq süfrə kimi hamıya göstərim? Olmaz, Əvəz bəy.

Müsavat Divanından xəbərlər mənim qələmimdən çıxırdı

SAM_0019

– O zaman yəqin ki, siz də Müsavatda baş verən hadisələr haqqında əlaqədar qurumlara məlumat verirdiniz?

– Şübhəsiz. Mən aldığım informasiyanı məqamına çatdırırdım və başlayırdım o məsələlər üzərində təhlillər aparmağa… Elə olurdu ki, Duvanda gedən söhbətlər, yarım saat sonra mətbuatda tezis şəkilində gedirdi. O zamanları siz də xatırlayarsınız… Etiraf edirəm ki, o tezislərin çoxu mənim qələmimdən çıxmış işlər idi.

– Yazırdınız, sonra da mətbuata ötürürdünüz?

(Qəhqəhə çəkərək gülür…) Elədir. Bəli, bəli…

– Müsavatın Divanında nə olduğunu yazırdınız, sonra da mətbuata ötürürdünüz?

– Bir neçə dəfə elə təsadüf olub.

– Çox maraqlıdır. O zaman mən tələbə idim və Türkiyədə təhsil alırdım.

– Tələbə ikən yanıma gəlmişdin.

– Hə, gəlmişdim. Türkiyədə “Böyük Gələcək” jurnalını çıxaranda gəlmişdim.

– Bir jurnal da gətirmişdin.

– Hə. Onda xeyli əsəbləşmişdiniz mənə. Yadımdadır.

– Sizə niyə əsəbiləşdim?

– Siz jurnalı vərəqləyirdiniz. Mn də dedim ki, orada heç nə axtarmayın, o şeylər orada yoxdur.

– Hə. (Gülür…)

– Siz də dediniz ki, nə axtarıram ki? Mən də dedim, orada dövlət və millət əleyhinə heç nə yoxdur.

– Hə. (Gülür…)

– Mənim yadımdadır, o zaman YAP-ın demək olar ki, əsas siyasi ideoloqu siz idiniz.

– O zamandan mən çox istəmişəm ki, fəaliyyətimi o qədər də qabartmayım. Qabardanlar haqqında da təsəvvürüm o qədər də nikbin deyil.

– Eldar müəllim, o fəaliyyətlə sonra da deputat oldunuz. Sonra isə belə demək mümkündürsə, sizi sıradan çıxardılar.

– Bəli.

Məni Rəsul Quliyevlə bağlayan hər hansı bir tel olmayıb

resul-quliyev

Rəsul Quliyev

– Cəmiyyətdə də belə bir fikir var, mətbuatda da buna bənzər fikirlər səsləndirilir. Sizi Rəsul Quliyevə görə vurdular? Siz Heydər Əliyevin nəzərində çox etibarlı adam olmusunuz.

– O, bir arqument kimi öz rolunu oynadı. Amma ümumiyyətlə isə, məni Rəsul Quliyevlə bağlayan hər hansı bir tel olmayıb ki, ondan hakimiyyətə qarşı istifadə edim, mübarizə aparım. O qədər uşaq da deyildim ki, Heydər Əliyevlə kimisə eyni tərəziyə qoyub, çəkidə digər tərəfin ağırlığını təsəvvür edim.

– Siz Heydər Əliyevin nəzərindən düşdüyünüzü hiss edəndə, onun özü bu haqda nəsə dedimi? Onunla hər hansı görüşünüz, danışığınız oldumu? Çünki o, heç bir zaman silahdaşlarını qəbul etmədən, fikrini öyrənmədən onlar haqqında hər hansı bir qərarı qəbul etməzdi.

– Yox, mənə bir fikir söyləmədi. Lakin mən Milli Məclisin vəzifəli şəxlərinin birinin otağından 4 nömrə telefonla Ramiz Mehdiyevə zəng elədim. Soruşdum ki, “bu nədir, nə məsələdir? Mənim hansı günahım var? Hansı düşmənçiliyi, hansı xəyanəti etmişəm?” O da dedi ki, “mənə niyə zəng edirsən, Heydər Əliyevə zəng elə, hər şeyi həll edən odur.”  Öz üzərindən atdı.

O inamsızlığı Heydər Əliyevdə kimlər yaratmışdı?

ramiz

Ramiz Mehdiyev

– Əslində, Ramiz Mehdiyev düz deyib…

– Əslində, o, özünü kənara verməklə səhvə yol verirdi. Mən düşünürəm ki, mənə qarşı o inamsızlığı Heydər Əliyevdə kimlər yaratmışdı? Bu fikri yaradanların “lokomotivi” Ramiz Mehdiyev və onun arxasınca gələn 1-2 nəfər vəzifəli şəxs olub.

– Yəni deyirsiniz ki, sizin haqqınızda rəyi o yaradıb?

– Heydər Əliyev də insandır, inanıbdır.  Bir məsələni də söhbət əsnasında demək istəyirəm. Gedib çatdırmışdılar ki, guya mən Etibar Məmmədovla birlikdə bir mühüm plan üzərində işləyirik. Parlamentdə Qərbi Azərbaycanlıların sayı çox olsun və lazım gələrsə, biz hakimiyyəti götürək.

– Nə vaxtsa belə bir planınız olmuşdumu?

– Nə qədər eybəcər bir ittiham, eybəcər bir fikir. Əstəğfürullah…

– Əslində, Qərbi Azərbaycanlılar biri-birini didməklə məşğuldurlar. Onlar bu didişmə ilə hakimiyyətmi götürə bilərlər?

– Ay sağ ol… Bir-birini didməklə, arxasından itələməklə məşğuldurlar. O zamandan indiyənə qədər də bu siyasətlərini davam etdirirlər. Elə şey mümkün deyildi. Nə mən elə bir fikrə gələ bilməzdim, nə də Etibar Məmmədovda elə bir meyl vardı. Gedib belə bir şər çatdırmışdılar. Bu cür iyrənc münasibətlər, bu cür iyrənc söz-söhbətlər əlbəttə ki, təsirsiz ötüşmədi. Günlərin bir günündə Heydər Əliyev – Allah ona rəhmət eləsin – çox yığcam bir müşavirə keçirirdi. Orada hökumətin bütün güc strukturları – baş nazir, parlamentin sədri, mühüm adamlar iştirak edirdi. Mənə iclas başlamamışdan Xüsusi İdarənin sabiq rəisi Elman Qəmbərov yaxınlaşdı ki, “Kişi sənin haqqında danışacaq”. Düzü, çox həyəcan keçirdim. Elman Qəmbərovdan məsələnin nə olduğunu soruşdum. Dedi ki, “mən yalnız bunu deyə bilərəm”.

Heydər Əliyev dedi ki, oğlum, qoltuğun qarpız götürməsin

eldar9

– Siz Təhlükəsizlik Şurasının iclaslarında iştirak edirdiniz?

– Hə, orada idim. Nəsə məsələnin nə olduğunu demədi. Getdikcə həyəcanım artırdı. Nəhayət iclas başladı. 2 saata yaxın çəkdi. Mənim qarşımda Namiq Abbasov, Eldar Həsənov oturmuşdular. Sağ tərəfimdə də Bəylər Əyyubov əyləşmişdi. İclas qurtarmağa az qalmış böyük öndərimiz Heydər Əliyev dedi ki, mən bir məsələyə də toxunmaq istəyirəm. Bizim Sabir haqqında danışmaq istəyirəm – o mənə atamın adı ilə müraciət edirdi. Ayağa qalxanda, dedi ki, otur. Olduğu kimi söyləyəcəyəm. Çünki bu da bir tarixdir və tarixin üstündən xətt çəkmək olmaz. Dedi ki, “müxalifət nə qədər pozucu işlərlə məşğul olsa da, danışmağa dilləri də var, dilçəyi də… ” Allaha and olsun ki, bu, Heydər Əliyevin sözüdür. Dedi, “Mən bir neçə teledebatda Sabirin onlarla dialoqunu gördüm, söhbətlərini eşitdim və həqiqətən şahidi oldum ki, bizim partiyamızda gənclər yetişir. Oğlum, qoltuğun qarpız götürməsin, mən sənin işini təqdir edirəm… Bir neçə müxalifət nümayəndəsilə Sabirin “Nəzər Nöqtəsi”ndəki çıxışına baxdım, müxalifət liderlərini fakt və arqumentlərilə divara dirəyirdi”. Bu tərifdən sonra, sözün doğrusu, bir az xoşhal oldum. Səhəri gün işə gəldim və stulumda 5 dəqiqə deyildi ki oturmuşdum, atam zəng elədi: “Ay bala, sənin bu qəzetlərdən xəbərin var? Gör nələr yazıblar, biabır olduq”. Soruşdum, “nə yazıblar?” Dedi, “sənin işləmədiyin yer yox imiş… Hərə bir şey yazıb. Biri yazıb ki, Rəsul Quliyevə işləyirsən, o biri yazıb ki, Etibar Məmmədova işləyirsən. Biri də yazır ki, Ayaz Mütəllimova, hətta Vəzirova qədər işləyirsən”.

Heydər Əliyev məni təriflədi, əleyhimə mətbuatda kampaniya başladı

 eldar8

– Maraqlıdır, Təhlükəsizlik Şurasının toplantısının həmən səhəri günü sizin əleyhinizə mətbuatda kampaniya başlayıb?

– Bəli. Mətbuatda kampaniya başlayıb. Aldım qəzetləri oxudum, Əvəz bəy. Elə bil içimdə hər şey söküldü. Nitqim qurudu. Bu qədər vicdansızlıq, bu dərəcədə hissiyyatsız adamlar da ola bilərmiş yəni? Saat 12-yə qalmış prezidentin köməkçisi Tariyel Ağayev mənə zəng vurdu ki, haradasan? Dedim ki, yerimdəyəm. Xəbər verdi ki, prezident zəng vuracaq, yerimdə olum. Üstündən 20 dəqiqə keçmişdi, zəng vuruldu. Telefonu götürdüm: “Cənab prezident, eşidirəm”. “Ə, nə eşidirəm? Sən “okazıvaetsya” neçə yerə işləyirsən?” Dedim, “cənab prezident, icazə verin, sizə bir söz deyim, bir övladınız kimi, xahiş edirəm”. Dedi, “de!” “Sizdən artıq dərəcədə xahiş edirəm ki, məni tərifləməyəsiniz. Döyün, söyün, vurun”, – dedim. “Sən mənə yol göstərəcəksən?”, – dedi. Nitqim qurudu, gördüm ki, o da inanıb. Birdən başladı gülməyə və dedi ki, “Sabir (Heydər Əliyev mənə atamın adı ilə xitab edirdi), sənin üzərində test aparırdım. Mən ona görə zəng elədim ki, bildim o yazılardan sən üzülərsən. Hər şeydən xəbərim var. Kimlər bunu edib, ondan da xəbərim var. Sən qəti narahat olma”. Növbəti iclaslardan birində ad çəkmədi, ancaq bu məsələni xatırlatdı və dedi ki, “Sabirə qarşı da belə bir kampaniya apardılar, burada oturublar, ayıbdır, bunları kəsin”.

– Yəni bilirdi ki, nə baş verir?

– Bəli, bilirdi. Rəhmətliyin bilmədiyi şey yox idi. Ona ümumiyyətlə, yalan satmaq qeyri-mümkün idi. Allahın bir vergisi idi.

– Eldar müəllim, əslində, siz bunu deyirsiniz, mən də bu sualı verəcəkdim. Bəzi şeylər mətbuatda da var. Bir çox adamlar bir çox problemlərinin səbəbkarı kimi Mehdiyevi görür. Amma prezidentlər də hər şeyin fərqindədirlər. Siz də indi də, bayaq da qeyd etdiniz ki, oğlumu həbs eləmişdilər, prezident buraxdırdı. Yəni prezidentlər baş verən hadisələrin fərqindədirlər. Biz bir az da Ramiz Mehdiyevə qarşı haqsızlıq etmirik ki? Məsələni böyütmürük ki?

– Bəlkə kimlərsə, haqsızlıq edir. Lakin mənim haqsız olduğumu sübut etmək üçün, irəli sürdüyüm faktları təkzib etmək lazımdır. Mən onun barəsində 2-3 siyasi hekayə yazdım. Faktlara, arqumentlərə söykəndim. Heç zaman şəxsiyyətini alçaldacaq bir şey yazmadım.

Ramiz Mehdiyevə “Lavrenti Beriya” adını nahaqdan verməmişəm

SAM_0039

– Onunla bağlı suallar var. Emin Ramiz soruşur ki, “niyə məhz Ramiz Mehdiyev? Obyektlərinin siyahısı nə vaxt olacaq?” Siz bəyəm, nə vaxtsa, Ramiz Mehdiyevin obyektlərinin siyahısını açıqlayacağınızı demisiniz, ona görə də bu sualı tez-tez verirlər.

– Mən o barədə açıqlama, bəyanat vermişəm, yəqin yaxın günlərdə ictimaiyyət bunlarla tanış olacaqdır. Ramiz Mehdiyevlə bağlı məsələnin böyüdülməsinə gəlincə isə, sizdən və sual verəndən üzr istəyirəm, məni bağışlayın.

– Əstəğfürullah…

– Görünür, siz Ramiz Mehdiyevi yaxşı tanımırsınız. Mən ona “Lavrenti Beriya” adını nahaqdan verməmişəm. O, bu gün də iqtidar, hakimiyyət üçün çox təhlükəli bir adamdır. Onun haralara işlədiyi və hansı məkanda fikir dostlarının olmasını siz məndən də yaxşı bilirsiniz. Dostlarından biri Narışkin bu yaxınlarda Ermənistanda oldu və hansı bəyanatları verdi, yəqin ki, tanışsınız. Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə… Bu gün Ramiz Mehdiyev o cür adamlarla dostluq münasibətindədir.

– Dövlət var, prezident var…

– Hər şeyin də öz məqamı var. Mən cənab prezidentin bir xüsusiyyətini də xüsusilə təqdir edirəm. Yəni onun mövqeyi kimi qiymətləndirirəm. Atası kimi çox səbirli və təmkinlidir. Müşahidələrimə görə də hər şeyi bilmiş olar. Ramiz Mehdiyevin “qələmə aldığı” o kitabları çap etdirmək hələ o demək deyil ki, iqtidara münasibəti müsbətdir və dönməzdir.

Kaş ki, Allahın altında Arif Paşayev əlini əlimə vermiş olaydı

arif pashayev

Arif Paşayev

– Eldar müəllim elə bu məqam üçün də suallar var. Sizi Paşayevlərin adamı kimi xarakterizə edənlər də var. Fərəməz Allahverdiyev soruşur: “Eldar Sabiroğlunun Ramiz Mehdiyevi vurmaq əmrini Paşayevlərdən, Paşayev klanından aldığını bilirəm. Ancaq bu əmrin ictimaiyyətə bəlli olmayan incəliklərini anlamıram. Eldar bəy bu incəliklərə açıqlıq gətirərmi? Yaxud elə ola bilərmi ki, onun da bu incəliklərdən xəbəri yoxdur və kor-koranə verilən əmri “ləbbeyk” deyərək, yerinə yetirir”. Fərəməz Allahverdiyev zamanında Ramiz Mehdiyev haqqında “Xural” qəzetində çox araşdırma yazıları yazıb. Yəni o baxımdan da bu suallara nə cür cavab verəcəyiniz maraqlıdır.

– Fərəməz Allahverdiyev o vədələrdən bu yana deyəsən heç dəyişməyib. Elə münəccim kimi danışdı ki, sanki Arif Paşayevlə mənim görüşlərimin, telefon danışıqlarımın şahidi olub.

– Fərəməz Allahverdiyev Arif Paşayevin adını çəkmir axı, sadəcə ümumi olaraq “Paşayevlər” deyir.

– İstər Arif müəllim olsun, istərsə də başqa bir Paşayev olsun, fərq etməz. Ümumiyyətlə, Arif Paşayevi mən o nəslin ağsaqqalı hesab edirəm və yüksək dəyər verirəm.

– Onunla şəxsi tanışlığınız varmı?

– Kaş ki, Allahın altında əlini əlimə vermiş olaydı. Mən çox səmimiyyətlə bunu deyirəm. Ancaq bunu haradan çıxardılar? Nədən bu fikirlər meydana gəldi? F.Allahverdiyevin ağlına bu haradan yol tapıb, onu mən dərk edə bilmirəm. Paşayevlər bu gün Azərbaycanın ictimai fikir tarixində xüsusi rola malik olan təbəqələrindən hesab olunur. Zənnimcə, elə bir ziyankarlıqlarını da cəmiyyət hiss etməyib. Siz mənə sübut edə bilərsinizmi ki, Arif Paşayevin, Hafiz Paşayevin kiməsə qərəzli münasibətləri olub və ona baiskarlıq edib? Yoxdur belə hadisə. Mənim onlarla heç bir əlaqəm olmayıb.

Cəlal Əliyevlə Ramiz Mehdiyev haqqında müəyyən söhbətlərimiz olmuşdu

celal eliyev

Cəlal Əliyev

– Görünür, sizin Ramiz Mehdiyevə münasibətinizin fonunda belə bir fikir yaranıb.

– Burada mən başqa bir məntiqə diqqətinizi yönəltmək istəyirəm. Vaxt var idi ki, Cəlal Əliyevi də Ramiz Mehdiyevi istəməyən adam kimi qələmə verirdilər. İndi Cəlal Əliyev rəhmətə gedib, Paşayevlər də meydana çıxıb. Cəlal Əliyevlə Ramiz Mehdiyev haqqında müəyyən söhbətlərimin olduğunu etiraf edirəm. İstəmirdi və gətirdiyi arqumentlərlə də – indi o haqq dünyasındadır, mən də nahaqq – haqlı idi. Sual olunur, Ramiz Mehdiyev və onun tərəfdarlarına, eyni zamanda F.Allahverdiyevə… Niyə Heydər Əliyevin ailəsinə yaxın olan adamlar məhz onu istəmirlər?

– Yaxın olan adamlardan kim istəmir ki?

– Mən o fikri də tuturam ki, Paşayevlərin guya Ramiz Mehdiyevlə münasibətləri gərgin vəziyyətdədir. Fikrimi də bununla tamamlamaq istəyirəm ki, vaxtilə onu istəməyənlərin arasında Cəlal Əliyevin də adı çəkilirdi. Bir daha təkrar edirəm ki, Cəlal Əliyevlə Ramiz Mehdiyev haqqında bizim çoxlu söhbətlərimiz olub. Elə əsaslı arqumentlər gətirirdi ki, adamı dəhşət bürüyürdü. Dəhşət bürüyürdü… Mən bütün bu məsələlərdən bu qənaətə gəlirəm ki, məhz niyə bu iki tanınmış nəslin nümayəndələrinin Ramiz Mehdiyevi görməyə gözləri olmayıb. Heydər Əliyevin ailəsinə yaxın olan bu iki nəslin ağsaqqalı olan adamlar – Cəlal Əliyev və Arif Paşayev niyə Ramiz Mehdiyevi istəmirlər? Düzdür, mən Arif Paşayevin Ramiz Mehdiyevi istəyib-istəməməsilə bağlı konkret dəlillərə malik deyiləm. Mətbuatda bu mövzu ilə bağlı yazılan yazılara fikrimi, münasibətimi bildirirəm. Ona görə də məlumatım var və o qənaətə gəlirəm ki, əgər həqiqətən də belə gərgin münasibətlərdən söhbət gedirsə, o zaman niyə bu münasibət məhz Ramiz Mehdiyevə qarşıdır? Boşqab yerə düşməsə səs çıxmaz, Əvəz bəy. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi. Siz konkret olaraq ortaya fakt, nümunə qoyun və sübut edin ki, Ramiz Mehdiyev 1993-cü ilə qədər haradasa, hansısa tədbirdə iştirak edib və Heydər Əliyevin müdafiəsinə qalxıb. 1987-ci ildə Heydər Əliev SSRİ-nin Mərkəzi Komitəsinin Siyasi Bürosundan uzaqlaşdırılandan sonra bu adam qeybə çəkildi. Harada idi? Əvəzində Vəzirovun keçirdiyi ilk plenumda – “Mənim siyasi hekayələrim”də yazmışam və bir daha üzərinə qayıtmaq istəmirəm – Heydər Əliyevin ünvanına hansı ifadələri işlədib. Həsən Əliyev rəhmətə getmişdi. O, Fəsəfə İnstitutunda çalışırdı. Getdilər yas mərasiminə dəvət etsinlər, qapını gələnlərin üzlərinə çırpmışdı.

Həsən Əliyevi 30 nəfərlə dəfn elədik

hesen eliyev(06.11.2014)

Həsən Əliyev

– İştirak eləmədi?

– İştirak eləmədi. Hava da çox sərt soyuq idi. Gələn 50-60 nəfərin yarısı da dağıldı, 30 nəfərlə onu dəfn elədik. Bunu Həsən Əliyevin oğlu Rasim Əliyev – Allah ömrünü uzun eləsin – durur və o da təsdiqləyə bilər, ondan soruşa bilərsiniz.

– O zaman ortaya belə bir sual çıxır. Baxın, siz Heydər Əliyevi yaxından tanımısınız, dəfələrlə onunla görüşüb, danışmısınız. Siyasətinə də bələdsiniz. Onun siyasi yolu ilə də gedirsiniz. Bunu Heydər Əliyev bilmirdi? O zaman niyə Heydər Əliyev və onun varisi olaraq İlham Əliyev Ramiz Mehdiyevi bu qədər önə çəkdi? Yəni insanlarda haqlı bir sual yaranır ki, əgər Mehdiyev doğrudan da Əliyevləri istəmirdisə, niyə o zaman Ramiz Mehdiyevi irəli çəkirdilər? İndi də Azərbaycan dövlətinin ən önəmli siyasi xadimlərindən biridir, dövlətin ağsaqqalıdır. Belə çıxır ki, prezidentlər nə elədiklərini bilmirdilər?

– Sualınızı kənara atmaq olmaz. Elə fikirlərlə mən də rastlaşıram. Mənə də açıqca bildirirlər ki, niyə məhz belə bir adamı Heydər Əliyev vəzifəyə gətirdi və onun siyasi varisi də bu gün onu həmin vəzifədə saxlayır? Bu, dövlətin işidir. Özləri bilər. Mən bu işlərə müdaxilə edə bilmərəm. Ancaq gördüklərimi, bildiklərimi sübut eləməyi də heç kim mənə qadağa edə bilməz.

– Gülnarə Rüstəmli soruşur: “Eldar Sabiroğlu, sizi salamlayıram. Bugünkü həyatınızdan mıəmnunsunuzmu? Çox xahiş edirəm ki, səmimi cavab verəsiniz. Yəqin ki, nə demək istədiyimi anladınız?”

– Müəyyən çətinliklərim də, problemlərim də olub.

– Eldar müəllim, kreditiniz varmı?

– Kreditim?

– Bəli. Banklara kreditiniz varmı?

– Şükür, çox şükür ki, yoxdur.

– Yəni siz kredit ağrısını hiss eləməzsiniz. Dollar-manat problemindən xəbərsizsiniz.

– Kredit ağrısını mən hiss etmirəm, lakin bu ağrını çəkənləri də ürəkdən başa düşürəm.

Xəcalət hissini özü çəksin…

cebhe eldar

– Cəsur Sumerlinin bir neçə sualı var. “Bir vaxtlar ordu məsələsini gündəmdə saxlayan hərbi jurnalistlərə, mütəxəssislərə, təhlilçilərə qarşı “qarayaxma kampaniyası” keçirənlərdən biri olmasına görə, heç olmasa xəcalət hissi keçirirmi? Konkret olaraq mənə qarşı ünvanladığı çoxsaylı təhqirlərə, böhtanlara görə üzr istəmək fikri varmı?”

– Əvvəla, xəcalət hissini özü çəksin ki, silahlı qüvvələrin cəmiyyət arasında hörmətdən salınmasında, ordunun, ordu rəhbərliyinin əleyhinə ən amansız yazıların dərc etdirilməsində onun xüsusi xidmətləri olub.

– Yəni hələ də o fikirdə qalırsınız?

– Hələ də o fikirdə qalıram. O, çox ziyankar bir insan idi.

– Bəlkə əl uzadasınız, barışasınız?

– Yox, mən ondan heç bir zaman üzr istəmərəm.

– Mən biləni o ictimai fəal, vətənpərvər oğlan idi.

– Vətənpərvərliyinə siz inanırsınız, məndə isə onun vətənpərvərliyinə böyük şübhə var. Vətənpərvər insan siyasətində də, baxışlarında da ardıcıllığı qoruyub saxlamalıdır. Mən bu sözlərimlə nəyi ifadə etmək istədiyimi yəqin ki, siz dərk elədiniz. Mötərizəni açmaq istəmirəm. O, bir neçə adam tərəfindən öyrədilmiş şəxs idi. Qələmini də həmişə ordunun əleyhinə işlədərdi. Yalnız mənfi şeylər axtarardı. Mənim ona qarşı kobudluğum, mənim ona qarşı qarayaxmalarım onun əməllərinin qarşılığı kimi qiymətləndirilməlidir.

– Yəni cavab vermisiniz?

– Bəli.

Necə ola bilər ki, hər hansı bir əsgər həlak olsun, öldürülsün və bu fakt da gizli saxlanılsın?

senge-13

– Eldar müəllim, əsgər ölümləri ilə bağlı maraqlı fikirlər var və sizin də maraqlı fikirləriniz var. Hətta o siyasi hekayələrin birində də yazmışdınız ki, əsgər ölümlərini arxasında, o aksiyaların arxasında Administrasiya durub. Burada Sumerlinin o məsələ ilə bağlı maraqlı bir sualı var: “Eldar Sabiroğlu bilirmi ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə rəhbərlik etdiyi dövrdə əsgər ölümlərinin gizlədilməsində və günahkarların layiqli cəzalarına çatmaması istiqamətində iş aparanlardan biri də o olub?”

– Əlimi ürəyimin üstünə qoyub, tam səmimiyyətimlə bildirirəm. O vəzifədə işlədiyim müddətdə əsgər ölümlərinin gizlədilməsinə nə iynənin ucu qədər mən səy göstərmişəm, nə də yuxarıdakılar. Azərbaycan balaca ölkədir. Necə ola bilər ki, hər hansı bir əsgər həlak olsun, öldürülsün və bu fakt da gizli saxlanılsın?

– Deyirsiniz, yəni bunu gizlətmək də mümkün deyil?

– Gizlətmək mümkün deyil.

– Ailə var, yaxınları var.

– Gizlətmək mümkün deyil, Əvəz bəy. Bunu  ailəsi, qohum-əqrabası var. Anası-bacısı, qardaşı var. Bir yerdən bunun səsi çıxmalıdır da. Nədən o, bu məsələdə özünü vicdanlı, bizi isə qeyri-vicdanlı göstərməyə çalışır? Mən bunu başa düşə bilmirəm. Elə çıxır ki, biz ürəyimizə daşı bağlayıb oturmuşuq?

– Eldar müəllim, heç olmasa, elə bir təşəbbüslər, cəhdlər olubmu ki, belə fikir yaranıb? Deyir, “od olmayan yerdən, tüstü çıxmaz”. Sizi və rəhbərliyi demirəm, amma elə bir fakt olubmu ki, siz də əsgər ölümlərinin gizlədilməsinin şahidi olasınız?

– Mən yalan danışa bilmərəm.

– Aydındır.

– Yalan danışa bilmərəm, o mənada ki, kimsənin tapşırığı bu istiqamətdə olmayıb. Əvəz bəy, bayaq demək istədiklərim yarımçıq qaldı. Biz orada ürəyimizə daş bağlayıb oturmamışdıq. İnsanıq da. Bizim də ürəyimiz ağrıyır. Necə ola bilər ki, gizlədək? Ölüm hadisələrini ən azı bir saat və yaxud da saat yarım qapalı saxlayardıq, o da vəziyyəti öyrənib ictimaiyyətə məlumat vermək üçün haradan başlayıb, harada qurtaracağımızı müəyyənləşdirdikdən, müəyyən qənaətə gəldikdən sonra informasiyanı verərdik. Mümkün deyildi ki, hər hansı ölüm faktını biz gizlədək.

– Yəni belə bir fakt olmayıb?

– Belə fakt qətiyyən olmayıb.

İlqar Verdiyevi kim öldürdü?

ilqar verdiyev

İlqar Verdiyev

– İlqar Verdiyevlə bağlı suallar var. Onu həm Cəsur Sumerli verib, həm də Sərdar Əlibəyli. Mən sualları verim, ondan sonra xahiş edirəm ki, siz də cavablandırasınız.

– Bəli.

– Cəsur Sumerli yazır: “İlqar Verdiyev kimi təcrübəli zabitlə bağlı Səfər Əbiyevin kabinetində nələr danışdığını xatırlayırmı? İlqar Verdiyev kimi savadlı, təcrübəli, vətənsevər zabitin bu və ya digər yolla ordudan uzaqlaşdırılmasında və ya ordudaxili cəzalandırılmasında əsas rol oynayanlardan biri olduğunu xatırlayırmı?” Bununla bağlı, S.Əlibəylinin də bir sualı var: “Səlyan kazarmasında keçirilən mətbuat konfransında S.Əlibəylinin iştirakına görə cəzalandırılaraq döyüş bölgəsinə göndərilən və sonralar minaya düşərək həlak olan şəhid İlqar Verdiyevin ölümündə özünüzü günahkar bilirsinizmi? Mənim mətbuat konfransına qatılmağımdan kim və niyə bu qədər əndişəyə düşmüşdü, nədən narahat idiniz ki?”

– Bu hadisəni mən xatırlayıram. Sonuncu sualdan başlamaq istəyirəm. S.Əlibəyli elə bir fövqəladə imkanlara malik adam deyildi ki, onun nəyindənsə ehtiyat edəm.

– Siz heç o zamanlar bizi də mətbuat konfransına çağırmırdınız. Nədənsə, bizə qarşı da çox ögey idiniz. Nəsə… Bu, ayrı bir məsələdir.

– Əvəz bəy, ögeylik yox idi. O zaman gərək biz mətbuat konfranslarına 150-yə yaxın jurnalist çağıraydıq.

– Niyə ki? Biz ölkənin ən çox satılan iki önəmli həftəlik qəzetlərindən biri idik.

– Bəlkə də yaddan çıxmaq məsələsi ola bilərdi. Ola bilsin, yadımdan çıxıb. Ancaq önəmli bir məqsədli münasibət olmayıb.

– Buyurun, suallara qayıdaq.

– Allah İlqara rəhmət eləsin. Onun nümunəvi zabit olması haqqında mənfi fikrim yoxdur.

– Burada bir iddia var ki, kimsə mətbuat konfransında planlaşdırılmadan iştirak elədiyinə görə, siz əsəbiləşmisiniz və onu mərkəzdən uzaqlaşdırıb cəbhə bölgəsinə göndərmisiniz. O da orada minaya düşərək həlak olub.

– Heç bir əsəbiləşmək hadisəsi olmayıb. Deməli, mətbuat konfransı çağırılmamışdan əvvəl hansı qəzetlərin, hansı mətbuat orqanının dəvət edilməsi haqqında biz plan tuturduq. Yuxarı komandanlığa məruzə ediləndən sonra həmən siyahı təsdiq olunmuş şəkildə Təlim-Tədris Mərkəzinin Nəzarət Mühafizə Xidmətinə göndərilirdi. Gələnlər sənədlərini, pasportlarını göndərir, təsdiq olunduğu halda adamlar içəri buraxılırdılar. Mənim müavinim etibarilə də bu işə nəzarət rəhmətlik İlqar Verdiyevə tapşırılırdı. Bir siyahı da onda olardı. Həmin qəzeti mətbuat konfransına dəvət etmişdik. S.Əlibəylinin əməkdaşı olan bir xanımın adı da həmin siyahıda qeyd olunmuşdu. Bura hərbi obyekt idi. Əmrlə işləyən adamlarıq. Kimin adı o siyahıda varsa, o da içəri buraxılmalıdır. Sərdarın adı yox idi. Əgər istəyirdisə, o zaman özünün adını qeyd etdirərdi. Heç bir qadağa da yox idi, gəlib mətbuat konfransında da iştirak edərdi. Nə sualları da vardı verərdi. Mənə 3-4 sual ünvanladı, hamısına da cavab verdim. Qeyri-qanuni olaraq, verilən əmrdən kənara çıxaraq, İlqar Sərdar Əlibəylini içəri buraxdırmışdı. Mən bunu sakit qarşıladım. Lakin səhəri gün həm o xanımın imzası ilə, həm də Sərdarın imzası ilə ordunun əleyhinə mətbuat konfransından əldə edilən məlumatlar da əlavə olunmaqla məqalələr dərc edildi. Otaqda oturmuşdum. Bizim Almaz xanım adlı bir əməkdaşımızın – indi də sağ-salamatdır, lazım gələrsə, özündən dəqiqləşdirə bilərsiniz – yanında mənə nazirdən zəng gəldi. Soruşdu ki, “Eldar, sən mətbuat konfransına bir mətbu orqandan neçə nəfər çağırırsan?” Dedim, “birini”. Dedi, “Onda bu, nə həngamədir? Bir qəzetdən həm baş redaktoru Sərdar Əlibəyli iştirak edib, həm də bir xanım?” Dedim, “cənab nazir, mən bunu araşdıraram. Biz xanımın adını siyahıda qeyd etmişdik, elə də məntəqəyə göndərmişdik. Lakin necə olubsa, onu da içəri buraxıblar.” Sonradan aydın oldu ki, S.Əlibəylini İlqar Verdiyev içəri buraxdırıb. Nazir dərhal dedi ki, “təqdimatını yaz”. Bu gün də hesab edirəm ki, Səfər Əbiyev tamamilə doğru mövqe tutub. Başqa strukturlarla hərbi strukturu qarışıq salmaq olmaz.

– Bəs, Səfər Əbiyevin kabinetində nələr danışılıb?

– Səfər Əbiyevin kabinetində kimlər nə danışıb, necə danışıb? Səfər Əbiyevin kabinetində də heç nə danışmamışam. İlqar Mehdiyevə də…

– Verdiyevə…

– Verdiyevə də Alah qəni-qəni rəhmət eləsin. Axı o, o qədər də çəki və nüfuza malik deyildi ki, haqqında hansısa əlahiddə ölçü götürmək üçün nazirlə görüş keçiriləydi.

Özümü günahkar bilmirəm

eldar10

– Yəni İlqar Verdiyevin işdən çıxarılmasında, hərbiyə göndərilməsində, ölümündə özünüzü günahkar bilmirsiniz?

– Qətiyyən, günahkar bilmirəm. Bir məqama da toxunmaq istəyirəm. Rəhmətə gedənin arxasınca danışmazlar, ancaq məcbur edirlər.

– Allah rəhmət eləsin.

 – Bu gün də Allah ona qəni-qəni rəhmət eləsin. Təzə işə getmişəm, buna 1-2 tapşırıq vermək istədim. İstədim bu və digər məsələlərlə bağlı analitik bir yazı hazırlasın. Dedi ki, “Eldar müəllim, biz bu işlə məşğul deyilik. Yalnız cəbhə bölgələrindən informasiya verməklə məşğuluq. Cəbhədə atəş neçə dəfə açılıb, kim ölüb, kim yaralanıb və s. Başqa mən heç bir şey edə bilmərəm. Yəni elə təcrübəm yoxdur”. Mən bilmirəm, hansı nüfuz və təcrübədən söhbət gedirdi… İndi bəzi şeyləri də o mənada açıqlamaq istəmirəm ki, ailəsi var, yaxınları var. Haqlı surətdə qəlbərinə dəyə bilərəm. Mənim ona çox sayda yaxşılıqlarım keçib. Elə hərəkətlər etmişdi ki… Mən onun Cəsurla, orduya müxalif olan adamlarla əlaqələrinin olduğunu bilirdim.  1-2 dəfə də yanıma çağırıb dedim ki, “İlqar, bu işlərindən xəbərim var. Xahiş edirəm, dön bu yoldan. Bütün bunlar sənin üçün yaxşı heç nə vəd etmir”. O, bu əlaqələri inkar edirdi, lakin mənim də əlimdə faktlar var idi.

Səfər Əbiyev-Nəcməddin Sadıqov gərginliyi

sefer-necmeddin

Səfər Əbiyev-Nəcməddin Sadıqov

– Eldar müəllim, onun müxalifətlə əlaqələrinin olduğunu qeyd etdiniz. Müxalifətlə əlaqələrinin olması cinayətdirmi? İndi də baxıram ki, sizin müxlifətlə münasibətləriniz pis deyil. 

– Müxalifətlə əlaqələri olan adamlarə cinayətkar adlandırmıram. Ancaq hərbidə hər hansı bir məlumatın sızmasını xəyanət hesab edirəm.

– Sizin Nəcməddin Sadıxovla da gərgin münasibətlərinizin olduğunu bilirəm.

– Bəli.

– Niyə o gərginlik var idi?

– Ona görə münasibətlər gərgin idi ki, mənim nazir Səfər Əbiyevə xüsusi hörmətim var idi.

– Siz Səfər Əbiyevlə uzun müddət tanış olmusunuz?

– Uzun müddət idi tanış idim və Səfər Əbiyev də yəqin ki, yuxarıların razılığını alandan sonra mənim əmrimi verib.

II hissənin sonu

Xüsusi qeyd: Yazı-müsahibədə adı çəkilən hər bir hörmətli insanın münasibətlərini dərc edə, onu “Qaynar Qazan”da qonaq edə bilərik

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button