Eurovision-2012″ Azərbaycanda insan haqlarına diqqəti artırır

24.03.2012 

“Eurovision-2012”-nin keçiriləcəyi Azərbaycanda fərqli düşüncəli insanlara təzyiqlər artır

Xədicə İsmayılova: “Müsabiqəyə qatılan insanların şəxsi həyatının kameralara çəkilməyəcəyindən heç kəs sığortalana bilməz”

BBC-in Qafqaz üzrə müxbiri Damian Makquins Azərbaycanla bağlı geniş məqalə hazırlayıb. Məqalədə “Eurovision”a hazırlaşan ölkə rəhbərliyinin azad mediaya qarşı basqısı təsvir olunur və bunun fonunda bu musiqi yarışmasından Azərbaycana münasibətdə siyasi alət kimi istifadə olunduğu ittihamlarına cavab axtarılıb.

Məqlədə göstərilir ki, “Eurovision” yarışmasına hazırlaşan Azərbaycanda fərqli fikrliliyə qarşı təzyiq davam edir. Müəllif konkret nümunə kimi “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın üzləşdiyi mənəvi terrora diqqət ayırır. Makquins X.İsmayılın hökümətə aid korrupsiya əməlləri barədə araşdırmalara son vermək tələbi ilə şantaja, şantaj baş tutmayanda isə mənəvi terrora necə məruz qaldığını təfərrüatı ilə təsvir edib və onun öz mövqeyinə yer verib: “O, belə hesab edir ki, ona qarşı yönəldilmiş şantaj Azərbaycan prezidenti İlham Əliyevin xanımı və qızlarının ölkə banklarında və telekomunikasiya şirkətindəki paylarını araşdırmasını dayandarmaq tələbi ilə bağlıdır”.
“Onlar bu metodları KQB-dən öyrəniblər. Onlar cəmiyyətin mühafizəkar hislərindən sui-istifadəyə cəhd etdilər. Düşündülər ki, bununla araşdırmalarımı dayandıra bilərlər. Mən isə bunu ictimaiyyətə açıq şəkildə bəyan etdim. Cəmiyyət məni dəstəkləyir”- deyə müəllif X.İsmayıldan iqtibas gətirib.
BBC-nin müxbiri xatırladır ki, bu, Azərbaycan hakmiyyətinin öz tənqidçilərinə qarşı intim xarakterli ilk video-şantajı deyil. Buna qədər də bir neçə dəfə bu metoddan istifadə olunduğunu və kadrların İlham Əliyevin əmisi oğluna məxsus olan kanalda efirə verildiyini vurğulayan Makquins “Ölkəyə gələcək xarici jurnaist və turistlərin hədəf olmayacağı ilə bağlı heç bir təminat yoxdur” deyə yazıb.
Məqalədə qeyd olunur ki, hüquq müdafiəçiləri “Eurovison”la bağlı Azərbaycana diqqətin artmasına baxmayaraq, ölkədə jurnalistlərin vəziyyətinin getdikcə pisləşməsindən narahatdır.
“Article-19” hal-hazırda Azərbaycanda 11 jurnalist, bloqçu, KİV işçisinin həbsdə olduğunu bildirir. Keçən il 11 jurnalistə hücum faktı qeydə alınıb və 16 jurnalist peşə fəaliyyəti zamanı zorakılığa məruz qalıb. Keçən il Bakıda höküməti tənqid edən jurnalist qətlə yetirilib. Bu cinayət hələ açılmayıb. “Freedom House” bildirir ki, iş KİV-lərin azadlığı məsələsinə gələndə Azərbaycanda vəziyyət ağır olaraq qalır. “Transparency İnternational”ın siyashısına görə, Azərbaycan korrupsiyanın reytinqi üzrə 183 ölkə arasında 143-cü yerdədir. Jurnalist olmayanlar tərəfindən də hökümətin tənqidi sərt reaksiya ilə qarşılana bilər. “Amnesty İnternational”ın məlumatına görə 4 gənc aktivist döyülüb, 17 nəfər mart ayında dinc aksiyalar zamanı həbs edilib. Keçən həftə isə iki musiqiçi həbs edilərək polis tərəfindən döyülüb. Onları konsert zamanı təhqirə yol verməkdə günahlandırırlar”, – deyə məqalədə bildirilir.
Müəllif yazır ki, Azərbaycan indiyədək “dünyanın az tanınan ərazisi” kimi xarici medianın diqqətini elə də cəlb etməyib. Amma hazırda bu ölkəyə böyük maraq var. Dünya ictimaiyyətinin görülməmiş diqqəti ilə toqquşan Azərbaycan hökümətini isə görünür, korrupsiya əməllərini ört-basdır etmək daha çox narahat edir.
Məqalənin sonunda qeyd olunur ki, “Eurovision”un Azərbaycanda keçirilməsi insan haqları müdafiəçilərinə hökümətin qanun pozuntularına dünyanın diqqətini çəkməyə imkan verir: “Mətbuat üçün qlamur popun parıltısı fonunda Azərbaycandakı insan haqlarının qaranlıq reputasiyasını yazmaq çox ağırdır. Avropa Şurasının üzvü olan Azərbaycan özünü Qərb demokratiyasının tərəfdarı, müasir, azad mətbuatı olan ölkə kimi təqdim edir. May ayında Avropa Yayım Birliyi Cenevrədə Azərbaycandakı jurnalistlərin vəziyyətini yaxşılaşdırmaq üçün Azərbaycan höküməti və insan haqları müdafiəçilərini bir araya gətirən konfrans keçirəcək. Ən nəhayət bütün bunlar Azərbaycanda insan haqlarının vəziyyətinə görülməmiş diqqət cəlb edəcək. Avropa popu, parlaq geyimlər və məhartli rəqs hərəkətləri əlbbətə ki, dünyanı dəyişə bilməyəcək. Ancaq şübhəsiz ki, Azərbaycanın sızanaqlarının üstünə basacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button