Elmar Hüseynovu anım günü (Video)

İyulun 17-də Azərbaycanın demokratik cəmiyyəti “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun doğum  gününü qeyd edib. Bu gün onun 49 yaşı tamam olub.

“Bu gün bura toplaşmışıq ki, bir daha deyək ki, 2005-ci il martın 2-də Elmar Hüseynovun qətlə yetirilməsi cəzasız qalmayacaq və biz bu cinayətin sifarişçilərinin və icraçılarının əsl adlarının açıqlanmasına çox yaxınıq”, – “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib.

“Strateji düşüncə” Mərkəzinin rəhbəri İsa Qəmbər Elmar Hüseynovun Azərbaycanda söz azadlığına böyük töhfəsini qeyd edib. O, Türkiyədəki vəziyyətlə paralellər gətirərək vurğulayıb ki, məhz azad KİV, sosial media demokratik instututların müdafiəsində və hərbi qiyamın baş tumamasında həlledici rol oynayıb.

İ.Qəmbər Azərbaycan hakimiyyətini vəziyyət barədə yenidən düşünməyə və Azərbaycanda mətbuata təzyiqlərə, söz azadlığının sıxışdırılmasına son qoyulmasına çağırıb.

“Azərbaycan hakimiyyəti başa düşməlidir ki, cəmiyyətin azad olacağı və cəmiyyəti iflic edən zərərli tellərdən azad olan minlərlə insanın Elmarın məzarına gələcəyi gün uzaqda deyil”, – Müsavat Partiyasının rəhbəri Arif Hacılı bildirib.

Elmarın gücü və böyüklüyü ondadır ki, onun qətlindən 10 il sonra Azərbaycan cəmiyyəti Elmarın öncədən söylədiyi,  hədə-qorxulara, vədlərə baxmayaraq, bir jurnalist, vətəndaş kimi ardıcıl olaraq yazdığı böhranlı tendensiyaların və hadisələrin şahidi oldu.

“Biz bilirik ki, o vaxtlar yüksək vəzifəli şəxslər onunla görüşüblər, ölkəyə işıqlı gələcək, ona isə “günəşin altında yer” vəd ediblər. Lakin o, bunu rədd edərək hakim rejimin idarə etdiyi ölkənin inkişaf yolunun yalnış olması barədə xəbərdarlıq edirdi”, – Turan agentliyinin direktoru Mehman Əliyev bildirib. O qeyd edib ki, Elmarın öncədən söylədikləri  doğru oldu və məntiqi sonluğu olacaq.

“Xural” qəzetinin redaktoru, keçmiş siyasi məhbus Əvəz Zeynallı deyib ki, Azərbaycanın azad mətbuatı bu gün də Elmar mirasından güc alaraq mübarizəni davam etdirir. “Bizim sayımız az ola bilər, ancaq sözümüz haqq sözüdür. Odur ki, cəmiyyət avtoritarizm üzərində qələbəyə məhkumdur”, – o vurğulayıb.

Mitinq zamanı iyulun 22-də qeyd olunan Milli Mətbuat Günündə milli mətbuatın baniləri – Zərdabi, Rəsulzadə, Ağayev və bir çoxlarının ideyalarına öz sadiqliyini qoruyub saxlayan Azərbaycan azad mətbuatının ünvanına təbriklər səslənib.

2005-ci il martın 2-də Elmar Hüseynov öz evinin girəcəyində dörd güllə ilə öldürülüb. Onun həyat yoldaşı və kiçik oğlu qalıb. Elmara müxtəlif mükafatlar verilib, ən yaxşı jurnalist, ən yaxşı redaktor  adına layiq görülüb. Hakimiyyət dəfələrlə ona qarşı cinayət işi qaldırıb, hədə-qorxulara məruz qalıb, məhkəmə sanksiyaları tətbiq edilib, həbs olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button