Elmar Vəliyev Gəncə sakinini intihara sövq edir – Müraciət

Bir müddət əvvəl Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 239 saylı yataqxananın 5-ci mənzilində məskunlaşmış Qalib Əhmədov icra başçısı Elmar Vəliyevlə bağlı Azərbaycan Respublikasının Prezidentinə və digər aidiyyatı qurumlara müraciət ünvanlamışdı. Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin ona və ailəsinə qarşı etdiyi haqsızlıqlardan və qanunsuz əməllərdən bezdiyini bildirən Qalib Əhmədov həyatına qəsd etmək məcburiyyətində olduğunu bildirirdi.

Qalib Əhmədov təkrarən dövlət qurumlarına, hüquq müdafiəçilərinə və KİV-lərə müraciət ünvanlayıb.

Q.Əhmədov müraciətində deyir ki, icra başçısı E.Vəliyevin qanunsuz əməllərindən bütün müvafiq qurumlara şikayət etsə də, müraciəti nəticə vermir:

«Artıq neçə vaxtdır ki, insan kimi yaşamırıq. Elmar Vəliyevin təhqir, təzyiq və təqiblərinə görə Bakıya qaçmışıq. Ailə üzvlərimlə birlikdə qohum-əqrəbanın qapısında qalmışıq.

Elmar Vəliyevin qanunsuz, ədalətsiz, insafsız əməllərindən, bu günə kimi dövlət başçımıza, Heydər Əliyev Fondunun prezidentinə, Baş prokurora, Daxili İşlər nazirinə və digər aidiyyatı qurumlara müraciətlər etsəm də, hələ ki, problemin həlli üçün hər hansı addım atılmayıb”.

Şikayətçi bildirir ki, E.Vəliyev onu hələ ilyarım əvvəldən evsiz-eşiksiz qoysa da, buna bir təhər dözüb və vəziyyətin düzələycəyinə inanıb:

“Amma artıq ailə üzvlərimlə, övladlarımla da sınağa çəkilirəm. Evin söküntüsü zamanı həyat yoldaşım və kiçik qızım sarsıntı keçirdilər. Bu səbəbdən övladım hazırda ağır vəziyyətdədir, axırda xəstəxanaya yerləşdirmək məcburiyətində qalmışam. 12 yaşlı uşaq küçələrdə qalmaqdan həm sətəlcəm olub, həm də keçirdiyi sarsıntı ona pis təsir edib. Heç bilmirəm, sağalacaq, ya yox, həkimlərin cavabı hələ ki müsbət deyil”.

Gəncə sakininin sözlərinə görə, Elmar Vəliyevin özbaşınalığı, özünü şəhərin ağası kimi aparması səbəbindən ciddi problemlərlə üzləşsələr də, səsinin cənab prezidentə çatmasına imkan vermirlər: “Çox güman ki, ya Elmar Vəliyevdən qorxurlar, ya da onun pulunun gücünə kimlərsə bu işin qarşısını alır”.

Şikayətçi qeyd edib ki, artıq probleminin həllinə inamı itmək üzrədir, əli hər yerdən üzülüb. Bu səbəbdən də çıxış yollarından biri kimi intiharı görür:

«Əgər səsimə səs verməsələr, 20 Yanvar faciəsi günü Şəhidlər Xiyabanına gedib intihar edəcəyəm. Bəlkə intihar etməklə diqqəti bu haqsızlığa yönəldəm və mənim ölümümdən sonra ailəmin düşdüyü bəlalara kimsə diqqət ayıra. Elmar Vəliyev nə böyük adam oldu ki, onun haqsızlığının üstünü ört-basdır edirlər? Tək mən deyiləm, Elmar Vəliyev Gəncədə minlərlə ailəni bu vəziyyətə salıb. Bu qədər ailəni bir adama qurban vermək olarmı? Niyə məni çağırıb soruşmurlar ki, dərdin nədir?

Elmar Vəliyev böyük qızımı altı ay icra hakimiyyətində pulsuz-parasız işlətdi, sən demə, bu adamın fikri başqa imiş. İndi mən onu vurub öldürüm? Axı, onu öldürməklə mənim ailəmin problemi həll olunmaycaq.

Elmar Vəliyevin dilindən söyüş əskik olmur. Belə bir adamı məsul vəzifədə niyə saxlayılar?”

Problemin həlli və Gəncədəki özbaşınalığa “Dur!” deyilməsi üçün sonuncu dəfə müxtəlif qurumlara müraciət edən Q.Əhmədov, Heydər Əliyev Fonduna da gedib: “Ailəmin üzləşdiyi problemi bir daha diqqətə çatdırdım. Aidiyyəti üzrə dövlət başçımız başda olmaqla, hər yerə müraciət etsəm də, mürəciətlərim Prezident Administrasiyasında Gəncə üzrə kurator tərəfindən araşdırılması üçün yenidən Gəncəyə göndərilir. Bu isə başadüşülən deyil. Problemi yaradan, haqsızlığı edən Elmar Vəliyev özü-özünümü cəzalandıracaq?”

Şikayətçi sonda qeyd edib ki, ailəsinin, uşaqlarının yanında utanır: “Ürəyim yanır ki, ailəmi qoruya bilmirəm. Xahiş edirəm, yuxarı instansiyalar nə məni intihar etmək, nə də böqük cinayətə əl atıb kimisə qətlə yetirmək məcburiyyətində qoymasınlar. Məni qəbul edib, məsələni araşdırsınlar və Elmar Vəliyevin “əməlləri”nin qarşısını alsınlar. Nə mən və ailəm, nə də Gəncə əhalisi belə yaşam tərzinə layiq deyillər».

Redaksiyanın qeydi:

Təəssüf ki, icra başçısının məsələyə münasibətini öyrənə bilmədik. Onun da mövqeyinə hörmətlə yanaşır və məsələyə münasibətini sayta yerləşdirməyə hazırıq.

 

Reytinq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button