Eldar Sabiroğlu “Qaynar Qazan”da (III-Sonuncu hissə): “Hakimiyyətin daxilində təhlükəli çaxnaşmalar var”

Eldar Sabiroğlu: “37-ci ilin Lavrentiya Beriyası – Azərbaycanın Ramiz Mehdiyevi nəinki məni, onlarla, bəlkə də yüzlərlə Heydər Əliyevçini, bu dövləti, bu milləti istəyən adamları vurub sıradan çıxarıb”

Oğluma haramdırsa, indiyədək YAP-dan qazanıb nə qədər xərcləmişəmsə, qaytarsın

Eldar Sabiroğlu ilə “Qaynar Qazan”da müsahibə çoxdan planlarımızda vardı. Digər bir çox müsahiblərimiz kimi, o da bizi bu aydan o aya ata-ata görüşümüzü uzadırdı. Sağ olsun, oğlu Rüfət Səfərovun israrı və dirənişi nəticə verdi və mövzu bir qədər gündəmin arxa planına keçsə də, bizim görüşümüz alındı.

Eldar Sabiroğlu bu hakimiyyətin önəmli simalarından biri olub. YAP-ın qurulmasında, böyüməsində “karınca kadarınca” xidmətləri var. Vəzifələrdə olduğu dönəmlərdə sərt, amansız, barışmaz və kəskin çıxışları ilə seçilib. Vəzifədən gedəndə isə mülayim, səmimi, sadə insan obrazında tanımışıq onu. Təəssüf ki, indiki hakimiyyətin nümayəndələri adətən belədir və biz onları belə tanımışıq. Bu prizmadan çıxış edəndə çox asanlıqla təxmin etmək mümkündür ki, Eldar Sabiroğluna bir də vəsifə verilsə, o, bir daha vəzifə adlanan o nazlı mələyin qoynuna düşsə, yenə xüsusilə, mətbuata və bizə qarşı sərt, amansız, kəskin olaraq qalacaq. O zaman fürsətdən istifadə etmək və müsahibəmizi alındırmaq qaldı bizə. Eldar Sabiroğlu ilə “Qaynar Qazan”da görüşdük.

Təbii ki, klassik YAP-çıdır. YAP-a, onun uğursuz siyasətinə toz qondurmadı. Müsahibə boyu şəxsi düşmən bildiyi adamlardan – Siyavuş Novruzovdan, Ramiz Mehdiyevdən danışdı. Bir peşəkar olaraq qarşı tərəf olmadığı üçün onların da müdafiəsini qurmağa məcbur oldum. Mən bütün ömrüm boyu Ramiz Mehdiyev üçün bu qədər narahat olmamış, onu bu qədər müdafiə etməmişdim. Eldar Sabiroğlu ilə bunu etdim.

Çox istədik ki, Eldar Sabiroğlu ilə məşhur qiyamçı müstəntiqi – onun oğlunu bir yerdə danışdıraq. Ancaq Eldar Sabiroğlu o qədər də demokrat deyil və buna imkan vermədi. Beləliklə, Rüfət Eldaroğlu bizə kənardan baxmağa və qulaq asmağa məcbur oldu. Hamı kimi, onun da haqqında maraqlı açıqlamalar verdi Eldar müəllim. Hətta sualların bir yerində əsəbiləşdi də deyəsən. Oğlundan YAP-ın və onun pullarını qaytarmağı tələb etdi. Bir baxarsan, məsələ ciddiləşər…

Eldar Sabiroğlunu dinlədikcə, “keçmiş xəfiyyəçi olmur” misalı düşür adamın yadına – bu misalın işığında keçmiş YAP-çı da yoxdur. Sistem elə qurulub ki, YAP-ın dışladığı adamlar da onun haqqında qorxa-qorxa, ehtiyatla, eyni zamanda məhəbbətlə danışırlar. Lap Kommunist partiyasının dövründə olduğu kimi. Nədənsə partiya haqqında danışıqları məndə o cür təsir bağışladı Eldar müəllimin. Təbii ki, harada səmimiyyət ölçüsü nə qədərdir, Oxucu-tamaşaçı onu özü hesablayacaq. Bizə isə Eldar Sabiroğlu ilə “Qaynar Qazan”ı izləmək qalır. 3 hissədən ibarət olan bu müsahibə çox maraqlıdır…

İzləyən gözlərinizə sağlıq…

Əvəz Zeynallı

DSC09986

III – Sonuncu hissə

I hissəni buradan oxuyun:

https://www.xural.com/?p=35035 (Eldar Sabiroğlu “Qaynar Qazan”da (I hissə): “Prezidentə düşmən olan hakimiyyətdaxili qruplar var”)

II hissəni buradan oxuyun:

https://www.xural.com/?p=35270 (Eldar Sabiroğlu “Qaynar Qazan”da (II hissə): “Müsavatın Divanında şəxsi agentim vardı”)

Nəcməddin Sadıqov haqqında gedən neqativ yazıları məndən bilirdi

 

– Siz Səfər Əbiyevlə uzun müddət tanış olmusunuz?

– Uzun müddət idi tanış idim və Səfər Əbiyev də yəqin ki, yuxarıların razılığını alandan sonra mənim əmrimi verib. Öz təşəbbüsü ilə olan şeydir.

– Mən də elə soruşmaq istəyirdim. Öz təşəbbüsü ilə sizi ora gətirdi, yoxsa kiminsə göstərişi ilə?

– Yox. Öz təşəbbüsü ilə olan bir hadisədər.

– Amma razılıq da prezidentdən alınmışdı?

– O, artıq öz səlahiyyətlərindədir. Mənə bir söz demədi. Ancaq Nəcməddin Sadığova da qarşı mənim hər hansı kobud hərəkətim olmamışdı. Mən dərk edirdim ki, o, yuxarı komandanlıqdır, Baş Qərərgahın rəisidir və mən də bir əsgərəm. Nizamnamə çərçivəsində bu münasibətlər qurulurdu. Ancaq onun da bu və ya digər məsələlərdə qulağını çox doldururdular. Ona görə də mənə qarşı onda pis münasibət yaranmışdı. Pis münasibətin əsas səbəblərindən biri bizim sabiq nazir Səfər Əbiyevlə yaxınlığımız idi. N.Sadıqovun haqqında neqativ yazılar gedirdi və ona da elə gəlirdi ki, o yazıları mən təşkil edirəm.

Nazirliyə vəzifəyə getməyimi çoxları daxildə razılıqla qarşılamadılar

SAM_0020

– Onunla açıq münaqişəniz oldumu?

– Bir dəfə söhbətimiz oldu. Böyük generalitet tədbirə – Şəhidlər Xiyabanına gedəcəkdik. Generallar, polkovniklər, yüksək rütbə sahibləri ilə birgə toplaşmışdıq. O da orada idi. Mən də söhbət edirdim. Milli qəhrəman Fəxrəddin Cəbrayılov ora gəldi, Nəcməddin Sadıqov, “idi, syuda”, – deyib onu çağırdı, qucaqlaşdılar. Onda dedi ki, “qoy Eldar Sabiroğlu görsün, bunu da yazsın”.  Hesab edirəm ki, bu, ona yaraşan hərəkət deyildi. O boyda general-polkovnikə, xidməti olmuş bir adama o cür cılızlığa yol vermək yaraşmazdı. Sözün doğrusu, haqlı və ya haqsız mən də dözə bilmədim, cavab qaytardım ki, “cənab general, bu, heç bir şeydir, siz bəzi məsələləri deyin, mən öz imzamla sizin haqqınızda yaza bilərəm”. Gülə-gülə də məsələni qapatdım. Bir çox şeylər var ki, onların üzərində dayanmaq istəmirəm. Mən nazirliyə həmin vəzifəyə gedəndə çoxları daxildə bunu razılıqla qarşılamadılar. Çoxları üzümə gülsə də, arxamca danışırdılar. Hansı söz-söhbətlərin aparılmasını da mən gözəl bilirdim. Ancaq peşəkar qələm sahibi olaraq, 7 ildə fövqəladə elə bir səhvə yol vermədim ki, skandala səbəb olsun. Özümü də ona görə xoşbəxt hesab edirəm.

– Cavid Məmmədzadənin sualı var. Məndən də şikayətçidir ki, onun ünvanladığı sualları vermirəm: “Eldar bəy niyə müsahibələrində fərqli çıxışlar edir? Bir gün deyir, bu hakimiyyət pisdir. O biri gün də deyir ki, Heydər Əliyev olmasaydı, bu Azərbaycan batardı. Bir gün də deyir ki, oğlum pisdir, hakimiyyət yaxşıdır. Konkret nəyi və niyə tənqid edə bilmir?”

– Mən o adamdan xahiş edərdim, ortaya bir fakt qoysun ki, mən nə zamansa, haradasa demişəm ki, hakimiyyət, ya da oğlum pisdir. Belə bir ifadə heç bir zaman işlətməmişəm.

– Yəqin ki, ziddiyyətləri nəzərə alaraq deyir.

– Axı, mən ziddiyyətli ola biləcək heç bir söz deməmişəm.

– Deməli, çıxışlarınızın heç birini ziddiyyətli hesab eləmirsiniz?

– Çıxışlarımın heç birini ziddiyyətli hesab etmirəm. Mən konseptual olaraq, YAP-ın strateji xəttini şüurlu surətdə müdafiə edirəm və burada hər hansı bir yaltaqlıq, nəsə umacaq yoxdur. Heç bir vəzifə də nə istəyirəm, nə də gözləyirəm.

Ya istefa verib getməli, ya da vəzifənin xatirinə səsini kəsib oturmalısan

SAM_0011

– Bir sual da var, bunların açması kimi. Gülağa Əliyev soruşur: “haqsızlığa, ədalətsizliyə, korrupsiyaya qarşı susurdu. Onu işdən çıxaran kimi dili açıldı”. Belə bir rəy də var haqqınızda…

– Mən o adamlara bir məqamı çatdırmaq istəyirəm. Axı mən Müdafiə Nazirliyində, ordu sistemində çalışaraq siyasətlə məşğul ola bilməzdim.  Cəmiyyətdə, ictimai fikirdə bu cür oturuşmanı mən doğru qəbul eləmirəm. “Sən dünən vəzifədə işləmisən, bu sözü deməmisən, çıxandan sonra da başlamısan hər hansı nöqsanlar barəsində danışmağa…” Dünyada belə bir şey yoxdur. Bu yalnız Azərbaycana xas olan cəhətdir.

– Yəni deyirsiniz ki, hamı öz işi ilə məşğul olmalıdır?

– Məntiq var. Bir hakimiyyətin içində təmsil olunursan. Və yaxud da bir nazirlikdə, bir strukturda çalışırsan. Ya ərizə yazıb, açıq şəkildə istefa verib getməlisən, ya da vəzifənin xatirinə səsini kəsib oturmalısan. Bəs indi vəzifədə olan adamlar haqqında niyə irad bildirmirlər?

– Aydındır. Lehinizə, əleyhinizə olan suallar var. Məni də tənqid edirlər bu arada… Allahverdi Əlisoy soruşur: “Deyin görüm, Eldar Sabiroğluna niyə bu qədər önəm verirsiniz? Ən maraqlısı da onun oğlundan qəhrəman obrazı yaradıb xalqa sırımaqdır. Bu sual sizə aid deyil. Maraqlıdır, siyasətçi kimi deyin – kimə və niyə lazımdır bu qəhrəman?”

– Əgər onun özünə mən və oğlum gərək deyiliksə, bir şəxs olaraq özümü çox şad hesab edirəm.

Yeni gülərlər peyda olacaq…

eldar

– Samid Məmmədov, səhv etmirəmsə, ölkədən xaricdə yaşayan soydaşlarımızdandır – yazır: “Əvəz Zeynallı axır vaxtlar xalqı pis günə qoyanların reabilitasiyası ilə məşğul olur.” Mən məxsusən bunu demək istəyirəm ki, bizim əleyhimizə olan adamların da fikirləri səslənsin.

– Əvəz bəy, bu illərdə məni ən çox tənqid edənlərdən biri də sən olmusan. Nə vaxt mənim reabilitasiyamla məşğul olmusan?

– Hətta millət vəkili Adil Əliyevlə apardığımız müsahibəyə də etiraz bildirənlər var ki, “onlar milləti pis günə qoyan adamlardır, Əvəz Zeynallı da onları reklam edir. Bir gün belə reklamların nəticəsində yeni gülərlər peyda olacaq”. Belə bir fikir də var…

– Yəqin ki, bizim müsahibəmizi adını çəkdiyiniz şəxslər eşidəcək. O zaman görsünlər ki, Əvəz bəy mənim nəfəsimi necə kəsir. Nəyimi reabilitasiya eləyir? Hansı işi görmüşəm ki, mən də reabilitasiya haqqında düşünəm. Siz “Xural” qəzetini çıxaranda, yadıma gəlir, Nərimanovda – Montində olan redaksiyanıza 1-2 tədbirlərə mən də getmişəm. Ondan bu yana – son 1-2 ildə susub, danışmayıb, yoxsa hər zaman kürəyimə döşəyib.

– Əstəğfürullah.

– İndi oturub yaxşı söhbətlər edirik. Düşmən olmamalıyıq ki?.. (Ürəkdən gülür)

Müdafiə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya Nazirliyi deyil ki…

senge-15

– Yeri gəldi, qoyun mən də deyim. Elə siz də vəzifədə olanda bizə həmişə qadağa qoyubsunuz, bizi heç bir tədbirlərinizə çağırmamısınız, bugünkü şəbəkə kimi bizi məlumatlardan kənarda saxlamısınız.

– Hesab edirəm ki, nə siz səhv eləmisiniz, nə də biz…

– Məncə siz mətbuatı sıxmısınız, bizi də sıxmısınız.

– Sıxmışam, ona görə ki, sıxmaq lazım idi. Mən orada işləyəndə Əvəz müəllim, hər şeyi süfrə kimi açıb deyə bilməzdim. Bunu dərk etsinlər. Əvəzində isə məndən bolluca informasiya istəyirdilər. Müdafiə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya Nazirliyi deyildi ki, xiyardan, pomidordan və yaxud da havadan-iqlimdən danışasan, məsələ qurtara, bitə. Mən bunu edə bilməzdim.

– İndi Kənd Təsərrüfatı Nazirliyi xiyardan, pomidordan da danışmır…

– İndi almadan-mandalindən danışırlar.

– Elnur Yusubov soruşur: “Heç mi özünüzü günahkar saymırsınız?” Hər halda bunu rejimə xidmət etdiyinizə görə deyir.

– Bu həyatda günahsız adam varmı?

Rüfət müxalifətin meydanına yaxşı top ötürüb

SAM_0039

– Rüfətlə bağlı da suallar çoxdur. Təbii ki, onu dəstəkləyən suallar çoxdur. Elvin Məhərrəmli yazır: “Mənim əvəzimdən təbrik edin ki, elə oğul böyüdüb”. Türkel Azərtürk yazır: “Eldar Sabiroğlunu salamlayıram. Oğlu Rüfət dostumuzdur. Şəxsən mənə görə, çox dəyanətli, ləyaqətli, cəsarətli qardaşdır. Bir müddət əvvəl o, prokurorluq orqanlarından istefa verərək, xalqla həmrəyliyini ifadə etdi və bir nümunə yaratdı. Bəs Eldar Sabiroğlu niyə oğluna dəstək olmadı: Onun səhv etdiyini dedi? Qorxudan, yoxsa rejimə sədaqətdən dolayı?” Maraqlıdır ki, Rüfətə dəstək verənlərin əksəriyyəti də müxalifətçidir.

– Çünki Rüfət onların meydanına yaxşı top ötürüb. Ona görə də ondan bu gün xoşhaldırlar.

– “Niyə oğluna dəstək olmadı?”

– Heç bir qorxu hissi keçirmədən, nədənsə ehtiyat etmədən oğlumu dəstəkləyə bilməzdim. Çünki baxışlarımız üst-üstə düşmürdü, Əvəz bəy… Baxışlarımız üst-üstə düşmürdü. Yəni 25 ildir, mən Heydər Əliyev siyasətinin arxasınca gedirəm, axı birdən-birə necə dönə bilərdim. Dönməyi qarşıma necə məqsəd qoya bilərdim?

– Axı oğlunuz da çox sərt danışır, deyir, “mənim indiyə qədər yediyim çörək haramdır, halal deyil…”

– O zaman indiyədək YAP-dan qazandıqlarımdan ona nə qədər xərcləmişəmsə, gətirib qaytarsın.

Haramdırsa, YAP-ın pullarını qaytarsın

SAM_0037

– Maraqlı fikirdir.

– Haramdırsa, versin, qaytarsın. Mən bunu tələb edirəm. Qaytara bilərmi? Yeyib, üstündən də bir stəkan su içib. Hardadır? Yoxdur, qurtardı.

– Əsəd Məmmədli soruşur: “Eldar bəy, atanın açdığı cığırı oğullar bəyənməzmiş, öz yollarını seçərmiş. Bu nədir – Tanrının ədaləti, yoxsa sizdən qisası? Subyektiv yanaşmama görə, sizin yolu doğru hesab etməmişəm”.

– Mən hər hansı bir günah işlətməmişəm ki, Tanrı haradasa məndən qisas alsın. Hər şeyi Tanrının, Allahın ayağına bağlamağı da məqbul hesab etmirəm. Allah bəndəsinə deyir ki, “sənə həyat verdim, faili-muxtar yaratdım, ağlın olsun, get, yaşa”. Yenə o məsələyə qayıdıram. Necə ola bilər ki, mən 25 il bu siyasəti müdafiə edəm, sonra da ondan dönüm? Mənim üçün çox ağrılı ola bilər. Heç bir qorxum, heç bir ehtiyacım da yoxdur.

Ölkəmizdə rüşvət, korrupsiya, haqsızlıq var

eldar9

– Sadəcə öz yolunuzu gedirsiniz?

– Öz yolumu davam edirəm və eyni zamanda da bu məsələdə bir kor-təbiilik yoxdur. Hesab edirəm ki, Heydər Əliyevin siyasi ənənəsi, qoyduğu siyasi xətt bu gün çox gözəl həyata keçirilir. Nöqsan, qüsur ola bilər. Ölkəmizdə rüşvət, korrupsiya var. Haqsızlıq müəyyən məqamlarda var. Ancaq insaf onun da tələb edir ki, görülən işləri də etiraf edəsən. Heç bunların üzərindən xətt çəkmək olar?

– Fuad Əhmədli soruşur: “Eldar bəy, Rüfət bəy YAP rejiminə xidmətdən imtina edərək, xalqın düşərgəsində yer alarkən, ona məktubunuzda yazmışdınız ki, “Özün də bilmədən düşmənlərimizi sevindirdin”. Bilmək olarmı, siz “düşmən”lər deyəndə ölkənin müxalif qüvvələrini nəzərdə tuturdunuz, yoxsa hakimiyyət daxilində sizi narahat edən başqa klanmı var?” Bu fikir də maraqlıdır. Müxalifət də bu hadisədən müəyyən dərəcədə bəhrələnməyə çalışa bilər. Siz “düşmən” deyəndə kimi nəzərdə tutmusunuz?

– Sözün düzü, mən müxalifətdən bir düşmənçilik görmədim. O ifadəni də işlədərkən kimə işarə vurduğumu millət bilir. Mənim hakimiyyətdə də dostlarım çoxdur. Salamlaşdığım adamlar da var. Düzdür, onların bir qismi, Rüfətin hadisəsindən sonra geri çəkildilər. Onları da düzgün başa düşürəm mən.

– Bununla bağlı da sual var…

– Ancaq ümumilikdə götürdükdə “düşmən” sözünü də bəlkə ifadə olaraq, qədərindən artıq işlətmişəm.

Lütfi Zadənin milli təəssübkeşliyi yoxdur, çünki arvadı qeyri millətdəndir

eldar8

– Yəni belə də demək olardı ki, “məni sevməyən adamlar”.

– Bəli, məni sevməyən adamlar və onların başında da 37-ci ilin Lavrentiya Beriyası – Azərbaycanın Ramiz Mehdiyevi durur. O, nəinki məni, onlarla, bəlkə də yüzlərlə Heydər Əliyevçini, bu dövləti, bu milləti istəyən adamları vurub, sıradan çıxarıb. Ümumiyyətlə, sizə bir söz də demək istəyirəm. Çox araşdrmalar aparmışam. Xahiş edirəm, diqqətlə dinləyəsiniz. Bəzi bizim yüksək təbəqə sahibləri, yüksək səlahiyyət sahibləri, mədəniyyət xadimləri nədən Azərbaycançılığa, bu millətə, bu Vətənə bu dərəcədə biganədirlər? İnanın Allaha ki, çox baş sındırmışam, axırda qənaətlərimin dayandığı nəticələrdən biri də budur ki, arvadın başqa milliyyətdən olmanın böyük ziyanı var. Məsələn, Lütfi Zadə qeyri-səlis nəzəriyyənin banisidir və dünyaya böyük bir töhvə verib. Yoxdur milli təəssübkeşliyi. Müslüm Maqomayev dünyaca məşhur olan mədəniyyət xadimidir.

– Polad Bülbüloğlu.

– Xeyr, mən Polad Bülbüloğlunu onlardan ayırardım. Çünki onun həyat yoldaşı azərbaycanlıdır. Polad Bülbüloğlu öz dədə-baba yurdu Qarabağla bağlı dünyaya etirazını hayqıran şəxslərdəndir. Böyük rəssam Tahir Salahov. Bunlar özlüyündə, öz sahələrində nəinki keçmiş İttifaqda, dünyada məşhur insanlardır. Ancaq Dağlıq Qarabağla bağlı birinin səsini, etirazını eşitmisinizmi?

Lütfi Zadənin, Müslüm Maqomayevin, Tahir Salahovun həyat yoldaşları azərbaycanlı olsaydı

eldar7

– Səbəbi odurmu?

– Mən hesab edirəm ki, Lütfi Zadənin həyat yoldaşı azərbaycanlı olsaydı, o, bu məsələdə dayanmazdı. Düşünürəm ki, Müslüm Maqomayevin həyat yoldaşı azərbaycanlı olsaydı, dayanmazdı. Eyni zamanda da Tahir Salahov.

– Eldar müəllim, mən heç bir zaman indiki qədər çıxılmaz durumda qalmamışdım. Heç bir zaman olmadığı qədər də Ramiz Mehdiyevi müdafiə etməklə məşğulam. Amma mən öz təcrübəmdən və həbs həyatımdan gördüm ki, atası-anası, özü, arvadı, uşaqları da türk oğlu türk olan, türk qızı türk olan, türkçülük adı ilə yaşayan adamlar məhkəmə zalında üzümə durub, mənə 9 il həbs cəzası verilməsinə səbəb oldular.

– Mənə elə gəlir ki, onlar bu gün də xəcalət hissindən ayrılmayıblar. Onları bu sıxıntı həyatları boyu, ömürlərinin axırınadək izləyəcəkdir. Çünki haqsızlıq…

– Demək istəyirəm ki, o, insanın özündən asılı olan bir şeydir.

– Düşünürəm ki, Lütfi Zadənin yerində bir erməni olmuş olsaydı.

– O, ayrı məsələ – bütün dünyaya səs salardı.

– Müslüm Maqomayevin yerində bir erməni olmuş olsaydı. O cümlədən, Tahir Salahovun və daha neçə-neçələrinin… Onlar indi dayanardılarmı? Bütün səslərini dünyaya ucaldardılar. Lakin bunlar danışmırlar. Mən onları ən sadə şəkildə kosmopolitan adlandırıram. Kim necə başa düşürsə düşsün. Sonra araşdırmalarım nəticəsində belə qənaətə gəldim ki, arvadın millətindən olmamasının da xüsusi ziyanları vardır. Onun da üstündə israrlıyam.

Oğlum mənim həyatımdır

eldar6

– Eldar müəllim, Rüfətlə bağlı son suallar var. Həzi Şəmistan deyir ki, Rüfət bəyin məlum məsələsindən sonra ilk gündən bu günə kimi Rüfətin böyük cəsarət və dönməzlik göstərməsi sizdə bir ata kimi oğlunuza qarşı nə qədər sevgi oyatdı, oğlunuzla qürur duydunuzmu?

– Oğlumu mənim qəlbimdən çıxaran heç bir qüvvə, heç bir siyasi düşüncə ola bilməz. Oğlum mənim həyatımdır. Onu özümdən daha çox istəyirəm. Mənim dünyada bir arzum var. Bütün ataların arzusu kimi, məni də oğlumun çiynində o dünyaya aparsınlar.

– Allah uzun ömürlər versin.

– Ancaq bütün bunlarla bərabər, onun siyasi düşüncələrindən razı deyiləm. O, çox səhv addım atdı.

– Yəni qürur duyuram, amma oğlum da oğlum, siyasi düşüncələrim də siyasi düşüncələrimdir.

– Mən yenə oğluma təklif edirəm ki, o bəyanatları ortaya qoysun, açıqlamalarına da baxsın, çağırışlarına da… Bunun müqabilində haqlı və ya haqsız türməyə getməsini düşünsün və prezident İlham Əliyevin göstərmiş olduğu çox böyük jesti də dəyərləndirsin. Qoysun tərəziyə ölçsün.

– Orxan Məmmədov sual verir: “Eldar müəllim, siz YAP dəstəkləyicisi, oğlunuz isə sistemin qatı əleyhdarı. Siz lazımi situasiyalarda oğlunuzun azad edilməsi üçün prezidentə müraciət edirsiniz. Bəzi məqamlarda oğlunuzun mövqeyini təqdir edirsiniz. Bu ziddiyyətli məqamları nə ilə izah edərdiniz? Belə çıxır ki, bəzən bir medalyonun iki həqiqət üzü də ola bilər”. Məncə maraqlı sualdır.

Görün YAP nə qədər demokratik bir siyasi təşkilatdır ki…

eldar5

– O, əslini düşünsə, belə sualla mənə müraciət etməzdi. Görün YAP nə qədər demokratik bir siyasi təşkilatdır ki, birinin oğlu kəskin yol tutur, özünə və atasına da bir şey etmirlər”.

– Belə çıxır.

– Özünə müvəqqəti olaraq müəyyən sıxıntılar gətirdilər, sonra hər şey yaxşılığa doğru irəlilədi.

– Siz indi də Rüfətdən onu gözləyirsiniz ki, tərəziyə qoyub, özü qərar versin?

– Mən onun tərəfdarıyam ki, insan ümumiyyətlə, pisliyi unutmalıdır. Əgər yaddaşında onu saxlayırsa, onunla bərabər müsbət olanı da ortaya – tərəzinin bir gözünə qoysun. Bu mənada bir də təkrar edirəm. Daha aydın olmaq üçün. Mənim oğlumu tənqid etməyim, fikirləri ilə razılaşmamağım o demək deyil ki, biz ata-oğul münasibətlərində kəskin əhvali-ruhiyyədəyik. Xeyr. Evdə-eşikdə tamamilə normal məsələlərdir. Ancaq indi də, dünən də, sonra da mən oğlumun bu addımı ilə razılaşası deyiləm. Mənə onun siyasi düşüncəsindən daha çox, öz siyasi baxışım, öz dünya görüşüm münasibdir.

Hakimiyyətin zirvəsinə sədaqətlərini sübut etmək üçün sanki sosializm yarışına giriblər

 eldar4

– M.Zeynallı soruşur: “Azərbaycan reallıqlarında ailəniz yaxşı nümunə göstərdi və sübut etdi ki, hansı mövqeni tutmasından asılı olmayaraq, insan vicdanının səsini dinləməli, haqq və ədalətin yanında olmalıdır. Bu addımı atdığınıza peşman deyilsiniz ki? Hakimiyyətdə indi də vəzifədə olan dostlarınız az deyil. Onların bu məsələdə sizə qarşı münasibəti necə oldu? Vəzifədə olanlar səmimi söhbətlərində Azərbaycanı saldıqları bu durumdan razıdırlarmı?”

– Hakimiyyətdə də, cəmiyyətdə olduğu kimi müxtəlif qruplar var. Onlar hamısı birlikdə hakimiyyətin zirvəsinə inam və hörmətlərini, sədaqətini sübut etmək üçün sanki sosializm yarışına giriblər. Ancaq elələrini də tanıyıram ki, ayrılan kimi tamamilə başqa fikirlər söyləyirlər: “Təki bu şeydən canımı qurtarıb sağ-salamat gedəydim”. Belələri var.  Bu gün elələri müxalifətdən daha çox bizim hakimiyyətə zərərlidir. Mən də bunun  tərəfdarıyam və həmişə də bunu qeyd edirəm. Rüşvətxorluq, korrupsiya haradan yaranıb? Nədən prezident bunu dilinə gətirir və tənbeh edir. Deməli, mövcuddur. Kimdir eləyən? Bunu müxalifət eləmir, bunu sadə insan eləmir. Səlahiyyəti, vəzifəsi olan adam eləyir.  Səlahiyyəti, vəzifəsi olan adamın da bir insafı gərək. Yaxşı, yığdın, topladın. Bu, ailən üçün, nəvə-nəticən üçün kifayətdir. 20-yə, 30-a yaxın villası olan var. Hara aparacaqsan bunu? Neyləyəcəksən? Aparacağın uzağı 2 metr uzunluğunda torpaq və 3 metr kəfəndir. Sabançının yaxşı bir sözü var idi. Onu məndən yaxşı tanıyarsınız, çünki Türkiyədə oxumusunuz. Nəhəng milyarder idi. Övladı da yox idi. Öldüyünü biləndə deyib ki, gətirin ayaqlarıma corab geyindirin. Mənim kimi milyonçu bir adam heç olmasa o dünyaya corabla getsin. Nəyə bunları yığırlar?

– Öz aranızda, o adamlar öz aralarında bu şeylər haqqında danışırlarmı? Ölkənin düşdüyü vəziyyətin fərqindədirlərmi?

– O adamlar xəcalət hissindən bu haqda necə danışa bilərlər? Rüşvətxor, korrupsioner mənim yanımda nə danışacaq?

Hakimiyyətin daxilində çaxnaşmalar var və bu, çox təhlükəlidir

eldar3

– Yəni deyirsiniz ki, əməllərindən xəcalət çəkənlər var?

– Bəli, xəcalət çəkənlər var. Ancaq mən bu gün rüşvətxorluq və korrupsiyaya qarşı prezident İlham Əliyevin apardığı qətiyyətli işi müdafiə edirəm. Onun apardığı islahatlar, mən belə başa düşürəm ki, öz yerini tapacaqdır. Lakin hakimiyyətin daxilində mövcud olan çaxnaşmaları da hiss edirəm və bilirəm ki, bu çox təhlükəlidir. Bunun qarşısı kəsilməlidir. Zənnimcə hakimiyyətin devrilməsini daxilən, ürəyində arzulayanlar bir fikirdən qətiyyən yayınmasınlar. Elə də başa düşməsinlər ki, devrim olanda hər şey xoşbəxtliyə doğru gedəcək. Allah göstərməsin, elə xaotik vəziyyət yarana bilər ki…

– Yəni deyirsiniz ki, elə bir təhlükə var?

– Mən inanmıram ki, elə bir təhlükə olsun. Ancaq o vəziyyəti yaratmaq haqqında düşünən adamlar bir qədər də ölçülü-biçili davransınlar.

– Rövşən Qəmbər soruşur: “Düşmən bizə atəş açdı, layiqli cavabını aldı, susduruldu”. Hər birimiz bu cümləni minlərlə dəfə dinlədik. Hər dəfə təkrarlanan bu cümlənin anlamı varmı? Bu nə deməkdir?

– Bizim də vaxtımızda olub, bizdən əvvəl də olub, son günlər də olur. Cəbhədə olan hadisələri biz çatdırmaq istəmişik. İndi də baxıram, izləyirəm ki, mətbuatda MN tərəfindən müəyyən analizlər aparılır. Təkcə atəşkəsin pozulması ilə bağlı məlumatlarla kifayətlənmirlər. Ordunun qüdrəti, ordunun Silahlı qüvvələrinin şəxsi heyətinin hazırlanması ilə bağlı lazımi çıxışlar var. Bundan sonra da yəqin ki, bütün bunlar davam edəcəkdir. Rövşən Qəmbərə onu çatdırmaq istəyirəm ki, indi elə proseslər gedir ki, mən də onun kimi, bəziləri kimi ora təyin olunmamışdan əvvəl eyni təsəvvürdə idim. Gedəndən sonra baxdım ki, yox, fərqli şeylər var. Adi bir söz böyük skandal əmələ gətirir.

– Güman ki, MN-də işlədiyiniz üçündür ki, bununla bağlı daha bir sual var. Qoşqar Nurəliyev soruşur ki, torpaqlarımızın qurtarılacağına inanırmı? Siz ordunu içəridən tanıyırsınız. Yəni biz torpaqlarımızı işğaldan azad edə biləcəyikmi? (Bu müsahibə Azərbaycan Ordusunun hərbi əməliyyatlar keçirdiyi tarixdən xeyli əvvəl – 17.03.2016-cı ildə götürülüb – Red.)

– Çox aktual sualdır, sualı verənə təşəkkürümü bildirirəm və onu əmin etmək istəyirəm ki, ordumuzun bugünkü qüdrəti, Silahlı Qüvvələrimizin, şəxsi heyətin döyüş hazırlığının səviyyəsi o qədər yüksəkdir ki, düşməni 3-4 ay içində məhv edib, torpaqlarımızdan silib-süpürüb atar.

– Yəni 3-4 aya bu mümkündür?

– Bəli. Bizim ordumuz o qüdrətə malikdir. Sual oluna bilər ki, bəs, o zaman niyə istəmirsiniz? İstək var. Başqa amillər, başqa faktorlar qabağı kəsir.

– Beynəlxalq amilləri nəzərdə tutursunuz?

– Xüsusilə Rusiya faktoru. Qarabağ münaqişəsini törədən də Rusiya, keçmiş Sovetlər İttifaqının rəhbəri Qorbaçov idi. İndi də sürəkli şəkildə davam etdirilir.

– Bilmirəm, bu suala necə cavab vermək olar. Heç bilmirəm, bunu səsləndirmək yerinə düşərmi? Baş Qərərgahın rəisi Nəcməddin Sadıqov həm də Rusiyanın Milli Qəhrəmanıdır. Yəni bu tip rəhbərlərlə ordunu milli cəbhədə milli istiqamətə yönəltmək olarmı?

– Məni üzrlü hesab edin, bu məsələyə toxunmaq istəmirəm.

– Natiq Ədilov soruşur: “Maksim Musayev haralardadır, sağdırmı? Onun parlamentdə məzəli replikaları olurdu. Siz onunla bağlı yaxşı hekayələr bilərsiniz yəqin. İctimaiyyətlə paylaşa biləcəyiniz belə bir xatirə varsa, deyin”.

– Maksim Musayev pis adam deyil. Bu iqtidarı da, hakimiyyəti də sevən adamdır. Ümumiyyətlə isə, onun insana ayrıca baxışları var. Bəzən o baxışlar müəyyən mənada zarafata da keçirdi. Maksim müəllimin söz bazası çox olduğuna görə, məzəli söhbətləri də çoxdur. Mənim ona böyük hörmətim var. Sözünü deyən şəxsdir.

“YAP-ın Qızıl Fondu”na nə oldu?

eldar2

– Yeri gəlmişkən, sizdən bir məsələyə də münasibət bilmək istəyirəm. Ümumiyyətlə, Maksim Musayevi, Əli Əlirzayevi, Şahlar Əsgərovu – bunları həm də YAP-ın köhnə qvardiyası adlandırmaq olar.

– Adları çəkildi və mən bu fikrimi də qeyd edim, Maksim Musayevin, Əli Əlirzayevin, Şahlar Əsgərovun xidmətlərini etiraf etməliyik. Şahlar Əsgərov 91-lərdəndir.

– Heydər Əliyev 91-lərə “Qızıl Fond” adını vermişdi.

– Bəli, onların qiymətini çox gözəl vermişdi.

– İndi elə bil onların hamısı tərk edilib, yalnızlığa məhkum olunublar.

– Görün, Şahlar Əsgərovun deputatlığını kiminlə əvəz elədilər? Zahid Qaralov rəhmətliyin də çox böyük xidmətləri olmuşdu. Deputatlığını kiminlə dəyişdilər? Heydər Əliyevin 1990-91-ci illərdə parlamentdə çıxışını kəsən birisi ilə. İndi həmin adam Komitə sədridir.

Şahlar Əsgərovun qolu qırıldı, YAP-dan bir adam maraqlanmadı

eldar1

– Kimdir?

– Ziyad Səmədzadə. Şahlar Əsgərov xidməti olmuş şəxsdir. 2013-cü ildə prezident seçkilərində Pirallahıda prezident İlham Əliyevin təbliğatına, siyasi mübarizəyə qoşulmuşdu. Təbliğat qurtarandan sonra onun avtomobili qəzaya uğrayır, qolu qırılır. 3-4 ay əzab çəkdi. Bir dəfə onunla söhbətimiz oldu, çox dilxor idi. Səbəbini soruşdum, dedi “YAP-dan bir nəfər də olsun, halımı soruşmur.” Halbuki YAP-ın göstərişi ilə bu təbliğata qoşulub getmişdi. Təsadüfi avtomobil qəzası nəticəsində ağır zədə almışdı. O, bu gün də unuda bilmir ki, nə üçün YAP-dan bir nəfər də olsun, onun halı ilə maraqlanmır.

– O adamlarla bir araya gəlirsinizmi? Söhbətləriniz olurmu? Onlar bu haqda nə düşünürlər? Axı bunlar Heydər Əliyevin “Qızıl Fond” dediyi adamlardır?

– Elələri var ki, çox yüksək qiymətləndirir, əlaqələri də var, danışıb söhbət edirik. Eləsi də var ki, heç göz altına almaq istəmirsən. Çünki işləri o qədər cağbacağ yerindədir ki, deyir nəyimə lazım ey…

Heydər Əliyev hakimiyyətə nə vaxt gələcəyini əvvəlcədən bilirdi

SAM_0019

P.S.

– Eldar müəllim, bu məsələlər haqqında Əli Nağıyev, Namiq Abbasov kimi adamlar son vaxtlar ümumiyyətlə nə hakimiyyətdaxili, nə də YAP-daxili məsələlərdən danışmırlar. Sizcə onların susmasının bir səbəbi varmı? Təmasınız varmı onlarla?

– Yox, elə bir təmasım yoxdur. Danışmamağa, susqunluq göstərmələrinə də bir irad tutmuram. Yəqin onlar belə lazım görürlər.

– Yəni hələ vaxtı deyil?

– Mən elə yanaşmazdım. Onlar da bu hakimiyyətə sədaqətli adamlardır.

– Çünki Cəlal Əliyev vəfat edəndə Əli Nağıyevin maraqlı bir mövqeyi səslənmişdi ki, “Cəlal Əliyev olmasaydı Heydər Əliyev hakimiyyətə gələ bilməzdi”. Bu haqda məlumatınız varmı?

– Var.

– Bu fikirlə razılaşırsınızmı?

– Bunun üzərində çox fikirləşmişəm.

– Çünki Əli Nağıyev sıradan bir adam deyil.

– Cəlal Əliyevin Heydər Əliyevin hakimiyyətə gəlməsi barədə göstərmiş olduğu xidməti heç kim dana bilməz. Allah bunu götürməz. Bu yolda çox əzab çəkib. Ancaq hərənin öz düşüncəsi var. Mən indi onu o sözünə görə tənqid eləmək istəməzdim. Bu gün də elə qənaətdəyəm ki, Heydər Əliyevə silahdaşları hakimiyyətə gəlməkdə köməklik göstərib. Ancaq Heydər Əliyevin özünün şəxsi nüfuzu istisnadır. Onun özü hakimiyyətə nə zaman gələcəyini, nə zaman hakimiyyəti idarə edəcəyini vaxtına, dəqiqəsinə qədər çox gözəl bilirdi.

– Yəni deyirsiniz ki, Heydər Əliyev hakimiyyətə nə vaxt gələcəyini əvvəlcədən bilirdi.

– Mən bunu xidmət olaraq, kəsinliklə kimlərinsə üzərində toplamağın tərəfdarı deyiləm. Hər bir adamın böyük xidməti var. O cümlədən də Əli Nağıyevin. Partiya quruculuğunda onun səylərini, təşəbbüslərini, göstərdiyi xidməti, çəkdiyi əziyyətləri mən kənara qoya bilmərəm. Bununla belə, Heydər Əliyevin hakimiyyətə gəlməsində istər yaxınları, doğmaları olsun, istərsə də başqa kənar adamların xidmətlərini kənara qoymuram. Ancaq bu qənaətdəyəm ki, Heydər Əliyev özü-özünü və xalqa söykənərək gətirdi.

Əli İnsanovu Rauf Arifoğludan üzr istədiyinə görə bağışlamıram

DSC09986

– Eldar müəllim, Əli İnsanov haqqında nə fikirləşirsiniz?

– Allah bütün həbsxanada olanların qapısını açsın, o cümlədən də Əli İnsanovun. Mən qapalı danışmağı xoşlamıram və Əli İnsanovla münasibətlərimizin də yaxşı olduğunu bütün cəmiyyət bilir.

– O, həbs olunanda hamı onun əleyhinə danışdı. Siz necə?

– Danışanlar özləri bilərlər, mən isə o cür münasibət göstərmədim. Çünki onunla ən azı salam-sabahımız olmuşdu. Lakin onun bir nəfərdən üzr istəməsi ürəyimi sındırdı. Bu gün də o qənaətdəyəm.

– Kimdən üzr istəyib?

– Həbsxanada olarkən Rauf Arifoğludan üzr istədi. Mən onu bağışlamıram.

– Rauf Arifoğlu ilə də, yeri gəlmişkən, sizin xüsusi münasibətləriniz var.

– Onunla mənimki heç bir zaman düz gətirməyib. Qarşılığında da eyni cvabı alıb.

– Niyə, səbəb nə olub?

– Səbəb şəxsi maraqlara söykənir. Onun hakimiyyət barəsində, H.Əliyev və İ.Əliyev barəsində ən ağlasığmaz fikirləri, sözləri yazdığı cümlələr yadıma düşəndə məni dəhşət bürüyür. Amma nə olsun ki, sinəsinə, döşünə medal taxıldı.

– İlham Əliyev qəbul elədi.

– Qəbul eləyibsə də, bu İ.Əliyevin prezident kimi öz işidir. Mən heç bir zaman irad tuta bilmərəm, əstəğfürullah. Özləri bilər. Ancaq mən Rauf Arifoğlunun keçmiş fəaliyyətini, H.Əliyevə, İ.Əliyevə qarşı olan kəskin münasibətini, hətta çərçivədən çıxaraq, şəxsiyyətlərini alçaldacaq fikirlərini heç bir zaman unuda bilmərəm və xəyallarımdan da silib çıxara bilmərəm. Bu səmimiyyətimə inanın.

– Ancaq prezident unudur. Bəlkə prezident belə məsləhət bilir?

– Hakimiyyətin zirvəsinin düşüncələri başqa ola bilər. Bu gün mən İ.Əliyevi bu addımı səhv atdığına görə tənqid etməkdən çox uzağam. Əstəğfürullah. Mən onu bu gün də özümün liderim hesab edirəm. Sabah hər hansı bir hadisə olarsa, yenə də onun səngərində dayanacağam. Ancaq o cür saxta adamları qəbul edə bilmirəm. İstəyirəm ki, həyatımı da bir sifətim olaraq başa vurum. İstəmirəm ki, ünvanıma ikisifətlilik, riyakarlıq damğası gətirəm. Bununla da özümü hörmətdən salam. O, məni daim haqlı-haqsız tənqid edib. Mən də onu eyni qaydada qəbul etməmişəm. Bu gün də israrlıyam. Sabah Allah eləməsin, başqa bir proses yaranarsa, mən Rauf Arifoğlunun indiki sabit vəziyyətdə qalacağına çox şübhə ilə yanaşıram. İnanmıram ki, onun bu “jest”i ictimaiyyət arasında ona hörmət gətirsin. Eyni zamanda onu da düşünürəm ki, hakimiyyət çox gözəl olaraq, o addımı ona tərəf atmaqla kişinin hansı sifətə malik olmalı olduğunu göstərdi.

– Ceyhun Mirzəlinin bir sualı var. Azərbaycan və dünya ədəbiyyatında ən bəyəndiyi əsər hansıdır? Oxuduğunuz kitab varmı?

– Var, çoxdur. Ümumiyyətlə, mən M.F.Axundovun yaradıcılığını çox sevirəm. Mirzə Fətəli milli adət-ənənələrimizin təməl prinsiplərini qoyan şəxsdir. Onun “Kəmalüddövlə məktubları”, “Aldanmış Kəvakib”, “Sərgüzəşti mərdi-xəsis” – Hacı Qarası… O zamanlar qadın obrazlarını səhnəyə gətirmək böyük cəsarət tələb edirdi.

“Nəsimi”dən “Şillerin siyahısı”na qədər yol…

– Bəs, Azərbaycan və Dünya kinosunda hansı filmləri sevirsiniz?

– Azərbaycan kinosunda “Nəsimi” filmini bəyənirəm. Dünya filmlərindən “Şillerin siyahısı” – “Schiller list” filmidir ki, Oskar mükafatı alıb. O filmi çox sevirəm. Balzaka çox böyük məhəbbətim var. Onun “Qorio atası”nı – “Oтец Гориo”-nu həyəcansız, təsirsiz oxumaq mümkün deyil.

– Eldar müəllim, o dünyaya inanırsınızmı?

– Axirətə? Əlbəttə ki, inanıram.

O dünyada Heydər Əliyevlə görüşmək istəyirəm – ona sözlərim var

eldar10

– Belə bir sual var. O dünyada hansı tarixi şəxsiyyəti görmək istərdiniz?

– Əgər qismət olarsa, o dünyada yeri cənnət-məkandır – H.Əliyevlə görüşmək barəsində çox düşünürəm. Ona bir övlad kimi deyəcəyim bəzi sözlərim var. Əgər Allah mənim də yerimi cənnət-məkan eləsə, günahlarımı bağışlasa, yəqin ki, o dünyada mənim xilaskarım, bu dünyada, bu dövlətin, bu Vətənin, bu millətin xilaskarı olan, həddindən artıq çox sevdiyim Heydər Əliyevlə görüşüm, mənim o dünyam üçün də rahat keçər.

– Allah ömrünüzü uzun eləsin.

– Sağ olun.

– Amma gərək, o siqareti də buraxasınız.

– Siqareti buraxmışdım, 15 il idi çəkmirdim. Rüfətin hədiyyəsi oldu.

– Bu hadisələrdən sonra çəkdiniz?

– Hə. (Gülür…) Rüfətin hədiyyəsi oldu.

– İnşallah, onu da buraxarsınız. Sağ olun. Sizə təşəkkür edirəm.

– Mən sizə təşəkkür edirəm, çox sağ olun. Bu bayram günündə evimdə sizi qarşıladığıma görə hədsiz dərəcədə məmnunam. Hesab edirəm ki, söhbətimiz də pis alınmadı. İndi haradasa ehtiyatlılıq etmişəm, bəzi məsələlərin üzərindən sükutla keçmişəm, onu da düzgün qarşılamağınızı istəyirəm. Mən yenə təkrar edirəm. Bir daha təkrar edirəm. Mənim tutduğum siyasi yolda kimlər mənə tənələr və tənqidlər edirlərsə, Allah onların da canını sağ eləsin. Ancaq yolumdan da dönəsi deyiləm.

SON

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button