Etatist.com yeni dizaynda

EtatistEtatist.com internet qəzeti artıq yeni dizaynda öz fəaliyyətini davam etdirəcək. XuralTAC-ın məlumatına görə, adıçəkilən sayt buna görə bir neçə gündür fəaliyyətini dayandırmışdı.

Yeni dizaynla bərabər saytda bir neçə yenilik də olacaq. İnternet qəzetdə oxucu-mətbu orqan əlaqələrini irəli çəkmək, vətəndaş jurnalistikasına təkan vermək məqsədi ilə xüsusi bölmə (Xəbər yaz) yaradılıb ki, burdan oxucular şahidi olduqları hər hansı hadisə ilə bağlı və yaxud yazmaq istədikləri xəbəri elektron poçta yox, birbaşa saytın özünə yaza biləcəklər. Redaktorun təsdiqindən sonra xəbər saytda yayımlanacaq. Bunun üçün hər hansı qeydiyyat tələb olunmur.

Bundan başqa saytda yeni yaradılan “Oxucu köşəsi” vasitəsilə oxucular hər hansı xəbərə və ya yazıya öz münasibətlərini birbaşa sayta köşə yazısı kimi yaza biləcəklər. Həmin yazılar saytın köşə yazarlarının bölməsindən ayrı, “oxucu köşəsi” bölümündə olacaq.

Bütün yazılar redaktor tərəfindən yoxlanıldıqdan sonra saytda yayımlanacaq. Bu təcrübə dünya mətbuatında blog şəklində, qeydiyyatdan keçdikdən sonra olsa da Azərbaycan mətbuatında bir ilkdir.

Digər bir yenilik isə rusdilli oxucular üçün nəzərdə tutulmuş rus dilində Etatist.com-dur. Bu bölmədə də rus dilində xəbərlər, təhlillər və s. yayımlanacaq.

Saytın ümumi dizaynı ilə bərabər “Gənclik”, “Etatist TV” bölmələri də yenilənib.

Başqa bir yenilik yazılan şərhlərlə bağlıdır. Belə ki, oxucuların xəbərlərə və yazılara yazdığı şərhlər birbaşa ana səhifədə görünəcək. Bununla da oxucular hansı xəbərin daha çox maraq cəlb etdiyini asanlıqla görə biləcəklər.

Yeniliklərlə bağlı açıqlama verən etatist.com internet qəzetinin baş redaktoru Şəhriyar Məcidzadə bildirdi ki, son üç ildə Etatist.com-un fəaliyyəti xüsusi ilə gənclərin fikirlərini azad şəkildə ifadə etməsi istiqamətinə və yaradılan qəzetin oxucular tərəfindən qəbul edilməsinə hesablanmışdı: “Bu gün əminliklə deyə bilərik ki, biz sınaqlardan uğurla çıxdıq. Bizim komandamız özümüz tərəfindən seçilirdi. İndi biz bu komandanı daha da böyütmüşük. İşçilərimizin hamısı gəncdir. Bu isə hər zaman uğurlu yenilikdən tərəf olmağımız deməkdir. Biz hər zaman yenilik etmişik, bunu etməyə də davam edəcəyik. Ancaq problemlər də mövcuddur müstəqil mətbuata. Xüsusilə gənclərin fəaliyyətinə dəstək məqsədi ilə reklam problemləri həll edilməlidir. Bəzi hallarda reklam reytinq üzərində yox, başqa vasitələrlə həll edilir. Bu da xoşagəlməz haldır. Ümid edirik ki, istər Mətbuat Şurası, istərsə də müxtəlif media qurumlarının rəhbərləri tərəfindən qaldırılan bu məsələ yaxın zamanlarda həll ediləcək. O, zaman media, vətəndaş dövlət münasibətlərinə olduqca müsbət təkan vermək imkanına sahib olacaq”.

Xatırladaq ki, “Etatist” qəzeti 2011-ci ildə təsis olunub. Bir müddət fəaliyyət göstərsə də sonradan fəaliyyəti dayandırılan qəzet 2012-ci ildə internet qəzet olaraq fəaliyyətini yenidən bərpa edib. O vaxtdan fəaliyyət gösətərən saytın özünün xüsusi oxucu kütləsi var.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button