Etibar Məmmədov Hikmət Hacızadəyə cavab verdi-“Qaynar Qazan”da dediklərinə…

Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat xidmətindən xural.com-a məlumat daxil olub. Məlumatda Əvəz Zeynallının müəllifi olduğu “Qaynar Qazan” verilişinin son hissəsində Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadənin Etibar Məmmədov haqqında səsləndirdiyi fikirlərə cavab verilməyə çalışılıb. Xural.com Etibar Məmmədovun cavab haqqını olduğu kimi dərc edir:

“Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə “Qaynar Qazana” verdiyi müsahibəsində həmişə olduğu kimi yenə yalan və böhtan danışmaqla cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edib. Jurnalistin istiqamətləndirici suallarını cavablandıran H.Hacızadə AMİP Lideri Etibar Məmmədov haqqında da bəzi suçlamalarda bulunub. Onun dediklərinə görə, E.Məmmədov, N.Pənahlı, R.Qazıyev cəbhədən ayrılıb Ə.Vəzirovla müdafiə komitəsi yaradıblar.

H.Hacızadə yəqin unutmayıb ki, dediyi həmin komitə 1990-ci ilin yanvarın 13-də onun özünün də üzvü olduğu və lehinə səs verdiyi İdarə Heyətinin qərarı ilə yaradılıb və sədri də Ə.Elçibəy olub. Adı da Müdafiə Komitəsi yox, Müdafiə Şurası olub. İkinci Müdafiə Şurası isə 1991-ci ilin oktyabrında yaradılıb və dövlətin adından yaranıb. A.Mütəllibov da təmsil olunub.

Bu adam hələ də elə düşünür ki, Bakıda 20 Yanvar faciəsini ruslar törətməyib. Bu faciənin də günahkarlarını  başından böyük səhv edərək xalq hərəkatının liderlərinin üzərinə atmağa çalışır. Hikmət Hacızadənin özü kollaborasionistdir. Yəni işğalçılarla əməkdaşlıq edən şəxslərdəndir. 20 Yanvar faciəsindən bir ay keçməmiş xalq şəhidlərimizin matəmini saxladığı günlərdə Vilnüsdə ermənilərlə əməkdaşlıq sazişi imzalayan da H.Hacızadə olub. Yeri gəlmişkən, onu da xatırladım ki, İkinci Dünya müharibəsi zamanı Fransada işğalçılarla əməkdaşlıq edən və onlara işləyən H.Hacızadə kimi kollaborasionistləri xalq çox ağır və rüsvayçı şəkildə cəzalandırıb.

H.Hacızadə iddia edir ki, o, Moskvaya – ağalarına göndərdiyi “donos”ları güya AXC rəhbərliyi ilə razılaşaraq verib. Bu da tamamilə yalan və iftiradır. Çünki 20 Yanvar qırğınlarından sonra cəbhənin idarə heyəti bir aydan sonra toplanıb və həmin vaxtdan çox-çox əvvəl E.Məmmədov Moskvada mətbuat konfransından dərhal sonra Azərbaycanın Rusiyadakı nümayəndəliyinə edilən basqın zamanı həbs edilərək Lefortovo həbsxanasına salınmışdı. H.Hacızadə bu “işverəniyi” ilə hətta, Bakının komendatı Dubinyakın “spasibo”sunu və“rəğbətini” qazanmışdı. Dubinyak da bu xəyanətkarın və xainin “xidmətlərindən” faydalanmışdı.

Özünün də dediyi kimi, rus dilində danışan və rusca düşünən bu zavallı insan milli ruhun, mübarizənin, milli oyanışın ən qəddar tiranlara və imperiyalara, siyasi rejimlərə qalib gəldiyini dərk edə bilmir, adını da demokrat qoyub. 20 Yanvarda əliyalın, “mantirovka” ilə tankın qabağına çıxıb şəhid olan qəhrəmanlarımızın hesabına bu gün Azərbaycan beynəlxalq aləmin bərabərhüququlu subyektinə cevrilib, müstəqilliyinə qovuşub. Özünü də vacib fiqur sayaraq deyir ki, guya gəlib anasının qarnına avtomat dirəyib bunu soruşublarmış. Axı Hikmət Hacızadə kim idi, indi kimdir ki?  Bu cür yalanlar uydurmaqla elə bilir ki, hər şey unudulub, yaddan çıxıb.”

 

Qeyd: Hikmət Hacızadənin də cavab haqqını dərc etməyə hazırıq. 

 

Hikmət Hacızadənin “Qaynar Qazan”da müsahibəsini bu linklərdən izləyə bilərsiniz:

I hissə (https://www.xural.com/qaynar-qazanda-hikm%C9%99t-hacizad%C9%99-i-hiss%C9%99-%C9%99bulf%C9%99z-b%C9%99y-must%C9%99qillikd%C9%99n-d%C9%99-boyuk-nailiyy%C9%99t-idi-video/)

II hissə (https://www.xural.com/qaynar-qazanda-hikm%C9%99t-hacizad%C9%99-ii-sonuncu-hiss%C9%99-qracov-p%C9%99nah-huseyn%C9%99-demisdi-ki-siz-getm%C9%99lisiniz-video/)

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. “Milli Müdafiə Şurası” adlanan qurum yanvarda yox dekabrda yaranıb. Onun beş üzvü olub: Əbülfəz Əliyev – sədr, üzvlər, Etibar Məmmədov, Rəhim Qaziyev, Nemət Pənahov, Xaliq Bahadır.

    1989-cu ilin Bakı qırğınlarının nəticəsi kimi yaranan bu qurum Azərbaycan millətinə qarşı AXC və onun arxasında duran yerli partokrat, KQB və mafioz qüvvələrin, və kanarda duran aparıcı dövlətlərin xarici kəşfiyyatların ən qəddar və amansız xəyanəti və təxribatı idi!…

    Məhz bu “Milli Müdafiə Şurası” adlanan və əzəldən tam şəkildə təxribat məqsədi güdən bu qurum sovet ordusunu Bakıya yürüdmək istəyən Kremlin və orada artıq söz sahibinə çevrilən hayların sözcülərinin əlinə nəhayət ki çox gözəl fürsət verdilər və bütün SSRİ üçün və dünya ictimaiyyəti üçün “sovet ordunun Azərbaycana girib konstitusion quruluşu müdafiə etmək” iddiasını tam şəkilsə lr=egitimləşdirdi!…

    Bunu hər bir Azərbaycan vətəndaşı nə qədər siyasətdən uzaq olsa da gərək nəhayət ki dərk etsin!…

    AXC rəhbərliyi və fəalları arasında “yaxşısı” – “pisi” yox idi! Bunlar hamısı ya qəsdən, ya qanmazlıqdan Azərbaycan millətinə düşmənçilik etdilər və Azərbaycanı məhz hayların planı ilə addıpmlamağa vadar etdilər!…

    Bunlar hamısı xaindir və azərbaycan millətinə düşməndir!

    Bunların içərisində yaxşısını axtarmaq qanmazlıq və nadanlıqdır!…

    O ki qaldı 20 yanvar faciəsinə burada köhnə şriftlə TimesAzeriLat yazılsa da lakin həm rus dilində həm azərbaycan dilində unikal materiallar var, tanış ola bilərsiz:
    http://okataxan.livejournal.com/tag/20%20%D1%8F%D0%BD%D0%B2%D0%B0%D1%80%D1%8F%201990

    Oqtay Ataxan

    08.08.2017. 09:02

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button