“Ermənistan Xarici İşlər nazirinin nədən söhbət getdiyindən xəbəri yoxdur”

hikmet

Ermənistan Xarici İşlər naziri tərəfindən yenə də qeyri-ciddi şəkildə münaqişənin həlli prosesinin mahiyyəti və məzmunu təhrif edilib. Elə bir təəssürat yarınır ki, sanki E.Nalbədyanın ümumiyyətlə danışıqlar prosesində nədən söhbət getdiyindən xəbəri yoxdur.

Bunu trend.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın “Kommersant” qəzetinə müsahibəsini şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, rəsmi Yerevanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli prosesinə guya sadiq olduğunu iddia edən Ermənistan xarici işlər naziri heç vaxt özündə cəsarət tapıb yenilənmiş Madrid prinsiplərinə istinad etmir:

“Bu da təsadüfi deyildir. Ermənistan rəsmisinin yaddaşını təzələmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri təqdim olunmuşdur. Münaqişənin mərhələli həlli üzrə yol xəritəsi rolunu oynayan yenilənmiş Madrid Prinsiplərinin 1-ci bəndində işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması nəzərdə tutulur”.

XİN rəsmisi sonra deyib ki, məzmunsuz şablon ifadələr və ikinci dərəcəli texniki məsələlər əvəzinə Ermənistan xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və yenilənmiş Madrid prinsiplərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsinə aydınlıq gətirməlidir:

“Lakin Azərbaycanın işğal olunmuş ərazilərinin hərbi işğalını və status kvonu hər vəchlə davam etdirməyə çalışan, işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma, iqtisadi və digər fəaliyyətlər həyata keçirən Ermənistanın əməlləri bir daha onu sübut edir ki, rəsmi Yerevanın məqsədi əslində sülh prosesi imitasiyası adı altında Azərbaycan ərazilərinin ilhaqıdır. ATƏT Minsk Qrupunun həmsədrləri də özlərinin təklif etdiyi yenilənmiş Madrid Prinsiplərinə və BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməlidirlər. Yalnız bu zaman münaqişənin həllində irəliləyişə nail olmaq mümkündür”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button