Elmar Vəliyevin Gəncəsi – xaraba və dağıntılarla dolu-FOTO

Heydər Əliyevin Gəncədəki abidəsidir. Prezident son gedişində ziyarət edib gül qoyub. Çirkmi çirk, kir-pasaqmı kir-pasaq! Üstəgəl, heykəl çat verib! O qədər rahatlayıb və harınlayıb ki, Elmar Vəliyev, göz görə-görə aldadır. O qədər məsuliyyətsizdir həm də. Bilir ki, açılış etdiyi küçənin paralelinə belə keçilməyəcək. Bilir ki, Gəncənin xaraba qalan küçə və yollarının hesabını ondan heç kim soruşmayacaq. Ona görə bu qədər rahatdır… “Üzdə bəzək, altda təzək” atalar sözü elə bil Elmar Vəliyevin hakimiyyətindəki Gəncə şəhəri üçün deyilib. Göz görə-görə ölkənin rəhbərinə yalanlar söylənib və özlərinin işlərini keçirmək üçün qoca şəhərdən yalnız bir hissə prezidentə təqdim olunub.

Bu isə guya yeni açılan və istifadəyə verilən Gəncə filarmoniyasıdır. Əvvəla, onu deyək ki, əvvəlki filarmoniya daha gözəl yerdə yerləşirdi və memarlıq baxımından da gözəl bina idi. Niyə Elmar Vəliyev gələn kimi köhnə filarmoniyanı baxımsız saxlayıb viran qoydu, onu özündən başqa kimsə bilmir, amma yeni filarmoniya da şəhərə gözəllik və rahatlıq gətirmədi. İndi də açılışı etmələrinə baxmayaraq, bina tam istifadəyə verilməyib. Üzü istifadəyə verilib, amma arxası, yan-yörəsi xaraba günündə. Əgər bir bina tam deyilsə, tam tikilib başa çatdırılmayıbsa, o zaman onun ictimaiyyət qarşısında açılışı nə deməkdir? Bunu Elmar Vəliyev edə bilib. Bizə də yeni açılışı olan binanın elə həmin gün ətrafının nə gündə olduğunu çəkib Oxucularımızın ixtiyarına vermək qalır. Xural.com-un Gəncə bürosunun təqdim etdiyi fotolar hər şeyi dilə gəlib danışır:

        

Burada mərkəzi univermağın qarşısı da var və şəhərin hər yeri bu gündə xarabazarlıqdır. Gəncənin tarixində heç bir icra başçısı bu şəhəri Elmar Vəliyev qədər dağıntılara məruz qoymayıb. Gəncəlilər Eyvaz Babayevi də, Eldar Əzizovu da indi həsrətlə xatırlayırlar, çünki nə qədər ağır zamanlar olsa da, onların vaxtında da Gəncə belə dağılmamışdı. Elmar Vəliyev gələndən bu şəhərin günü qara olub. Prezident İlham Əliyevin son səfəri də göstərdi ki, Elmar Vəliyevin “üstü bəzək, altı təzək” siyasəti sərhəd tanımır. Yəni gəncəlilərin ümidləri bu dəfə də puç oldu. Açılış olunan bu küçənin paraleli darmadağındır və sosial şəbəkələrdə yazılsa, göstərilsə də, İlham Əliyev Gəncənin problemlərini tam görə bilmədi. İnsan olmayan bazara baş çəkməklə, ya da o bazarı prezidentə göstərməklə, əslində, icra başçısı özünün siyasətinin keyfiyyətini göstərmiş oldu. O yeni tikildiyi iddia olunan bazarda həqiqətən adam yoxdur. O bazar da tam tikilib istifadəyə verilməyib.

Bax belə… Bu da Elmar Vəliyevin Gəncəsi. Xaraba, dağıntılarla dolu və baxımsız…

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button