Elmar Vəliyev borc içində – başçının qürubu başlayıb

02.07.2013+Gence+DIN+1

Elmar Vəliyevi sillə-təpiyə qonaq ediblər

Gəncənin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin zor günlər yaşadığı haqda redaksiyamıza məlumatlar daxil olub. Xüsusilə, son günlər Elmar Vəliyevin narahat günlər keçirdiyi haqda aramsız xəbərlər gəlməkdədir.

Bu yaxınlarda keçirilən bir dövlət tədbirindəki ehtiyatsızlıq ona baha başa gəlir. Belə ki, təşkil olunan işsizlik yarmarkasında gözləniləndən çox adamın gəlməsi və əksəriyyətin də narazı vətəndaşlardan ibarət olması şəhər rəhbərliyinin planını dəyişdirib.

Artan fəallıqdan narahat olan Elmar Vəliyev özünün də iştirak etdiyi toplantının dağıdılmasını tələb edib və qarışıqlıq yaranıb. Yaxın ətrafı Elmar Vəliyevə salonu tərk etməyi məsləhət bilib və başçı salondan çıxanda narazı insanların hücumuna məruz qalıb. Elmar Vəliyevi tartaklayıblar və başçı bir neçə təpik-şillə ilə canını zor xilas edə bilib.

Polis rəisi Faiq Şabanov da döyülüb

Elmar Vəliyevi narazı kütlənin əllərindən və təpiklərindən almaq istəyən Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov isə xalqın əlindən qurtula bilməyib. Elmar Vəliyevi əlindən qaçıran insanlar polis rəisini o ki var döyüblər. O gündən sonra təxminən 10 gün işə çıxmayan Gəncənin polis rəisi, yalnız 10 gündən sonra axsaya-axsaya işə gəlib-getməyə başlayıb. xural.com-u məlumatlandıran mənbənin dediyinə görə, onu zalda tək qoyan Elmar Vəliyevlə Faiq Şabanov arasında sonra insident baş verib. Polis rəisi Elmar Vəliyevi onu tək qoymaqda, sonra əlavə kömək göndərməməkdə, Elmar Vəliyev isə rəisi bacarıqsızlıqda, ciddi tədbirlər görməməkdə ittiham edib. Xəbəri inandırıcı edən həm də Elmar Vəliyevin şəxsi xarakteridir.

O, bir neçə il bundan əvvəl mərhum Rasim Musayevi camaatın gözünün qarşısında təhqir etmiş, şəhid anasını həbs etməyi ondan tələb etmişdi. Rasim Musayev başçının qanunsuz əmrini icra etməmiş, insident böyümüş və olay başçının öz kabinetində Rasim Musayev tərəfindən şil-küt olunmasına və mərhum rəisin işindən ayrılaraq istefa verməsinə və Gəncədən köçməsinə səbəb olmuşdu.

Yəni bu Elmar Vəliyevdə Gəncəyə təyin olunan polis rəisləri ilə yumruq davasına çıxmaq və döyülmək adətdəndir.

Elmar Vəliyevlə qudası Kərəm Həsənov çətin durumda

İşləri bir az da Əmlak Komitəsinin sədri Kərəm Həsənovla aldığı ortaq bir qərar çətinə salıb. Belə ki, Elmar Vəliyev qızını Kərəm Həsənovun oğluna verərək, onunla quda olub. Bir neçə ay bundan əvvəl Bakının məşhur “Buta” salonunda toy çaldıran qudalar sonra – hazırda İsveçrədə yaşayan övladları üçün İsveçrənin milyonçular məhəlləsində bir neçə milyonlarla dollar dəyərində malikanə-villa almaq qərarına gəliblər. Ölkədəki və hakimiyyətdəki vəziyyət qudalardan yalnız Kərəm Həsənovu narahat edib. Xural.com-u bilgiləndirən mənbə Elmar Vəliyevin israrla heç nəyə baxmadan övladlarına villa almaqda dirəndiyini deyir və birləşib İsveçrədə dəyəri milyonlarla dollar olan villa alırlar. Və təbii ki, bu israfçılıq əlaqədar qurumlar tərəfindən prezidentə qədər məruzə olunur. Nəticədə Administrasiyada başçı haqqında xoş olmayan ovqat yaranıb. Ölkənin indiki vəziyyətində bu qədər pulun “uşaqlar kirayədə qalmasınlar” bəhanəsi ilə ölkədən çıxarılması Elmar Vəliyevin işini zorlaşdıracağa oxşayır. Belə məntiqmi olar?

Gəncə Filarmoniyası niyə hazır olmur?

Ətrafına “borc içində batıram” mesajı verən Gəncənin icra başçısı şəhərə və ölkəyə gələndə, elə də comərd deyil. Gəncə onun əlindən və bitib-tükənmək bilməyən tələblərindən qan ağlayır. Təsəvvür edin ki, “Buta” sarayında keçirilən toy mərasiminə çağırılan hər məmurun “yazılmalı” haqqı varmış – “1.000 manatdan aşağı olmaz!” Ən sıravi məmur belə Elmar Vəliyevin qızının toyuna 1.000 manatdan az yazıla bilməzmiş. Bu haqda toy mərasimində iştirak edənlərin bəziləri öz ətraflarına şikayət edib. Toyda da nə az, nə çox 500-dən çoz adam iştirak edirmiş. Təbii ki, çin, rütbə, vəzifə böyüdükcə, pulun məbləği də artırmış. Pulları toplayan xüsusi adamlar arada dolaşırlarmış.

Təbii ki, bu, hələ son deyil. Elmar Vəliyev indi də Gəncəni, onun məmurlarını və iş adamlarını Gəncə Dövlət Filarmoniyasının tikintisinə cəlb etməklə məşğuldur. Filarmoniyanı istifadəyə vermək üçün heç olmasa daha 5 milyon dollara ehtiyac var. İndi gəncəlilər bütün ağırlıqları bu filarmoniyaya görə çəkməli olacaqlar. “Elmar Vəliyev amansız dərəcədə tələbkar adamdır. Neçə min dedisə, həmən masasının üzərinə qoymasan, adamın ölüsünü-dirisini elə o masanın üzərinə yığar. Əsəbiləşir, hirslənir, söyür, qışqırır. Getdikcə daha-daha üstümüzə gəlir” deyir iş adamlarından biri. Onun anlatdığı Elmar Vəliyev istibdadın özüdür ki, var.

Elmar Vəliyev ölkə rəhbərliyindən şikayət edir

Başçı özünün yaxın ətrafına da izahat verə bilmir. Külli miqdarda borclu qalmasını ölkə rəhbərliyinə bağlayır. Elmar Vəliyevin sıx-sıx “büdcədən ayrılan pullar eləcə də geri qayıdır” deyə şikayətləndiyini deyirlər. “Qardaşlarım olmasa, bu yükün altından qalxmağım mümkün olmaz”, – sözləri də onun ah-nalə içində dediyi sözlərdən bəziləridir. Ölkə mətbuatı onun qardaşlarının Azərbaycanın müxtəlif sahələrini idarə etdikləri haqda çox yazılar yazıb. Ölkə rəhbərliyinin Elmar Vəliyevə münasibəti də birmənalı deyil. Nədən ki, bir neçə toplantıda onun kəskin tənqid olunduğu, hətta bir dəfə qorxusundan ürəyinin getdiyi haqda da mətbuat uzun müddət yazmışdı. Anlaşılan, Elmar Vəliyevin qürubu başlayır. Bu qürub özünü hara qədər götürəcək, bilinməz.

Məlumatlara aydınlıq gətirmək üçün Elmar Vəliyevlə əlaqə yaratmağa çalışdıq. Onun telefonuna özünü köməkçi kimi təqdim edən bir nəfər cavab verdi və qəzetimizin adını eşidən kimi “Elmar Vəliyev mətbuata danışmır” deyə telefonu qapatdı. Bu səs elə Elmar Vəliyevin özü idi. Onun artıq köməkçi kimi telefonlara cavab verməsi də əslində vəziyyətin nə yerdə olduğunu göstərir.

Pərviz Ruhani

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button