Elşad Abdullayev haqda həqiqətlər niyə açılmır?

Anar Mahmudoğlu

“Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin 3-cü bəndində göstərilir: qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və etirazına baxmadan izlənə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu kimi hərəkətlərə məruz qala bilməz…”.
Qanunun bu tələbi Gülər Əhmədovanın gizli şəkildə yazdığı, eşidilməyən, nə danışıldığı bilinməyən səs yazısı əsasında həbs olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının vəkilinin dilindən səslənmir; bu sözləri açıq-aydın bazarlaşmaya getdiyi video görüntü ilə üzə çıxan və ona görə də hazırda Kürdəxanı təcridxanasında Əvəz Zeynallıya “qardaşlıq edən” Gülər Əhmədovanın vəkili deyir. Hələ bu harasıdır! Gülər xanımın vəkili videonun montajından, həbs-qətimkan tədbirinin qanunsuzluğundan, ittiham irəli sürənlərin ortaya fakt qoymamasından da şikayətlənir və yadıma Əvəz Zeynallının həbsi zamanı Gülər Əhmədovanı eyni arqumentlə suçlamağımız düşür…
Bəs, Ə.Zeynallının vəkilləri səs yazısının qanunsuz yazıldığını, audio yazının montaj olunduğunu bildirəndə Gülər Əhmədova niyə etiraz edirdi? Niyə qanunları ayaqları altına alırdı, Əvəzin həbsini əsaslandırmaq üçün hakimiyyətin çaldığı havaya böyük məmnuniyyətlə qol götürüb oynayırdı?
Gülər Əhmədova Əvəz Zeynallıya rüşvət təklif etmişdi, “qeyri-qanuni olaraq” bu təklifinin səs yazısını lentə almışdı və nəticədə, bir qəzetçini türməyə soxdurmuşdu – il yarım əvvəl. Indi eyni və daha ciddi, daha arqumentli ittihamla özü üz-üzə qalıb, bir milyonluq fırıldaq – “Seçki korrupsiyası” – ilə türmədə təzyiqini qaldırmaq, şəkərini artırmaqla gün keçirir, vəkili isə eynilə Əvəz Zeynallının vəkilləri kimi müdafiə qurmaqla məşğuldur…
Ibrət dərsidir, örnəkdir, bu millətin üzdə olanlarının, şərə qulluq edənlərinin ayılması, həqiqəti dərk etməsi üçün Tanrı mesajıdır, sanki: bu gün qanunları pozursunuzsa, hüquqdankənar vasitələrlə insanları şərləyirsinizsə, sabah həmin hüquqsuzluq sizin özünüzə tətbiq olunacaq…
Ancaq bu prosesdə daha mühüm məqam Elşad Abdullayevin “cinayətkarlığı” ilə bağlı ara-sıra səslənən suçlamalardır. Fikir vermisinizsə, E.Abdullayevin videoları yayılandan və onun israrla qardaşının oğurlanması məsələsini gündəmə gətirməsindən sonra keçmiş rektorun özünün cinayətkar olduğu, çirkin oyunlarda iştirakını dilə gətirən YAP-ın ünlü simaları “əşhədü-ehtiyatla” həm də bu sözü deyirlər: “Elşad Abdullayev qardaşı Mahirin taleyi haqqında hər şeyi çox yaxşı bilir”.
Gülər Əhmədovanın vəkili də təxminən buna bənzər sözlərdən öz leksikonunda gen-bol istifadə edir: “Təəssüf edirəm ki, jurnalistlər… Elşad Abdullayevi bir mələk obrazında təqdim etməyə çalışırlar və onun əməlləri barədə yazmağa həvəsli görünmürlər”.
Tutaq ki, jurnalistlər informasiya manipulyasiyasının girovuna çevriliblər. Bəs, siz? Niyə əsl reallığı, faktı cəmiyyətə təqdim etmirsiniz?
Elşad Abdullayev qardaşının adından sui-istifadəmi edir? Əslində, məqsədi hakimiyyəti şantaj etməkdirmi?
Lap yaxşı, çox pakizə, inandım: bəs, həqiqət nədir? Mahir Abdullayev olayının əslində necə baş verdiyini niyə ortaya qoymursunuz?
“Elşad Abdullayev qardaşı Mahirin taleyindən xəbərdardırsa”, onda bu yekəlikdə hüquq-mühafizə orqanları daha dəqiq məlumata sahibdirlər: onun hara və necə getməsini, niyə yoxa çıxmasını da yəqin bilirlər. Niyə açıqlamırlar? Kimdən çəkinirlər?
Elşad Abdullayev haqqında jurnalistlər araşdırma aparmalıymış, həm də müstəqillər; – hər kəsin məntiqi bundan ibarətdir. Bu, bizim vəzifəmizdir, anlayıram. Amma niyə bizi gözləmək, müsahibə və açıqlamalarınızda mesajlar verməklə məşğulsunuz? Özünüz niyə demir, rəsmi məlumat yaymır, bu prosesi şəffaflıqla aparmırsınız?
Çünki Mahirin oğurlanması prosesi tam çılpaqlığı ilə açılarsa… Nə və ya nələr olar? Elşad Abdullayevlə bərabər özünüzü də yandırarsınız, eləmi?
Səhv edirəmsə, onda E.Abdullayev, Azərbaycan Beynəlxalq Universitetində 2003-cü il yay qəbulları və Mahir Abdullayevin yoxa çıxma “marşrutunu” özünüz açıqlayın…
Gözləyirik!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button