Elşad Abdullayevdən sensasiyalı Bəyanat

 19.09.2012

Lisenziyası ləğv olunanAzərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayev bəyanatla çıxış edib. O, Azərbaycan KİV-lərinə göndərdiyi bəyanatında qardaşı Mahir Abdullayevin itkin düşməsindən tutmuş, deputat seçilmək üçün Gülər Əhmədovaya 2 milyon rüşvət verməsinə qədər çox geniş ittihamlarla çıxış edib. E. Abdullayevin bəyanatını olduğu kimi təqdim edirik. 

Hörmətli KİV nümayəndələri!
Yəqin bilirsiniz ki, mənim doğma qardaşım, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Abdullayev Mahir İslam oğlu 13 oktyabr 2003-cü il tarixdə saat 10:30 radələrində evdən çıxmış və bir daha geri qayıtmamışdır. Hal-hazıra kimi də ondan heç bir məlumat yoxdur. Həmin fakta görə 14 noyabr 2003-cü il tarixdə Bakı şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin144.2.6-cı maddəsi ilə (adam oğurluğu) cinayət işi başlanmış və istintaq aparılması üçün Bakı şəhər baş polis idarəsinin istintaq idarəsinə göndərilmişdir. İş üzrə aparılmış istintaq zamanı Mahir Abdullayevin barəsində heç bir məlumatın əldə edilmədiyini, onun qətlə yetirilməsinə şübhələr olduğunu nəzərə alaraq həmin cinayət işi 06 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə (qəsdən adam öldürmə) tövsif edilərək istintaq aidiyyatı üzrə Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmişdir və artıq 8-ci ildir ki, həmin idarədə istintaq edilir. Cinayət işi üzrə mən zərərçəkmiş şəxs qismində tanınmışam. Dəfələrlə işin istintaqının ləng, səmərəsiz aparılması barədə müxtəlif instansiyalara, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciətlər etmişəm, həmişə də Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədovun imzası ilə «müraciətlərimin cinayət işinə əlavə edilməsi və nəticəsi barədə mənə əlavə məlumat veriləcəyi barədə» eyni məzmunlu başdansovdu cavablar almışam. Buna baxmayaraq indiyə kimi mənə heç bir əlavə məlumat verilməyib , sonuncu eyni məzmunlu cavab məktubunu isə 21 yanvar 2010-cu ildə almışam. Bundan sonrakı müraciətlərimə isə hətta başdansovdu cavab da verilməmişdir. Həmin işlə əlaqədar tutduğum prinsipial mövqeyə görə, eyni zamanda təsisçisi, qurucusu və rektoru olduğum Azərbaycan Beynəlxalq Universitetini mənim əlimdən almaq məqsədi ilə müxtəlif şəxslər tərəfindən hədələndiyimi və həyatıma yaranmış təhlükəni nəzərə alaraq təxminən iki il olar ki, Azərbaycan Respublikasını tərk etməyə məcbur olmuşam və hazırda Fransada məskunlaşmışam. Fransaya gəldikdən sonra da mənə qarşı təzyiqlər səngiməmiş, burda da müxtəlif səpkili provokasiyalarla üzləşmişəm.

Mən hüquq və azadlıqlarımın pozulması ilə əlaqədar Avropa insan haqları məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışam. Avropa məhkəməsinə müraciət etdikdən sonra mənə tövsiyə olunmuşdur ki, hüquqlarımın pozuntusu ilə əlaqədar Azərbaycanda mümkün olan ölkədaxili hüquqi vasitələri tükətmək lazımdır. Bunu nəzərə alaraq, həm də bu iş üzrə zərərçəkmiş şəxs kimi malik olduğum hüquqlardan səmərəli istifadə etmək məqsədi ilə professional hüquqşünasa müraciət etmək məcburiyyətində qalmışam. Mənim xahişim və arzumla bacım oğlu Mürsəliyev Azad Oqtay oğlu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Adil İsmayılovla müqavilə bağlamışdır. Bundan sonra Adil İsmayılov vəkil kimi orderini və bacım oğlu Azad Mürsəliyevin mənim adımdan ona vermiş olduğu etibarnaməni respublika prokurorluğuna təqdim etmişdir. 8 may 2012-ci il tarixdə baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov vəkil Adil İsmayılovun zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmasından imtina etmişdir. Eldar Əhmədovun bu hərərkətini qanunsuz hesab etdiyi üçün vəkil Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon məhkəməsinin 5 iyun 2012-ci il tarixli qərarı ilə Eldar Əhmədovun hərəkətləri qanunsuz hesab edilmiş və yalnız bundan 1 ay sonra baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi Elmar Məmmədov Adil İsmayılovun zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınması barədə qərar vermişdir. Gözləmək olardı ki, prokurorluq orqanları ilə bundan sonrakı münasibətlərimiz hüquq müstəvisində qanunauyğun həllini tapaçaqdır. Lakin təəssüf ki, belə olmadı. Belə ki, cinayət işində iştirak etmək üçün prosesə buraxıldıqdan sonra vəkilim Adil İsmayılov Abdullayev Mahir İslam oğlunun oğurlanması (öldürülməsi) faktı ilə bağlı istintaq olunan 105157 nömrəli cinayət işi barədə müəyyən qədər məlumat əldə etmək və bununla da səmərəli hüquqmüdafiə fəaliyyətini təşkil etmək məqsədi ilə iş üzrə 17 iyul 2012-ci il tarixli vəsatət verərək aşağıdakı istintaq sənədlərinin verilməsini xahiş etmişdi:
1) cinayət işinin vəziyyəti (gedişi və nəticəsi) haqqında məlumat;
2) cinayət işinin başlanması haqqında qərarın surəti;
3) cinayət işinin Bakı şəhər baş polis idarəsindən istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş prokurorluğuna verilməsi haqqında qərarın surəti;
4) Abdullayev Elşad İslam oğlunun zərərçəkmiş şəxs qismində tanıma haqqında qərarın surəti;
5) zərərçəkmiş şəxs Elşad Abdullayevin iştirakı ilə aparılmış istintaq hərəkətləri ilə bağlı tərtib olunmuş protokolların surəti;
6) iş üzrə ekspertizaların təyin olunması haqqında qararların və alınmış müvafiq ekspert rəylərinin surəti;
7) Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin öldürülməsi (oğurlanması) faktı ilə bağlı vermiş olduğu şikayətlərə baxılmasının nəticələri barədə məlumat;
8) Mahir Abdullayevin öldürülməsi (oğurlanması) ilə bağlı törədilmiş cinayətdə Mətanət İsgəndərli, Ələddin Əzizov, Sənan İbrahimov, Arzu Kazumovski, Hilal Əsədov və onun həmkarı Akif Çovdarovun iştirakının yoxlanılması məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə məlumat;
9) Mahir Abdullayevin öldürülməsi (oğurlanması) ilə bağlı Arzu Kazumovski və Zahid Dünyamalıyeivn Elşad Abdullayevdən 3 milyon ABŞ dolları məbləğində pulu alaıb ələ keçirmələri ilə bağlı görülmüş tədbirlər haqqında məlumat.

10) Mahir Abdullayevin öldürülməsi (oğurlanması) ilə bağlı törədilmiş jinayətdə Mətanət İsgəndərli, Ələddin Əzizov, Sənan İbrahimov, Arzu Kazımov, Hilal Əsədov və Akif Çovdarovun iştirakı barədə Elşad Abdullayevin şikayətlərində və ifadəsində göstərdiyi xüsusatların yoxlanılması ilə əlaqədar görülmüş tədbirlər barədə məlumat;

11) Mahir Abdullayevin öldürülməsi (oğurlanması) ilə bağlı Arzu Kazımov və Zahid Dünyamalıyevin Elşad Abdullayevdən 3 milyon ABŞ dolları məbləğində pul alıb ələ keçirmələri ilə əlaqədar sonuncunun şikayəti üzrə görülmüş tədbirlər haqqında (cinayət işinin başlanıb-başlanmaması, material ayrılması, cinayət işinin başlanmasının rədd edilməsi) məlumat.

Lakin müstəntiq Elmar Məmmədov 27 iyul 2012-ci il tarixli qərarı ilə əsassız və qanunsuz olaraq vəkilin vəsatətini rədd etmişdir. Müstəntiq qərarında zərərçəkmiş şəxsin Azərbaycan Respublikası CPM-nin 87.6-cı maddəsində nəzərdə tutulmuş hüquqlarını lüzumsuz olaraq sadalamqla vəsatətdə verilməsi xahiş olunan sənədlərin həmin məcəllənin 87-ci maddəsində nəzərdə tutulmadığını, bəzi qərarların sırf prosessual qərarlar olduğunu, zərərçəkmiş şəxsin hüquq və qanuni mənafeyinə toxunan qərar kimi qiymətləndirilmədiyini və s. əsas kimi göstərmişdir. Müstəntiqin qərarını qanunsuz hesab etdiyimiz üçün onun hərəkətlərindən istintaqa prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Republikası Baş prokurorunun birinci süavini Rüstəm Usubova və Nəsimi rayon məhkəməsinə nəzarət qaydasında 22 avqust 2012-ci il tarixli şikayət verdik. Rüstəm Usubov ümumiyyətlə şikayətə cavab vermədi, məhkəmə isə qanunsuz olaraq bir gün sonra 23 avqust 2012-ci il tarixdə şikayəti qəbul etməkdən imtina etdi və geri qaytardı. Məhkəmənin qərarından verdiyimiz apellyasiya şikayəti yenə də əsassız və qanunsuz olaraq təmin edilmədi. Beləliklə biz ölkədaxili hüquqi vasitələri tükətmiş olduq.
İndi isə bu bəyanatla Sizə müraciət etməyimin məqsədinə keçmək istəyirəm. Qardaşım Mahir Abdullayevin oğurlanması ilə əlaqədar istintaqın qeyri obyektiv aparılması barədə Avropa insan haqları məhkəməsinə müraciət etmişəm və ərizəm həmin məhkəmədə qeydiyyata alınmışdır. Bu işdə şübhələndiyim bəzi şəxslər barəsində mən dəfələrlə Azərbaycanda müxtəlif instansiyalara müraciət etmişəm, lakin heç bir nəticəsi olmayıb. Hazırda xaricdə yaşadığımı və şəxsi toxunulmazlığım üçün təminatın olmasını nəzərə alaraq bu işdə şübhələndiyim daha bir şəxs haqqında hüquq mühafizə orqanlarına məlumat verdim. Söhbət Azərbaycan Respublikası Mili Məclisinin üzvü deputat Əhmədova Gülər Mikayıl qızından gedir. Bu şəxs 2005-ci ilin noyabr ayında Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində rəfiqəsi Babayeva Sevinc Telman qızının vasitəsi ilə Azərbaycan Respublikası Prezident administrasiyasının rəhbəri Mehdiyev Ramiz Ənvər oğluna verəcəyi adı ilə məndən 2.000.000 ABŞ dolları almışdır. Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşımın sağ salamat geri qaytarılacağına söz vermişdir. Lakin o, vədinə əməl etməmiş, pulumu geri istədikdə isə məni həbs etdirəcəyi və fiziki cəhətdən məhv etdirəcəyi ilə hədələmişdir. Mən həm Gülər Əhmədova, həm də Sevinc Babayeva ilə söhbətlərimin video çəkilişini və telefon danışıqlarımızın audio yazısını aparmışam. Həmin çəkiliş və yazıların surətlərinin olduğu kompakt diskləri Gülər Əhmədova barəsində cinayət işi başlanılması barədə ərizəmlə birlikdə Baş prokuror Zakir Qaralova göndərdim və göstərilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə cinayət işi başlanılmasını xahiş etdim. Lakin Baş prokuror qanunauyğun tədbir görmək, yəni cinayət işi başlamaq və istintaq aparmaq əvəzinə mənim ərizəmi Eldar Əhmədova göndərdi. O da qanunsuz olaraq mənim vəkilimə yenə həmişəki məzmunda ərizənin cinayət işinə əlavə edilməsi barədə cavab verdi. Mən bundan sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələskərova müraciət etdim ki, prokuorluq orqanları birbaşa respublika Prezidenti qarşısında hesabat verdikləri üçün onlara ərizəmin qanuna müvafiq qaydada həll olunması barədə göstəriş versin. Lakin bu ərizəmə də cavab almadım. Mən hüquq-mühafizə orqanlarına və prezident administrasiyasına şikayət edərkən bildirmişdim ki, bu məsələnin yəni deputat Gülər Əhmədovanın məndən rüşvət almasının ictimailəşdirilməsini istəmirəm, istintaq aparılmasını mənim doğru və ya yalan danışmamın müəyyən olunmasını istəyirəm. Lakin təəssüf ki, onlar qanunla üzərlərinə düşən vəzifəni yerinə yetirmədilər. Ona görə də özümün və ailə üzvlərimin təhlükəsizliyini təmin etmək üçün bu məsələni ictimailəşdirmək qərarına gəldim.
Diqqətinizə çatdırıram ki, Azərbaycan Respublikası CPM-nin 122.5-ci maddəsinə əsasən «Cinayət prosesi iştirakçısının şikayətinə təxirə salınmadan və hər bir halda cinayət prosesini həyata keçirən orqanın onu aldığı gündən 3 (üç) gündən gec olmayaraq baxılmalıdır». 122.10-cu maddədə isə göstərilir ki, «Cinayət prosesini həyata keçirən orqan şikayətin dəlilləri üzrə əsaslandırılmış qərar qəbul edir və bu barədə şikayətçiyə yazılı məlumat verir». CPM-nin 207.5-ci maddəsinə əsasən « Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlarda birini qəbul etməlidir:
207.5.1. cinayət işi başlamaq;
207.5.2. cinayət işinin başlanmasını rədd etmək;
207.5.3. məlumatı istintaq aidiyyatı üzrə göndərmək;
207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyatı üzrə göndərmək».

Gördüyünüz kimi, prokurorluq orqanı qanunun onun üzərinə qoyduğu vəzifəyə əməl etməmişdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, mən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikasının CM-nn 296-cı maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmasından xəbərdaram və yalan danışdığım təqdirdə məsuliyyət daşımağa hazıram.

Yeri gəlmişkən, mənə qarşı prokurorluğun qərəzli mövqeyini sübut etmək üçün iki paralel aparmaq istərdim. Birincisi, KİV-dən məlumdur ki, prokurorluq orqanı faktiki olaraq bir nəfərin kiməsə istinadən dediklərinə «inanaraq» bunu əsaslandıracaq heç bir dəlil və sübut olmadığı halda, mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktına görə cinayət işi başlamışdır. Mən isə Milli Məclisin deputatı Gülər Əhmədovanın məndən rüşvət almasını təsdiq edən video və audio yazıları istintaqa təqdim etdiyim halda cinayət işi başlanılmır. İkincisi, yenə KİV-dən məlumdur ki, həmin Gülər Əhmədovanın ərizəsi ilə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının ondan rüşvət tələb etməsi barədə ərizəsi ilə sonunçunun barəsində nəinki cinayət işi başlanıb, hətta bu iş Zeynallının həbsi və məhkum olunması ilə nəticələnmişdir. Belə olan halda istintaq orqanının guya mənim Gülər Əhmədovanın videoçəkilişini onun razılığı olmadan aparmağım barədə irəli sürəcəyi arqumentinə cavab olaraq deyə bilərəm ki, onda Gülər Əhmədova Əvəz Zeynallının səsini onun razılığı olmadan yazdığı audiokasset nə üçün sübut kimi istifadə olunur.

Hörmətli KİV təmsilçiləri!

Yuxarıda yazılanların həqiqət olmasını təsdiq edən bütün sənədlərin surətlərini sizə göndərməklə bu məsələdə həqiqətin müəyyən edilməsi üçün mənə yardımçı olmanızı xahiş edirəm. Gülər Əhmədova və Sevinc Babayeva ilə aramızda olan görüşlərin videoyazılarını və telefon danışıqlarının audio yazılarını əlavə təqdim edəcəyəm (bunları onun özünə göndərmişəm). Bu məsələ ilə bağlı yaranacaq bütün suallarınıza şəxsən özüm və vəkilim Adil İsmayılov vasitəsi ilə cavab verməyə hazıram.
Bəyanata prokurorluq orqanları ilə yazışmalarımızın, prokuroruq və məhkəmələrin qərarlarının surətlərini əlavə edirəm,

Hörmətlə, E.İ.Abdullayev sentyabr 2012-ci il”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button