Elşad Abdullayevlə Eynulla Fətullayev arasında yeni polemika

 Elşad Abdullayevlə Eynulla Fətullayev arasında yeni polemika

Sabiq rektor “o, mənim verdiyim gizli videolarla alver edib” deyir; Eynulla Fətullayev: “Onun verdiyi videosüjetlərin surətini baş prokurora təqdim etdim, bunu özünə də dedim”

 
Bu günlərdə fəaliyyətini dayandırmış ABU-nun sabiq rektoru, Fransada yaşayan Elşad Abdullayev haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevlə bağlı bir müraciət yazıb. Bunu sosial şəbəkədəki statusunda paylaşan E.Abdullayev bildirib ki, ümumiyyətlə E.Fətullayevin dəst-xətti hamıya məlumdur: “MTN həbs edirdi, Eynulla Fətullayev də günahsız adamları KİV-də ləkələyirdi.
O, həm də adam oğurluğu ilə məşğul olan cinayətkar şəbəkənin cinayətlərini ört-basdır etmək məqsədilə başqa saxta ”fabrikovat” olunmuş problemləri KQBsayağı şişirdib yazılar tirajlayır”.
E.Abdullayev iddia edib ki, E.Fətullayev ona verdiyi gizli videogörüntülərlə bazarlıq edib, jurnalist etikasını ucuzlaşdırıb və özünü itirib: “Strasburqda – Avropa Məhkəməsində mən ilk gizli videogörüntüləri jurnalist bilib Eynulla Fətullayevə verdim, həmin vaxt o, ilk dəfə olaraq MTN generalı Akif Çovdarovun Elmar Hüseynovu qətlə yetirməsini ifşa etmişdi, Avropa Məhkəməsi onun həbsdən azad edilməsini tələb etdi və azadlığa yenicə çıxmışdı”.

E.Abdullayev deyib ki, onların Strasburqda görüşlərini Azərbaycan hökuməti ilə işbirliyində olduğunu sonradan bildiyi Strasburq Mədəniyyət Evinin rəhbəri Mustafa Alınaca, APA nümayəndəsi jurnalist Fuad Quliyev və sonralar ona terror təşkil etməkdə suçlanan Əliheydər Ağayev həvəslə təşkil ediblər: “Həmin ərəfələrdə Eynulla Fətullayev hazırda saxta ittihamlarla həbs edilmiş REAL Hərəkatının lideri İlqar Məmmədovla Strasburq İBİS Hotelində qalırdı. Mən hiss edirdim ki, İlqar Məmmədov Eynulla Fətullayevə inanmır. O mənə bildirdi ki ona inanmayın, ona gizli videogörüntü verməyin. İlqar Məmmədovun danışıgından başa düşdüm ki, o, Eynulla Fətullayevə inanmır. Elə göründüyü kimi, Eynullanın İlqar Məmmədovun yanında qalması da təsadüfi bir işə oxşamırdı, planlaşdırılmış qurguya oxşayırdı.
Bizdə dəqiq məlumat vardır ki, Eynulla Fətullayevi saxta ittihamlarla həbsə atdıran da MTN generalı Akif Çovdarov olubdur. Cünki ilk dəfə olaraq, mərhum jurnalist Elmar Hüseynovun qətlinin üstünü jurnalist Eynulla Fətullayev açıb. O, maddi sübutlarla yazırdı ki, jurnalist Elmar Hüseynovun qətlinin təşkilatçısı Akif Çovdarovdur. O, sonralar Akif Çovdarovun diqtəsilə işləməyə başladı. Özünü itirdi”.
 
Eynulla Fətullayev isə E.Abdullayevin məlum ittihamları ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sabiq rektorun dedikləri həqiqətdən uzaqdır. O, E.Abdullayevin ona verdiyi videosüjetlərin surətini Azərbaycan Respublikası baş prokuroruna təqdim edib: “Bunu Elşad Abdullayevin özünə də demişəm. Müraciət yazmışam və bu müraciət əsasında həmin videoları baş prokurora təqdim edərək xahiş etmişəm ki, burda göstərilən faktlar araşdırılsın, həqiqət ortaya çıxarılsın. Mən onu prokurorluğa verəndən sonra onun özü də bu videoları yaymağa başladı. Mən nə etməliydim ki? Bilirsiniz ki, Elşad Abdullayev olduqca qeyri-müəyyən reputasiyaya malik olan adamdır. Bu hakimiyyətin ən böyük tərəfdarlarından, eyni zamanda universitet rektoru idi. Strasburqda olanda mənim yanıma gəldi ki, videolarım var. Mən soruşdum ki, siz MTN-də çalışırsız ki, gizli videolar da çəkirsiz? O videolara baxdım, amma heç nə anlamadım. Olduqca xaotik videolar idi. Üstəlik, Elşad Abdullayevin təsvir etdiyi kimi də deyildi. Çünki o deyirdi ki, bu videolarda qardaşımın oğurlanması ilə bağlı faktlar var. Amma mən izləyəndə gördüm ki, bunlar tamamən mücərrəd və işə aidiyyəti olmayan videolardır. Ona görə də təşkilatımızın adından baş prokurora rəsmi məktub yazdım. O zaman media orqanım yox idi, həbsxanadan yeni çıxmışdım. İnsan Haqları Uğrunda İctimai Birliyin sədri idim”.
Konkret A.Çovdarov barədə məsələyə gəlincə, müsahibimiz dedi ki, zamanında bu şəxs barədə çox danışıb:“Amma mən danışanda heç kim danışmırdı. Ona görə də mən indi danışmıram. Bu gün danışmayanlar danışsın”.
 
Sevinc TELMANQIZI

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button