Elmar Vəliyevin boş çıxan “kişi sözü”-VİDEO

Elmar Vəliyev sahibkara beləcə də deyib: “Sizin mülkiyyətiniz var idi, daha yoxdur. Gedin kimə istəyirsiniz şikayət edin, nə istəyirsiniz, edin”

Gəncənin icra başçısı sahibkar Pərvanə İsgəndərovanın mülkünü sökdürüb yerində özünə ticarət mərkəzi tikdirir…

Gəncə şəhər Apellyasiya Məhkəməsində sahibkar Pərvanə İsgəndərovanın Gəncə şəhər İcra hakimiyyətinə qarşı irəli sürdüyü iddia tələbi üzrə Gəncə İnzibati-İqtisad Məhkəməsinin qərarından sahibkar tərəfindən verilən apellyasiya şikayətinə baxılıb.

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Şamil Rzaquliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında iddiaçı tərəfin vəkili Əlibaba Rzayev bir neçə vəsatət qaldıraraq, iş üzrə qərar qəbul etmək məqsədilə müvafiq sənədlərin məhkəməyə gətirilməsini hakim heyətindən xahiş edib: “Sahibkar Pərvanə İsgəndərova mülkiyyət hüquqlarını bərpa etmək üçün sonadək mübarizə aparmaqda israrlıdır.”

Qeyd edək ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə şəhər Cavadxan 34 ünvanında yerləşən XIX əsrə məxsus tarixi abidəni sökərək, yerində 840 kvadrat metrlik sahəsi olan biznes mərkəzinin tikintisini aparır. Həmin tarixi abidə eyni zamanda orada iş fəaliyyətini davam etdirən bir neçə sahibkarın əlindən alınıb. Bütün rəsmi sənədlər əsasında mülkiyyət hüququna malik olmalarına baxmayaraq, sahibkarlar  məhkəmələrdə mülkiyyət hüquqlarını bərpa etməyə məcbur ediliblər.

Hüququ pozulan tərəflərdən biri olan İlqar İbrahimovun sözlərinə görə, ona məxsus iki fotoatelye də Elmar Vəliyev tərəfindən heç bir xəbərdarlıq edilmədən sökdürülüb. Uzun proseslərindən sonra isə məhkəmə qərar qəbul edib.

Daha bir xatırlatma. İlham Əliyev ötən il oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib: «Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır».

Buna baxmayaraq, Gəncə şəhər icra hakimi Elmar Vəliyevin əmr və sifarişlərini həyata keçirən yerli hüquq mühafizə orqanları, eyni zamanda məhkəmə hakimləri sahibkarların əleyhinə qərarlar çıxarır və onların mülkiyyət hüquqlarını pozmaqda davam edirlər.

Xatırladaq ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsi hakim Fikrət Cilingir oğlu Hüseynovun 19 fevral 2015-ci il tarixli qərarı ilə iddiaçı Pərvanə Cəfər qızı İsgəndərovanın Gəncə şəhər İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və vurulmuş ziyanın ödənilməsinə dair iddia tələblərini təmin etməyib. Pərvanə İsgəndərova Gəncə İnzibati-İqtisadi Məhkəməsinin bu qərarından Apellyasiya şikayəti verib və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası hakim Zərbəliyev Zərbəli Şirinbala oğlunun sədrliyi ilə 16 oktyabr 2015-ci ildə şikayətə baxaraq onu qismən təmin edib. Gəncə Apellyasiya Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı qismən ləğv edilib və Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti ilə A.Abbaszadə küçəsinin kəsişməsində inşa olunan binanın birinci mərtəbəsindən 46 (qırx altı) kv.m. qeyri-yaşayış sahəsinin Pərvanə İsgəndərovaya verilməsi vəzifəsi Gəncə şəhər İcra Hakimiyyətinin üzərinə qoyulub. İş adamı Pərvanə İsgəndərova bu qərarla da razılaşmayıb və daha yüksək instansiyaya, Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə Bakı şəhərində 21 aprel 2016-cı ildə hakim Bədəlov Kəmaləddin Nurəddin oğlunun sədrliyi ilə işə baxaraq, iddiaçı Pərvanə İsgəndərova Cəfər qızının kassasiya şikayətini qismən təmin edib və Gəncə şəhər Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 oktyabr 2015-ci il tarixli qərarını ləğv edib. İş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib.

İddiaçı Pərvanə İsgəndərova cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin üzərinə Cavadxan küçəsi 34 saylı ünvanda uçurulmuş binanın yerində inşa edilməklə müvafiq ölçülərdə, tam təmirli qeyri-yaşayış sahələri ilə təmin etmək vəzifəsinin qoyulması və cavabdehin vurduğu ziyana görə, 04.11.2011-ci il tarixdən məhkəmə qərarı ilə icra olunan vaxtadək hər ay üçün 3.000 manatdan hesablanmaqla müəyyən edilən məbləğin ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş edib.

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Cavadxan küçəsi 34 ünvanındakı binanın girişinin birinci mərtəbəsində yerləşən 16.6 kvm və 29.4 kv metrlik qeyri-yaşayış sahələri iddiaçının xüsusi mülkiyyətində olmuş, həmin sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və oradan əldə etdiyi gəlirlə ailəsini dolandırmışdır. Həmin bina XIX əsrə aid olan tarix və mədəniyyət abidəsi olmuş, buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür. Lakin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı həmin binanın guya qəzalı vəziyyətdə olduğunu bəhanə gətirərək sökülməsinə qərar vermişdir. Halbuki Azərbaycan Respublikasının qanunvericiliyi tarix və mədəniyyət abidələrinin sökülməsini birmənalı olaraq qadağan edir. Əgər Gəncə şəhəri, Cavadxan küçəsi 34 ünvanda yerləşən bina həqiqətən qəzalı vəziyyətdə idisə, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi hesab edildiyi üçün, həmin bina mütləq bərpa edilməli idi.

İ.S.

Elmar Vəliyevin boş çıxan “kişi sözü”

Pərvanə xanım mülkü dağıdılandan sonra bir neçə dəfə işlə bağlı Elmar Vəliyevlə görüşəsi olur. İlk əvvəllər Elmar Vəliyev Pərvanə İsgəndərovaya normal qaydada hər şeyi izah edir, söz verir ki, onun mülkünün müqabilində yerlə elə həmin ərazidə təmin olunacaq. Vəd verir. Hətta beləcə də deyir ki, mən bu məqamda oturmuşam, bu şəhərin icra başçısıyam, sizə söz verirəm ki, mülkünüzün müqabilində elə həmin yerdə obyektlə təmin olunacaqsınız. Sonra isə bu sözünü unudur. Bəli, sözünü yeyir Elmar Vəliyev. Daha Pərvanə xanımla görüşmür. Bir dəfə görüşəndə Elmar Vəliyev beləcə də deyir: “Sizin mülkiyyətiniz var idi, daha yoxdur. Gedin kimə istəyirsiniz şikayət edin, nə istəyirsiniz, edin.” Bax belə. Ölkənin ikinci böyük şəhərinin hakimi-mütləqi bu gün belədir, səhər elə. “Burada mənəm, Bağdadda kor xəlifə” misali. Hətta kor xəlifələrin belə ədaləti vardı – Elmar Vəliyevdə o da yoxdur.

İyunun 28-də baş tutacaq məhkəmə öncəsində strateq.az və xural.com əməkdaşları Gəncədə Pərvanə İsgəndərova və vəkili Əlibaba Rzayevin mətbuat üçün brifinqini lentə aldı. Mətbuat konfransından hazırlanan proqramı indi Oxucularımızın diqqətinə təqdim edirik:

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button