Eynulla Fətullayev mətbuat konfransı keçirib

Keçmiş siyasi məhbus, jurnalist Eynulla Fətullayev iyulun 5-də Reportyorların Azadlıq və Təhülkəsizlik  İnstitutunun Mətbuat Mərkəzində Avropa Şurasındakı görüşlərinə dair mətbuat konfransı keçirib. Fətullayevin verdiyi məlumata görə, səfər Avropa Şurası rəhbərliyinin dəvəti ilə reallaşıb, səfər çərçivəsində çoxsaylı görüşlər keçirib.

Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi Kristofer Ştrasseri (Cristoph Strasser) şəxsi qonağı kimi avqust ayında Azərbaycana dəvət etdiyini, bu məsələ ilə bağlı artıq rəsmi dəvət göndərdiyini nəzərə çatdırıb. Məruzəçinin AŞPA-nın payız sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzə ilə çıxış  edəcəyi gözlənilir.

Onun sözlərinə görə, K.Ştrasserin Bakıya səfəri zamanı siyasi məhbuslara dair konfrans keçirilməsi nəzərdə tutulur.

E.Fətullayev AŞ-nın Baş katibi T.Yanqlanda Azərbaycana səfər etmək, rəsmi Bakı ilə dialoqa başlamaq təklifi verdiyini də deyib. O, Avropa Şurasının rəsmi Bakıya təzyiq mexanizminin olduğunu deyərək, yeganə effektli yol kimi baş katibin hakimiyyətlə dialoq qurmasını göstərib. Bu ölkə vətəndaşlarının elementar hüquqlarının müdafiəsinə yardımçı ola bilər. E.Fətullayev son 4 ildə Azərbaycanın beynəlxalq imicinin bərbad hala düşdüyünü də nəzərə çatdırıb.

Fətullayev bildirib ki, AŞ Nazirlər Kabineti E.Fətullayevə ayrılan kompensasiyanın ödənməsı üçün Azərbaycanla bağlı sayca 3-cü qərarı verməyə hazırlaşır. E.Fətullayev həbsxanada ikən ona qarşı irəli sürülən narkotika ittihamı ilə bağlı işlərin Avropa məhkəməsində kommunikasiya mərhələsində olduğunu deyib.

E.Fətullayev Avropa Siyasi Məktəbində Azərbaycan jurnalistlərinin informasiyaya çıxışı barədə məruzə edib. Azərbaycan jurnalistlərinin informasiyaya çıxışının məhdudluğunu “Azərbaycanda informasiyanın özü dövlət sirridir” şəklində ifadə edib. Azərbaycan dövlət başçısının 8 ildə bir dəfə də olsun yerli jurnalistlərə müsahibə vermədiyini deyib.

Keçmiş siyasi məhbus yeri gəlmişkən, Avropanın Fransa, Portuqaliya, Macarıstan kimi dövlətlərində ifadə azadlığı problemi yaşandığını söyləyib. O, “Sərhədsiz Reportyorlar” təşkilatının Fransa prezidenti Nikola Sarkozini “azad sözün düşməni” elan etməyə hazırlaşdığını bildirib. Gələcək fəaliyyətilə bağlı bir sıra beynəlxalq təşkilatlarla birgə qəzet çap etməyə hazırlaşdığını deyən E.Fətullayev dünya praktikasında belə təcrübənin olduğunu xatırladıb.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button