Ey, oradakı, çıx süpürgəçinin arxasından!

Elnur Astanbəyli

Misir və Tunis inqilablarından sonra altını batıraraq, tələm-tələsik Korrupsiyaya Qarşı Mübarizə Komissiyası adlı qondarma bir qurumun iclasını çağırmış, məmurlara işlərindəki nöqsanları aradan qaldırmaq üçün təpinmiş və öz aləmlərində bununla rejimə qarşı xalq nifrətini və ictimai qəzəbi söndürə biləcəklərini düşünmüşdülər ya… Bax indi həmin “film”in ikinci seriyası başlayıb. “İki seriyalı film” deyəndə adamın yadına adətən, hind kinosu düşür, birinci seriyası ağlamalı, ikinci seriyası gülməli olur. Bunların çəkdiyi “hind kinosu”nun isə hər iki seriyası gülməlidir.

Bir iclasla ölkədəki inqilabi vəziyyəti ləğv edəcəklərini düşünənlər bu dəfə nazirliklərdə, komitələrdə aşağı vəzifəli, nazirin, komitə sədrinin izni olmasa hətta “çiş eləməyə” də getməyən məmurcığazları işdən qovur, bununla da “islahat” görüntüsü yaradırlar. Məsələn, dünən Ədliyyə Nazirliyində 26, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 6, Əmlak Məsələləri Dövlət Komitəsində 15 nəfərin işdən çıxarıldığı bildirilirdi.

Araşdırsan, o adamların arasında işlədiyi nazirliyin qapıçısı, süpürgəçisi, pəncərəsiləni belə vardır. Və hakimiyyət bu binəvaları xalqa “suç keçisi”, “korrupsiyanın başı”, “talançılığın simvolu” kimi sırıya biləcəyini, beləcə, öz çulunu sudan quru çıxaracağını zənn edir. Yeməzlər, cənablar, yeməzlər! Artıq belə nağıllara inanmırıq biz. Artıq ölkəni bu fəlakətə sürüyənlərin, millətə bu zülmü, zalımlığı rəva görənlərin dəqiq ünvanını hamı yaxşı tanıyır. Hər kəs durna qatarının başçısına görə düzləndiyinin fərqinə varır.

Qısası, süpürgəçinin, qapıçının, pəncərəsilənin arxasında gizlənərək, onları qurban verərək, yaxanızı kənara çəkə bilməzsiniz.

Çıxın onların arxasından, onsuz da biz sizi görürük…

Avtoritarizm niyə iyrəncdir, bilirsinizmi?

Bütün dünya Misir xalqına azadlıq mübarizəsində dəstək verərkən… Tərəqqipərvər bəşəriyyətin qəlbi bir ərəb ölkəsində avtoritarizmdən qurtulmaq üçün üsyana qalxan insanlarla döyünərkən… Dünya liderləri sıraya düzülüb Hüsnü Mübarəkə “get!” deyə mesajlar göndərərkən bizim yaptokratlar neyləsələr yaxşıdır? Götürüb Mübarəkin Xırdalandakı heykəlinin dörd tərəfini kəndirlə qapayıblar, yanına da polis qoyublar. Ki, bu insanlıq düşməninin abidəsini göz bəbəyi kimi qorusun.

Oysa iki il əvvəl pulsuzluğu bəhanə edib ölkənin ən böyük ali məktəblərindən birinə mühafizəçi qoymadıqlarına görə onlarla çiçəyi burnunda gəncimiz qanına qəltan edildi. Bu da dərs olmadı, ADNA qırğınından bir müddət sonra ölkə məktəblərinin hələ də mühafizəsiz olduğu anlaşılınca Təhsil Nazirliyindən biri çıxıb elə beləcə dedi: “Neyləyək, pulumuz yoxdur…”.

Bəli, bunlar bu yuvanın quşudur: öz vətəndaşının canını qorumağa pulları yoxdur, amma insanlığın üzqarası olan birinin heykəlini qorumağa pulları var!

Avtoritarizm adlı bir zehniyyətin özündə nə böyüklükdə bir əxlaqsızlıq daşıdığının ən gözəl isbatıdır bu. Hər kəs dərsini alsın.

Dərslik kimi bir kitab… mütləq oxuyun!

“Xural” qəzeti son saylarında çox gözəl bir iş görməkdədir, Qazaxıstan kralı Nursultan əkənin kürəkəni Rahat Əliyevin qayınatası ilə bağlı xatirələrini dərc etməkdədir.

Rahat Əliyev Nazarbayevin qəzəbinə gəldikdən sonra ölkəni tərk edib, Avropaya sığınıb və “Xaç qayınatası” adlı bir kitab yazıb. Həmin kitab avtoritar liderlərin və təkəlçi sistemlərin çirkin mahiyyətini anlamaq üçün dərslik kimidir desəm, şişirtməyə yol verdiyimi sanmayın.

İndi “Xural” hər bazargünkü sayında kitabdan parçaları dərc edir, hər kəsə oxumağı məsləhət görürəm. Orada xalqdan qopmuş, sadəcə, pulun qoltuğuna sığınmış, gözünü hakimiyyət ehtirası örtmüş, taxt-tac naminə bütün müqəddəs dəyərləri çeynəyib keçə bilən rejimlərin mətbəxində necə qazanlar qaynadığına əmin olmaq üçün tükürpədici faktlar var.
Mən bundan sonra tez-tez Rahat Əliyevin kitabına üz tutmaq, ondan çıxış edərək Azərbaycandakı rejimlə paralellər aparmaq niyyətindəyəm, amma yenə də hər şeyi hər bazar “Xural”da öz gözlərinizlə oxumağınızı məsləhət görürəm.

“Azadlıq” qəzeti, 02 Fevral 2011-ci il

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button