SORĞU: “Ev almağa haqqı olan 68 jurnalist”-SİYAHI

Jurnalistlərə veriləcək evlər hansı meyarlar əsasında bölüşdürüləcək?!

Uzun illərdir ki, Azərbaycan jurnalistlərinə tikilən və üzdə pulsuz paylanan evlərin müzakirəsi bitmək bilmir. Bunu jurnalist azadlığının buxovlandığı kimi qiymətləndirənlər var və bəndəniz ilk gündən bu cinahda yer alıb. Yəni kəsdirmədən getsək və birbaşa münasibət bildirsək, jurnalist niyə dövlətin, ya da hökumətin, yaxud dövlətin mətbu siyasətini müəyyənləşdirən balaca bir məmurun əlinə baxmalı, iki dodağının arasında qalmalıdır ki. Milyonlara milyonlar deməyən bir dövlət elə bir mətbu siyasət qura bilər ki, bütün jurnalistlərin, nəinki jurnalistlərin, eləcə də hamının, dayalı-döşəli evləri ola bilər. Bunu etmək 2×2 qədər asandır. O, ayrı məsələdir ki, bizim hakimiyyətimiz 2×2-dən 4 yox, istəyəndə 5, istəyəndə 15 alır.

 

Ev almaq üçün həyat yoldaşlarını boşayanlar var?!

Ötən dəfə jurnalistlər üçün tikilən ev, Azərbaycan mətbuatına hakim olan zümrənin iş üzünü açıb tökmüşdü. Söz-söhbətlər hələ də səngimir. O zaman məlum olmuşdu ki, hətta belə olsa belə, hakim zümrə ideyalar və prinsiplərə yox, öz şəxsi maraqlarına çalışıb. Özünə 2-ci, 3-cü ev alana bax, oğluna, yaxınlarına, hətta adını yazmağa ar elədiyimiz adamlarına ev alanlara bax. Bu haqda bilməyən yoxdur və hamı hamısını tanıyır və indiyə qədər danışır. Maraqlı orasıdır ki, bu adamların heç biri utanmadı, qızarmadı, çəkinmədi. Hələ bu azmış kimi, indi də qollarını çırmalayanlar, 3-cü oğluna, 4-cü dərəcədən arvad qohumlarına, redaksiyalara yerləşdirdikləri kənar məhrəmlərinə ev almaq uğrunda dəridən-qabıqdan çıxanlar var. O günü Rey Kərimoğlu yazdı, sonra sildi və məlum oldu ki, hətta ev almaq üçün həyat yoldaşlarını boşayanlar var. Adam düşünməyə bilmir, bu media bataqlığında necə informasiya təhlükəsizliyinə nail olmaq olar? Necə sağlam mənəvi dəyərlərdən danışmaq olar? Necə peşəkarlıqla məşğul olmaq olar? Heç bir ədalət tərəsizi olmayan, sağlam və peşəkar qələmlərin axırına çıxan, müstəqil və cəsur qələmlərin qətlinə fərman verən, məhkəmə və istintaqlarda jurnalistlərin üzünə duran adamların ev paylama ədalətinə necə inanmaq olar? Olmaz təbii ki…

 

Yürüyən bir prosesə istiqamət vermə cəhdləri

Amma başlayan və yürüyən bir proses var. Biz o prosesin qarşısında dayana bilmirik. Bu proses ində də 256 evlik binanı paylaşdırmağa və bölüşdürməyə çıxarıb. Barmaqla sayılacaq jurnalistin qalmadığı ölkədə 256 jurnalistə ev verəcəklər. İndidən məlumdur ki, artıq siyahılar hazırdır. Prezident Administrasiyasının koridorlarında kimə nəyin müqabilində ev veriləcək, o da müəyyənləşdirilib və KİVDF-nin ədalət anlayışı olmayan otaqlarına ötürülüb. Elə deyirlər və elədir. Nəinki indi, hətta aylar, illər əvvəldən bu siyahının hazır olduğuna inananlardan biri də mənəm və bu prosesə laqeyd qala bilmədiyim üçün heç olmasa, tarixə müraciət olsun deyə bir kiçik sorğu keçirdim. Sorğu belə idi:

“Mən hökumətin jurnalistlərə payladığı evlərə iddialı deyiləm. Həm də bu tip bir “imtiyaz”a qarşıyam. Amma yenə başlanan həngaməyə laqeyd qala bilmədim. Madam ki, hökumət daha 256 ev vermək istəyir, o zaman gərək o evlər haqqı olanlara verilsin. Kimlərinsə qohum-əqrəbalarına, yaxınlarına, oğul-uşaqlarına yox. Ona görə də hər kəs tanıdığı haqqı olan qələm adamının adını yazsın. Biz də bir siyahı müəyyənləşdirək…”

Beləcə, 26 may 2017-ci il tarixindən davam edən sorğumuzun nəticəsi artıq məlumdur. Təxminən 100 nəfərin iştirak etdiyi sorğunun yekununda cəmi 72 nəfər jurnalistin adı yer alır. Təbii ki, bu, yalnız bir və ya bir neçə adamın apardığı və facebook statuslarının nəticəsində meydana çıxan sorğudur. Əgər hökumətimiz və onun media siyasətini yürüdənlər istəsələr, o qədər mükəmməl və o qədər ədalətli bir siyahı ortaya çıxar ki, heç kim də narazı qalmaz.

 

Seçimdə ədalət olacaqmı?!

Sorğunun nəticələrinə və aldığım reaksiyalara söykənərək, onu deyə bilərəm ki, seçimdə ədalətin olmayacağına yenə ciddi bir əminlik hakimdir jurnalistlərin arasında. Qoyulan ağır şərtlər də bunu göstərir. Əvvəla, məlum olan odur ki, bu dəfəki bölüşümdə də peşəkarlıq əsas kimi götürülməyəcək. Artıq bir neçə holdinq rəhbərinin də açıq etiraflarını nəzərə alsaq, məlum olur ki, bu dəfə də hakimiyyətə, rejimə xidmət birinci sırada gələcək. Yəni nə qədər peşəkar olursansa ol, nə qədər yadda qalan yazıların və media layihələrinin müəllifi olursansa ol, sənə mükafat yoxdur, amma ömründə bir yazı yazma, əsla və əsla mətbu düşüncən olmasın, lap qəssab ol, rejimə xidmət edirsənsə, sənə ev verilə bilər. Vəssalam. Bu qədər sadə.

Hələ qazanların qapaqları bağlı qaynayır. Redaksiyalarda narazılıq və nigarançılıqla keçirilən seçimlərin nəticələrindən mətbuata sızan da olur, sızmayan da. Biz “Bizim yol”da baş verən seçkilərdən xəbərdarıq. Mətbuata çıxdı, ədalətsizliyin qarşısı mətbu təpkidən sonra alındı, hələ ki, zorakı ədalət təmin olundu, amma “Bizim yol” qaynayır. Ev bölüşümündən sonra ədalətsizlik olarsa, burada fırtına qopacaq.

Vüqar Səfərli Əflatun Amaşovu niyə ittiham etdi?

“Yeni Azərbaycan” qəzetində seçim daha gərgin olub. Verilən məlumatlara görə, oradakı iclasda KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin özü iştirak edib və ötən ev bölüşümündə Mətbuat Şurasının sədri Əflatun Amaşovun ədalətsizliyindən danışıb. Sən demə, Əflatun Amaşov özünə yaxın bəzi adamların adlarını siyahıya saldırmaq istəyib, ancaq Vüqar Səfərli bu ədalətsizliyin qarşısını ala bilib. Vüqar Səfərlinin “Yeni Azərbaycan” qəzetində Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov haqqında dediyi fikirlər media kuluarlarında bomba kimi partladı, amma bu haqda da bir xəbərə rast gəlmədik.

Başqa xəbərlər də dolaşır. Elə redaksiyalar var ki, tək bir adamla iclas keçirirlər. Elə redaksiyalar var ki, oradan yalnız baş redaktorun qohumları namizədliklərini irəli sürə bilirlər. Elə redaksiya-holdinqlər var ki, bir dəfə ev alan jurnalistlərin namizədliklərini bir daha irəli sürüblər. Elə redaksiyalar var ki, qoyulan şərtlərə əməl etməyərək, 2 yaşları tamam olduğu halda, iclas keçirib evə iddia ediblər. Amma ev almaq şərtlərini müəyyənləşdirənlər 3 yaşlarının tamam olmadığını əsas gətirib bir çox redaksiyaları yarışdan kənarda saxlayıblar. Bu, necə olur? Hələlik bu xəbərlər mediaya ayaq aça bilmir, amma ayın 22-dən sonra media cameəsinin “Qaynar Qazan”a dönəcəyinə əminəm və indidən hamısını “Qaynar Qazan”a dəvət edirəm.

 

İddialılara “xəbərdarlıq” tələsi…

Ümumiyyətlə, KİVDF-nin və onun da üstündə Prezident Administrasiyasının qoyduğu oyun qaydaları da maraqlı məqamlarla yadda qalır. 3 il davamlı fəaliyyət şərti qoyulub, amma 2 il fəaliyyət göstərən “papasının gül balası saytlar” var ki, bu şərtə əməl etməyiblər. Ya da hamı sənədlərini təqdim edir və hamının sənədlərini də götürürlər, amma bu tərəfdən də şərtlərdə “xəbərdarlıq” almamaq şərti də var. Əksər sayt və qəzetləri isə Baş Prokurorluq və ya digər hüquq-mühafizə orqanı “xəbərdarlıq” nişanı ilə təltif edib. İndi bu redaksiyalar, ya da jurnalistlər iki arada bir dərədə qalıblar. Başlarına nə çarə qılacaqlarını bilmirlər. Onlar müsabiqədən kənarda saxlanılacaqlar, yoxsa onlara da ev veriləcək? Anlaşılan odur ki, şərtlərin bu cür qoyulmasının səbəbləri var. Kimə istəsələr ev verəcəklər, kimə istəməsələr verməyəcəklər. Ona görə hər şeyi belə “ərəb saçı”na çeviriblər.

 

Jurnalistlərə evləri kim verir, Prezident, yoxsa?!

Ayrıca, ölkənin mətbu siyasətini müəyyənləşdirən məmurun adı hamının qulaqlarında çınlamaqdadır. Prezident qalıb bir kənarda, birinci vitse-prezident qalıb digər tərəfdə, adamlar evin konkret adı çəkilən məşhur məmur tərəfindən verildiyini və qaydalara riayət edilməli olduğunu bəyan edirlər. Bu, ötən binada da belə olub. O zaman da Əli Həsənov güclü bənd olub. İndi də elədir. O qədər ki, jurnalistlərə verilən binanın birinci mərtəbəsi onun ailə üzvlərinin sahibi olduğu hansısa şirkətlərdən birinin sərəncamına verilib. Yəqin ayın 22-dən sonra bu haqda da məlumatlarla tanış ola biləcəyik.

Hələliksə, qoparılacaq səs-küyün qarşısını almaq üçün yeni – 3-cü binanın təməlinin atılacağı xəbərlərini dövriyyəyə buraxıblar. İndi də eynilə ötən dəfəki kimi “bu dəfə ev almayanlara gələcəkdə tikiləcək binadan ev veriləcək” yayqarası buraxılacaq, əlacsız qələm əhli daha bir neçə ili o ümidlə yaşayacaq. Beləcə, Azərbaycan jurnalistikasının üstündən asılı olan “Domokl qılıncı” daha bir neçə il passiv və dirənişsiz jurnalistikanın başının üstündə qalacaq.

Xüsusilə, ev almağa haqqı çatan jurnalistlərin adlarını görmək istədik. Adları yazılanların əksəriyyəti ilə yaxından tanışlığım yoxdur. Bəzilərinin adlarını ilk dəfədir görürəm, amma inanıram ki, ədalətli seçimdir. Ədalətsiz olsaydı, dərhal şərhlərlə bir-birilərini tənzimləyə bilərdilər. Hətta siyahımızda bəzi adlar var ki, onlar hazırda ya hakimiyyət qəzetlərində, ya da hakimiyyətə yaxınlığı ilə seçilən qəzetlərdə çalışırlar. Nə fərqi var ki? Ömrünü mətbuata həst edən adamlar məhz jurnalistlər üçün tikilən binadan – əgər həqiqətən belədirsə – niyə ev almamalıdırlar ki? Məntiqli deyilmi?

 

Dünyasını dəyişən jurnalistlərə ev verilsin!

Mən hələ 2011-ci ildən təkliflə çıxış etmişdim ki, dünyasını jurnalist işləyə-işləyə dəyişən qələm əhlinə də ev verilsin. O zaman mənim bu təklifimə – xüsusilə, “Milli yol” qəzetinin baş redaktoru Şahin Ağabəyliyə ev verilməsi təklifinə dodaq büzənlər oldu. Onlar iddia edirdilər ki, mən məsələdən əl çəkim ki, onlar rahatca Şahinin ailəsinə ev verdirsinlər. Mən etirazı qəbul etdim, nə də olsa KİVDF-nin rəhbərliyi və ölkə mətbuatının siyasətini müəyyənləşdirənlər məni özlərinə problem kimi görürdülər. Mən kampaniyanı dayandırdım və bu mətbu siyasəti müəyyənləşdirənlər məni həbs etdirə bildilər. Sonra jurnalistlərə ev paylananda mən həbsxana divarları arasında olanları seyr edə bildim. Mənim çəkilməyimi istəyən insanların hamısı özlərinə və yaxınlarına ev aldılar, amma Şahin Ağabəyliyə ev verilmədi. Heç bu haqda dava aparan da görmədim. O baxımdan, elə hesab edirəm ki, jurnalist işləyə-işləyə dünyasını dəyişən həmkarlarımıza da ev verilməlidir və bu, Allaha da, bəndəyə də xoş gedər.

Nə ediriksə edək, bu karvan gedir. Biz bu karvanı saxlaya bilmirik, amma yolunu dəyişdirə, ona təsir edə, yoldakı kol-kosları götürə, ya da kol-kos töküb bir az istiqamətini döndərə bilərik. Sakitcə kənarda oturub tənqid etmək, ev verənləri, ya da alanları qınamaq bəlkə də mümkündür, amma fərqli cür də etmək olar. İndi bizim etdiyimiz odur. Mən şəxsən illərdir tanıdığım adamlar var ki, onların nə olursa olsun ev almalarını istəyirəm və onların ev alandan sonra da dəyişməyəcəyinə inanıram. Mən Elxan Şükürlünü, Rəşad Vaqifoğlunu illərdir tanıyıram. Mənim tanıdığım bu peşəkar və namuslu qələm adamlarının balaları kirayələrdə böyüməməlidir və hər dəfə bu evlərə gedəndə mənim ürəyim bir az daha paralanmamalıdır. Ya da Şahin Ağabəylinin bir oğul balası – Ağasalam atasının xidmətlərinin müqabilində bu evdən almalıdır. Bu, dövlətin də “Baba” olduğunun bir inikası olar və şəxsən bu 3 adamın və adları siyahıda çəkilən digər dəyərli qələm adamlarının adları ev alanlar siyahısında olmasa, ədalətin bərqərar olacağına inamım olmayacaq. Bu qədər bəsit.

Sorğunun nəticələrinə görə, ev almağa haqqı olan jurnalistlər:

  1. Ağa Cəfərli
  2. Aida Eyvazlı
  3. Aləmzər Sadıqqızı
  4. Anar Əhmədov
  5. Anar Xanlarov
  6. Araz Aslanlı (Turkustan.info)
  7. Araz Zeynalov
  8. Arzu Abdulla
  9. Aydın Canıyev (Müstəqil jurnalist)
  10. Aygün Muradxanlı (Korrespondent.az)
  11. Aynur Elgünəş (Müstəqil jurnalist)
  12. Azər Turan Talıbov
  13. Bahar Rüstəmli
  14. Cavid Cabbarlı (Kanal 13)
  15. Ceyhun Musaoglu
  16. Elçin Bayramlı və Lalə Mehralı
  17. Elçin Rüstəmli (“Bizim yol” qəzeti)
  18. Elçin Zahiroğlu (Bakupost.az)
  19. Elxan Şükürlü (Strateq.az)
  20. Elman Abbasov
  21. Elmidar Əliyev (Aztoday.az)
  22. Elnur Məhərrəmli (Azpolitika.az)
  23. Elşad Paşasoy (“Yeni Müsavat” qəzeti)
  24. Ələsgər Əhmədoğlu (Media mütəxəssisi)
  25. Əziz Rzabəyli (Strateq.az)
  26. Fazil Əhməd (“Reytinq” qəzeti)
  27. Fərəməz Allahverdiyev (Novruzoğlu) (Müstəqil jurnalist)
  28. Fərhad Məmmədov
  29. Fərqanə Novruzova
  30. Fərzuq Seyidbəyli (Strateq.az)
  31. Gülnaz Qənbərli (Gununsesi.info)
  32. Hikmət Sabiroğlu (Müstəqil jurnalist)
  33. Jalə Mütəllimova (“Yeni Müsavat” qəzeti)
  34. Kamil Həmidov
  35. Kamran Mahmudov (Müstəqil jurnalist)
  36. Lamiyə Dadaşzadə
  37. Ləman Ələşrəfqızı (Müstəqil jurnalist)
  38. Mahir Məmmədli
  39. Məhəmmədəli Qəribli
  40. Müşfiq Abdulla (Cebhe.info)
  41. Natiq Cavadlı (Müstəqil jurnalist)
  42. Nazlı Ağayeva
  43. Pərvin Kazımoğlu
  44. Rahib Qerib
  45. Ramin Deko
  46. Ramiz Rağıyev (Millətim.info)
  47. Rəşad Vaqifoğlu (“Bizim yol” qəzeti)
  48. Rövşən Ziya Vəziroğlu
  49. Ruslan Xəlil
  50. Rusvat Bayramov
  51. Samid Paşa
  52. Seymur Əhməd (Müstəqil jurnalist)
  53. Səbuhi Rəhimli (“Qoroskop” qəzeti)
  54. Südabə Sərvi
  55. Süleyman Qaradağlı
  56. Şəmşad Ağa (Arqument.az)
  57. Tağı Türk
  58. Tural Aslanlı
  59. Zahid Nurəliyev
  60. Zahir Əzəmət (Qaynarinfo.az)
  61. Zaur Əhməd (mia.az saytı)
  62. Zaur İbrahimli (Strateq.az)
  63. Zaur Qəriboğlu
  64. Zərəngiz Mansurova

Dünyasını dəyişən jurnalistlər:

  1. Ceyhun Nağı
  2. Rafiq Tağı (Müstəqil jurnalist)
  3. Rasim Əliyev (Müstəqil jurnalist)
  4. Şahin Ağabəyli (“Milli Yol” qəzetinin mərhum baş redaktoru)

Ev üçün iddia etməyənlər:

  1. Əvəz Zeynallı (Xural.com)
  2. Heydər Oğuz (Ovqat.com)
  3. Şahvələd Çobanoğlu (“Azadlıq” qəzeti)
  4. Zamin Hacı Vəzir (“Yeni Müsavat” qəzeti)

Sorğu nə deyir:

Diqqət olunduğu kimi sorğumuzda 72 jurnalistin adı çəkilib. Məsuliyyət təbii ki, jurnalsitlərin adlarını çəkib onların evə haqqı olduğunu iddia edənlərin və təqdimatçıların boynuna düşür, amma bir daha söyləməkdə fayda var ki, bu araşdırma səlahiyyətli dövlət orqanlarının – KİVDF-nin, Mətbuat Şurasının və Prezident Administrasiyasının ədalətli hakimləri tərəfindən aparılsaydı, nəticə daha verimli və ədalətli olardı. Oysa, hansısa dövlət qurumlarının içinə doldurulmuş yaxın qohum-əqrəbaya ev paylamaq ədaləti təmin etməyəcək. Bu siyahıda yer alan jurnalistlərin bir çoxunu bütün Azərbaycan tanıyır. Onlar bu haqqdan kənarda qalsalar, ölkə rəhbərliyi bu evi paylamaqdakı əsas hədəfinə və məqsədinə çatmayacaq. Məsuliyyət də qalacaq özlərinin üstündə.

Adı çəkilməsinə baxmayaraq, ən azı 4 jurnalist evdən imtina edir. Bu jurnalistlərin hamısı – içi mən də daxil olmaqla – dövlətin ev paylaması düşüncəsinə rüşvət kimi yanaşan qələm əhlidir. Ölkədə bu insanların sayı 4 deyil, kifayət qədər çoxdur, amma burada əks olunanlar bu qədərdir. 4 jurnalist də var ki, onlar dünyasını işləri başında dəyişmiş həmkarlarımızdır. Həm Şahin Ağabəylinin, həm Ceyhun Nağının, həm Rasim Əliyevin, həm də Rafiq Tağının ailələrini ev verməklə nisbətən toxdatmaq mümkündür. Qalır ədalət paylayanın insafına…

Evsiz jurnalistlərdən kim nə deyir?!

İndi isə adı çəkilən jurnalistlərin bəzilərinin yazdıqları çarpıcı şərhləri diqqətinizə təqdim etmək istəyirəm:

Tağı Türk: “Yataqxanada, siçovul qoxusunda iki qız uşağı ilə, mətbəxi, hamamı bir yerdə olan mənzildə yaşamaqdan bezmişəm…”

Anar Xanlarov: “Vüqar Səfərlinin qəbuluna gedib deyirəm ki, 12 ildir idman mediasında çalışıram, yayda-qışda, yağışda-qarda günümüz stadionlarda, idman zallarında, şəhər, rayon yollarında keçir, mənə deyir ki, sən normal jurnalist olsan, normal iş tapıb işləyərsən. O anda başa düşdüm ki, idman ölkəsində idman jurnalisti işləmək anormallıqdır.”

Ləman Ələşrəfqızı: “…o mənzil 57 yaşımın tamamında mənim olacaq”

“Mənim ikiotaqlı “xruşşovka” mənzilim var və o mənzil 57 yaşımın tamamında mənim olacaq. Bir ay pulunu ödəməsəm, küçədəyəm. 20-yə yaxın sənədli filmin müəllifi, əməkdar jurnalistəm. Baxıram ki, hamı özünü daha haqlı sayır. 21 il fəaliyyəti olan biz az qalırıq gözdən itək ki, 3 il stajlılar, cibkəsənlər, reketlər, nə bilim raketlər-paketlər ev alsınlar.”

Jurnalist ev almasa, Bill Qeytsə borc pul üçün müraciət edəcək

Müşfiq Abdulla: “Əgər övladı, nəvəsi üçün mənzil qamarlamaq üçün həyasızlıq edənlər qalib gəlsələr, mən dünya milyarderlərinə (məsələn, Bill Qeytsə) müraciət edib borc pul istəyəcəm. Qeyd edəcəm ki, borcumu ömrüm boyu işləyib qaytarmağa çalışacam. Əgər ömrüm yetməsə yerdə qalanın ödənilməsini ailəmə vəsiyyət edəcəm.”

Nəriman Tolışi: “Ev paylama tamamilə ədalətsiz bir kampaniyadır. Niyə yalnız Bakı və Sumqayıtda yaşayanlara şamil edilməlidir ki? Doğru olardı ki, ev istəyənlər müvafiq komissiyaya yazılı müraciət etsinlər. Komissiya bütün ev diləyənlərin ailə, yaşayış şəraitlərini öyrənəndən sonra, daha tez evə sahib olmağa ehtiyacı olanları evlə təmin etsin. Yaltaqların yəqin artıq evləri var.”

Lalə Mehralı: “Həyat yoldaşım Elçin Bayramlı ilə ikimiz də jurnalistik. Nə bir qarış torpağımız var, nə bir daxmamız. Evi olmayan, bizim kimi kirayələrdə çətin şəraitlərdə uşaq böyüdən, sözün həqiqi mənasında mübarizə aparan bütün jurnalistlərə ev verilsin. “Jurnalistə niyə ev verilməlidir?” deyənlərədir sözüm, siz jurnalistin çəkdiyi əziyyətləri çəkin, ondan sonra dilinizlə istəyəcəksiniz ki, ev verin. Ağır zehni əmək, 200-300 manat maaş, istirahət bilmədən, qələmlə özümüzə gor qaza-qaza mübarizə aparırıq biz. Sizin başınız ağrıyanda işdən icazə alıb evə gedə bilirsiniz, bizim başımız ağrıyanda o ağrı ilə oturub yazırıq, sabah siz oxuyasınız deyə. Sizin problemlərinizi yazırıq, onda yaxşı adam oluruq, evlə təmin olunanda pis? Siz jurnalistin ev almasında maraqlı olmalısınız, 100-200 nəfər səfalətdən qurtulur deyə sevinməlisiniz. Beyni məişət problemləri ilə dolu olan jurnalist yaza bilməz, məhsuldar olmaz. 12 ildir hansı şəraitlərdə uşaq böyütdüyümü desəm, o etiraz edənlər mat qalar. Mən pəncərələrə paltar tıxıram, sellofan çəkirəm ki, külək evə dolmasın, yağış yağanda evi su basır, damdan başımıza su yağır, uşağım revmatizma olub rütubətdən. Pulumuzun yetdiyi kirayə şəraitsizlik, rütubət, uçuq-sökük, mən bu imkansızlıqda iki övlad böyüdürəm, vətənə, millətə xeyri dəyən yazılar yazıram, öz uşağımıza ayıracağımız vaxtı ər-arvad ikimiz də kompüterin qabağında donqar vəziyyətdə keçiririk. Jurnalist pulu küçədən yığmır, iynə ilə gor qazmaq kimidir bizim pul qazanmağımız. Mənə ev verilməyib, heç bəlkə bu dəfə də verilmədi, bilmək olmaz. İgidi öldürün, haqqını verin.”

Allahı başının üzərində görməklə seçim aparmaq gərəkdir!

Elxan Şükürlü:

“Mənim adımı bu siyahıda görmək istəyən dostlara təşəkkür edirəm. Qaldı jurnalistlərə ev verilməsinin doğru və ya yanlış olması fikrinə, mən, istənilən halda dövlətin öz vətəndaşına sahib çıxmasının və peşəsindən asılı olmayaraq, hər kəsin də pulsuz mənzillə təmin edilməsinin tərəfdarıyam…
Hə, o başqa məsələ ki, hökumət jurnalistlərə niyə belə həssaslıqla yanaşır?!
Bu sorğuya yazılan şərhləri oxudum. Məncə, məsələnin gerçək mahiyyəti qalır bir kənarda, daha çox şəxsi və siyasi maraqlar çərçivəsindən mövzuya yanaşılır. Bir işə isə maraq qarışdısa, orada ədalət aradan qalxar…
Mən o qənaətlə razı deyiləm ki, dövlətin jurnalistlərə ev verməsi rüşvətdir, ələalmadır və yaxud azad medianın boğulmasıdır… Bu məntiqlə yanaşılsa, gərək, mənzillərin hamısı hökumət əleyhdarlarına, müxalif yazarlara paylansın… Halbuki bu halı müşahidə etmirik… Həm də biz bu yanaşma ilə ötən dəfə mənzil almış və yaxud da bu dəfə alacaq xeyli dəyərli jurnalistimizə bəri başdan bir yarlıq yapışdırırq ki, onların da qalxıb bu ittihamları irəli sürənlərə daha çox irad bildirmək haqları var…
Məncə, mənzillərin verilməsinə daha çox “xidmətin dəyərləndirilməsi” və strateji bir sahənin kənar təsirlərə düşməməsi üçün dövlətin “öz kontroluna” alma siyasəti kimi baxmaq lazımdır və bu da normal haldır. Necə ki hakimiyyəti söyənlərin xidməti onun əleyhinə olan xarici-daxili qüvvələr tərəfindən rəsmi və qeyri-rəsmi yollarla dəyərləndirilir, eyni məntiqlə bu siyasətə qarşı hakimiyyəti öyənlərin də mükafatlandırılması təbii qarşlanmalıdır…
Ancaq ortada böyük bir təbəqə də var ki, hər hansı cinahda yer almayıb: ipləri xaricin əlində deyil ki, hər cür təminat və zəmanət altında rahatca hakimiyyətin üzərinə gedə bilsinlər; ədalətsiz siyasət yürüdülməsinə görə hakimiyyəti də yerli-yersiz tərifləyənlər sırasında deyillər ki, hansısa imtiyaz sahibi olsunlar, mükafatlandırılsınlar… Öz dövlətini sevən və onun daha yaxşı olmasını istəyən, öz abrını-həyasını qoruyaraq çalışan, nəfsinə-tamahına yox deyə bilən, fəaliyyətində şantajdan, reketçilikdən, oğurluqdan uzaq duran xeyli qabiliyyətli jurnalistimiz var ki, dövlət, həqiqətən, onlara sahib çıxmalı, ən azından, ehtiyacdan gedib məcburən xarici təsirə düşməmələri üçün tədbirlər görməlidir. İndi jurnalistika dünyada ən güclü silah – Ordutək önəmli və hətta bir çox hallarda ondan da güclü strateji sahə sayılır. Bu silahdan kim düzgün yararlanarsa, o udar. İnformasiya savaşını ağılla aparan dövlət bir güllə atmadan ölkələr fəth edər, hakimiyyətlər qurar, hakimiyyətlər yıxar…
Əgər müharibə şəraitində olan Azərbaycanda jurnalistikanın bu əhəmiyyətini anlayıb ona belə diqqət yetirməyi gərəkli sayırlarsa, lap yaxşı, bunu pisləmək yox, təqdir etmək lazım…
Sadəcə, bu məsələdə ictimai diqqət və qınaq daha çox ona fokuslanmalıdır ki, mənzillər ədalətsiz yollarla bölüşdürülməsin, kimlərsə dövlətin bu gərəkli siyasətini şəxsi maraqlarının təmini vasitəsinə çevirməsinlər…
Əslində Azərbaycanda mənzilə haqqı, ehtiyacı və ölkəyə faydası ola biləcək jurnalistlərimizin sayı elə də çox deyil… Sadəcə, vicdanla və diqqətlə, qısası, Allahı başının üzərində görməklə seçim aparmaq gərəkdir!”

Zöhrə Məmmədova: “Keçən dəfə ev alanlara bax, gör kirayədə qalan idilər, yoxsa evi olanlar? 25 ildir qaçqınlıq şəraitində yaşayırıq. Ata-ana, bacı-qardaşı itirdik… Qaçqının elə bir şəraiti var ki, kirayədə qalsan ondan yaxşıdır. Bir-birinizin ayağını tapdalamayın. Çünki evi sizlərə verirlər. Bizim əziyyət əziyyət deyil. Mətbuatda 25 ildir işləyirəm. Ayda bir dəfə yazısı gedən jurnalistdir? Baxın görün ətrafınıza…”

Əvəz Zeynallı

Əlaqəli məqalələr

1 şərh

  1. 20 ildən artıqdır jurnalistikada çalışıram, filologiya üzrə fəlsəfə doktoruyam, jurnalistika ilə bağlı “Firidun bəy Köçərlinin publisistikası”, “Jurnalistikaşünaslığın əsasları”, “Analitik janrların təsnifatı”,həmçinin “Mənim sevgim melodiyadır”, “Gülüstan”la gələn bəla” kitablarının və 500 artıq ictimai-siyasi, elmi,publisistik məqalənin müəllifiyəm.II qrup əliləm.Ancaq jurnalistikada heç bir fəaliyyəti olamayanlar bu gün mənzil alırlar.Haqqı olanların halal xoşu olsun.Hətta elələrini tanlylram ki, kimsə onların adına məqalə yazıb və yaxud indiyə kimi bir məqalə yazmayıblar,hətta məqalənin yazılma qaydasını bilmirlər.Amma nənzil alıblar, əməkdar yurnalistilər və s.Bu haqsızlığa nə vaxt son qoyulacaqdır?..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button