Etiqad azadlığı: Azərbaycan təcrübəsi

Etiqad azadlığı Azərbaycan təcrübəsiDin və Demokratiya Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda “Dini etiqad azadlığı: Azərbaycan təcrübəsi” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan Vasif Sadıqlı dini etiqad azadlığını təmin edilməsi üzrə beynəlxalq təcrübə və yerli praktika barədə məlumat verib.

 

xural.com-a daxil olan məlumata görə, tanınmış ilahiyyatçı Nəriman Qasımoğlu görüş–müzakirədə geniş məruzə edib. Onun sözlərinə görə, dünyəvi dövlətin konstitusiya müddəaları bir qayda olaraq ilahi hikmətlərə daha uyarlıdır, nəinki ənənəvi dini təsəvvürlərə. “Ölkəmizin konstitusiya müddəaları da bu qəbildəndir.

Bunlar  ilahi ədalət qanunlarına daha açıq bir məzmundadır və bu hikmətlərin, qanunların həyata keçirilməsinə iddiaçı olan dini-siyasi qrupların, cərəyanların, partiyaların dini-siyasi platforması, eləcə də dini dövlətlərin konstitusiya müddəaları ilə, ənənəvi şəriət hökmlərinin əksəriyyətilə müqayisədə gerçək dinimizin, müqəddəs Kitabımızın məntiqi və ayələrinə daha yaxın məzmundadır”. “Məhz dünyəvi dövlət quruluşuna aid bir xoşbəxtlikdir ki, belə bir quruluşun siyasi iqtidarları ilahi iradə təmsilçiliyinə iddia etməyə-etməyə insanların dindarlığını hüquqi dövlət təminatları altında zədələnmələrdən qorumağa çalışır”,  – deyə N. Qasımoğlu paytaxtın müsəlman icmalarına daxil dindarlar və müstəqil ziyalılar üçün keçirilən görüş-müzakirədə səsləndirib.

Dindarların etiqad azadlığı sahəsində Azərbaycan təcrübəsindən geniş söhbət açan natiq iştirakçıların diqqətini ölkəmizdə çoxmədəniyyətlilik ənənələrinin tarixinə, bu günkü inkişafı reallıqlarına, dini tolerantlığın tarixi, siyasi, mədəni qaynaqlarına, eləcə də Azərbaycan hökumətinin bu sahədə konkret tədbirlərinə cəlb edib.

N.Qasımoğlu Azərbaycanda multikultural mühitin çoxkonfessiyalılığa verdiyi töhfələrdən də danışıb və Azərbaycan dövlətinin fərqli dini icmalara yaratdığı əlverişli fəaliyyət şəraitində dini tolerantlığın bu Quran ayələrilə səsləşdiyini diqqətə çatdırıb: “O kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar… xristianlar, sabiilər… Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə – ödüncləri Rəblərinin qatında. Nə qorxu gözlər, nə qəm üzər onları” (2, 62); “İnsanların bir qismini digərilə Tanrı qorumasaydı, dağılardı monastrlar, kilsələr, sinaqoqlar, məscidlər ki, çox anılır oralarda Tanrı adı” (22, 40).

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan dövlətçiliyinin təbliği ilə bağlı səyyar maarifçilik tədbirlərinin təşkili” layihəsi çərçivəsində təşkil edilib.

Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak edib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button