Eldar Sabiroğlu yazdı: “Kreml niyə naxələf çıxdı?”

Eldar Sabiroğlu

Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri, polkovnik

Ümumrusiya Azərbaycanlıları Konqresinin qapadılması haqda söz-söhbətlər səngimirdi. Hətta Ədliyyə Nazirliyinin Rusiya Federasiyanın Ali Məhkəməsinə müraciətindən sonra da bizlərdə arxayınçılıq vardı ki, strateji müttəfiqimiz belə bir işə getməz. Ancaq göründüyü kimi getdi və heç nəyi nəzərə almadan 16 il əvvəl yaranmış təşkilatın fəaliyyətinə son qoydu. Doğrusu, hadisə çoxları kimi məni də ağrıtmağına baxmayaraq, məsələyə münasibət bildirməyi özümə rəva görmürdüm. Niyə görə?

Yazırsan, deyirlər düşməndir, danışırsan, qışqırırlar ki, dövləti istəmir, satqındır. Amma vallahi nə bu“fədakarlar”dan dövləti az istəyirik, nə də onun problemlərinə biganəyik. Bəs niyə belə oldu? Axı Rusiya ilə ayrılmaz dost, əziz qardaş idik. Aradan nələr keçdi ki, Kreml belə naxələflik nümayiş etdirdi?! Ancaq bu, birinci dəfə deyil. Nə də sonuncu olacaq. Hakimiyyətlərin dostluğu, isti münasibətləri yeri gələndə öz rolunu oynaya bilmir. Kreml indi bu cür davranış ortaya qoydu. Gəlin bu məsələdə günahı bütünlüklə strateji müttəfiqimizin üzərinə yıxmayaq. Təşkilatın özündə də görünür, hansısa səhvlər olub. Üstəgəl, yersiz tapşırıqlar və müdaxilələr də öz təsirini göstərib. Bu da bir həqiqətdir ki, bəzi ölkələrdə fəaliyyət göstərən təşkilatlarımız öz nizamnamə tələblərindən kənara çıxaraq müxtəlif maraqları, xüsusilə biznes maraqlarını daha üstün tuturlar. Əlbəttə, belə vəziyyəti bütün diaspor təşkilatlarımızın fəaliyyəti ilə əlaqələndirmək düzgün olmazdı. Amma bəzi təşkilatlar da vardır ki, onların rəhbərlərinin xoşagəlməz maraqları diaspor işimizin fəaliyyətinə ciddi xələl gətirir. Ona görə də Ümumrusiya Azərbaycanlıları Konqresinin qapadılması məsələsini yalnızca Kremlin ayağına yazmağı düzgün saymıram. Rusiyada səfirliyimizin də görünür, zamanında Konqresin fəaliyyəti ilə əlaqədar aidiyyatı orqanlar qarşısında məsələ qaldırmaması öz əhəmiyyətli rolunu oynamışdır. İndi diqqətimizi çəkən başqa bir məqamla fikrimi bitirmək istərdim.

Birincisi, bu boyda hadisə baş verib, Azərbaycanın səsi çıxmır. Döşündə Rusiyanın Dostluq ordenini daşıyan onlarla görəv sahibimiz vardır. Niyə susublar, niyə danışmırlar? İkincisi, əgər belə bir vəziyyətlə hansısa Avropa ölkəsində qarşılaşmış olsaydıq, indiki susqunluğu nümayiş etdirərdikmi? Hələ ki, bu boşlugun yerini deputatlarımız doldurur. Nəhayət, bu da strateji müttəfiqimizin bizə növbəti qardaşlıq salamı… Bəlkə səhvik?!

Əlaqəli məqalələr

1 şərh

  1. Eldar bəy, bir çoxlarının nəzərinə çatdırmağa rəgmən qeyd etmək istəyirəm ki, rəsmılərimiz həmişə bəyan ediblər ki, Rusiya bizim strateji əməkdaşımızdır. Strateji müttəfiq kimi Türkiyənin adı çəkilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button